Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Aprel 2022 15:30

Aprel döyüşləri - əbədiləşən günün başlanğıcı

Tarixdə dəyərli, peşəsinə bağlı, eyni zamanda, istedadlı həkimlər az olmayıb. Yazıçı-həkim Anton Pavloviç Çexov deyib ki, həkim mütləq ictimai xadim və fəal mübariz olmalı, öz humanist fikirlərini, xeyirxah əməllərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir. Rus cərrah Nikolay Piraqov isə məsələyə başqa prizmadan yanaşaraq həkimləri başqasının xoşbəxtliyi ilə xoşbəxt olanlar adlandırıb.
Müsahibim başqasının xoşbəxtliyi ilə xoşbəxt olan həkim, Vətəninə candan bağlı olan hərbçi - Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Onkologiya bölməsinin rəisi tibb xidməti polkovnik-leytenantı İslam Məmmədovdur. O, Aprel döyüşlərinin hərbçi kimi iştirakçısı, həkim kimi döyüşənlərin sağlamlığının keşikçisi olub.

- Vətənə olan borc bitməz deyiblər. Siz həm həkim, həm də hərbçi kimi Vətən qarşısında övladlıq borcunuzu yerinə yetirirsiniz. Bu iki vacib sənəti bir ömürdə birləşdirmək çətin deyilmi?
- Məsuliyyət, çətinlik insanı inkişaf etdirir. İnkişaf isə uğurların təməlidir. Həkim peşəsi ən nəcib və məsuliyyətli peşələrdən biridir. Ümummilli lider Heydər Əliyev deyirdi ki, "Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır. Onların hər biri çalışmalıdır ki, bu şərəfli adı daim yüksəklərə qaldırsın". Ümummilli lider Heydər Əliyev çıxışları zamanı həmişə hərb sənətini yüksək qiymətləndirib. "Vətəni qorumaq - öz ana torpağını, elini, obasını, yurdunu qorumaqdır. Vətənini qorumaq - öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq - öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixi mənəviyyatını, əsrlər boyu əldə etmiş milli mədəniyyətini, milli iftixarını qorumaqdır. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir. Ona görə də nə qədər çətin olsa da, nə qədər ağır olsa da, siz bu yolla getməlisiniz".
İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı bilən həkimlərimiz xəstələrinin qəlbində əbədi yaşamaqla bərabər, həm də sənət seçimində kimlərəsə təkan vermiş olurlar. Məndə də belə olub. Mən uşaq olanda anam bərk xəstələnmişdi. Onu müalicə edib sağaldan həkimin timsalında mənim tibb sənətinə böyük sevgim yarandı. Həkimin nurlu siması, səmimi, mehriban davranışı uzun müddət uşaqlıq düşüncələrimdə yer aldı və bu müqəddəs peşəni seçməyimə səbəb oldu. İnsanlara kömək etmək, sevdiklərinin ən çətin, ümidsiz anlarında əlindən tutub ayağa qaldıraraq yaxınlarına sağlam  qaytarmaq istəyi məni bu sənətə gətirdi. Həmin istəklə, həmin sevgi ilə də 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil oldum. Universitetdə oxuduğum illərdə mənfur qonşularımızın tarixi torpaqlarımızı və mənə xüsusilə doğma olan Qubadlını işğal etməsi hərb sənətinə olan marağımı daha da artırdı. 1998-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirdim, Əhmədbəyli hospitalında tibb xidməti leytenantı olaraq ümumi cərrah kimi xidmətə başladım. 24 illik xidmətim müddətində həmin sevgi daha da çoxaldı.
- Hərbçi, yoxsa həkim? Könlünüzə hansı daha yaxındı?
- Hər ikisi. Vətəndaşların sağlamlığı keşiyində dayanmaq mülki həkimlərin, hərbçilərin sağlamlığı keşiyində dayanmaq isə hərbi həkimlərin vəzifə borcudur. Bu borc həm də mənəvi borcdur. Torpaqlarımızı qoruyanlara xidmət daha müqəddəsdir, məncə.
Hərbi həkim olmaq ikiqat şərəfli və məsuliyyətlidir. Bilirsiniz, bir həkim olaraq son ümidini itirmək üzrə olan xəstənin gözlərindəki yaşam sevincinin sənə yaşatdığı xöşbəxtliyi heç nə ilə əvəz etmək mümkün deyil. Bunun üçün də daim inkişaf etməlisən.
- Anladığım qədərilə o xoşbəxtliyi yaşamaq, yaşatmaq üçün daim axtarışda olmaq, inkişaf etmək lazımdır. Bütün sahələrdə bu gərəklidir. Həkimlikdə də...
- Əlbəttə. Yoxsa cəmiyyətdə inkişaf mümkün deyil. Həkimlik daim öyrənməyi, təkmilləşməyi, müasir üsullar axtarmağı tələb edən bir peşədir. Həkim nə vaxtsa öyrəndiyi biliklərlə kifayətlənməməli, daim öz üzərində işləməlidir. Müasir dövrlə ayaqlaşmalı və səhiyyə inkişaf etdikcə özü də inkişaf etməlidir. Bu məqsədlə də ölkə daxilində və xaricində keçirilən bir çox konfranslarda iştirak etmişəm. Bu tədbirlər biz həkimlərin peşə hazırlığının formalaşmasına zəmin yaradır.
- Görkəmli amerikan yazıçısı Mark Tven deyib ki, "Öyrənmək üçün səyahət etməlisən". Sizcə təhsil həm də dünyagörüşü ilə vəhdət təşkil etməlidir?
Bir el məsəlində deyildiyi kimi, insan gəzdikcə, gördükcə daha əhatəli öyrənir. Mən orta məktəbi sovet dönəmində oxumuşam. Əla qiymətlərlə oxuduğuma görə Artek yay pioner düşərgəsinə göndərilmişdim. Orada bizi  tarixi yerlərə ekskursiyaya aparırdılar. Belə ekskursiyalardan biri də Belarusun Xatın kəndinə olmuşdu. O kənddən məyusluqla ayrılmışdım. O zaman insanların necə  bu qədər qəddar ola biləcəyini düşüncəmdə belə canlandıra bilməmişdim. İllər sonra xalqımızın başına açılan Xocalı faciəsinin dəhşətlərinin şahidi olanda Xatını xatırladım. Bu soyqırımı haqqında tam məlumatlı olmaq üçün onun canlı şahidlərinin xatirələrini daim diqqətlə izləyirəm. Düşünürəm ki, bunu hər bir azərbaycanlı bilməlidir. Çox istərdim ki, gələcəkdə Xocalıda Böyük Vətən müharibəsində Leninqradın mühasirədə olmasını özündə əks etdirən bir muzey kimi muzey qurulsun. Belə bir muzeyin yaradılması tarixi həqiqətlərin gənclərimizə və dünya ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayardı.
- Aprel döyüşləri Azərbaycan Ordusunun qalib ordu olacağına, torpaqlarımızı işğaldan azad edəcəyinə əminlik döyüşləri idi. Siz bu haqda nə düşünürsünüz?
- Bəli. Aprel döyüşləri Böyük qələbənin müjdəçisi idi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Aprel döyüşləri haqqında dediyi kəlamları hər kəs yaxşı xatırlayır. "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan Bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir".
- Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Ordumuz bir gecədə düşmənin yalançı məğlubedilməzlik pərdəsini puç etdi. Xalqımız öz ordusu, qorxubilməz oğulları ilə qürur duydu.
- Bütün dünya Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, qüdrətini gördü. Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən təxribatlarına layiqli cavab vermək, torpaqlarımızı işğaldan azad etmək gücündədi. Aprel döyüşləri Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını da təsdiqlədi.
2016-cı ilin Aprel döyüşlərində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı ilə yanaşı, hərbi səhiyyənin səviyyəsinin yüksək olduğunun şahidi olduq. Biz göstərdik ki, Azərbaycanın hərbi səhiyyəsi nəinki bölgədə, dünya miqyasında ən güclü səhiyyələr sırasındadır. Bu döyüşlər təsdiqlədi ki, Azərbaycanın hərbi səhiyyəsi itkilərin qarşısını maksimum səviyyədə almağa qadirdir.
- Siz də Aprel döyüşlərinin iştirakçısı olmusunuz. Hərbi həkim olaraq fəaliyyətiniz barəsində nə deyə bilərsiniz.
- İstər hərbçi, istərsə də həkimlik taleyimdən razıyam ki, o döyüşənlərin sırasında oldum, yaralananlara yardım göstərdim. Döyüş meydanında yaralıya göstərilən yüksək keyfiyyətli ilk yardım nəticəsində itkilərimiz minimum səviyyədə oldu. Güllələr altında, döyüşün getdiyi şəraitdə yaralıya ilk tibbi yardımın göstərilməsi, şok əleyhinə tədbirlərin aparılması, qanaxmanın dayandırılması, onların döyüş bölgəsindən çıxarılması və təxliyəyə hazırlanmasında hər bir tibb işçisinin zəhməti, əziyyəti çox yüksəkdir.
Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabitlə görüşən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva həkimlər haqqında dediyi "Aprel hadisələri zamanı və ondan sonrakı günlərdə Prezident və mən hospitallarda, xəstəxanalarda olduq. O zaman yaralanmış, xəsarət almış əsgərlərimizə yardım göstərən, onların tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərimizə minnətdarlığımı çatdırmaq istəyirəm. Yaralanmış əsgərlərin demək olar ki, əksəriyyəti onların səyləri və əməyi nəticəsində sağalıb və normal həyat tərzinə qayıdıb və bu gün də Vətəni tam gücləri ilə qorumaq üçün hazırdırlar" fikirlər qürurvericidir.
- Hər iki döyüşlərin iştirakçısı olmusunuz. Aprel döyüşləri qələbələrimizin başlanğıcı idi. Bu qələbələri Vətən müharibəsində qazanılan Zəfər tamamladı.
- Zəfər ruhumuzun Zəfəri oldu. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli ordumuz illərdir işğal altında olan torpaqlarımızı 44 gün ərzində erməni işğalçılarından təmizlədi. Xalqımız Ali Baş Komandanının, dövlətinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik "Dəmir yumruğa" çevrildi, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edildi. Bu tarixi Zəfərlə Azərbaycan Ermənistanın 30 ilə yaxın işğalına son qoydu, dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.
Vətən müharibəsi xalqın müharibəsi idi. Bu müharibədə hamı iştirak edirdi. Vətən müharibəsi hamını əsgərləşdirmişdi. Əli silah tutanların hamısı döyüşlərə getmək istəyirdi. Bütün bunlar yüksək döyüş əzminə, qələbə ruhuna malik olan ordunun mənəvi gücünü də yüksəldirdi.
- Bildiyimiz kimi, yaraları nisbətən yüngül olan döyüşçülər döyüşlərə tez qayıtmaq istəyirdilər. Hərbi həkim kimi onlara nə məsləhət görürdünüz?
- Məndən neçə döyüşçü belə xahiş etmişdi. Bir neçəsinin xahişini yerinə yetirmək imkanı oldu. Bu, ordunun döyüş əzminin, qələbə ruhunun göstəricisi idi.
44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, Ali Baş Komandanın sərkərdəlik qüdrətini göstərdi.
Bu müharibə Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu da, Azərbaycan həkiminin fədakarlığını da təsdiqlədi. Vətən müharibəsində Tibb İdarəsinin rəhbərliyi idarənin fəaliyyətini tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiqi üsullarını hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən təşkil etmişdi. Ali Baş Komandanın əmrinə uyğun olaraq sentyabrın 27-də ön xəttə ezam olundum. Müharibədə, döyüşdə yaralanmalar danılmazdır. Vətən müharibəsi zamanı da Aprel döyüşlərində olduğu kimi, ağır əməliyyatlar həyata keçirir, yaralıların qısa müddətdə müalicə olunub sağlamlıqlarına qovuşmaları üçün əlimizdən gələni əsirgəmirdik. 24 saat xidmətdəydik.
- Döyüşçülərin döyüşü düşmənlədir, tibb işçilərinin döyüşü düşmənin açdığı yaralarla. Sizlər yaralara məlhəm, Azərbaycan əsgərinə ümid oldunuz. Hərbi həkimlərin fəaliyyəti barədə fikirləriniz.
- Hərbi həkimlərin fəaliyyəti həm Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində daha həssas idi. Ağır döyüşlərin getdiyi o günlərdə əsgərlərimizin sağlamlığı üçün əlimizdən gələni əsirgəmədik. Bu da bizim - tibb işçilərinin döyüşü idi desək, heç də yanılmarıq.
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin görüşlərin birində qeyd etdiyi kimi: "Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da, həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər".
Hərbi qulluqçuların sağlamlığının qorunması üçün qarşıya qoyulan vəzifələrin yüksək peşəkarlıq və keyfiyyətlə yerinə yetirilməsi üçün bütün imkanlardan lazımınca istifadə etdik. Vətən torpağını qorumaq müqəddəs və şərəfli olduğu kimi, onun müdafiəçisinin sağlamlığı keşiyində dayanmaq da şərəflidir.
- Müsahibəyə görə çox sağ olun.   

Müsahibəni apardı: Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR