Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2022 11:10

Hərbi musiqimizin Cıdır düzündə Cəngi sədaları

Müasir ordu quruculuğunda xüsusi yeri və  əhəmiyyəti olan hərbi musiqimiz şərəfli tarixi yol keçdi. Bu 30 illik dönəmdə hərbi quruculuqda ordu ənənələrini yaşatmaq və onu daha da inkişaf etdirmək qarşıda dayanan əsas vəzifələrdən biri oldu. Dövlət tədbirlərindən tutmuş, şəxsi heyətin vətənpərvərlik və döyüş  ruhunun yüksəlməsində, mənəvi-psixoloji hazırlıqlarının artırılmasında hərbi musiqimizin xidməti əvəzsizdir.
Müsahibimiz Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin rəisi, Əməkdar İncəsənət xadimi polkovnik-leytenant Rüfət Axundzadədir.
- Cənab polkovnik-leytenant, rəhbərlik etdiyiniz musiqi kollektivinin  peşəkar fəaliyyəti göz önündədir. Hərbi orkestr həm ordu, həm də dövlət tədbirlərində Azərbaycan Respublikasının Dövlət Himnini, müxtəlif musiqiləri səsləndirir. Bunun üçün də peşəkarlıqla yanaşı, hazırlıqlı olmaq mütləqdir. Dərslər, məşqlər, tədbirlərə hazırlıqlar barədə nə deyə bilərsiniz?
 -  Hər an dövlət tədbirlərində iştirakımız gözləniləndir. Bu səbəbdən də daim məşq edir, hazırlıqlarımızı artırırıq. Bunun üçün də fəaliyyətin düzgün təşkil olunması əsas şərtdir. Çünki qarşımızda çox əhəmiyyətli və əlamətdar günlər var. Bildiyimiz  kimi, Hərbi Orkestr 1992-ci il dekabrın 3-də yaradılıb. Bu il yubileyimizdir. Buna görə də həm estrada,  həm də orkestrin konsert heyəti ilə ciddi məşqlər aparırıq. Eyni zamanda, 26 İyun - Silahlı Qüvvələr Günü ilə əlaqədar şəhərdə möhtəşəm konsert proqramı da təşkil etməyi planlaşdırırıq. Proqramda hərbi vətənpərvərlik mahnıları, həmçinin  Azərbaycanın və xarici ölkələrin  tanınmış bəstəkarlarının estrada əsərlərini ifa etməyi nəzərdə tutmuşuq. Düşünürük ki, milli alətlərimizi - tar, davul, zurna, balabanı da proqrama daxil edək ki, daha maraqlı, daha rəngarəng  olsun. İlin sonunda Hərbi Orkestr Xidmətinin 30 illik fəaliyyətinə işıq salan möhtəşəm konsert proqramımız da unudulmaz və yaddaqalan olacaq.
- 8 Noyabr - Zəfər Günü ilə bağlı konsert proqramı nəzərdə tutmusunuzmu?
- Əlbəttə, Qələbəmizin ikinci ildönümü ilə əlaqədar geniş konsert proqramına maraqlı və zəngin çıxışlar daxil edəcəyik. Bu Zəfərin təntənəsini bir ömür musiqilərimizdə yaşadacağıq.
- Hərbi orkestrin əsas fəaliyyət istiqamətləri hansılardır?
-  30 il ərzində Hərbi Orkestr dövlət müstəqilliyimizin möhkəmlənməsində, ordumuzun qüdrətlənməsində xidmətini uğurla apardı. Siz bilirsiniz ki, Əlahiddə Nümunəvi Hərbi Orkestrin fəaliyyət  istiqaməti ölkəmizdə rəsmi səfərdə olan qonaqların qarşılanma mərasimlərini, xüsusi əhəmiyyətli hərbi təyinatlı rəsmi tədbirləri və mədəni-kütləvi, ictimai tədbirləri əhatə edir. Bütün bu geniş fəaliyyət istiqamətlərini ən yüksək səviyyədə yerinə yetirmək üçün kollektivimiz hər zaman daha məsuliyyətlə çalışmağı qarşısına məqsəd qoyub. Şükürlər olsun ki, keçirdiyimiz bütün tədbirlər ən yüksək səviyyədə qəbul olunub, minnətdarlıq hissi ilə qarşılanıb. Böyük ustalıqla ifa olunan ölkələrin dövlət himnləri məmnunluqla dinlənilib. Hətta təcrübəmizdə o da olub ki, bəzi dövlət rəhbərləri bizə yaxınlaşaraq digər əsərlərin  də səsləndirilməsini istəyiblər. Onlar ifa etdiyimiz əsərlərə heyranlıqla qulaq asıblar.
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin  ötən il  Zəngilana və Şuşaya səfəri çərçivəsində  Hərbi Orkestrin  çıxışları oldu. Bu barədə də fikirlərinizi öyrənmək istərdik.
- İşğaldan azad olunmuş torpaqlarımızda -  Zəngilanda, Şuşada Dövlət Himnimizi ifa edəndə hər birimizin qəlbi qürur hissi ilə döyünürdü. Doğrudan da Mədəniyyət paytaxtımız, Üzeyir bəyin, Bülbülün Vətəni Şuşada Dövlət Himnimizi ifa etmək nə qədər qürurverici idisə, bir o qədər də məsuliyyətli idi. 2022-ci il respublikamızda Şuşa ili elan olunub. Əlahiddə Nümunəvi Hərbi Orkestrin Şuşada təntənəli konsert proqramını təşkil etmək ən böyük arzumuzdur. Onu da deyim ki, keçən il Zəfər Günündə Hərbi Orkestrin yaradıcı kollektivi Cıdır düzündə  Dövlət Himnimizi, zurna, davul, balabanla Cəngi rəqsini, "Qələbə" marşını səsləndirdi. Mən heç vaxt Şuşada olmamışdım. Həqiqətən də, Şuşa insan əlinin yox, təbiətin yaratdığı möcüzə şəhəridir. Onu da qeyd edim ki, Şuşada Zəfər Günündə Hərbi Orkestr Dövlət Himnimizi səsləndirərkən hərbçilərlə birlikdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin himnimizi ifa etməsi hər birimizin yaddaşında əbədi qalacaq. O anları yaşamaq özü bir fəxrdir.
- Bəs ordu musiqisinin nəzəri və praktiki imkanları hansı səviyyədə təşkil olunur, öyrənilir?   
- 2009-cu ildən 2013-cü ilədək Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrin inkişafında yeni bir dönəm başladı. İlk konsertlərimizi təşkil etdik. Yeni əsərlərə müraciət etməyə başladıq. Xarici ölkələrin bəstəkarlarının əsərlərini orkestrin ifasında səsləndirdik. Məşhur xarici kinofilmlərin musiqilərindən, məsələn, "Şindlerin siyahısı" filmindəki  musiqidən istifadə etdik. Mən ilk olaraq Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamını, "Azərbaycan" kapriççiosunu, Qara Qarayevin şedevr əsərlərini Hərbi Orkestrin ifasına daxil etmişəm. Onu da qeyd edim ki, Əlahiddə Nümunəvi Hərbi Orkestr fəaliyyət istiqamətlərinə və səslənməsinə görə seçilir.  Hətta xarici ölkələrdə də tanınır. Mən ilk dəfə milli alətlərimizin hərbi orkestrin nəfəs və zərb alətləri ilə birlikdə sintezini etmişəm. İlk dəfə olub ki, orkestrin vətənpərvərlik mövzusunda səsləndirdiyi milli əsərlərdə tar, davul, zurnadan istifadə olunub. "Qarabağ şikəstəsi”ni, "Sarı gəlin" mahnısını buna misal gətirə bilərəm. Səsləndirilən digər milli əsərlər də çox  maraqla qarşılanıb. Bu bir yenilikdir.
Vurğulamaq yerinə düşər ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə geniş əlaqələrimiz və işbirliyimiz var.  Özüm də orada pedaqoji fəaliyyətlə məşğul oluram.  Bu musiqi ocağı ilə sıx əməkdaşlığın aparılması, Hərbi Orkestrin gələcəkdə peşəkar kadrlarla təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
- Azərbaycanda akkreditə olunmuş bəzi ölkələrin əlamətdar günlərinə, milli bayramlarına da  dəvət olunursunuz və belə tədbirlərdə yaxından iştirak edirsiniz.  
- Bəli, bu artıq ənənə halını alıb. Səfirliklərdən, hərbi attaşelərdən rəhbərliyə müraciət edilərək xahiş olunur ki, Hərbi Orkestr dövlət himnlərinin səsləndirilməsində iştirak etsin. Bu ölkələrin nümayəndələri artıq bilirlər ki, onların dövlətlərinə məxsus himn və musiqilər  yüksək peşəkarlıqla səsləndiriləcək. Bu günlərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında yaradılan bədii rəhbəri olduğum tələbələrdən ibarət nəfəs və zərb alətləri  orkestri ilk dəfə idi ki, Pakistan Respublikasının Milli Günündə konsert proqramı ilə iştirak etdilər. Qeyd edim ki, həmin orkestrin dirijoru Taleh Qəmbərovdur. Tədbirdə tələbələrlə yanaşı, Hərbi Orkestrin bir qrup yaradıcı heyəti də iştirak etdi. Pakistan xalqının milli musiqilərindən ibarət əsərlərin səsləndirilməsi  böyük maraqla  qarşılandı. Səfir orkestrin ifasını yüksək qiymətləndirdi və təşəkkürünü bildirdi. Yaradıcı heyətə fəxri fərmanlar və diplomlar təqdim etdi.
- 8 Noyabr Qələbəsindən sonra orkestr daha çox hansı əsəri, musiqini və marşı səsləndirir?
- Daima dövlət başçısının və Müdafiə Nazirliyinin rəhbərliyinin diqqəti, qayğısı ilə əhatə olunan Əlahiddə Nümunəvi Hərbi Orkestr yüksək inkişaf yolu keçərək, bu gün düşmən üzərində parlaq qələbəmizi tərənnüm edən möhtəşəm "Zəfər" marşını dünyaya çatdırır. Hərb musiqimizin Cıdır düzündə Cəngi sədaları eşidilir.         
- Müsahibəyə görə çox sağ olun.

Söhbəti apardı: Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"