Ümummilli lider Heydər ƏLİYEV:
“Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”.
Azərbaycanın hərbi diplomatiya tarixi onun dövlətçilik tarixinin tərkib hissəsidir. Qədim zamanlardan müasir dövrə qədər Azərbaycanın keçdiyi tarixi yola nəzər salmaqla, hərbi diplomatiya tariximizin keçdiyi yolu da gözümüzdə canlandırmaq mümkündür.
Qədim tarixə, zəngin dövlətçilik irsinə, varislik ənənələrinə malik Azərbaycan ərazilərində formalaşan bütün dövlətlər öz müstəqilliklərinin müdafiəsində diplomatik imkanlardan geniş istifadə etmişlər. Məsələn, tarixşünaslıqda "Uzun Həsən" kimi təqdim edilən Həsən xan Bayandurun (1453-1478) hakimiyyətdə olduğu illərdə Azərbaycan təkcə Şərq dövlətləri ilə deyil, bir sıra Avropa ölkələri - Venesiya, Neapol, Roma papalığı, Polşa, Almaniya, İngiltərə, Avstriya, Macarıstan, Burqundiya hersoqluğu, Moskva knyazlığı, Trabzon, Kipr və s. kiçik və böyük dövlətlərlə diplomatik əlaqələr qurmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, Şərq dünyasının ilk diplomat qadını da azərbaycanlı Sara xatun - Həsən xanın anası olmuşdur. O, xarici dövlətlərlə aparılan danışıqlarda siyasi məharətini və müdrikliyini dəfələrlə nümayiş etdirmişdir. Bu tarixi irs nəsildən-nəslə ötürülərək, ağır mübarizə illərindən, işğal, tarixi torpaqların parçalanması mərhələlərindən keçərək, milli dövlətçiliyimizin bərpasına və üçrəngli bayrağımızın Azərbaycan üzərində dalğalanmasına səbəb olmuşdur.
"Hərbi diplomatiya" termininə tərif vermək çox çətindir. Bu da "müdafiə diplomatiyası", "təhlükəsizlik diplomatiyası" və s. kimi oxşar terminlərin tez-tez istifadə edilməsindən irəli gəlir. Müəyyən xüsusiyyətlərinə görə üst-üstə düşən konsepsiya və məqsədləri bölüşsələr də, onlar hədəflərin müəyyənləşdirilməsi və təcrübə baxımından "hərbi diplomatiya"dan (və bir-birindən) fərqlənirlər.
"Hərbi diplomatiya" termini ilk dəfə beynəlxalq münasibətlər sisteminə ötən əsrin 90-cı illərində Şərqi Avropada kommunizm rejiminin süqutundan sonra daxil olmuşdur. Beynəlxalq məsələlər üzrə alim Martin Edmonds bu terminə tərif verərkən, öz təcrübəsindən çıxış edərək, onu ölkə hüdudlarından kənarda milli və beynəlxalq məqsədlərə nail olmaq üçün silahlı qüvvələrdən istifadə kimi şərh etmişdir. Siyasi ekspertlər Tan və Sin isə hərbi diplomatiyanı etimadın yaradılması, münaqişələrin qarşısının alınması və ya münaqişələrin həlli məqsədilə milli müdafiə təsisatları tərəfindən dinc və əməkdaşlıq təşəbbüslərinin kollektiv tətbiqi kimi şərh edirdi. Tədqiqatçı Mutanna isə hərbi diplomatiyanı dayanıqlı əməkdaşlıq münasibətlərinin aparılmasında, münaqişələrin həllində, müdafiə əməkdaşlığında şəffaflığı təmin edən və digər sahələrdə əməkdaşlığa töhfə verən mühüm vasitə kimi qiymətləndirirdi. Çağdaş beynəlxalq münasibətlər sistemində hərbi diplomatiyanı, hətta "yumşaq gücün" aləti hesab edənlər də az deyil. Zaman-zaman elmi ədəbiyyatlarda hərbi diplomatiyaya dair müxtəlif nəzəri yanaşmalar və təriflər yer alsa da, çağdaş hərbi diplomatiyanın funksional vəzifələrini və sahəsini heç də tamamilə əhatə edən tərifə rast gəlinmir.
İstənilən ölkənin hərbi qulluqçularının mütləq əksəriyyətinin əsas vəzifəsi ölkənin ərazi bütövlüyünü, milli müstəqilliyini və suverenliyini müdafiə etməkdir. Azərbaycan Respublikası da xarici siyasət məqsədlərinə nail olmaq üçün hərbi diplomatiyanı mühüm vasitə hesab edir. Nəhəng, ambisiyalı ölkələrin qonşuluğunda və xüsusi əhəmiyyətli trans-regional marşrutların qovşağında yerləşən Azərbaycanın hərbi diplomatiyası da bir sıra spesifik xüsusiyyətləri ilə fərqlənir. Müxtəlif dövrlərdə geosiyasətində və idarəetmə sisteminin xarakterində baş verən dəyişikliklər nəzərə alınmaqla, Azərbaycanın hərbi diplomatiyası ilə bağlı fərziyyələr aşağıdakı üç arqumentə əsaslanır:
1. Hərbi diplomatiyanı ağıl və məntiqlə apardıqda, istənilən dövlət həm öz mövcudluğunu qoruya, həm də daha böyük dövlətlərdən daha çox güzəştlər əldə edə bilər. Son illər Azərbaycan Respublikasının xarici strategiyasında bu istiqamətdə ciddi addımlar atılmış və İkinci Qarabağ müharibəsi ilə həmin strategiyanın effektivliyi bir daha sübut olunmuşdur.
2. Azərbaycanın böyük güclərlə münasibətlərinin formalaşmasında və inkişaf etdirilməsində onun hərbi diplomatiyası geosiyasi həssaslıqları nəzərə almalıdır, əks halda diplomatiya gözlənilən effekti verməz. Bunu regionun digər ölkələrinin nümunəsində də görmək mümkündür. Belə ki, Azərbaycan eynixarakterli problemi fərqli diplomatiya ilə həll etməyə nail olmuşdur.
3. Böyük güclərlə effektiv hərbi diplomatiya, eyni zamanda, onlarla hərbi əməkdaşlığı balanslaşdırmaq deməkdir. Azərbaycan Respublikası hərbi sahədə ikitərəfli və çoxtərəfli əlaqələri davam etdirir, birgə hərbi təlimlər təşkil edir və bir çox yüksək səviyyəli hərbi səfərlərin mübadiləsini həyata keçirir. Silah ticarətində diversifikasiya etməyi bacaran Azərbaycan keçmiş sovet ölkələrinin bir çoxunda ənənə halını almış Rusiya silah sənayesindən asılılığı azalda bilmişdir.
Beləliklə, hərbi diplomatiya hər bir dövlət üçün xüsusi əhəmiyyətə malik olub, dövlətin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasında, beynəlxalq aləmdə yerinin, rolunun və mövqeyinin formalaşdırılmasında, eləcə də ordu quruculuğu işlərində mühüm yer tutur.
Silahlı qüvvələrin ənənəvi rolu, onların müdafiə, çəkindirmə, məcburetmə və ya müdaxilə məqsədilə güc tətbiq etmək və təhlükə yaratmaq qabiliyyəti, həmçinin hazırlığı ilə müəyyən olunur. Hərbi diplomatiya bu gün, ilk növbədə sülh dövründə həyata keçirilən fəaliyyətdir və silahlı qüvvələr və onların məsul qurumları üçün əsas vəzifəyə çevrilmişdir. O, digər xarici dövlətlər, xüsusən də postmünaqişə və demokratik cəmiyyətlərə keçid prosesində olan ölkələr arasında əməkdaşlıq əsasında qurulur, müasir xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsində bir vasitə kimi istifadə olunur. Təhlükəsizliyə hərtərəfli yanaşma çərçivəsində hərbi diplomatiya bu gün xarici siyasətin əsas sütunlarından biridir. Hərbi diplomatiya anlayışı altında aşağıdakı ümumiləşdirilmiş fəaliyyətləri qeyd etmək olar:
- yüksəksəviyyəli hərbi rəsmilər arasında ikitərəfli və çoxtərəfli əlaqələrin yaradılması;
- hərbi attaşelərin təyin edilməsi;
- müdafiə sahəsində ikitərəfli əməkdaşlıq müqavilələrinin hazırlanması;
- hərbi qulluqçular və mülkilər üçün təlimlərin keçirilməsi;
- Silahlı Qüvvələrə demokratik nəzarət, müdafiənin idarə edilməsi və hərbi texniki sahələr üzrə ekspert məsləhətlərinin verilməsi;
- hərbi qulluqçuların mübadiləsi;
- material və avadanlıqla yardımın təmin edilməsi.
Müstəqil Azərbaycanın xarici dövlətlərlə ilk diplomatik əlaqələr qurmasından uzun illər ötür. Azərbaycan Respublikasının hərbi diplomatiyası onun dövlətçilik tarixinin və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanın hərbi diplomatiyası beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən dövlətin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında həyata keçirilir. Azərbaycan Respublikası Silahlı Qüvvələri beynəlxalq əməkdaşlıq fəaliyyətini Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının xarici və müdafiə siyasətinə müvafiq olaraq davam etdirir. Azərbaycanın hərbi diplomatiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici ölkə və beynəlxalq təşkilatların müdafiə təsisatları ilə ikitərəfli və çoxtərəfli formada həyata keçirdiyi kompleks fəaliyyətlərdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin struktrunda qeyd olunan fəaliyyətlərin icrası birbaşa olaraq Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin funksional vəzifələrinə aiddir.
Müasir Azərbaycanın hərbi diplomatiya tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, çox çətin və mürəkkəb tarixi-geosiyasi şəraitdə Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasını hazırlamış, onun xarici siyasi kursunun vektorlarını müəyyənləşdirmiş və hərbi diplomatiya vasitəsilə uğurlu əməkdaşlığın və ordu quruculuğunun əsasını qoymuşdur. Onun fəaliyyəti dövründə xarici siyasət kursunun əsas xətlərindən biri də beynəlxalq hərbi-siyasi təşkilatlarla və xarici ölkələrlə hərbi əməkdaşlığın qurulması idi. Azərbaycan Respublikasının hərbi diplomatiyasının inkişaf yoluna nəzər salsaq, bu istiqamətdə kifayət qədər ciddi uğurlara imza atıldığını görərik. 1994-cü il mayın 4-də Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədinin imzalanması Azərbaycanın beynəlxalq hərbi-siyasi aləmdə mövqeyinin tanınması istiqamətində atılan mühüm addımlardan biri olmuşdur. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri təkcə NATO-nun strukturları ilə deyil, eyni zamanda ikitərəfli və regional əməkdaşlıq proqramları çərçivəsində dost və tərəfdaş ölkələrlə əməkdaşlığını davam etdirir. Ali Baş Komandanımızın diplomatik məharəti hərbi diplomatiyamızın da müvəffəqiyyətlə həyata keçirilməsində müstəsna rol oynayır. Məhz bunun nəticəsidir ki, diplomatik münasibətlərin tərkib hissəsi sayılan hərbi əməkdaşlıq sahəsində Azərbaycan Respublikası 38 xarici ölkə ilə hüquqi bazaya malikdir.
Hərbi diplomatiya (və ya müdafiə diplomatiyası) hərbi attaşenin rolu ilə sıx bağlıdır və bu tendensiya gələcəkdə də davam edəcəkdir. Vəzifəsi xarici ölkədə hərbi hadisələri müşahidə etmək və qiymətləndirmək, habelə xarici hərbi elita ilə sıx əlaqə saxlamaq olan hərbi attaşe, tam diplomatik statusa malik hərbi diplomatdır. Bu təcrübə hələ XIX əsr Avropa diplomatiyasının bir hissəsi kimi meydana çıxmışdır. Lakin dünyada cərəyan edən ciddi siyasi proseslərin fonunda ötən əsrin 80-ci illərindən etibarən beynəlxalq hərbi əlaqələrin mahiyyət və məqsədində mühüm dəyişiklik baş vermişdir. Təhlükəsizlik anlayışına yanaşmanın dəyişməsi, daha doğrusu təhlükəsizliyə hərtərəfli yanaşmanın tətbiqi (gücləndirilmiş təhlükəsizlik) ilə hərbi attaşenin rolu daha da artmış və vəzifələri çoxalmışdır. Bundan əlavə, o, artıq hərbi diplomatiya sahəsində rolu olan yeganə hərbi aktyor deyil. Bu baxımdan, müasir hərbi diplomatiyanın məqsədi - düşmənçiliyin aradan qaldırılması, qarşılıqlı etimadın yaradılması və qorunub saxlanması, bununla da demokratik məsuliyyət daşıyan silahlı qüvvələrin inkişafına dəstək üçün Müdafiə Nazirliyinin üzərinə götürdüyü müxtəlif fəaliyyətləri həyata keçirməkdir. Bu da öz növbəsində münaqişələrin qarşısının alınmasına və həllinə mühüm töhfə verir. Azərbaycan Silahlı Qüvvələrinin hazırda 15 xarici ölkə və təşkilatlar yanında hərbi attaşelik aparatı və nümayəndəlikləri fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycanda 42 ölkənin hərbi attaşelik aparatı akkreditə olunmuşdur.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində etibarlı tərəfdaş hesab olunan Azərbaycan sülhün qorunmasının və bərpasının fəal iştirakçısıdır. 1999-cu ildən etibarən Azərbaycanın Sülhməramlı Qüvvələri sülhməramlı əməliyyatlarda iştirak edir. Belə ki, həmin dövrdən başlayaraq Azərbaycan Ordusunun 3000-dən çox hərbi qulluqçusu müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda iştirak etmişdir. 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi əməliyyatlarında, 2002-2015-ci illərdə Əfqanıstanda "Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri" missiyasında, 2003-2008-ci illərdə İraqda çoxmillətli koalisiya qüvvələrinin tərkibində, 2015-2021-ci illərdə NATO-nun Əfqanıstanda həyata keçirməyə başladığı "Qətiyyətli Dəstək" missiyasında uğurla iştirak etmişdir. 2019-cu ildən başlayaraq, Azərbaycan Ordusu BMT-nin Cənubi Sudandakı sülhməramlı missiyasına iki hərbi müşahidəçi zabitlə töhfə verməkdədir. Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin adı dünyanın ən güclü orduları sırasında çəkilir və Azərbaycan öz tərəfdaşları ilə iştirak etdiyi sülhməramlı əməliyyatlarda ən etibarlı tərəfdaş hesab olunur.
Azərbaycan hərbi diplomatiyası ordu quruculuğu sahəsində də öz işini uğurla davam etdirir. Belə ki, 2002-ci ildən etibarən NATO-nun "Tərəfdaşlığın qərargah vəzifələri" konsepsiyası çərçivəsində Azərbaycan Ordusunun zabitləri NATO-nun taktiki, əməliyyat və strateji təsisatlarında həm xidmət edərək beynəlxalq əməkdaşlığa töhfə verir və həm də beynəlxalq təcrübə toplayaraq, geri döndükdən sonra qazanılmış təcrübənin əməli tətbiqini həyata keçirirlər. Bu mexanizmdən istifadə etməklə Azərbaycan Respublikası 40-a yaxın hərbi qulluqçusunu müxtəlif NATO qərargahlarına göndərmiş və bununla da Sülh naminə tərəfdaşlıq proqramına daxil olan ölkələr arasında lider ölkələrdən birinə çevrilmişdir. Hazırda Azərbaycan Ordusunun səkkiz hərbi qulluqçusu NATO-nun qərargahlarında xidmət edir.
Azərbaycanın inkişaf konsepsiyasının əsas istiqamətlərindən biri də elm və təhsilin keyfiyyətinin artırılması, savadlı və elmi düşüncəyə malik kadrların yetişdirilməsidir. Ulu Öndərin "təhsil millətin gələcəyidir" fəlsəfəsi və Ali Baş Komandanın gənc kadrların yetişdirilməsinə olan xüsusi diqqət və qayğısı hərb elmi və təhsilinin inkişafını şərtləndirən amillərdəndir. Hərbi diplomatiya da bu sahədə Azərbaycan Ordusunda kadrların hazırlanmasına və elmi təfəkkürün formalaşdırılmasına öz töhfəsini verməkdədir. Təhlükəsizlik məsələləri ilə yanaşı, NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı, eləcə də ikitərəfli əməkdaşlıq planları çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kadr hazırlığının və elmi tədqiqat layihələrinin həyata keçirilməsinə hərbi diplomatiyamız öz töhfəsini verməkdədir. Hər il yüzlərlə hərbi qulluqçu beynəlxalq təhsil proqramlarına cəlb olunur.
Göründüyü kimi, Azərbaycan hərbi diplomatiyası ötən 30 il müddətində çoxşaxəli fəaliyyət göstərmiş və onun fəaliyyətinin əsas istiqamətləri qarşılıqlı əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması, eləcə də ordu quruculuğu olmuşdur. Hərbi diplomatiya sahəsində yuxarıda qeyd olunan bütün əməkdaşlıq istiqamətlərini 22 yanvar 1992-ci ildə yaradılmış və 30 illiyini qeyd etməyə hazırlaşan Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsi tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yürüdülən və milli maraqlara söykənən hərbi diplomatiya kursu əlverişli geosiyasi mövqeyə malik olan ölkəmizin regional və qlobal sülh və təhlükəsizlik proseslərində güc mərkəzi rolunu oynamasına zəmin yaratmışdır. Dövlət başçısının təşəbbüsü ilə rəsmi Bakının ev sahibliyi etdiyi Rusiya Federasiyasının Müdafiə Nazirliyi və NATO-nun ali rütbəli nümayəndələrinin görüşləri məhz Azərbaycanın hərbi diplomatiyanın güc mərkəzi rolunu oynamasının bariz nümunəsidir.
Cənubi Qafqaz və Xəzər regionunda Azərbaycan yeni hərbi regional əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir. Bütün bu səylər regionun və region dövlətlərinin inkişafına, sülh və sabitliyin qorunmasına yönəlmişdir. Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı buna əyani sübutdur. Bu kimi regional layihələr nəinki regionda, həm də qlobal səviyyədə böyük maraq doğurmuşdur. Faktiki olaraq bu layihələr regional dövlətlərin və millətlərin maraqlarını qoruyan ortaq maraqlara və qarşılıqlı hörmətə əsaslanır.
Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində uzunmüddətli işğala son qoyuldu.
Ermənistan və Azərbaycan arasında münaqişənin nizama salınması prosesi dövründə Azərbaycan daima münaqişənin sülh yolu ilə həllinə çalışmışdır. Ali Baş Komandanımız bu işğal faktoru ilə heç bir zaman barışmayacağımızı və torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu yüksək tribunalarda dəfələrlə qeyd etmişdir. Məhz aparılmış uğurlu hərbi diplomatiya sayəsində NATO-nun bütün zirvə görüşlərinin Yekun Bəyannaməsində Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə daimi dəstəyi öz əksini tapmışdır.
Hərbi əməliyyatlar zamanı hərbi diplomatiyanın rolu danılmazdır. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın hərbi diplomatiyası maddi-texniki tələbatın sürətli şəkildə təmin edilməsi, eləcə də hərbi attaşelik aparatları vasitəsilə hərb meydanında baş verən hadisələrin qərəzsiz və dürüst olaraq beynəlxalq ictimaiyyətə çatdırılmasında öz vəzifələrinin öhdəsindən uğurla gələ bilmişdir. Belə ki, müharibə həqiqətlərinin hərbi dairələrə çatdırılması və erməni təbliğat maşınının qarşısının alınması məqsədilə Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş attaşelikləri və beynəlxalq təşkilatların nümayəndələri ilə iyirmidən artıq görüşlər keçirilmiş, təqdimatlar və müsahibələr verilmişdir.
Hazırda Azərbaycan Respublikası ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi müstəqillik tarixinin ən böyük quruculuq dövrünü yaşayır və 30 il ərzində Azərbaycana dəstək verən dost ölkələr işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı şanlı keçmişi ilə qürur duyur, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda hər cür fədakarlığa hazır olduğunu nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının dediyi kimi, "30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa və öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirəm ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq". Bu baxımdan Azərbaycan Respublikası hərbi diplomatiya sahəsində keçmiş təcrübəsini daha da təkmilləşdirəcək, regional və qlobal inteqrasiya kontekstində bu vasitəni daha məharətlə tətbiq edəcək və müxtəlif yeniliklərə imza ataraq fərqli məsələlərdə bir çox ölkə üçün presedent yaradacaqdır.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Sədi SADİYEV
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi