Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Aprel 2022 10:37

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 1918-1920-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu.

Suallar:
1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


 
Qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı keçmişinin müəyyən dövrlərində tarixin hökmü ilə böyük imperiyalar tərkibinə qatılmaq məcburiyyətində qalmışdır. Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən "təmizləmək", bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna Hindistana yetişmək niyyətinə nail olmaq idi.  
Birinci Dünya müharibəsinin gedişində "xalqlar həbsxanası" olan Rusiya imperiyasının dağılması üçün real tarixi şərait yaranarkən Azərbaycan xalqı həm qədim dövlətçilik ənənələrinə, həm də ən müasir idarəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır idi. 1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyəti (mütləq monarxiya) devrildi. Monarxiya rejimi aradan qaldırıldıqdan sonra hakimiyyətə gələn Müvəqqəti hökumət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı. Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif sahələrində müsəlman milli şuraları yaradıldı. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Özünün ümummilli xətti ilə kütləviliyini artıran və Bakıda siyasi üstünlüyə malik olan bu şura tərkibinə milli-azadlıq  hərəkatının liderləri olan M.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov kimi ziyalılar daxil idilər.
Rusiyada müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssislər Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən aparıcı üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti hökumətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələr Seymdən çıxdılar və ertəsi gün - mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.

 

Azərbaycanın öz  müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə dövlət quruculuğu



Mayın 27-də Seymin Müsəlman Fraksiyasının üzvləri ayrıca iclaslarını keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. 1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Tiflisdə canişin sarayında keçmiş seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında qərar qəbul olundu və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi. Cənubi Qafqaz respublikaları ilə sərhəd məsələləri qismən nizama salındıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113.9 kv. km-ni əhatə etmiş, əhalisi isə 2.8 milyondan çox olmuşdur.
Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə doğulmuşdu. Bakıda hakimiyyəti S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik qrupu ələ keçirmiş və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına başlamışdı. Çar generalları tərəfindən silahlandırılmış erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk-müsəlman əhalisinə qarşı qanlı qırğını - soyqırımını davam etdirirdilər. Azərbaycan xalqının cəlladları olan Şaumyan və Andranik əlbir fəaliyyət göstərirdilər. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasındakı rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə - bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı: ya Milli qurtuluş, ya da ki, məhv edilərək Cənubi Qafqazın etnik - siyasi xəritəsindən tamamilə silinib götürülmək. Azərbaycanı müstəqil dövlət elan etmiş cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi - Azərbaycanın istiqlalı elan olundu və “İstiqlal bəyannaməsi” qəbul edildi; ikincisi - Gəncədə Fətəli xan Xoyski başda olmaqla, ilk Azərbaycan hökumətini formalaşdırdı və 1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlandı. Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı.
İyulun 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədə qərar qəbul olundu. Hökumətin başlıca vəzifəsi ölkənin bütün ərazisində AXC-nin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. İyunun 19-da Fətəli xan Xoyski dost Türkiyənin dəstəyinin əhəmiyyəti barədə Azərbaycan əhalisinə çağırış etdi və Azərbaycan ərazisində həmin gündən hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, AXC-yə kömək üçün Türkiyə Ordusunun ümumi sayı 15000 nəfərdən ibarət iki diviziyası göndərildi. İyunun 24-də qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsvir olunan bayraq azad Azərbaycanın dövlət rəmzlərindən biri kimi qəbul olundu. İyunun 26-da Müsəlman hərbi korpusu ayrıca Azərbaycan Korpusuna çevrildi və bu da faktiki olaraq Azərbaycan Silahlı Qüvvələrinin yaradılması demək idi. Milli orduya səfərbərlik keçirildi. 1920-ci ilin yanvarında artıq 30 min nəfər piyada və 10 min nəfər süvaridən ibarət ordu yaradılmışdı.
1918-ci il iyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu və həmin gün Qafqaz İslam Ordusu Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Yelizavetpol və Qaryaginin tarixi adları bərpa olunaraq yenidən Gəncə və Cəbrayıl adlandırıldı. 1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını işğaldan azad etdi. Sentyabrın 17-də hökumət Bakıya köçdü. Bakı paytaxt elan olundu. Noyabrın 9-da AXC-nin dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu.
Lakin Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox Birinci Dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. Azərbaycan öz mənafeyi naminə Osmanlı qüvvələrinin qalib gəlməsini arzulayırdı. Lakin Osmanlı ilə Antanta dövlətləri (Fransa, İngiltərə və ABŞ) arasında 1918-ci ilin 30 oktyabr Mudros müqaviləsinə görə məğlub sayılan Türkiyə qoşunlarını Azərbaycandan çıxarmalı, Antanta qüvvələrinin Bakıya girməsinə mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. İngilis qoşunlarının komandanı general Tomson Azərbaycanın müstəqilliyini tanımaq haqqında bəyanat verməkdən imtina etsə də, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə öz üzərinə öhdəliklər götürdü. 1919-cu ilin aprelində Bakıda ingilis general-qubernatorluğu ləğv edildi, ingilislər Paris Sülh Konfransının şərtlərinə uyğun olaraq Qafqazı tərk etməyə başladılar. 1920-ci il yanvarın 11-də  Paris Sülh Konfransının istiqlaliyyətinin tanınması haqqında yekdilliklə qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti qısa bir müddətdə normal fəaliyyət göstərən dövlət aparatı yaratmağa, 20-dən çox dövlətlə diplomatik əlaqələr qurmağa nail oldu. Yeni yaranmış dövlət fəaliyyəti dövründə "Türkləşmək, islamlaşmaq və müasirlik" ideyası uğrunda mübarizə aparırdı.

 

Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun əsas səbəbləri



Azərbaycan beynəlxalq aləmdə tanınmasına baxmayaraq, ölkənin şimal sərhədlərindəki vəziyyət gərgin olaraq qalırdı. Rusiyanın Cənubunda Denikinin qoşunlarına qalib gələn bolşeviklər Bakı neftinə sahib olmaq üçün öz qüvvələrini Azərbaycan sərhədinə cəmləşdirərək işğala hazırlaşırdılar. 1920-ci ilin fevralında A.Mikoyanın rəhbərliyi ilə yaranmış Azərbaycan kommunist (bolşevik) partiyasının əsas məqsədi  ölkədaxili vəziyyəti gərginləşdirmək, təxribat yolu ilə bolşeviklərin hakimiyyətə gəlməsinə şərait yaratmaq idi.
Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə edirdi. 1920-ci ilin əvvəllərində erməni nümayəndələri Moskvada ərazi güzəştləri müqabilində Azərbaycanın hökumətini devirmək üçün Qarabağ və Gəncəbasarda məskunlaşan erməni əhalisinin qiyamını təşkil etmək təklifini verdilər. 1920-ci ilin martında Qarabağda kütləvi erməni hücumlarının başlanması ilə əlaqədar Azərbaycan Ordusunun əsas qüvvələri bu bölgədə yerləşdirilmişdi. Şimal sərhədlərini qoruyan qüvvələrin böyük bir hissəsi də Qarabağa göndərilmişdi.  Erməni silahlı birləşmələri ilə döyüşlərdə Azərbaycan Ordusunun hissələri canlı qüvvə, silah-sursat və əmlak itkilərinə məruz qalmışdılar.  Aprelin 27-də parlamentin iclasında hərbi nazir Səməd bəy Mehmandarov ölkəni müdafiə barədə sorğuya cavab olaraq bildirdi ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərməyə qadir olsa da,  bolşeviklərin hücumunun qarşısını almaq üçün kifayət qədər qüvvəyə malik deyildir.
1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI qırmızı ordu Azərbaycanın sərhədlərinə yaxınlaşdı. Həmin günlərdə A.Mikoyan başda olmaqla Bakı bolşevikləri Azərbaycan xalqı adından XI rus ordusunu Azərbaycana dəvət etdilər. Aprelin 26-dan 27-nə keçən gecə XI qırmızı ordunun hissələri Azərbaycan ərazisinə daxil olub Bakıya doğru irəliləməyə başladılar və Azərbaycan parlamentinə hakimiyyəti təhvil vermək haqqında ultimatum verildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut etdi. Aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olundu. Aprel işğalı nəticəsində Azərbaycanda bolşevik rejiminin ömrü 70 il çəkdi. Lakin bu illərdə xalq  özünün istiqlal arzularını unutmadı, nəsildən-nəslə ötürdü.
1991-ci ildə Azərbaycan  yenidən öz müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında qəbul edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktında Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna belə qiymət verildi: "1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisini zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Xalq Cümhuriyyətini devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin".
Müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət quruculuğunda Azərbaycan Xalq Cümhuriyyətinin təcrübəsindən istifadə xətti götürüldü. Həmin dövrün dövlət rəmzləri yenidən qəbul edildi. Lakin Azərbaycan Respublikasının yarandığı ilk günlərdən Ermənistan tərəfinin ərazi iddiaları, hakimiyyət uğrunda ölkədaxili çəkişmələr dövlət quruculuğunu ləngidir, müstəqilliyimizə təhlükə yaradırdı. 1991-1993-cü illərdə Azərbaycanda yaranmış ictimai-siyasi vəziyyətin dövlətçiliyimizi təhlükə altına qoyduğunu dərk edən hakimiyyət xalqın təkidi ilə görkəmli dövlət xadimi, böyük dövləti idarəetmə təcrübəsinə malik olan ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etdi. Məhz  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra apardığı müdrik və uzaqgörən daxili və xarici siyasət  nəticəsində Azərbaycan Respublikasının dövlət quruculuğunda  və bu quruculuğun vacib sahələrindən biri olan ordu quruculuğunda əsaslı dönüş yarandı. Bu gün Azərbaycan nəinki öz müstəqilliyini qoruyub saxlaya bilmiş, hətta dünya dövlətləri arasında böyük nüfuza malik olan bir dövlət kimi öz layiqli yerini tutmuşdur.
Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaradılması xalqımızın o dövrdə və o illər ərəfəsində - XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır".
 
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi