Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 May 2022 18:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 15 İyun - müstəqillik tariximizin mühüm mərhələsi, Milli Qurtuluş Günüdür

Suallar:

1. Müstəqillik tariximizin mühüm mərhələsi.

2. 15 İyun - Milli Qurtuluş Günüdür.

 

Müstəqillik tariximizin mühüm mərhələsi


Sosializm ideyalarını iflasdan və SSRİ-ni dağılmaqdan xilas etmək məqsədilə 80-ci illərin ortalarında irəli sürülən "yenidənqurma" siyasəti Azərbaycanda da demokratiya və suverenlik uğrunda mübarizəyə yeni nəfəs verdi.
Demokratiya və aşkarlıq şəraitindən məharətlə istifadə edən ermənilərin Azərbaycanın əzəli torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq iştahaları yenidən artdı. Qısa müddət ərzində kütləvi olaraq Qərbi Azərbaycandakı doğma torpaqlarından 230 mindən çox azərbaycanlı deportasiyaya məruz qaldı. 1988-ci il fevralın 21-də Azərbaycanın əzəli tərkib hissəsi olan "Dağlıq Qarabağ"ın Ermənistanın tərkibinə keçməsi barədə qərar qəbul edildi və əzəli torpaqlarımızdan azərbaycanlıların təmizlənməsinə başlanıldı. 1988-ci il fevralın 28-də törədilmiş Sumqayıt hadisəsində azərbaycanlıları təqsirkar kimi qələmə verərək, antiazərbaycan, antitürk ictimai fikrin formalaşmasına nail oldular. Bütün bunlar Azərbaycanda suverenlik və ərazi bütövlüyü uğrunda kütləvi xalq hərəkatının başlanmasına səbəb oldu. 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Kütlələrin etiraz mitinqlərindən ən əzəmətlisi 1988-ci il noyabrın 17-də Bakının Azadlıq meydanında, yarım milyondan çox adamın iştirakı ilə "suverenlik", "azadlıq" şüarları altında keçirilmişdi. Mitinq dekabrın 4-də səhərə yaxın silahlı qüvvələr tərəfindən dağıdıldı.
1990-cı il yanvarın 13-də Bakıda bir nəfər erməni tərəfindən iki azərbaycanlının qətlə yetirilməsi vəziyyəti daha da gərginləşdirərək əhali arasında antierməni əhval-ruhiyyəsini daha da gücləndirmişdi. Bu, mərkəzin Bakıda olan emissarları (Girenko, Primakov və b.) və Azərbaycanın ozamankı rəhbərliyi tərəfindən antisovet, qatı millətçilik, rejimə itaətsizlik kimi qələmə verilmişdi. Bununla da, mərkəzdə Azərbaycanda itaətsizliyin qarşısını almaq qərarı formalaşmışdı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə" fərman verdi. Bakı və ətraf rayonlara əlavə hərbi qüvvələr gətirildi. Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti ayın 20-si saat 00:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman verdi. Lakin o, qırğından sonra elan olunmuşdu. Əhaliyə hadisələr barədə məlumat verilməsin deyə yanvarın 19-u axşam Respublika dövlət televiziyasının enerji bloku partladıldı. Nəhayət, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı hissələrdən ibarət "şanlı" Sovet ordusu Bakı üzərinə hücuma keçdi. Bu faciədən xəbər tutan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın Bakıda qanlı qırğın törətdiyini dünyaya bəyan etdi, onu "təcavüz və xəyanət" kimi qiymətləndirdi.
Xalq arasında Sovet sisteminə nifrət güclənərək sovet və kommunist üzvlərini ikrahla qarşılayırdılar. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Sovetində 1990-cı ilin noyabr və Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il fevral sessiyasında Naxçıvan MSSR - Naxçıvan Muxtar Respublikası və Azərbaycan SSR - Azərbaycan Respublikası adlandırıldı.
Moskvada 1991-ci il 19-21 avqust hadisələrindən sonra Azərbaycanda da ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Suverenlik, müstəqillik və azadlıq uğrunda mübarizə əməli vəzifəyə çevrildi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da çağırılmış növbədənkənar sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə" qəbul etdi. 1991-ci ilin sentyabrında "Dağlıq Qarabağ" özünü müstəqil respublika elan etmişdi. Ermənilər "Dağlıq Qarabağ"dakı Rusiya ordu hissələrinin köməyi ilə Azərbaycanın ətraf yaşayış məntəqələrini işğal edirdilər. Hakimiyyət isə ciddi tədbirlər görmək iqtidarında deyildi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanış sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiyası Aktı"nı qəbul etdi. Beləliklə, Azərbaycan Respublikasının müstəqilliyi rəsmən bərpa olundu.
Hələ SSRİ-nin yaşadığı bir şəraitdə respublikada milli dövlət quruculuğu formalaşmağa başlayaraq prezident idarəçiliyi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. 1991-ci il noyabrın 26-da bərabər əsasda (25 nəfər "demokratik blok"dan, 25 nəfər iqtidar yönlü deputatlardan) 50 nəfərlik Milli Şura yaradıldı. 1991-ci ilin axırlarında SSRİ dağıdıldıqdan sonra dekabrın 29-da Azərbaycan Respublikasında ümumi rəy sorğusu keçirildi. Xalq yekdilliklə dövlət müstəqilliyinə tərəfdar çıxaraq Azərbaycan Respublikasının əməli müstəqillik mərhələsi başlandı.
Müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyət gərgin olmaqda qalırdı. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsdləri davam edir, iqtidar-müxalifət qarşıdurması kəskinləşir, iqtisadiyyat isə tənəzzül edirdi. Vəziyyət vətəndaş müharibəsi həddinə çatmışdı. Belə şəraitdə xalqın, vətənini sevən ziyalıların nəzəri diqqəti 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana gələrək Naxçıvanda məskunlaşan və xalqın təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən təcrübəli siyasətçi ulu öndər Heydər Əliyevə çevrilmişdi. Onlar çıxış yolunu onun respublika rəhbərliyinə gəlməsində görürdülər. 1992-ci il oktyabrın 16-da ziyalılardan ibarət 91 nəfərin "Səs" qəzetində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə yenidən böyük siyasətə qayıtması xahişi ilə müraciəti dərc edildi.

 

15 İyun - Milli Qurtuluş Günüdür

Müstəqilliyimizin ilk illərində ölkə hakimiyyətində siyasi böhran hökm sürməyə başladı. Erməni vandallarının Azərbaycana qarşı yeritdiyi ərazi iddiaları zaman ötdükcə daha da dərinləşməyə başladı. Bədnam ermənilər xarici havadarlarının dəstəyi ilə silahlanmış quldur dəstələrinin təxribatı nəticəsində tarixi torpaqlarımızı işğal etdilər. Naşı, səriştəsiz hakimiyyət ölkəni daha da dərin uçuruma doğru aparırdı. Düşməndən müdafiə olunmaq üçün yaradılan özünümüdafiə dəstələri ilk vaxtlarda erməni  silahlı quldur dəstələrinə qarşı fəal döyüşsələr də, sonradan pərakəndə vəziyyətdə öz "ağa"larının qanunsuz əməllərini icra etməyə başladılar. Həmin silahlı dəstələr vahid ordu rəhbərliyinə tabe olmaqdan müxtəlif yollarla imtina edirdilər. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Ölkədə anarxiya, xaos hökm sürməyə başladı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq ulu öndər Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdır. Ulu Öndərin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdur. Bundan bir neçə gün sonra isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdir. 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Ali Sovetin sədri seçildi və həmin gün tariximizə "Milli Qurtuluş Günü" kimi daxil olmuşdur. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu.  
Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə mövcud olan gərginlik tədricən aradan qalxmağa başladı. "Dağlıq Qarabağ"da və Ermənistanla sərhəd boyu ərazilərdə gedən gərgin döyüşlər daha da intensivləşdi. Ulu Öndər cəbhədəki vəziyyətin ağırlığını görüb qəti, prinsipial mövqe ortaya qoyaraq 2 noyabr 1993-cü ildə radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Ölkə rəhbərinin bu müraciətindən sonra xalqın, torpağın təəssübünü çəkən minlərlə qeyrətli oğul və qızımız Şəhidlər xiyabanında and içərək "Vətən uğrunda!", "Heydər baba yolunda!" şüarları altında Qarabağa, döyüşə yola düşdülər. Ulu Öndərin tez-tez ön cəbhəyə getməsi, döyüşən Azərbaycan əsgərləri ilə yanaşı, səngərlərdə olması, onların qayğı və ehtiyacları ilə maraqlanması, döyüşdə fərqlənənləri yerindəcə mükafatlandırması, döyüşçülərin qayğıları ilə yaşaması onlara yeni ruh yüksəkliyi vermiş və bunun məntiqi nəticəsi olaraq qəhrəman döyüşçülərimiz məkrli düşmənin hücumlarının qarşısını alaraq cəbhədə əks-hücum əməliyyatları həyata keçirdilər və bir sıra yaşayış məntəqələrimizi yağılardan azad etdilər. Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlar öz müsbət təsirini göstərdi və düşmən 1994-cü il mayın 12-də atəşkəsi imzalamağa məcbur oldu. Bu da ölkədə sabitliyin davam etməsi üçün mühüm şərt idi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətinin ilk aylarında pərakəndə silahlı dəstələr arasında vahid komandanlığa tabe olmaq istəməyən dəstə başçıları cəbhədə uğurlu əməliyyatların aparılmasına mane olur, həm də dövlətimizə ən böyük təhlükə hesab olunurdular. Vahid komandanlığa tabe olan ordu birləşmələrini Müdafiə Nazirliyinin tərkibində birləşdirmək məqsədilə ölkədə ayrı-ayrı şəxslərə xidmət göstərən pərakəndə silahlı dəstələr ləğv edildi. Bununla da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının yeni mərhələsinə qədəm qoyuldu. Bir sözlə, Azərbaycanda müasir ordunun həm nəzəri, həm də praktiki baxımdan yaradılması məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin başlıca məqsədi neftlə zəngin olan ölkəmizi inkişaf etdirmək idi. 1994-cü ilin sentyabrında Azərbaycan haqqında dünyada təsəvvürün belə olmadığı, respublikamız barədə mənfi rəy formalaşdığı dövrdə ulu öndər Heydər Əliyev dünyanın 7 inkişaf etmiş qüdrətli dövlətini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Təbii ki, "Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatına uğur qazandıran ən böyük layihə kimi tarixə düşdü,  ölkəyə investisiya axımlarını təmin etdi, Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda ölkəmizi dünyaya tanıdan bir qığılcım idi.
Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsi işində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir Vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərmiş, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul etmişdir. Ümummilli lider Heydər Əliyev bizim dahi müasirimiz olaraq hər bir azərbaycanlı üçün qürur mənbəyimiz və taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir.
Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Ümummilli lider Heydər Əliyev dövlətçiliyin əsasını qoymaqla, həm də onun möhkəmləndirilməsində əvəzsiz xidmətləri olan görkəmli siyasi xadimdir. Zaman keçdikcə onun necə uzaqgörən, müdrik rəhbər olduğunu görürük. 12 may 1994-cü ildə Ermənistanla cəbhədə uzun sürən atəşkəs elan etməklə Qarabağ məsələsinin sülh, diplomatik yolla həll edilməsinin tərəfdarı olduğunu bildirmişdir. Ermənistan tərəfindən işğal edilən torpaqlar beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınırdı. O zaman dəfələrlə ümummilli lider Heydər Əliyev Ermənistan rəhbərləri ilə görüşlər keçirərək diplomatik yolla torpaqlarımızdan düşmən qoşunlarının çıxarılmasını tələb edirdi. Azərbaycan xalqı və hakimiyyəti heç vaxt işğalçılıq siyasəti ilə barışmayacağını qeyd edir və müharibənin qaçılmaz olduğunu Ermənistan rəhbərliyinə bildirirdi. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətlə xalqın birliyi təmin edilib. Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bu uğurların təməlində Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi...
Dünyada elə bir xalq tapmaq olmaz ki, milli tarixinin ən mürəkkəb mərhələsində müstəsna rol oynamış, dövlətçilik ənənələrini formalaşdırmış milli lideri olmasın. Çünki liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlilini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada xoşbəxt xalqıq ki, bizim də əbədiyyət abidəmiz var - ulu öndər Heydər Əliyev!

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi