Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Mart 2022 15:00

Vətənsevər millətin əzmi qırılmaz

Bəşəriyyətin yaradılışından olum ya ölüm fəlsəfəsiylə qarşı-qarşıya dayanan böyük türk milləti Çanaqqalada minlərlə can qurban verərək yenilməzliyini sübut etdi və böyük Yaradanın türkün ruhuna hopdurduğu qüdrətilə əbədiyyət qazandı. Çanaqqala savaşı türk millətinin savaş tarixinə qəhrəmanlıqlarla dolu yeni səhifələr yazdı. Belə ki, dünya hərb tarixində baş verən müharibələrin xronoloji sisteminə nəzər saldıqda görürük ki, Çanaqqala savaşının həm nəzəri, həm də praktiki cəhətdən xüsusi önəmi vardır. Bu önəmin mayasında, kökündə türkün milli azadlıq hərəkatındakı qəhrəmanlığı, özünüdərkin psixoloji anları, varlığını yaşatmaq əzmi dayanır. Türklərin cəlb edildiyi, qarşılaşdığı ədalətsiz müharibədə Çanaqqalada aparılan quru və dəniz döyüşündə millət tarixin o zamanında da canlı qüvvədən sipər yaratdı, beyinlərdə, ağıllarda yalnız torpağını, Vətənini qorumaq, millətini yaşatmaq düşüncəsi var oldu. Bu savaş - türkün zaman-zaman yadelli işğalçılara qarşı apardığı şanlı mücadilələrin davamı kimi tarixləşdi. Çanaqqala savaşı tarixi əhəmiyyətli göstəriciləriylə örnək daşıyıcısı oldu.
107 il öncə dünyanın müttəfiq imperialist dövlətləri tərəfindən Osmanlı Türkiyəsini xəritədən silmək planına istiqamətlənmiş bu müharibədə Çanaqqala savaşı türk xalqının şanlı hərb tarixinin fövqündə dayanan, ədalətin bərqərarlığına “sıyrılan qılıncdır”. Çanaqqala həm də türk şəhidlərinin dünya tarixinə öz qanları ilə yazdığı qəhrəmanlıq salnaməsidir. Qəhrəman türk millətinin Çanaqqalada verdiyi ölüm-dirim savaşı dünyada heç bir millətin apardığı mübarizə gücü ilə müqayisə oluna bilməz. Aylarla davam edən Çanaqqala döyüşlərində türkün göstərdiyi cəsarət, hünər, xalqın vətənsevərlik, torpaqsevərlik aşılayan silsilə epopeyalarına çevrilərək, poetik misralara, bədii əsərlərə köçürüldü. Ağır sınaqlara çəkilərək ölümün gözünə dik baxan, ilahidən güc alan, dünyada mənsub olduğu xalqın adını daim uca tutan və tanıdan əyilməz türk millətinin Çanaqqala qəhrəmanlıq salnaməsinin səhifələrini vərəqləyək.
Əvvəlcə Osmanlı Türkiyəsinin taleyini həll edən Çanaqqala boğazının coğrafi mövqeyini tanıyaq. Çanaqqala boğazı Egey dənizindən Mərmərə dənizinə uzanan dar su keçididir. Avropa və Asiyanı birləşdirən, dünyanı qovuşduran nöqtədir. Antik dövrdə troyalılar gözəllik ilahəsi Helena üçün bu məkanda müharibələr aparmış, vaxtilə dünyanı fəth edən məşhur sərkərdə İsgəndər buradan keçmişdir. Dünyada baş verən müharibələr tarixinə ən qanlı su və quru savaşı kimi yazılan Çanaqqalada "Sanmayın ki, Türk yurdu çakallara yurt olur, Saldırınca çakallar hər Türk dönüp kurt olur" - deyən böyük Vətən sevgisinin qüdrəti zəfər çaldı. Birinci Dünya müharibəsini qalib kimi sona çatdırmaq istəyən imperialist qüvvələrin niyyətləri Gelibolu yarımadasında Çanaqqala boğazından keçməklə özündə minilliklərin tarixini yaşadan qədim İstanbulu ələ keçirib Türkiyəyə sahiblənmək, Osmanlı imperiyasını yer üzündən silmək olmuşdur. Rusiya boğazları tutub dənizlərə çıxmağı hədəf götürərkən, İngiltərə Suveyş kanalı və Hind okeanı yolunun təhlükəsizliyi məqsədilə Fələstini ələ keçirmək planını cızırdı, italyanların gözü isə bənzərsiz Antalyaya dikilmişdi. Bu müharibə Türkiyəyə ağlasığmaz müsibətlər gətirsə də, millətə ağır məşəqqətlər yaşatsa da qəhrəman türk əzmi dünyanı sarsıtdı. Savaşı idarə edən komandanlar - qərb generalları heyrətlərini gizlədə bilmədilər.
Tarixin ən qədim dövrlərindən strateji əhəmiyyətə malik olan İstanbul boğazı Qara dənizin qapısı, Çanaqqala isə Egey dənizinin qapısı sayılırdı. Bu boğazlar təkcə Aralıq dənizini Qara dənizə, Avropanı Asiyaya bağlayan dar, ensiz su keçidləri deyil, həmçinin Aralıq dənizinin Cəbəllütariq və Süveyş kanalı ilə inteqrasiya olunaraq dünyanın böyük dənizlərini, materiklərini bir-birinə bağlayan, eyni zamanda, geopolitik mövqeyi ilə dünya siyasətinə, iqtisadiyyatına böyük təsiri olan strateji mövqe idi. Boğazların bu danılmaz əhəmiyyəti haqqında Napoleon "İstanbul bir açardır, İstanbula sahib olan dünyaya hökm edəcək" demişdi. Rusiya da müxtəlif zamanlarda buna oxşar bəyanatlarla çıxış etmiş, İstanbulu ələ keçirmək üçün Birinci Dünya savaşında Türkiyəni mərkəz xəttə çevirmişdi. Tarixçilər və salnaməçilər Antanta dövlətlərinin İstanbul maraqlarını "Çanaqqala macərası" adlandırırdılar. Yalnız bu boğazlar Türkiyəyə sahib çıxmağın yeganə yolu idi.
Çanaqqala döyüşlərində ordu 250 min şəhid verdi. Tarixi mənbələrdən məlum olur ki, Osmanlı ordusunun verdiyi şəhidlər arasında 3 minədək azərbaycanlı könüllü də olub...
Türk ordusunda xidmət edən azərbaycanlı general Berköz qardaşları həyatlarının sonunadək qəhrəmanlıqla savaşmış, türk tarixinə Zəfər yazanlardan olmuşlar. Bu, əslən Şəkidən olan peşəkar hərbçi və diplomat, Osmanlı İmperiyası və Türkiyə Silahlı Qüvvələrinin zabiti general-polkovnik Mehmet Nuri Berköz və kiçik qardaşı, ordu generalı Mahmud Berközdür. General qardaşların həqiqi soyadı Sarıkərimlidir. Türkiyənin hərbi, siyasi, diplomatik və elmi-ədəbi dairələrində daha yaxşı tanınan böyük qardaş Məhəmməd Nuru Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə doğulmuşdu. O, ermənilərin meydan suladıqları çar Rusiyasından yeganə azad türk məmləkəti olan Osmanlı imperatorluğuna pənah gətirir və azadlığı burada axtarır. Ailəsi Bursada yaşayırdı. Məhəmmədlə kiçik qardaşı Mahmud təhsil almaq üçün Bursa əsgəri Rüşdiyyəsinə daxil olurlar. Çanaqqala və Qurtuluş savaşları zəfərlə başa çatdıqdan sonra Məhəmməd Sarıkərimli təhsilini tamamlamaq üçün Baş Qərargah Akademiyasına qayıdır və buranı 1925-ci ildə minbaşı (mayor) rütbəsi ilə başa vurur. 1930-cu ildə o, yarbay (polkovnik-leytenant) rütbəsi alır. Türkiyədə 1934-cü ildə yeni soyad qanunu qəbul ediləndən sonra Sarıkərimli qardaşları özlərinə Berköz soyadını götürürlər.
...Çanaqqala savaşı ilə türk əsgəri qəhrəmanlığı, rəşadəti ilə tarix yazdı. Müharibənin qızğın dövründə 10 nəfər türk əsgərinin 500-dən çox ingilis hərbçisinə qarşı müqavimət göstərməsi və onları geri çəkilməyə məcbur etməsi ingilis generalı Hamiltonu çox təəccübləndirib və o, qeydlərində tərəddüd etmədən hər bir osmanlı əsgərini yüz nəfərə bərabər tutaraq yazıb: "Bu hücumda ingilis əsgərlərinə min nəfər Osmanlı əsgəri müqavimət göstərir". İstənilən halda ittifaq dövlətləri Çanaqqala boğazını keçə bilmədilər və "Çanaqqala keçilməzdir!" - deyimi bu dəfə də öz təsdiqini tapdı. Onların istəyi İstanbulu ələ keçirmək və türkün varlığına son qoymaq idi. Lakin istəklərinə nail ola bilmədilər.  
Martın 17-dən 18-nə keçən gecə Osmanlı tarixinin ən əhəmiyyətli döyüşü, bütün zamanlarda Avropa ölkələrinin Çanaqqala boğazıyla İstanbula yetişmək arzusunun gerçəkləşməsinə cəhd edilən savaş başlayır.
Düşmən cəbhəsi müasir hərbi texnika ilə təchiz olunaraq gəmilərində 250-dən artıq top yerləşdirib. Sahil boyu 10 müdafiə istehkamı qurulur. Türklərin isə müdafiə gücü zəif olmaqla, cəmi 170 ədəd köhnə topla təmin edilmişdi. Buna baxmayaraq türk ordusu həlledici döyüşə hazırlaşır. Martın 17-si axşamdan minbaşı Nəzmi bəy, "Nüsrət" mina döyüşçü gəmisi ilə boğaz sularına 11 xətdən ibarət 26 mina düzür, səhər açılana kimi düzülən minaların sayı 400-ə çatır. O zaman heç kim ağlına gətirməzdi ki, "Nüsrət"in boğaz sularına tökdüyü minalar qanlı dəniz savaşının sonunu gətirəcək. Martın 18-i sübh tezdən düşmən qüvvələri - 18 savaş gəmisi ilə döyüşə hazır vəziyyətə gətirilir.  Düşmənin əlində müasir silah, türkün ürəyində Vətən sevgisinin gücü, qüvvəti... Budur, türkün Vətən, torpaq sevgisindən aldığı ruhun gücü. Təsiri sonda bəlli... İngilis donanmasına məxsus savaş gəmiləri suya qərq olur, artıq generallar narahatdır, ordu tükənmək üzrədir. Generallar dərk edirlər ki, İstanbulu işğal etməyin Çanaqqala variantı mənasızdır. Buna görə də onlar dərhal qüvvələrini geri çəkməyə başlayırlar. Martın 18-i axşama doğru Türkiyə cəbhəsində də vəziyyət olduqca gərgindir, şəhidlərin, yaralıların sayı minlərlədir. Bütün topçular şəhid olub, meydanda tək Seyid Çavuşdu. Düşmən gəmisi boğaza yaxınlaşmaq üzrədir. Gəminin boğaza çatmasıyla Anadolunun, Türkiyənin taleyi həll olunardı. Tək bircə ədəd 276 kiloluq ağır mərmi qalırdı. Yaralı halda ətrafına göz gəzdirən Seyid Çavuş döyüşçü yoldaşlarını axtarır ki, mərmini yerindən köməkli qaldırsınlar, topun lüləsinə qoyub atsın. Təəssüf... Bu zaman döyüş meydanında tək qaldığını anlayır və "ya Allah" - deyə ağır mərmini yoxdan var olan gücü ilə yerindən qaldırıb topun lüləsinə qoyur və boğaza yan alan düşmən gəmisinə atır. Bir anda gövdəsi dağılan gəmi suyun dərinliyinə enir. Boğazlardakı döyüşlərdə Seyid Çavuşun son dəfə atdığı 276 kiloluq ağır mərmi qanlı müharibənin taleyinə son qoyur. Türk xalqı 250 min övladını şəhid versə də, Çanaqqala zəfərini bayram edir, bu tarixi qələbəni sevinclə qarşılayır.
Kişilərlə bərabər türk qadınlarının da savaş meydanlarında hünər göstərməsi Çanaqqala savaşının ən şanlı səhifələrindəndir.
1915-ci ildə Avstraliyada nəşr olunan "The Ageo" qəzetinin 8 sentyabr tarixli nömrəsində Y.C.Davies adlı bir əsgərin anasına yazdığı məktub dərc olunub: "Yaralandığım 18 may günü 18-21 yaşlarında mahir snayper olan bir türk qızı açdığı sərrast atəşlə gözümüzü açmağa macal vermirdi. Amma günün sonunda bir avstriyalı əsgər onu vura bildi və mən buna çox üzüldüm. Snayper qızın ölüsünü ələ keçirdik, onun bədənində 52 güllə yarası var idi. Bu çox qanlı savaş idi".
Türk qadınları oğullarının saçına xına qoyaraq onları Vətənə qurban deyib cəbhəyə göndərib. Belə mərd, döyüşkən qorxmaz vətənpərvər qadını olan millət heç zaman basılmaz.
Çanaqqala uğursuzluğu “məğlubedilməz ingilis donanması” mifini də dağıtdı. Türkiyə ordusu qazandığı zəfərlə sübut etdi ki, dünya bir yerə yığışsa da Çanaqqaladan keçə bilməz. Çünki İstanbulun səddi Çanaqqala, Çanaqqalanın səddi böyük Mustafa Kamal idi. O, cəbhədə zorun, silahın gücü ilə deyil, ağlın, zəkanın Vətən sevgisinin, ruhun gücü ilə döyüşürdü.
Görkəmli bəstəkarımız Vasif Adıgözəlovun monumental əsəri olan "Çanaqqala oratoriyası" özünün qeyd etdiyi kimi, mahiyyətcə rekviyemdir, şəhidlərin ruhuna ithaf edilmiş musiqidir. Həqiqətən, hər dəfə bu oratoriyanı dinlədikdə sanki o döyüş gözlərimiz önündə təkrarən canlanır və türk xalqının əzminə heyran qalırsan.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

(Yazıda Çanaqqala savaşı haqqında müxtəlif dövrlərdə yazılan məqalələrdən istifadə edilib)