Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Mart 2022 14:44

Mühəndis-istehkamçılar döyüş vərdişlərini təkmilləşdirirlər

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi zamanı bölmələrimizin irəliləməsinin qarşısını almaq məqsədilə düşmən mühəndis maneələri qurur, körpü və yolları dağıdır, əraziləri minalayırdı. Yalnız buna baxmayaraq döyüşlər zamanı mühəndis-istehkamçılarımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldilər. Onların qəhrəmanlıq və şücaəti nəticəsində düşmən mövqeləri qarşısında mina sahələrindən keçidlər açılır  və irəliləyən bölmələrimizin yerləşəcəyi ərazilər yoxlanılırdı. İstehkamçılarımızın işi mina sahəsinin təmizlənməsi ilə kifayətlənmirdi, onlar, həmçinin döyüş əməliyyatları gedən əraziləri sursatların qalıqlarından və partlamamış mərmilərdən təmizləyirdilər.
"N" hərbi hissəsində günün nizam qaydalarına uyğun olaraq şəxsi heyət mühəndis şəhərciyində baş leytenant Həsən Əhmədzadənin rəhbərliyi altında şərti düşmənin mina sahəsindən keçidlərin açılması məşğələsini icra edirdi. Məşğələyə cəlb olunanlar tədris vəsaitlərindən istifadə etməklə şərti düşmənin ərazisinə doğru irəliləyirdilər. Heyət üzvləri əlində olan minaaxtaran cihazla qarşısında basdırılmış piyada və tank əleyhinə minaları aşkar edir, tapdığı minaların yanına işarə bayraqları basdırırdı. Həmin heyət irəliləməklə özündən sonra gələn heyətin də irəliləməsinə şərait yaradırdı. Digər heyət üzvləri isə mina sahəsinin keçidini nişanlayır, zolaq yaradır. Zolaq ona görə yaradılır ki, şəxsi heyətin həmin zolaq vasitəsilə irəliləməsi təmin olunsun. Nişanlar isə avtomobillə, yaxud da piyada hərəkət edən bölmələrimizin təhlükəsizliyini təmin edir. Bölmələrin şəxsi heyəti onlar üçün ayrılan rəngi götürərək keçid açılan istiqamətdə hərəkət edir.
Məşğələ bitdikdən sonra zabit H.Əhmədzadə bildirdi ki, mürəkkəb əməliyyat şəraitində şərti düşmənin mina sahəsindən keçidlərin açılması ilə bağlı əsgərlərin bacarığını və idarə edilməsini praktiki fəaliyyətdə yoxlayır, şəxsi heyətin döyüşə hazırolma vərdişlərini təkmilləşdirir.
- Qarşıya qoyulan tapşırıqları yerinə yetirən zaman hərbi qulluqçuların mənəvi-psixoloji dözümlülüyü də əsas şərtlərdən biridir. Çünki mina axtarmaq səbir tələb edir. İstənilən bir səhv addım həm özünün, həm də yoldaşlarının ölümünə səbəb ola bilər. Buna görə istehkamçının nəzəri bilik və praktiki vərdişlə yanaşı, mənəvi-psixoloji hazırlığı da yüksək səviyyədə olmalıdır.
Əsgər Ruslan Babayev dedi ki, peşəkar komandirlərimizin rəhbərliyi altında mühəndis qurğuları, texnikaları barədə nəzəri biliklərimizi artırır və praktiki vərdişlərimizi artırırıq. “Onların köməkliyi ilə ixtisasımızın bütün sirlərinə, demək olar ki, dərindən yiyələnmişik. Verilən tapşırıqların öhdəsindən asanlıqla gəlirik.
İmişli rayonundan ordu sıralarına çağırılan əsgər Yusif Rüstəmli söhbətimizə qoşuldu. "Bu gün Vətənimin keşiyində dayandığım və övladlıq borcumu şərəflə yerinə yetirdiyim üçün qürur duyuram. “Xidmətimin çox hissəsini geridə qoymuşam. Bu müddət ərzində hərbin bütün sirlərinə dərindən yiyələnmişəm. Buna görə də komandirlərimə borcluyam".
Əsgər Fariz Rzayevin ən böyük arzusu torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmək olub. "Bəli, bu mənim həyatda ən böyük arzum idi - düşməndən  qisas almaq... Döyüşlər zamanı yaş həddim çatmadığı üçün ordu sıralarına qatıla bilmədim. Buna baxmayaraq qürurluyam ki, cəsur Azərbaycan əsgəri mənfur qonşularımızdan qisasımızı aldı və tarixi torpaqlarımızı gerçək sahibinə geri qaytardı".
F.Rzayev xidməti dövründə  yaxşı dostlar qazandığını da qeyd etdi. "Hərbi xidmətə başladığım ilk gündən etibarən mənə dəstək olan, hər bir məsələdə köməklik edən dostlar qazanmışam. Böyüklərimizdən "əsgər dostu ömür dostudur" fikrini çox eşitmişəm. Əminəm ki, bizim də dostluğumuz ömürlük olacaq. Xidmətimizdən sonra görüşüb xidməti dövrümüzdən, keçirdiyimiz xoş günlərdən uzun-uzadı söhbətlər edəcəyik".
Digər əsgərlər də xidmət müddətində əldə etdiklərindən, komandirlərindən, rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən fərəhlə söhbət etdilər.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"