Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2022 11:10

Mənziliniz mübarək, igidlər!

Aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayında geniş nitq söyləyən dövlət başçısı İlham Əliyev qələbənin tarixi əhəmiyyətinin böyüklüyünü diqqətə çatdıraraq deyib: "Biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur.
Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı. Biz bütün dünyaya sübut etdik ki, XXI əsrdə necə müharibə aparmaq lazımdır, ləyaqətlə müharibə aparmaq lazımdır, müasir üsullarla müharibə aparmaq lazımdır və cəmi 44 gün ərzində Ermənistan ordusu tamamilə məhv edilmişdir".
Vətən müharibəsi ordunun gücünü göstərməklə yanaşı, xalqın birliyinin, əzminin ifadəçisinə çevrildi. Eyni zamanda, qazanılan zəfər illərlə çəkilən zəhmətin bəhrəsi kimi nəticələndi. Bu zəhmətdə gənclərin milli ruh, vətənpərvərlik ideologiyası istiqamətində düzgün yetişdirilməsi də var idi. Gənclərin hərb peşəsinə  marağı da artdı. Bu bir tərəfdən mövcud vəziyyətdən (torpaqlarımızın işğal altında olmasından) irəli gəlirdisə, digər tərəfdən hərbi təhsil ocaqlarının yaradılması, ordu quruculuğu istiqamətində görülən ardıcıl tədbirlərin səmərəsi kimi özünü büruzə verirdi. Ulu öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli  sərəncamı ilə Naxçıvanda yaradılan ilk hərbi təhsil ocağı bu günədək yüzlərlə gəncin hərb peşəsinə yönəlməsində müstəsna rol oynayıb. Şərur rayonunun Danyeri kəndindən olan Əli Əlisoy da 8-ci sinfi bitirdikdən sonra məqsədinin arxasınca Naxçıvan şəhərinə yollanıb. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb, ilkin hərbi biliklərə yiyələnib. Yiyələndikcə bu peşəni daha çox sevib və düzgün qərar verdiyinə bir daha əmin olub. 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutu) bitirərək “N” hərbi hissəsində xidmətinə başlayıb. 2018-2020-ci illərdə taqım komandiri, sonra bölük komandiri vəzifələrində xidmət edib.
27 sentyabrda başlayan döyüşlərə qatılan Əli Əlisoy ermənilərin “Ohanyan səddi” adlandırdığı mövqelərinin yarılmasında iştirak edib.
Baş leytenant Əli Əlisoy: "Düşmən ilk gündən itki verərək geri çəkilirdi. Hücum əsnasında tankımızı yanmaqdan xilas edərkən boyun hissədən qəlpə yarası aldım. Buna baxmayaraq döyüşə  davam etdim. 28 sentyabrda verilən döyüş tapşırığını yerinə yetirərkən snayper məni vurdu. Əsgərlər - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Ramin Abbasov və Qiyas Ağayev məni döyüş meydanından çıxartdılar. Bud sümüyünün açıq-qırıq diaqnozu ilə Füzuli Diaqnostika və Müalicə Mərkəzinə yerləşdirildim. Bu günədək 7 dəfə əməliyyat olunmuşam”.  
17 noyabr tarixində Naxçıvan növbəti şəhidlərini qarşılayırdı. Mən də həmin təyyarə ilə qayıdırdım. Təyyarədən enərkən gözüm əsgərlərdən birinin əlində tutduğu şəklə sataşdı. Bu, həmin gün qarşılanan şəhidlərdən biri - baş leytenant İsmayıl Vəliyev idi. İsmayıl mənim Hərbi liseydən kursant yoldaşım idi. Öyrəndim ki, bayrağımızı yüksəkliyə asmaq istəyərkən düşmənin hədəfinə tuş gəlib. Bədəninin bir hissəsi yansa da, bayrağı sinəsinə sıxaraq yanmaqdan qoruyub və uğruna şəhid olub. Onun itkisi məni sarsıtsa da, zabit adına yaraşan şücaəti qürurlandırdı.
Balaca Turan atasını qucaqlayaraq sinəsindəki medallara diqqət kəsilir. "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları 14 yaşından taleyini hərb peşəsinə bağlayan bir gəncin uğurudur. Dövlətimizin qayğısını hər zaman öz üzərində hiss edən Əli Əlisoyun ailəsi Qıvraq qəsəbəsindəki yeni yaşayış binasında ikiotaqlı mənzillə təmin olunub: "Ayrıca mənzilimiz yox idi, kənddə atamgillə birlikdə yaşayırdıq. Novruz bayramı ərəfəsində mənzillə təmin olunmağımız bizə ikiqat bayram sevinci yaşatdı. Ötən il Zəfər günü ərəfəsində isə avtomobillə təmin olunmuşam. Sağlamlığımla əlaqədar peşəmi davam etdirə bilməsəm də, ruhumla, canımla, qanımla yenə də bu Vətənə bağlıyam. Vətəndaş olaraq gənc nəslin vətənpərvər ruhda böyüməsində mən də öz əməyimi əsirgəməyəcəm".
Əli Əlisoyla sağollaşıb onun mənzilindən iki mərtəbə yuxarıda yaşayan qonşusu -  Sadiq İbrahimli ilə görüşdük. Sadiq Şərur rayonunun Qarahəsənli kəndindəndir. 2017-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi “N” hərbi hissəsində xidmət edib. Onun döyüş yolu Füzuli istiqamətindən başlayıb. Sadiq İbrahimli: "Qızım Zəhranın bir yaşı tamam olanda mən Xocavənddə idim, oradan təbriklərimi çatdırdım. Ağır döyüşlər gedirdi.  Bu döyüşlərdə əsgər yoldaşlarım Qurban İbrahimov və Ruzi İbrahimovu itirdik. Bu, mənim üçün ağır idi. Lakin düşməni məğlub etmək, şəhidlərimizin qanını yerdə qoymamaq, torpaqlarımızı azad etmək başlıca missiyamız idi. Döyüşlərə qatıldığımız gündən qələbə qazanacağımıza əmin idik. Noyabrın 4-ü ağır yaralandım və döyüş meydanından təxliyə olundum".
Sadiq İbrahimli söhbət əsnasında onu da xüsusilə vurğuladı ki, xidməti dövründə Naxçıvanda keçirilən bir sıra təlimlərdə iştirak edib. O cümlədən, 2018-ci ildə Türkiyənin Sparta şəhərində "Komando" kursunun iştirakçılarından olub. Təbii ki, keçirilən bu təlimlər onun və əsgər yoldaşlarının bir döyüşçü kimi yetişməsində böyük rol oynayıb.
"Bizim Qarahəsənli kəndi Vətən müharibəsində iki şəhid verib. Leytenant Həsən Quliyev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsən Cəlilov bu döyüşlərdə şücaət göstəriblər", - Sadiq İbrahimli dedi. Özü isə göstərdiyi şücaətə görə "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. "Babam 1941-1945-ci illər müharibəsinin iştirakçısı olub. Atam isə Əfqanıstan müharibəsi veteranıdır. Mən ata-babamdan necə örnək götürmüşəmsə, istəyirəm ki, oğlum İbrahim də məndən örnək götürsün və hərb peşəsini seçsin".  
Ötən il avtomobillə təmin olunan Sadiq İbrahimliyə bu il mənzil sevincini yaşamaq da nəsib olub.
Binanın həyətində qazi Məftun İbrahimovla qarşılaşdıq. Cəbrayıldan Şuşaya qədər döyüş yolu keçən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Məftun İbrahimovun sinəsini "Döyüşdə fərqlənməyə görə", "Şücaətə görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları bəzəyir. O da mənzillə təmin olunub.  
"Mənziliniz mübarək!", - deyib geriyə Naxçıvan şəhərinə qayıtdıq. Qələmə aldıqlarımızı qısa zamanda siz oxucularla bölüşmək üçün. Bizə Zəfər sevincini yaşadan, illərdir çəkdiyimiz torpaq həsrətinə son verən, Vətən torpaqlarını yağı düşməndən azad etməkdə payı olan hər bir döyüşçünü - igidi tanımaq, tanıtmaq bizim üçün böyük şərəfdir.

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru