Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 May 2022 16:25

Şəhidlik könül dünyamızın qibləsidi...

Şəhidlik müqəddəsdir. Şəhidliyə Vətənin müqəddəsliyini yaşadan bayraq da deyərdim. Bu bayraqlar hər birimizin düşüncələrinin mahiyyətidi - şəhidlik könül dünyamızın qibləsidi...
Ceyhun Şalıyev 1994-cü ilin mayında Xanlar (indiki Göygöl) rayonunun Danayel kəndində anadan olmuşdu. Az sonra ailə Rusiya Federasiyasının Voronej şəhərinə köçmüşdü; belə müvəqqəti köçmələrin dönüş zamanını Vətənə bağlılıq müəyyənləşdirir...
Voronejdə yaşayırdılar...
Ceyhunu uşaqlığından hamı əzizləyib - gözəl davranışına görə, könüləyatımlı, məntiqli, mahiyyətli söhbətlərinə görə, hamıya xoş gələn düşüncələrinə görə, ədəb-ərkanına görə...
Familiyasına - milli mənsubiyyətinə, qaş-gözünə, cazibədar görkəminə məhəl qoymayanlar Ceyhun Şalıyevi ata-anası rus olan uşaqlardan fərqləndirə bilməzdi - rus dilində mükəmməl danışırdı. Voronejdə az müddətdə kifayət qədər söz öyrənmişdi, öyrəndiyi sözləri gözəl tələffüz edirdi. Aylar ötdükcə yaxşı hafizəsi hesabına söz ehtiyatı genişlənmişdi, oxuma qabiliyyəti inkişaf etmişdi. Mütaliəyə böyük marağı, sevgisi vardı. Oxuduğu kitablar yaşını qabaqlayırdı, o kitablar uşaqlıq dünyasının səyyarəsiydi elə bil - bu səyyarənin gözçəkən işığı düşüncələrində dincəlirdi.
Voronejdə 73 nömrəli liseyin üçüncü sinfində oxuyurdu.
Payız Voronejdə düzü-dünyanı xınalamışdı. Təbiətin kövrəkliyi kövrək qəlblilərin könlünə incəliklə çəkingən bir təlaş gətirmişdi.
Məktəbdə tədbir keçirilirdi. Direktor Sergey Vorobey şagirdlərə müraciətlə "Kim payız haqqında şeir deyə bilər?", - soruşmuşdu. Səssizlikdən darıxanlar maraqla, özünə də məlum olmayan istəklərlə şagirdlərə baxmışdı. Bu an səssizliyi bəstəboy bir uşağın səsi çilikləmişdi: "Mən deyərəm...". Ceyhun idi...
Ceyhun Aleksandr Sergeyeviç Puşkinin "Payız" şeirini demişdi. Bilmirəm, Rusiyada böyük rus şairi Puşkinin yaradıcılığı neçənci sinifdən tədris olunur. Ceyhun bu şeiri haradan oxumuşdu, necə öyrənmişdi, necə sevmişdi, ruhu bu gözəl şeirin gözəlliyini necə görmüşdü - heç kim nə onda, nə də sonralar Ceyhundan bunlar haqda heç nə soruşmamışdı...
Ceyhun Puşkinin "Payız"ını o qədər gözəl, o qədər rəvan, o qədər şirinliklə demişdi ki! Məktəbin müəllimləri bu şeiri "ömrün də payızı olur" qənaətilə təbiətin payızından qopan səda kimi, ovqat kimi dinləmişdi. Üçüncü sinif şagirdi Ceyhun Şalıyev Voronejdə ehtiramlarla əhatələnən 73 nömrəli liseydə müəllimlərinə belə bir fəlsəfi dərk yaşatmışdı...
Ceyhun bu şeiri 2003-cü ildə rus dilində demişdi. Sonralar - 2011-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi olanda onu dilimizə tərcümə etmək istəmişdi:
Göyləri bürüyüb payız qoxusu,
Günəş isidəmmir çölü-çəməni...
Ceyhun şair deyildi, şairanə düşüncələri vardı, gördüklərinin gözəlliyini adiliklərdən ayırd edə bilirdi, ayırd etdiklərini dəyərləndirirdi, həm də gərəkli könüləyatımlı söz sırasıyla ifadə edirdi...
Anası Səadət xanım deyir ki, Ceyhun 6 yaşında olanda bir şeir yazmışdı. Azərbaycan haqqında yazdığı o şeir sonralar necə oldu, tapammadıq...
Atasından-anasından oyuncaqlar deyil, kitablar istəyərdi, alardılar. Həvəslə oxuyardı. İki-üç gündən sonra yenə kitab istəyərdi. Uşaqlığını kitablar dünyasıyla yaşamışdı Ceyhun...
Dördüncü sinifdə oxuyanda atasından soruşmuşdu:
- Niyə Azərbaycanımıza qayıtmırıq, ata?
Atası sorğuya cavab verə bilməmişdi, oğlunu bağrına basmışdı...
2007-ci ilin yanvarında - Ceyhun 7-ci sinifdə oxuyanda Azərbaycana qayıtdılar. Sonralar Ceyhun bu qayıdışa ruhun cana qayıdışı deyəcəkdi...
Təhsilini Bakıda 134 nömrəli orta məktəbdə davam etdirirdi. Yaxşı oxuyurdu. Sinif yoldaşlarından öyrənmə həvəsiylə fərqlənirdi. Rus dilini bu səviyyədə bilməsi, danışıqda tələffüz xətalarına yol verməməsi müəllimlərini razı salırdı. İngilis dilini də eyni maraqla, eyni sevgilərlə, eyni məsuliyyətlə öyrənirdi. Müəllimləri deyirdi ki, Ceyhunda dil öyrənməyə xüsusi qabiliyyət var.
Mütaliəyə aludəliyi ilə öyrənirdi tarixi də, ədəbiyyatı da. Oxuya-oxuya öyrənirdi, öyrənə-öyrənə oxuyurdu. Bilmədiklərini soruşurdu. Könül adamı kimi öyrəndiklərini, bildiklərini dostlarıyla bölüşməyi də sevirdi, "Ömrün dadı-duzu dostluqdu", - deyərdi. Sinif yoldaşlarından kimsə dərsə gəlməyəndə narahat olardı, səbəbini bilməyincə - ona baş çəkməmiş evə dönməzdi...
Gerçəkliyin aşiqiydi, həqiqətin aşiqiydi, ədalətin aşiqiydi. Haqsızlıq görəndə qaşları çatılardı. Həmin haqsızlığın mahiyyətini dərk edə-edə yaranma səbəblərini də bilmək istəyərdi. Onda düşüncələrində məntiqi suallar tərpənişərdi. Görəsən, özünə əyanmışmı ki, bu proses onun düşüncələrinin dialektikasını istiqamətləndirir. Bu xarakter hüquq elminin cəfakeşlərinə xas olan xarakterdi; orta məktəbi bitirəndə - 2011-ci ildə həmin vaxta kimi heç kimə demədiyi arzusunu açıqladı: “Hüquqşünas olacağam!”
Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldu. Bakalavr səviyyəsində təhsil aldı. Almaniyanın, Kanadanın universitetlərinin magistraturasına daxil olsa da, getmədi. "Azərbaycandan uzaqda yaşamağın sıxıntıları mənə yaxşı tanışdı, ömrümün neçə ilini o sıxıntılarla yaşamışam. O sıxıntıları yenidən yaşamaq istəmirəm...", - onu qınayanlara belə deyirdi. Bu düşüncə Vətən sevgisiydi, şübhəsiz; Ceyhun Vətənimizi sevirdi. O vaxtlar atasına verdiyi sual da bu sevginin sualıymış: "Niyə Azərbaycanımıza qayıtmırıq ata?" Gümanlarım mənə deyir ki, Ceyhun "Vətənin bir qarlı qış günü qürbətin baharından gözəldi..." - fəlsəfəsinə bələdmiş, o da aylarını, illərini, bu fəlsəfənin işığında yaşayırmış...
Ali təhsilli hüquqşünas idi Ceyhun. Həmişə deyərmiş ki, aldatmaq insan xislətinə yaraşmır, aldanmaq da eləcə; yalanı da sevməzdi, aldanmağı da. “Dost seçəndə aldanmaq ömürlük əzaba məhkum olmaq deməkdir" - bu kəlam dünyagörüşündən süzülürdü; gənclik dostları da, Voronejdə bir sinifdə oxuduğu uşaqlar da Ceyhunu xoş xatirələrlə, ehtiramlarla xatırlayırdılar. 2015-ci ilin iyulunda hərbi xidmətə çağırıldı. Hərbi xidmət aylarının dostu Şükür Şahbazlı Ceyhunu unutmadığını, unutmayacağını deyir:
- Dostluğa çox sədaqətliydi. Çoxumuz onun məsləhətlərini dərs kimi dinləyirdik. Hamımızın böyük qardaşıydı. Haqsızlığı sevmirdi, haqsızlıq edənlərə iradını bildirməkdən qətiyyən çəkinmirdi.
Zabit olmaq istəyirdi. Hərbi hissənin komandirliyi Hərbi anda sədaqətlə xidmət edən intizamlı əsgərin arzusunun gerçəkləşməsi üçün lazım gələn bütün sənədləri hazırladı.
Aprel döyüşləri başladı, onları da döyüşə cəlb etdilər - döyüşçü kimi... Əsgər Ceyhun Şalıyev də döyüşənlərin sırasındaydı.
Kursun ilk günlərində kurs yoldaşlarına demişdi ki, sərrast atmaq hər birimizin ən gərəkli vəzifəsidir. Döyüşdə sərrast olmayan atəş düşməni deyil, torpaqlarımızı yaralayar. Öz əlimizlə öz torpaqlarımızı yaralamağı heç birimizə arzulamıram. Bu qətiyyətlə döyüşürdülər, bu qətiyyətlə mövqe qələbələri qazanırdılar.
Aprel döyüşləri ordumuzun qələbəsi ilə başa çatdı. Bu qələbə qaliblərin də, xalqın da döyüş əzmini, qələbə ruhunu kükrətdi. Xalq inandı ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək. Bu inam əminliyin başlanğıcıydı; xalq əminliklə Ali Baş Komandanın döyüş əmrini gözləyirdi.
Ceyhun Şalıyev Aprel döyüşlərindən sonra hərbi xidmətdən tərxis edildi...
Müxtəlif müəssisələrdə, müxtəlif vəzifələrdə işlədi...
Vətən müharibəsi başladı. Ceyhun Şalıyev də döyüşlərə çağırıldı...
O günlərdən bir kadr qalır: Döyüşə gedirlər. Ceyhun da onları uğurlayanlara əl edir - analara anası əvəzi, yeniyetmələrə qardaşı əvəzi, qızlara bacısı əvəzi ...
Füzuli ətrafında döyüşürdü... Oktyabrın 1-i idi. Düşmən inadla geri çəkilmək istəmirdi. Komandirin əmri ilə Ceyhun Şalıyev də düşmən səddini yaranların sırasındaydı. Bu an döyüşçülərdən biri yaralandı. Ceyhun onu döyüşün içindən çıxartmağa tələsdi. İki-üç addım uzaqlaşmamış qənşərlərinə mərmi düşdü. Ceyhunun başına qəlpə dəydi - Ceyhun da, xilas etmək istədiyi döyüşçü də şəhid oldu...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilən şəhid Ceyhun Şalıyevin yaşadığı binanın girişində xatirə guşəsi, bir zamanlar addımladığı məhəllədə binalarının yaxınlığında xatirə bulağı yaradılıb. Sakinlər də, ordan keçənlər də xatirə guşəsinin, xatirə bulağının qarşısında ayaq saxlayır. Şəhid ömrünə ehtiram kimi...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"