Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 May 2022 11:10

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirildi

Müasir dövrdə yeni texnologiyalara bütün sahələrdə rast gəlmək mümkündür. Günümüzün tələblərini təyin edən innovativ yeniliklərin gündəlik fəaliyyətimizdə özünəməxsus yeri var. İnkişafda olan ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarındakı tərəqqi  göz önündədir. Bu inkişaf və tərəqqi ordumuzdan da yan keçmir. Dövlət başçısının orduya olan xüsusi diqqət və qayğısı nəticəsində bu gün ən yeni texnologiyalar qoşunlarımızın arsenalına daxil edilir. Belə ki, Ali Baş Komandanın tapşırığına əsasən, ordumuzun bütün sahələrində olduğu kimi, rabitə və AİS istiqamətində geniş islahatlar aparılır, qoşun növünün daha da təkmilləşdirilməsi üçün fəaliyyətlər planı həyata keçirilir. Aparılan irimiqyaslı islahatlar ordumuzun tam formalaşmasını təmin edir. Rabitə bölmələri müasir tələblərə cavab verən yeni nəsil rəqəmsal rabitə vasitələri ilə təchiz olunur. Rəşadətli ordumuzun rabitə qoşunlarının sərəncamında olan ən yeni aparat və avadanlıqlar müasir tələblərə tam cavab verir.
Dünya inkişaf etdikcə silah və texnikalarda olduğu kimi, rabitə vasitələrinin də qarşısına qoyulan tələblər artır.  Əvvəllər rabitənin əsas məqsədlərindən biri səsli radio ilə əlaqə idisə, müasir dövrdə artıq bundan daha da artığı tələb olunur. Hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn məlumat ötürülməsi ilə yanaşı, fəal radiomaneələrə qarşıdurma, məlumatların şifrələnməsi, məlumatların qısa vaxtda və böyük həcmdə ötürülməsi, real zamanda videogörüntünün alınması və ötürülməsi, həmçinin düşmən rabitə vasitələrinin susdurulması kimi bir çox tələblərin yerinə yetirilməsi müasir texnikalarla artıq mümkündür. Silahlanmaya qəbul edilən yeni nəsil radiorele rabitə vasitələri əvvəlkilərə nisbətən əhəmiyyətli üstünlüklərə malikdir. Onların kütləsi və ölçüləri kiçik olduğu halda böyük qabaritli rabitə vasitələrinin yerinə yetirdiyi funksiyaları daha səmərəli yerinə yetirir. Enerji tələbatı dəfələrlə azdır. Dağlıq ərazilərdə, sənaye elektrik mənbələrindən uzaqda xidmət edən şəxsi heyətə uzunmüddətli rabitəni təmin edir. Tezlik atlama imkanı ilə düşmənin radio kəşfiyyat vasitələrini bizim radio məlumatları ələ keçirmə və susdurma imkanını minimuma endirir. Rabitənin gizliliyi və dayanıqlığı təmin edilir. Bütün bunlarla yanaşı, açılmış rabitə sisteminin vahid mərkəzdən idarə edilməsi, şifrələnməsi, qəzaya nəzarət edilməsi və yönləndirilməsi kimi bir çox funksiyaların yerinə yetirilməsi asanlaşır.
Bu günlərdə ordumuzun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirildi. Məşqlərin planına uyğun olaraq rabitə bölmələri əsas, taktiki və arxa komanda məntəqələri olmaqla üç məntəqədə açıldılar. Şəxsi heyətin müasir texnikalarla səhra şəraitində iş təcrübəsinin artırılması, bilik və bacarıqlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı uzlaşmanın təmin edilməsi, həmçinin vahid rabitə sisteminin təşkili, eləcə də radioelektron mübarizə tədbirləri üzrə qarşıya qoyulan bütün tapşırıqlar uğurla icra olundu.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərin gedişatı ilə tanış oldular. Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edildi.
General-polkovnik Zakir Həsənov müasir rabitə vasitələri ilə səhra şəraitində birbaşa məşq yerindən qoşun növlərinin komanda-idarəetmə məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayaraq məruzələri dinlədi.
Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilinin vacibliyini qeyd etdi.
Ordumuzda belə təlim və məşqlərin davamlı hal alması hərbçilərimizin müasir texnika və avadanlıqlardan istənilən anda sərbəst istifadəsinə imkan yaradır. Sevindirici haldır ki, Azərbaycan Ordusunun rabitə bölmələri müasir tələblərə cavab verən yeni nəsil rəqəmsal rabitə vasitələri ilə təchiz olunduğu kimi bu texnikaları döyüş meydanında istifadə edəcək peşəkar, işinin mütəxəssisi olan hərbi qulluqçularla da tam komplekləşdirilib. Onlar müntəzəm olaraq arsenalımıza əlavə edilən yeni vasitələrin istismar xüsusiyyətlərinin mənimsənilməsi üçün Azərbaycanda və xarici ölkələrdə müvafiq kurslara cəlb edilirlər. Hərbi qulluqçularımız inkişaf etmiş dünya ordularının nəzəri və praktiki bacarıqlarından müntəzəm olaraq faydalanırlar.
44 günlük Vətən müharibəsində qazanılan təcrübə də onu göstərdi ki, qoşunlar arasında qarşılıqlı davamlı rabitənin olması döyüş hazırlığının vacib şərti olmaqla yanaşı, qələbəni təmin edən başlıca amillərdəndir.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"