Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 İyun 2022 14:10

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.

2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu


Hər bir xalqın, millətin taleyində mühüm yer tutan hadisə azadlığa qovuşmaq və müstəqil dövlətçiliyə sahib olmaqdır. Şübhəsiz, bu yol çox çətin və məsuliyyətli bir yoldur. Öz azadlığı uğrunda  son anadək mübarizə aparan millət xoşbəxtdir. Məhz Azərbaycan xalqı da tarix boyu belə mübarizələrdən keçib, azadlığa aparan yolda mürəkkəb şəraitlərdən çəkinməyib.
Azərbaycan müstəqillik əldə edənə qədər bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan çar Rusiyasının tərkibində idi. Romanovlar monarxiya rejiminin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın Şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən parlamentli respublika formasında dirçəldi. Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə müstəqillik əldə etmişdi. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qrupu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırıma başlamışdı.  Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı. Azərbaycanda ordu quruculuğunun əsasının qoyulması belə çətin və mürəkkəb şəraitə təsadüf etmişdir.
Həmin dövrdə Azərbaycan bolşevik-daşnak qüvvələrinin qarşısını almağa qadir deyildi. Azərbaycan hökuməti hərbi kömək üçün Osmanlı Türkiyəsinə müraciət etdi. 1918-ci il iyunun 4-də Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanmış müqaviləyə uyğun olaraq Türkiyə hökuməti Azərbaycana hərbi yardım göstərmək qərarına gəldi və Azərbaycana 15000 nəfərdən ibarət iki diviziya göndərildi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əlağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Gənc Demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda qarşısıalınmaz bir prosesə başladılar.
İyulun 11-də ölkə ərazisində hərbi səfərbərlik elan edildi. 1919-cu ilin sonunadək 25 minlik Azərbaycan Ordusu yaradılmışdı. Obyektiv çətinliklər (Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərinin təmizlənilməsi) üzündən hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu illərin sonlarında başlanıldı. Hərbi nazirlik hərbi-hava qüvvələrinin təşkilinin zəruriliyini nəzərə alaraq müvafiq kadrların hazırlanması üçün 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən, Azərbaycandan bir qrup heyət təyyarəçi peşəsinə yiyələnməsi üçün Tiflis Aviasiya məktəbinə göndərildi. Milli kadrlara olan ehtiyaclarının ödənilməsi üçün isə 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbi açıldı.
1918-ci ildə Azərbaycana göndərilmiş Osmanlı hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı və Azərbaycanda ordu quruculuğuna və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Hərbi Nazirliyin təşkili müvəqqəti olaraq təxirə salındı. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olundu və İsmayıl xan Ziyadxanov bu vəzifəyə təsdiq edildi. Qafqaz İslam Ordusunun mövcudluğu dövrü Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun birinci mərhələsini təşkil etdi. 1918-ci il noyabrın 1-dən isə Cümhuriyyətin ordu quruculuğunun ikinci mərhələsi başladı. Həmin gün Azərbaycan hökuməti Hərbi Nazirliyin bərpa edilməsi haqqında qərar qəbul etdi. Nazirlər Şurasının qərarına əsasən, Azərbaycan hökumətinin sədri Fətəli xan Xoyski hərbi nazir vəzifəsini öz üzərinə götürdü. Səməd bəy Mehmandarov isə hərbi nazirin müavini təyin edildi.
Hərbi Nazirlik 1918-ci il noyabrın 22-də Gəncəyə köçmək məcburiyyətində qaldı. 1919-cu ilin iyunun sonlarına kimi paytaxtdan və hökumət orqanlarından uzaqda fəaliyyət göstərməli oldu. 1919-cu ilin iyunun sonlarında Bakıya köçürülən Hərbi Nazirlik Krasnovodsk və Merkuri küçələrinin (indiki Zərifə Əliyeva və Səməd Vurğun küçələri) kəsişməsindəki binada yerləşdirildi və Cümhuriyyətin süqutuna qədər burada fəaliyyət göstərdi. 1918-ci il dekabrın 25-də Səməd bəy Mehmandarov Azərbaycan hökumətinin qərarı ilə hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əlağa Şıxlinski (28 iyun 1919-cu ildən etibarən tam artilleriya generalı) hərbi nazirin müavini vəzifəsinə təyin edildilər.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal edildikdən sonra Azərbaycan Hərbi Nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verildi, Azərbaycan Ordusunun 21 generalından 15-i güllələndi. Xalq Hərbi Komissarlığına ilk olaraq Çingiz İldırım, sonra isə Əliheydər Qarayev təyin edildilər.

 

Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri

Moskvada 1991-ci ilin avqust hadisələrindən sonra Azərbaycanda da ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Suverenlik, müstəqillik və azadlıq uğrunda mübarizə əməli vəzifəyə çevrildi. Dağlıq Qarabağ özünü müstəqil respublika elan etmişdi. Ermənilər Dağlıq Qarabağdakı Rusiya ordu hissələrinin köməyi ilə Azərbaycanın ətraf yaşayış məntəqələrini işğal edirdi. Hakimiyyət isə ciddi tədbirlər görmək iqtidarında deyildi. Belə bir tarixi və mürəkkəb şəraitdə Azərbaycanda Müdafiə Nazirliyinin bərpasına zərurət yarandı. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da çağırılmış növbədənkənar sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. Həmin qərarın əsasında respublika prezidentinin 5 sentyabr 1991-ci il tarixli Fərmanına əsasən, Azərbaycanda Müdafiə Nazirliyi təşkil edildi və milli ordunun yaradılmasına başlandı. 1991-ci il oktyabrın 9-da isə Respublika Ali Soveti tərəfindən ordu quruculuğunun hüquqi bazası olan "Milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında" qanun qəbul edildi. Bu qanuna əsasən, 1991-ci ilin noyabrında 22 sərhədyanı bölgədə döyüş qabiliyyətinə malik olmayan, lazımi silah-sursatla təmin olunmayan yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı.
1991-ci ilin sonlarından başlayaraq ölkə daxilində hərbi-siyasi vəziyyətin mürəkkəb olması, hakimiyyətdə olan qüvvələrin ordu quruculuğu sahəsində səmərəli siyasət izləyə bilməməsi, ictimai-siyasi hərəkatların ordu daxilində qarışıqlıq yaratmaq cəhdləri, ordu quruculuğu vahid komandanlıq və bir mərkəzdən idarəolunma prinsipindən tamamilə məhrum edilməsi 1993-cü ilin ortalarına kimi davam etmişdir. Dövlətə rəhbərlik edənlər öz şəxsi mənafelərinə xidmət etdiyindən və fərdi iddialarını həyata keçirmələri səbəbindən ölkədə elə bir vəziyyət yaranmışdı ki, Azərbaycan Ordusu işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı müharibə aparmalı olduğu halda, daha çox özünü qoruyub saxlamaq uğrunda mübarizə aparırdı. Ordu siyasiləşmiş, hakimiyyət uğrunda mübarizə alətinə çevrilmişdi. Bu səhvlərin nəticəsi tez bir zamanda özünü göstərdi. Xocalı soyqırımı törədildi, Şuşa və Laçın işğal edildi, Dağlıq Qarabağla Ermənistan arasında strateji "dəhliz" açıldı və Azərbaycanın neçə-neçə rayonunun sonrakı işğalı üçün zəmin yaradıldı.
1993-cü ilin ikinci yarısında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixində istinad nöqtəsi oldu. Tarixi şəxsiyyətlər tarixin axarını xalqının, millətinin mənafeyi istiqamətinə yönəldə bilir. Mustafa Kamal Atatürk Türkiyəni xilas etdi, Heydər Əliyev Azərbaycanı. Ulu Öndərin vahid komandanlığın təmin edilməsi sahəsində gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasına səbəb olmaqla yanaşı, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxartdı. Nəticədə mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, fərarilik hallarının qarşısı alındı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gücləndirildi. Ulu öndər Heydər Əliyevin qətiyyətinin və böyük sərkərdəlik məharətinin nəticəsi idi ki, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu və 21 min hektar ərazi - Füzuli rayonunun 22 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ordu quruculuğu prosesinə 1969-cu ildə respublikaya rəhbər seçilməsi ilə başlamışdır. Belə ki, hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycanın hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Ümummilli Lider tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq, inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycanda mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan oldu. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Hərbi Akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Ordusu bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır. Ordu quruculuğunda mühüm rol oynayan kadr hazırlığı da ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə, Rusiya, Ukrayna, Pakistan, Çin və digər ölkələrə göndərilir. Eyni zamanda, Azərbaycan hərbçiləri NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq "Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı" çərçivəsində inkişaf edir.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda ən müasir hərbi texnika, silah-sursatın istehsal olunması ilə bərabər, eyni zamanda, xarici dövlətlərdən də alınması üzrə fəaliyyətlər davam etdirilir. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Təbii ki, Azərbaycan Ordusu gücünü 2016-cı ildə qazanlmış Aprel zəfəri, 2018-ci ildə Günnüt qalibiyyəti, 2020-ci ilin Tovuz döyüşləri və eləcə də 2020-ci ilin sentyabrında ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə apardığı "Vətən müharibəsi" beşinci nəsil müharibə uğurları ilə də isbatlayıb. Bu gün Azərbaycan əsgəri dövlətin qayğısını hər zaman üzərində hiss edərək, xalqdan güc alaraq torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanır. Regionda yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı və ərazi bütövlüyümüzə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir olmasını tələb edir. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.
Azərbaycanda ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırmasına dair sərəncamları dövlətin orduya qayğısının geniş ölçülü təzahürüdür. Bu qayğı dönməzdir, daimidir. Azərbaycanda ordu quruculuğu dönməz prosesdir. Bu proses ordunun döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik".

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi