Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2022 15:00

Azərbaycan əsgərinin Vətən sevgisi ilə alovlanan Novruz tonqalı

Xalqımızın min illər ərzində yaranan, formalaşan adətləri, ənənələri sədaqətlə, sevgilərlə yaşadılır. Bunlar da vətənsevərliyin təzahürüdür. Böyük alim, Azərbaycanı varlığıyla sevən akademik Xudu Məmmədov deyirdi: "Siz uşaqlara Vətəni tanıdın, özləri sevəcəklər". Ailədə, məktəbdə uşaqlara Vətən haqqında danışılanlar da, xalqın yaşarı adətləri, ənənələri də Vətəni tanıtma missiyasıdır; Vətən tanıdılır, Vətən sevdirilir, Vətən sevilir. Biz də Vətəni belə tanımağa başlamışıq, belə sevmişik.
Hər ikimizin atamız hərbçi olub. Bu, bizim dünyagörüşümüzün formalaşmasında müstəsna əhəmiyyətə malik oldu. Böyüdükcə Vətən anlayışını daha əhatəli dərk etdik. İllər sonra özümüz də hərbi mundir geyindik; hərbi jurnalist olduq. Dəfələrlə səngərlərdə əsgərlərlə müxtəlif mövzularda söhbətləşmişik. Hər söhbətin mahiyyəti vətənsevərlik olub.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladı. Biz də döyüşlər gedən bölgələrə ezam edildik. Vətən müharibəsi dövründə A-3 formatında "Sən qalib gələcəksən", "Qələbə uğrunda" və “Qalibiyyət döyüşü” səyyar qəzetlərinin nəşri bizlərə həvalə edildi. Bu səyyar qəzetlərin 145 sayı nəşr edildi.
Vətən müharibəsindən əvvəl də, Vətən müharibəsində də, Zəfərdən sonra da zabitlərlə, əsgərlərlə xalqımızın yaşadılan adət-ənənələrindən danışırıq. Əsgərlərin bu adətlərə, ənənələrə bələdliyi, onlara sevgisi həmişə qəlbimizi dağa döndərib. Hər zaman olduğu kimi, səyyar qəzetlərdə də Qarabağda tonqallar qalamağı arzuladıq. Arzumuz çindi...
Novruz bayramı ərəfəsində əsgərlərlə söhbətləşəndə bu haqda da danışdıq. Onların işıqlı düşüncələri könlümüzə yatdı. Nə deyirdi əsgərlər? - Milli bayramlarımızdan danışırdılar - çərşənbələrdən - Su çərşənbəsindən, Od çərşənbəsindən, Yel çərşənbəsindən, Torpaq çərşənbəsindən, Novruz bayramından danışırdılar. O gözəl düşüncələri əsgərlərin əsgərlərə Novruz payı bildik...
Kapitan Elcan İsayev:
- Hər bayramın öz mahiyyəti olur. Novruz bayramı qarşılıqlı sevgi, duyğu bayramıdır. Yəni, Novruz ona görə müqəddəsdir ki, bu bayram incikliyi aradan qaldırır, küsülüləri barışdırır, hamını eyni ovqatla yaşadır, hamı gələcək günlərə, aylara, illərə gözəl ovqatla, gözəl könül xoşluğu ilə qədəm basır.
Biz hərbçiyik. Bu peşəni sevərək seçmişik. Xidmətimiz də Vətən üçündü, ömrümüz də. Söhbətləşəndə, asudə vaxtlarda əsgərlərimizə bu haqda da danışırıq. Əsgərlərimiz də Hərbi andı ömrün manifesti bilirlər.
2020-ci ilin 8 noyabrında ordumuz möhtəşəm Zəfər qazandı. Bu Zəfər işğalı sonlandırdı. 2021-ci ilin Novruz bayramını hamımız şən əhval-ruhiyyə ilə qeyd etdik. Qalanan tonqallar sanki közünü Zəfərin qüdrətindən, Azərbaycan əsgərinin Vətən sevgisindən almışdı. Onda Şuşada alovlanan Novruz tonqalı dünyaya bir daha bəyan etdi ki, Azərbaycan əsgərinin Vətən sevgisinin hərarətini heç bir qüvvə söndürə bilməz. Ordumuz şəxsi heyətinin döyüş və mənəvi-psixoloji  hazırlığını Zəfərdən sonra da yüksəltməkdədir. Bu yüksəliş Müzəffər Ali Baş Komandanın tövsiyələri ilə daha da yüksələcəkdir.
Builki Novruz tonqalı ətrafında müqəddəslikdən nə diləyəcəyik? - Azərbaycanımıza daha böyük siyası nüfuz, daha güclü iqtisadi qüdrət, ordumuzun daha da güclənməsini, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin başa çatmasını.
Hamınızın Novruz bayramınız mübarək!
Əsgər Ülvi Tağızadə:
- Mən Tovuz rayonunun Düzqışlaq kəndindənəm. Uşaqlıq illərimi də yaxşı xatırlayıram. Ən çox sevdiyimiz bayram Novruz bayramıydı. Anam, nənəm çoxlu yumurta boyayardı, qohum-qonşu uşaqlarına pay verərdilər. Məhlənin uşaqlarıyla yumurta döyüşdürərdik. Ən gözəl məqam tonqal qalamaq olardı - axşamın düşməsini səbirsizliklə gözləyirdik. Tonqal qalanardı. Yaşlılar da, cavanlar da, yeniyetmələr də, uşaqlar da tonqalın ətrafinda dövrələnərdik. Elə bilərdik dünya bizimdi. Tonqalın qalanmasına nə qədər darıxardıqsa, onun tez yanmasına da o qədər darıxardıq. Tonqalın odu azalan kimi üstündən atlanardıq. "Ağırlığım-uğurluğum burada qalsın!" sədaları gecənin qaranlığına qarışardı...
İlaxır çərşənbədə də buna oxşar duyğular yaşayardıq...
Hər il Novruz tonqalının dövrəsində atalarımızdan, babalarımızdan eşitdiyimiz duaların çoxusu indi də yadımdadı: "Xalqımızı bu sıxıntılardan qurtar, ulu Novruz!", "Əsgər balalarımızı qoru, ulu Novruz!", "Torpaqlarımız işğaldan azad edilsin, ulu Novruz!".
Dualar ovsanata keçdi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Biz də döyüşlərə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə müraciət etdik. Aparmadılar... Döyüşlərə gedə bilməsək də, ürəyimiz döyüşənlərin sırasında idi...
Azərbaycan Ordusu Qələbə qazandı. Ötən ilin Novruz tonqalı daha gözəl tonqal oldu...
Builki Novruz tonqalının dövrəsində əsgər yoldaşlarımın hamısına xidməti uğurlar, Azərbaycan Ordusunun bütün şəxsi heyətinə yüksək döyüş qabiliyyəti arzulayıram!...
Əsgər Sahil Qasımov:
- Uşaqlığımızdan adətlərimizi, ənənələrimizi tanımışıq, onlara bələd olmuşuq, sevmişik. Sevə-sevə yaşatmışıq.
Novruz bayramında Novruz oyunlarına baxmağı çox sevirdik. Kos-kosa oyunu bizə daha  xoş gəlirdi. Sonralar hiss etdim ki, bu oyuna böyüklər də maraqla baxırmış. Xalq hikməti olduğuna görə, xalqın düşüncələrindən yarandığına görə.
Ötən ilin Novruz bayramında qonşularımızla tonqalın dövrəsində o qədər gözəl məqamlar yaşadıq ki! Sevincimiz ona görə belə gözəl sevinciydi ki, 28 ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə də Novruz tonqalları qalanmışdı.
Bu duyğuları hərbi xidmətdə yaşamaq daha gözəldi. Pay almaq üçün qonşulara getməyəcək, əsgərin Novruz payı əsgər yoldaşlarının səmimi təbəssümləridi, xoş arzularıdı. Biz də Novruz tonqalından xalqımıza xoş sabahlar arzulayırıq. Arzu edirik ki, bir də dövlət sərhədlərimiz pozulmasın, kəndlərimizdə, şəhərlərimizdə güllə səsləri eşidilməsin!..
Əsgər Zeynal Sultanov:
-  "Yeddi oğul istərəm" bədii filmində Novruz səhnəsi heç zaman yadımdan çıxmayacaq. Bir vaxtlar özümüzün yaşadıqlarımızı orada görmüşük. O gördüklərimiz indi də yaşadılır. Biz yaşadacağıq. Həm də sevə-sevə yaşadacağıq.
Uşaqlığımızda yumurta döyüşdürürdük. Qonşu uşağın yumurtası qırıldı. Heç nə demədi, ağlamsındı. Götürmədim. Özümün yumurtamı ona verdim. Evə qayıdanda, anam gülümsündü, "Yumurtanı qırdılarmı?" - soruşdu. Nə olmuşdusa dedim. Anam məni bağrına basdı, üz-gözümdən öpdü, balam belə baladı... Onda dərk etdim ki, Novruz bayramının gözəlliyi həm də paylaşmaqla, bölüşməklə daha da artırmış...
Novruz bayramında qalanan tonqallara odun qoymaq da, onu qalamaq da, onun dövrəsində xoş söhbətlər, xoş diləklər eşitmək də hamıya könül xoşluğu verir. Bu bayram durulaşma bayramıdı. Hamı istəyir ki, ağırlığı-uğurluğu, yəni, ağrı-acısı köhnə ildə qalsın, yeni ilə dumduru niyyətlərlə, sağlam canla, tərtəmiz ruhla getsin. Atam həmişə deyərdi ki, bu, xalqın yaşam fəlsəfəsidi. Min illərdi belə yaşayırıq, əbədiyyən belə yaşayacağıq.
Novruz bayramında Azərbaycana dövlət olaraq, azərbaycanlılara xalq olaraq böyük uğurlar arzulayıram. Qoy Azərbaycanımızın səsi daha gur olsun.
Əsgər Mahir Məmmədov:
- Orta məktəbdə oxuyanda müəllimlərimizdən soruşmuşduq ki, torpaqlarımızı işğaldan azad etmək üçün döyüşlər nə zaman başlayacaq? Müəllimlərimiz deyirdi ki, Prezidentimiz döyüş əmri verəndə. Hamı kimi biz də döyüş əmri gözləyirdik. O illərdə mən də, sinif yoldaşlarım da tez, lap tez böyümək istəyirdik. Döyüşlər başlayanda döyüşlərdə iştirak etmək üçün. 2020-ci il sentyabrın 27-də dövlət başçımız əks-hücum əmri verdi, Vətən müharibəsi başladı. Biz döyüşlərdə iştirak edə bilmədik.
Döyüşlər gedən vaxtlarda könlümüz döyüşlərdən, döyüşçülərdən uzaq olmadı. Vətən müharibəsini arxa cəbhədə yaşadıq. Qazanılan Zəfər bizim də qürurumuzu kükrətdi. 2021-ci ilin Novruz bayramında sonuncu sinifdə oxuyan şagirdlər ayrıca tonqal qaladıq, müəllimlərimizi, döyüşlərdə iştirak etmiş qonşularımızı, qaziləri dəvət etdik. Həmin günə kimi gördüyümüz ən gözəl Novruz bayramı oldu. Döyüşçülər döyüşlərdən danışdılar, şəhidlərimizi xatırladıq. Bir daha əmin olduq ki, xalqla ordunun birliyi sarsılmaz qüvvədir, yenilməz gücdür.
Bu ilin Novruz bayramını hərbi xidmətdə qeyd edirik. Sevinirəm ki, qalib ordunun əsgəri kimi müqəddəs niyyətlilərin sırasındayam.
Bu ilin Novruz bayramından nə diləyirəm? - Bütün hərbi qulluqçularımıza cansağlığı, gözəl hərbi xidmət, xidməti uğurlar və hərbi xidmətdən sonra layiqli vətəndaş olmaq...
Novruz ovqatı həmişə könül xoşluğu gətirib. Xoş diləklər, xoş niyyətlər, xoş arzular eşidilib. Əsgərlər digər Novruz adətlərindən də söz açdılar: lal su, küllü kömbə, papaq atma,... Dinlədikcə ürəyimiz dağa dönürdü. Sevinirdik ki, adət-ənənələrimiz sevilə-sevilə yaşadılır, sevilə-sevilə yaşadılacaq. Ona da sevindik ki, əsgərlərimiz təkcə torpaqlarımızın deyil, həm  də milli mentalitetimizin mühafizəçiləridi...
Novruz bayramı könüllərin niyyət bayramıdı...

Ceyhun CƏFƏRLİ, Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"