Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2022 14:50

“Azərbaycan Vətən müharibəsinin sonuna qədər heç bir beynəlxalq humanitar hüquq pozuntusuna yol verməmişdir”

Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlət olaraq hər zaman başqa dövlətlərlə öz münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüququn norma və prinsipləri əsasında qurur, istənilən şəraitdə üzərinə götürdüyü öhdəlikləri icra edir.
Beynəlxalq ədalətin və beynəlxalq hüquq normalarının təmin edilməsi sahəsində Azərbaycanın fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən həmişə yüksək qiymətləndirilib. Ölkəmiz Cenevrə konvensiyaları da daxil olmaqla, hər zaman beynəlxalq hüququn kobud şəkildə pozulmasının əleyhinə olub.
Azərbaycan dövləti ümumbəşəri, milli və mənəvi, multikultural və humanizm dəyərlərinə daima sadiqlik nümayiş etdirir, dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq ayrı-seçkiliyə yol vermir, ölkəmizdə yaşayan xalqların və etnik qrupların nümayəndələrinə hörmətlə yanaşır, beynəlxalq qanunların aliliyini həmişə üstün tutur. Ölkəmizin ərazisindəki dini konfessiyalara məxsus ibadətgahların və tarixi abidələrin qorunub saxlanılması dövlətimizin daim diqqət mərkəzindədir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci il sentyabrın 27-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, əks-hücum əməliyyatı başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi rəşadətli ordumuzun Zəfəri ilə başa çatdı. Müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən müharibə qanunları və adətlərinin pozulmasına baxmayaraq, Azərbaycan Ordusu beynəlxalq humanitar hüququn əsaslarına riayət etməklə, pozuntulara yol verməmişdir.
Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarından danışan Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Emin Əzimzadə bildirdi ki, beynəlxalq humanitar hüquq - silahlı münaqişələr zamanı tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran, həmçinin silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. - Beynəlxalq hüququn sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründə tətbiq edilən hüquq, müharibə hüququ, silahlı münaqişələr hüququ, müharibə qanunları və s. Beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, döyüş meydanında humanist mövqedən çıxış edərək, müharibənin xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, müharibəni müəyyən çərçivəyə salmağa can atır. Beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni, mülki şəxsləri  və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan "Cenevrə hüququ" həyata keçirir. "Cenevrə hüququ" termini, əsas etibarilə, müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.
2. Seçimsiz zorakılığın, artıq əzab-əziyyətin qarşısını almaq üçün, döyüş aparılmasının müəyyən metod və vasitələrini məhdudlaşdırmaq və ya qadağan etmək. Beynəlxalq humanitar hüququn bu məqsədinin həyata keçirilməsinə yönəlmiş hissəsi "Haaqa hüququ" adlandırılır (1899 və 1907-ci illərdə Haaqa sülh konfranslarında qəbul olunmuş müvafiq sənədlərə istinadən).
İdarə rəisi əlavə etdi ki, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları Birləşmiş Millətlər Təşkilatının 1949-cu ilin 12 avqust tarixli "Döyüşən orduda yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında" Konvensiyası və bu "Hərbi əsirlərlə rəftar haqqında" Konvensiya, "Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında" Konvensiya, BMT-nin 1954-cü ilin 14 may tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" Konvensiyası  ilə tənzimlənir.
- Silahlı münaqişə zamanı müharibə cinayətləri bütövlükdə sülh və insanlıq əleyhinə yönəlib. 2020-ci ilin 27 sentyabrından başlayaraq Ermənistana qarşı aparılan əks-hücum əməliyyatları zamanı beynəlxalq humanitar hüququn bütün tələbləri təcavüzkar Ermənistan tərəfindən pozulub. Bu bir tarixi həqiqətdir ki, terror, soyqırımı törətmə, başqalarının torpağını işğal etmə, bu kimi qanunsuz əməllərin Ermənistan tərəfindən törədilməsinin şahidi olmuşuq. Döyüş əməliyyatları dövründə humanitar atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalimiz, cəbhədən uzaqda yerləşən kəndlərimiz və şəhərlərimiz intensiv və dağıdıcı atəşə məruz qalmışdı. Qızıl Xaç fərqləndirici emblemləri olan heyətə və onların tibbi heyətinə atəş açılmış, hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum edilib, dünyada qadağan edilmiş silahlardan istifadə olunmuşdur. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb".
Ədliyyə polkovniki E.Əzimzadə daha sonra bildirdi ki, Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüququn Silahlı Münaqişələr Hüququnun normalarına əməl olunması sahəsində Azərbaycan Respublikasının müdafiə naziri zəruri tədbirlərin həyata keçirilməsi haqqında 2022-ci ildə müvafiq əmr imzalayıb. "Bu əmrin təsviri hissəsində 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Silahlı Qüvvələri, o cümlədən Azərbaycan Ordusu tərəfindən müharibə aparılarkən beynəlxalq humanitar hüquq normalarına əməl olunduğu göstərilir. Bunun da səbəbi odur ki, Azərbaycan Respublikası hüquqi və dünyəvi dövlətdir və hər zaman beynəlxalq humanitar hüquq normalarının müdafiəsində durub, onların pozulmasına yol verməyib.
Bərdə, Gəncə, Tərtər və digər rayonlarımızın kütləvi surətdə atəşə tutulması nəticəsində mülki şəxslərin arasında həlak olma halları olmuşdur. Buna baxmayaraq Ali Baş Komandan "N" hərbi hissəsinin açılışında demişdir: "...Artıq Ermənistan başa düşməli idi ki, onlar məğlub olacaqlar, məğlubiyyət qaçılmazdır. Ancaq buna baxmayaraq, öz namərd əməllərindən əl çəkmədilər. Bizim dinc şəhərlərimizi uzaqmənzilli ballistik raketlərlə atəşə tutdular. Bunun nəticəsində 100-dən çox günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflərimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikaları və silah anbarları idi".
Azərbaycan Vətən müharibəsinin sonuna qədər heç bir beynəlxalq humanitar hüquq pozuntusuna yol verməmişdir. Mövcud status-kvonu möhkəmləndirməkdən ötrü və gələcəkdə də olduğu kimi saxlanılması üçün müdafiə nazirimiz tərəfindən əmr verildi. Bu əmrdə də ən əsas tapşırıqlardan biri ondan ibarət idi ki, maarifləndirici tədbirlər aparılsın, qoşunlarda, xüsusi mətndə xəbərdarlıqlar tərtib edilsin, həmin xəbərdarlıq bütün şəxsi heyətə çatdırılsın. Cari ilin aprelin 26-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi tərəfindən təsdiq olunmuş plana əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin və Hüquq İdarəsinin hərbi qulluqçuları tərəfindən hərbi hissələrdə  "Beynəlxalq humanitar hüquq (Silahlı münaqişələr hüququ)" hazırlığı üzrə maarifləndirici tədbirlər keçirildi. Ssenariyə uyğun olaraq hərbi qulluqçulara beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyəti barədə ətraflı məlumat verildi, şəxsi heyətin əməl etməli olduğu mühüm vəzifə və tapşırıqlar izah edildi. Həmçinin döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, hərbi əsirlərlə davranış qaydaları, eləcə də Cenevrə Konvensiyalarının digər tələblərinə dair fikir mübadiləsi aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı".
Beynəlxalq humanitar hüquq beynəlxalq hüququn tərkib hissəsidir və son dərəcə vacib bir məsələdir. Məlumdur ki, Azərbaycan Respublikası digər sivil dünyəvi dövlətlər kimi beynəlxalq hüquq sahəsində bir çox sazişə imza atıb. Bunların arasında ən mühüm olanı 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarıdır. 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda dörd Cenevrə Konvensiyası qəbul edilmişdir: Birincisi, qurudakı silahlı qüvvələrdə yaralıların və xəstələrin vəziyyətinin yaxşılaşdırılması haqqında, ikincisi, dənizdəki silahlı qüvvələrdə yaralıların, xəstələrin və gəmi qəzasına uğrayanların vəziyyətinin yaxşılaşdırılması haqqında, üçüncüsü, hərbi əsirlərlə rəftar haqqında və dördüncüsü isə müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında. Müharibənin qəddarlığı ilə yanaşı, eyni zamanda, onun aparılmasının qayda və üsulları da vardır. Məsələn, hərbi əsir götürüldüyü zaman onun hüquqları var. O, müvafiq yerdə saxlanılmalı və ona qarşı işgəncə, alçaldıcı hərəkətlər edilməməlidir. Bu baxımdan Azərbaycan Ordusunun müvafiq tədris ilinin hazırlıq planına əsasən, qoşunlarda tədrisin təşkili və aparılmasının keyfiyyətini mütəmadi olaraq yoxlamaq üçün Hüquq İdarəsi işə başladı.  Hərbi hissələrdə olduğumuz zaman şəxsi heyətlə görüşlər keçirtdik, onlara bu mövzunun önəmini, əhəmiyyətini çatdırdıq. Çünki bir hərbi qulluqçunun beynəlxalq humanitar hüquq normalarına riayət etməməsi Azərbaycan Respublikasının dövlətçilik mənafelərinə zərbə vurmaqla nəticələnə bilər. Bu səbəbdən biz bunun vaxtında qarşısını almalıyıq. Belə hallar baş verdikdə, yəni, silahlı münaqişələr zamanı tətbiq olunan beynəlxalq hüquq normalarını  pozmağa görə məsuliyyət Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra bütün qanunvericilik aktları beynəlxalq hüququn normalarına uyğunlaşdırılmışdır. O cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüquq normalarını pozmağa görə cinayət məsuliyyəti müəyyən edilib.
Onu da qeyd etmək istəyirəm ki, bu tədbirlər indi başlanılmayıb. İllər boyunca biz ənənəvi olaraq hər ilin əvvəlində, eləcə də bu ilin əvvəlində təsdiq edilmiş tədris proqramı tərtib edib göndəririk. Tədris proqramının köməkliyi ilə hər bir kəs silahlı münaqişələr hüququ mövzusu haqqında nəzəri biliklərini artırır. Bütövlükdə 2022-ci tədris ili üçün 43 mövzu nəzərdə tutulmuş və qoşunlara göndərilmişdir. Biz bu işin faydalı iş əmsalının daha da yüksək səviyyəyə qalxacağına inanırıq. Əminliklə deyə bilərik ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu hər zaman hərbi qulluqçu adını şərəf və ləyaqətlə daşıdığı kimi bundan sonra da daşımağa davam edəcəkdir.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"