Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2022 16:25

Şeiri könlümə işıq bilirəm

Şeir ruhun pıçıltısıdı; misra-misra dərk edilən şeir duyğuları durulaşdırır, oxucunun düşüncələrinin mehrabına dönür. Böyük Nizami uca göylərin mehrabını eşq bilirdi, duru duyğuların mehrabına şeir deməyimiz suç ola bilməz.
Göylərə baxıram...Dünya - qaranlıq,
Gecənin telləri dolaşıq düşür.
Şeir misrasıdı Ayın qaşları,
Mənim gözlərimə gur işıq düşür, -
misralarını bu inamıma salavat bilirəm. Vətəndən, torpaqdan yazılan şeirlər dan yeri sökülüncə ağacların kiçicik budaqlarında nəfəs dərən meh misallıdı - duyanlara könül xoşluğudu.
Vətən müharibəsinə qədər də, Vətən müharibəsində də ədəbiyyatımız Səməd Vurğunun özünə, özünün timsalında şairlərə xatırlatdığı mənəvi yaradıcılıq borcu yerinə yetirildi -  ədəbiyyatımız, bu sıradan poeziyamız müsəlləh əsgər oldu. 2020-ci il noyabrın 8-də qazanılan Zəfər poetik düşüncələrdə gərəkli bir çalxantı yaratdı. Şairlər qazanılan Zəfərin işığında Vətən müharibəsinə, döyüşlərə, qəhrəmanlıqlara, qəhrəmanlara şeirlər, poemalar yazdılar. Bu şeirlərin də, poemaların da qəhrəmanları Vətən müharibəsinin iştirakçılarıdı - Azərbaycan əsgəridi.
Xalq şairi Vahid Əzizin sonuncu şeirlər kitabı da ("Param-parça illər...") bu baxımdan diqqəti çəkir. Vətən müharibəsinə hərbçi münasibəti ilə şair münasibəti eyni olmur. Hərbçi müharibənin strateji, strateji-hərbi çalarlarını şərh edir, şair müharibədə qazanılan qələbələrin duyğusallıq çalarlarını bayraqlaşdırır. Hər iki münasibəti Zəfər birləşdirir; hərbçi də, şair də Zəfərin işığını bəşəri işıq bilir...
Vahid Əzizin Vətən haqqında yazdığı şeirlər bədii "mən"in milli heysiyyətinin harayıdı sanki. Şeir belə oxunur. Bu şeirlərdə işğal sıxıntıları çəkən torpağın, bu torpaqları Vətən bilənlərin ağrı-acılarına poetik münasibət var (el arasında buna "can yandırma" deyilir). Bu münasibət fərdi münasibət səviyyəsində deyil, obrazlaşdırılmış, ümumiləşdirilmiş münasibətdir. Bu obrazlaşdırmada şair Vahid Əziz nəfəsi duyulsa da, onu bütün oxucuların nəfəsi bilirsən. Oxucu belə şeirlərdə Səməd Vurğunun "qo    y hər sözün ciyəriylə nəfəs alsın bir qəhrəman" niyyətinin zərrələrini görür.
Vahid Əzizin poeziyası həmişə oxucusunun düşüncələrinin poetik ifadəsi olub. Oxucu (bu anlamda xalq) illərlə (1992-ci ildən 2020-ci ilə kimi) Qarabağın dağlıq hissəsinə qurtuluş arzulayıb. Bu qurtuluşu Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu gerçəkləşdirəcəkdi. Ordumuz bunu 2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayıb Vətən müharibəsi kimi davam edən döyüşlərdə gerçəkləşdirdi. "Zəfər millətimin altun tacıymış" şeirinin mahiyyəti müharibə istəyindən doğan ovqatı tamamlayan Zəfərdir. Xalq torpaqların işğaldan azad edilməsi üçün  müharibə istəyirdi. Şeir bu istəyin ifadəsidi, Zəfərin şeiridi.
Vətən müharibəsi xalqın müharibəsi oldu. Vətən müharibəsində yeniyetmələr də döyüşmək istəyirdi, yaşlılar da. Vahid Əzizin bu şeirində bu məqam
Qonşuda bir ahıl - doxsan yaşında,
Döşünə döyürdü - "topçu olmuşam", -
misralarıyla tamamlanır.
Bu fikir ümumiləşmiş fikir kimi oxunur; Vahid Əziz bu beytlə Vətən müharibəsində əli silah tutanların hamısının döyüşmək istəyini verə bilib. Bu niyyət döyüş əzmi idi, qələbə ruhu idi; şair Azərbaycan əsgərinin döyüş əzmini, qələbə ruhunu şeirə gətirib, şeirləşdirib, ona poetik tarixi boy verib...
"Qələbə!" şeiri "Zəfər millətimin altun tacıymış" şeirinin məntiqi davamı kimi oxunur (şübhəsiz, belə yazıldığına görə belə də oxunur). Vətən müharibəsində "kimi qələmiylə döyüşürdü, kimi səsiylə", ruhun təntənəsiylə hamı döyüşürdü. Ona görə də Zəfər ruhun zəfəri oldu,
Biz - həm sələflərin borcundan çıxıb,
Həm də varislərə borclu qalmadıq.
Vətən müharibəsində hamı döyüşmək istəyirdi. Ölkədə qismən səfərbərlik elan edilmişdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbələri ehtiyac olmadığına görə döyüşmək istəyənlərin böyük əksəriyyətinin xahişini yerinə yetirmirdi. Minlərlə tələbə də döyüşçü olmağa niyyətliydi.
Bir tələbə döyüşlərə gedir. Tələbənin dərsə gecikməsi yoldaşlarını narahat edir. Ürəklərinə damır ki, döyüşlərdədi. Bu, poetik əksini Vahid Əzizin "Dərsə gecikən..." şeirində tapıb:
...Gecikən tələbəmiz Qarabağ savaşında
Qürurla ucaltdığı bayrağa keşik çəkir...
Bu şeirə sevgilər assosiasiyası demək günah deyil: tələbənin Vətənə sevgisi, Vətənə bunca sevgisi olan tələbəyə yoldaşlarının sevgisi, tələbəyə, onun yoldaşlarına, müəlliminə şair sevgisi. Şeirin uğuru da məhz budur...
"Dərsə gecikən..." şeirinin ideyası "Hərbçi gözəllər bənzəyir gülə..." şeirində də davam etdirilib:
Yurdun şərəfini qorumaq üçün,
Silaha sarıldı dünənki şagird!
"Dərsə gecikən..." şeirində yaşanılan sevgi bu şeirdə də yaşanılır. Oxuyursan, yadına İsa İsmayılzadənin "Böyüdülmüş şəkillər"i düşür: Böyük Vətən müharibəsində elə bu yaşda yeniyetmələr döyüşə gedəndə
Güllələr demədi qayıdın geri,
Hələ uşaqsınız, nə yaşınız var...
"İgid əsgər" şeiri Vətən sevgisinə, cəsarətə, qətiyyətə, Hərbi anda sədaqətə yazılan şeir kimi oxunur. Onun aşıladığı duyğular mənəvi dəyərlərin hər zaman döyüşçü ruhunun silahı - yarağı olduğunu xatırladır. Bu ruhun qüdrətinin rəmzi yozumu qınından sıyrılmış qılıncdı; "İgid əsgər" şeiri bu yozumun şeiridi.
Qəhrəmanlar - el qəlbində məskən salanlar,
Vətənlə bir yaşayaraq ucalacaqlar!
Şeir bu əminliyin şeiridi. Bu əminlik vətənsevərlərin əminliyidi...
Döyüşlərə könüllü gedənlər "dilində bir qədim doğma bayatı"yla gedirdi ("Heyrət səcdəsi"). Poemanın ruhu deyir ki, bu gedişi Dədə Qorqud ruhu uğurlayırdı.
2016-cı ilin Aprel döyüşləri düşmənə də, düşmənin havadarlarına da bir gerçəklik yaşatdı: Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməyə qadirdir. Bu qadirliyi dərk etsəydi, düşmən sülh danışıqlarından yayınmazdı, status-kvonu saxlamağa meyillənməzdi, yeni ərazilər işğal etməyə niyyətlənməzdi. Dərk etmədi, 2020-ci il sentyabrın 27-də hücum etdi, ordu hissələrimiz bu hücumun da qarşısını qətiyyətlə aldı. Vətən müharibəsində Zəfər qazandı. 2016-cı ilin yazı, 2020-ci ilin payızı. Təbiətin iki fəslini mahiyyət uyğunlaşdırır. 2016-cı ilin yazında qazanılan qələbə, 2020-ci iln payızında qazanılan qələbə. Kövrəklik həm də sevincdən olur; sevinc də kövrəklik yaradır, bir ürək tutumunca sevinəndə də kövrəlirsən. 2016-cı ilin yazında da kövrəlmişdik (qürurdan), 2020-ci ilin payızında da kövrəldik (qürurdan). Vahid Əziz bu iki məqamı bir şeirdə ümumiləşdirib:
Yaman oxşarı var kövrəkliyində
Payız axşamının yaz səhəriylə.
Bu duyğu Azərbaycan əsgərinə ehtiramın duyğusudu...
Xalq şairi Vahid Əzizin "Param-parça illər..."  kitabı poeziyamızın Zəfərə ehtiramının kitabıdır. Şeir könlümüzə düşən işıq olduğuna görə...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"