Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2022 19:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan xalq eposlarında milli qəhrəmanlıq nümunələri (“Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları əsasında)

Suallar:
1. "Kitabi-Dədə Qorqud" Azərbaycan xalqının milli qəhrəmanlıq abidəsidir.

2. Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır.

 

“Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli-qəhrəmanlıq abidəsidir



Azərbaycan mədəniyyətinin ulu qaynağı olan "Kitabi-Dədə Qorqud" təkcə öz yarandığı çağda deyil, eyni zamanda, müasir dövrümüzdə də milli mənəviyyatımızın, ədəbiyyat və incəsənətimizin ideya bünövrəsi olaraq qalır. Azərbaycan tarixinin bütün milli-mənəvi dəyərlərini özündə cəmləşdirən bu ulu abidə elə bir enerji mənbəyidir ki, çağdaş milli mənəviyyat və mədəniyyət tariximizi onsuz təsəvvür etmək mümkün deyildir. "Kitabi-Dədə Qorqud"un milli tariximizin dünəni və bugündəki rolunu müdrikcəsinə "Milli varlığımızın mötəbər qaynağı" kimi səciyyələndirən ulu öndər Heydər Əliyevin söylədiyi kimi: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır. Bu epos bizim milli sərvətimizdir və hər bir azərbaycanlı onunla haqlı olaraq fəxr edə bilər. Dastanın məzmununu, mənasını, onun hər kəlməsini hər bir azərbaycanlı məktəbdən başlayaraq bilməlidir. Bu bizim ana kitabımızdır və gənclik bu kitabı nə qədər dərindən bilsə millətini, xalqını, vətənini, müstəqil Azərbaycanı bir o qədər də çox sevəcəkdir".
Qədim oğuz türklərinin məişətini, etik-estetik düşüncələrini əks etdirən qəhrəmanlıq eposu bu günümüzə şifahi və yazılı şəkildə gəlib çatmışdır. Azərbaycan qəhrəmanlıq eposunun böyük abidələrindən olan, Azərbaycan ədəbiyyatı tarixində şifahi xalq yaradıcılığının ana dilində qələmə alınmış ilk ən böyük ədəbi abidəsi "Kitabi-Dədə Qorqud"dur. "Kitabi-Dədə Qorqud" dastanları ilk dəfə elmə məlum olmayan şəxs tərəfindən 1052-ci ildə qələmə alınmışdır. Dastan təxminən beş əsr şifahi təzahür dövrü yaşamış, bundan sonra XI əsrdə yazıya alınmışdır. Dastanda bəhs edilən hadisələrin ərəb işğalından əvvəlki (V-VII əsrlər), müəyyən dövrün isə ərəb işğalı (VII-IX əsrlər) ərəfəsinin, bəzi boyların ondan da xeyli əvvəl (V əsr) olmaları ehtimal edilir. Bu gün elmə məlum olan "Kitabi-Dədə Qorqud" əlyazmalarının Drezden, Vatikan və Berlin kitabxanalarında saxlanılan nüsxələri məlumdur. Həmin əlyazmalarda oğuz bəylərinin  bahadırlıq və cəngavərlik rəşadətlərini düzüb qoşan və milli yaddaşa verən Dədə Qorqudun Məhəmməd peyğəmbərlə (s.a.v.)  bir dövrdə yaşadığı göstərilir.
"Kitabi-Dədə Qorqud" dastanında türk etnik qrupuna daxil olan oğuzların qəbilə və tayfa münasibətləri dövrünün hadisələri, oğuz tayfalarının dövlətçilik və idarəçilik ənənələri, Vətən, torpaq uğrundakı vuruşları, sivil mədəniyyətə doğru tarixi inkişafı əks etdirilir.
Dastanda təsvir olunan hadisələr xanlar xanı Bayandır xanın başçılıq etdiyi, 24 sancağı (el, vilayət) birləşdirən Oğuz dövlətində cərəyan edir. Vahid tayfa dövləti olan Oğuz birliyində yaranmış daxili çarpışmalardan, tayfalararası ziddiyyətlərdən yaxın ərazilərdəki düşmən tayfalar istifadə etməyə çalışırdılar. Mərkəzi hakimiyyətə tabe olan sancaqların vahid dövlətçilik ənənələri yox idi. Bununla belə, Oğuz dövlətçiliyinin özünəməxsus idarəçilik qaydalarını, dövlətçilik modelini öyrənmək bu günümüz üçün də çox böyük əhəmiyyətə malikdir.
"Kitabi-Dədə Qorqud" Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə XIX əsrdən məlum olan bu qəhrəmanlıq dastanlarının hələlik XV-XVI əsrlərdə köçürülmüş iki əlyazma nüsxəsi (Drezden və Vatikan) tapılmışdır. "Oğuz tayfaları dilindən Dədəm Qorqud kitabı" adlanan Drezden nüsxəsi bir müqəddimə və 12 boydan ("Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy"), Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Bu isə onu göstərir ki, hər iki nüsxə daha qədim bir nüsxədən köçürülmüşdür. "Kitabi-Dədə Qorqud"un bir sıra boyları 1815-ci ildə alman dilində, 1894-1904-cü illərdə rus dilində, 1916-cı ildə tam şəkildə Türkiyədə, 1939-cu ildə Bakıda, 1952-ci ildə İtaliyada, 1962-ci ildə isə Moskvada çap edilmişdir. Sonralar "Kitabi-Dədə Qorqud" ingilis, alman, fars dillərinə tərcümə edilərək İngiltərədə, ABŞ-da, İsveçrədə və İranda çapdan çıxmışdır.
Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarında xalq dilinin incəliklərindən, atalar sözlərindən, məsəllərindən məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan dilinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Göyçə gölü, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. "Kitabi-Dədə Qorqud"da Dədə Qorqud bu dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edilir. Bayat elindən çıxmış bu bilicinin oğuzun müşkül məsələlərini həll edərək gələcəkdən xəbər verdiyi göstərilir. Azərbaycanda Dədə Qorqudun bütün əşyalara ad verməsi barədə rəvayət mövcuddur. "Kitabi-Dədə Qorqud" boylarında da Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir.
"Kitabi-Dədə Qorqud"un qəhrəmanlıq ruhu Vətən məhəbbəti ilə ayrılmaz vəhdətdədir. Oğuz bəyləri doğma yurdlarını qorumaq naminə hər cür fədakarlığa hazır igidlərdir. Oğuz igidləri vətən, xalq, el yolunda öz canlarını düşünmədən fəda edən, öz şəxsi mənafeyini cəmiyyətin mənafeyinə hər an qurban verməyə hazır qəhrəmanlardır. Dastanlarda, eyni zamanda xəyanət, həsəd, qorxaqlıq, fərarilik və s. kimi mənfi sifətlər kəskin tənqid olunur.
Eposda oğuz bəyləri ilə mübarizə aparan düşmən qəbilələri də təsvir edilir. Dastanlarda oğuzların düşmənə hücumları yalnız təcavüzkarlardan intiqam almaq məqsədi daşıyır. Qazan xan vuruş meydanında "qaçanı qovmur", "aman diləyəni öldürmür".
"Kitabi-Dədə Qorqud" eposunun qəhrəmanlıq ruhu qadın obrazlarında və onların davranışlarında da aydın görünür. Dastanda təsvir edilən mərd, əyilməz qadınlardan Qazan xanın qadını Burla xatun igidlikdə ərindən geri qalmır, döyüş meydanında hünər göstərir. Başqa qadın obrazları da (Banuçiçək, Selcan xatun və b.) namuslu, tədbirli, təmkinli, ağıllı və dözümlüdürlər.
"Kitabi-Dədə Qorqud" dastanlarının Azərbaycan xalqının ictimai-siyasi və mədəni həyatında mühüm rolunu nəzərə alan ümummilli lider Heydər Əliyev dastanların dünya miqyasında təbliği, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi üçün "Kitabi-Dədə Qorqud" dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə fərman imzalamışdır. 2018-ci il noyabrın 28-də "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və müsiqisi" çoxmillətli mədəniyyət nümunəsi kimi UNESKO-nun Qeyri-Maddi İrs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

 

Koroğlu Azərbaycan xalqının qəhrəmanıdır



Dilimizin, ədəbiyyatımızın, tariximizin, ümumən mədəniyyətimizin ən nadir incilərindən,  şah abidəmiz "Kitabi-Dədə Qorqud"dan sonra yaranan ikinci böyük qəhrəmanlıq eposu "Koroğlu"dur. Dastanda xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. XVI əsrin sonu - XVII əsrin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, Səfəvilər dövləti və Osmanlı imperiyası arasında müharibələr Azərbaycan xalqının maddi rifahının ağırlaşmasına və xalq kütlələrinin narazılıqlarına səbəb olurdu. XVI əsrin sonunda Şeyx Cəlalın (Cəlalilər hərəkatı  1518-1519) başçılığı ilə Anadoluda vüsət alan kəndli hərəkatı XVII əsrin əvvəllərində Azərbaycana da yayıldı. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlali dəstə başçılarından ən məşhuru Azərbaycan türkü Koroğlu idi. Rəvayətə görə, Koroğlunun əsl adı Rövşən olub. Həsən xan tərəfindən atası Alı kişinin gözlərinin çıxarılması Rövşəndə zülmə və haqsızlığa qarşı dərin nifrət oyadır. O, haqsızlığa, ədalətsizliyə son qoymaq, məzlumların intiqamını almaq üçün qılınca sarılıb dağlara, Çənlibel (Gədəbəy rayonun Qalakənd ərazisi) qalasına çəkilir. Ağa, bəy, xan zülmündən cana doymuş, xoşbəxt həyat arzusu ilə yaşayan yoxsul gənclərin üz tutduğu Çənlibel azadlığın hökm sürdüyü yurda, Rövşən isə Koroğluya çevrilir.
Şifahi xalq ədəbiyyatında Koroğlunun adı ilə bağlı hadisələr əfsanələşdirilərək öz əksini "Koroğlu dastanı"nda tapmışdır. Dastanda Naxçıvan ərazisi, Salmas, Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi yerlərdəndir. Dastanın bir çox variantlarında Koroğlunun iqamətgahı olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Koroğlu mərdliyi, ədalətli olmasıyla və igidliyi ilə xalq kütlələrinin hədsiz məhəbbətini qazanmışdı. Koroğlunun başına yığışan, ətrafında sıx birləşən dəlilər - silah yoldaşları üçün ümumi olan cəhətlər az deyildir; mərdlik, qorxmazlıq, haqqın, ədalətin tərəfində durmaq, dostluqda sədaqətli olmaq, düşmənə nifrət və s. onları birləşdirən cəhətlərdəndir. Bu igidləri bir-birindən fərqləndirən xüsusiyyətlər də çoxdur. Dəli Həsən təmkinli, tədbirli olması ilə seçilir. Eyvaz səmimiliyi ilə dəlilərin sevimlisi olur.  Bəlli Əhməd təvazökarlığı, Dəmirçioğlu isə səbirli və dözümlülüyü ilə diqqəti cəlb edir.
Tədqiqatçı alimlər tərəfindən Azərbaycan və Gürcüstan fondlarında saxlanılan naməlum müəlliflərin əlyazmalarında Koroğlunun ayrı-ayrı şeir və qoşmaları aşkar edilmişdir. Koroğlunun silahdaşlarından ayrı-ayrı dəstə başçıları - Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanrıtanımaz, Abaza paşa, habelə dastandakı mənfi personajların bir çoxu tarixdə yaşamış şəxslər hesab olunur. Bütün bunlar qəhrəmanın cəsarətini, xalq müdrikliyini, ədaləti özündə birləşdirən, nəğməkar, aşıq sənətinin bilicisi Koroğlunun real tarixi şəxsiyyət olduğunu deməyə əsas verir.
Azərbaycanda "Koroğlu" dastanının ilk nəşri 1913-cü ilə təsadüf edir. Bundan başqa dastanın 1927, 1929, 1941, 1949, 1956, 1975, 1983 və 1997-ci il nəşrləri də mövcuddur.
Azərbaycanın torpaqlarına olduğu kimi, mədəniyyətinə də iddialı olan ermənilər hətta "Koroğlu"nu da özününküləşdirmək kimi cəfəng xülyalarda olmuşlar. Tarixi bir faktdır ki, ötən əsrin 20-30-cu illərində Azərbaycanda aparılan ekspedisiyalar əsasında 1936-cı ildə eposun 20 qoldan ibarət yeni, daha mükəmməl nəşri çapa hazırlanmışdı. 1936-cı ilin dekabrında müstəntiq E.Qriqoryan tərəfindən həmin əlyazma Ermənistana, "mətndə ermənilərdən oğurlanmış qolları üzə çıxarmaq üçün" rəyə göndərilmişdi. Sonralar həmin qolların bir çoxu ermənilərin düzəlişləri ilə erməni mətbuatında "azərbaycanca və ermənicə çalıb-çağıran erməni aşıqlarından yazıya alınmış nümunələr" kimi nəşr edilmişdir. 1941-ci ildə isə İrəvanda "Koroğlu"nun erməni variantı üzə çıxıb. Nəşrə ön söz yazan erməni tədqiqatçısı X.Samuelyan mətni xeyli təriflədikdən sonra fikrini qısa və lakonik ifadə etmişdir: "...Erməni xalqının "Koroğlu" eposu yoxdur, bu, Azərbaycan aşıqlarının repertuarındakı dastandır". Göründüyü kimi, tarixən türk mədəniyyətini mənimsəyib saxtalaşdırmağın mahir ustadı olan ermənilər "Koroğlu" eposunu özününküləşdirməkdə "düyünə” düşmüşlər. Bu "düyün", əslində, eposun milli mahiyyəti ilə bağlıdır. Çünki hər bir epos onu yaradan xalqın milli həyat, milli düşüncə tərzinin güzgüsüdür, milli şüurunu əks etdirir. Azərbaycan dastanı Azərbaycan xalqının milli şüurunun məhsuludur və onu nə qədər saxtalaşdırmaq istəsən, dastanın hər bir poetik elementi, xüsusilə dastanın ən əlahiddə hadisəsi olan qəhrəman obrazı bütün poetik varlığı ilə Azərbaycan varlığından xəbər verəcəkdir. Bütün bunlar bizə bir daha erməni xislətinin iç üzünü açıb göstərir.
Xalqımızın qəhrəmanlıq ənənələrini əks etdirən xalq ədəbiyyatı nümunələri əsrlərdən keçərək bu gün bizə çatmış və milli-mədəni sərvətimizə çevrilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün sahələrə olduğu kimi, tariximizə, mədəniyyətimizə də diqqət və qayğı göstərmişdir. Heydər Əliyevin siyasi kursunun davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən, latın qrafikası ilə ilk növbədə kütləvi nəşr ediləcək Azərbaycan xalq ədəbiyyatı nümunələri arasında "Kitabi-Dədə Qorqud" eposunun 3 cilddə, "Koroğlu" dastanının 2 cilddə çapı nəzərdə tutulmuşdur.
Tariximizi, soykökümüzü, mənşəyimizi, məskənimizi müəyyənləşdirən "Kitabi-Dədə Qorqud" eposu və "Koroğlu" dastanı xalqımızın qəhrəmanlıq salnaməsi kimi dəyərli əsərlər Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyətə malik olmuş, əzəli və əbədi torpaqlarımızın işğaldan azad edilməsində tarixi ədalətin bərpa olunmasında müstəsna rol oynamışdır.
    
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi