Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2022 12:00

Kursantlar üçün ekskursiyalar təşkil olundu

Asudə vaxt - azad vaxt deməkdir ki, bu vaxtı insan ya istirahətə, ya da (ələ düşən) fürsətdən öz xeyrinə istifadə etməyə ayırır. Asudə vaxtın düzgün təşkil olunması gənclərimizin dünyagörüşünü, fərdi inkişafını artırar, həmçinin fərdin həyata baxışını zənginləşdirər,  ən əsası onun inkişafına müstəsna təkan verər. Ümumiyyətlə, asudə vaxt şəxsiyyətin hərtərəfli inkişafında, mənəvi və estetik mədəniyyətinin yüksəldilməsində müstəsna rola malikdir. İstirahətin mənalı və səmərəli keçirilməsi insanın əhval-ruhiyyəsinə, vətənpərvərliyinə müsbət təsir edən amillərdir ki, bu proses Azərbaycan Ordusunda da uğurla həyata keçirilir. Ölkəmizin təhlükəsizliyinin qarantı olan rəşadətli ordumuzun sıralarında xidmət edən hərbi qulluqçuların asudə vaxtlarının səmərəli təşkili ilə bağlı müxtəlif fəaliyyətlər planlı şəkildə həyata keçirilir.
Belə ki, şəxsi heyətin xidmətdən kənar (asudə) vaxtlarını düzgün təşkil etmələri üçün, mötəbər günlərdə (əlamətdar hadisə ilə bağlı olan təqvim günlərində) muzeylərə, kitabxanalara, tarixi abidələrə və digər milli-mədəni irsimizi tərənnüm edən müxtəlif təyinatlı obyektlərə ekskursiyalar təşkil olunur. Əbəs yerə deyil ki, ordu sıralarında xidmət edən gənclərin asudə vaxtlarını da düzgün və səmərəli təşkil etmələri komandirlərin qarşısına qoyulan əsas tapşırıqlardan biridir. Keçirilən tədbirlər sayəsində gələcəyimizin memarı olan gənclərimiz asudə vaxtlarını səmərəli keçirməklə bərabər xalqımızın qədim tarixi, adət-ənənələri, o cümlədən zəngin flora və faunamızla tanış olurlar. Ölkəmizin tarixində əlamətdar günlərdə şəxsi heyətə bu günlərlə bağlı ya hərbi hissə ərazisində və yaxud da tarixi yerlərdə müxtəlif növ tədbirlər, görüşlər və viktorinalar təşkil olunur.
Mart ayının əvvəllərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunub. Öncə ekskursiya iştirakçıları Nəbatat Bağını gəzərək, buradakı ekspozisiyalarla, yeni bitki növlərilə tanış olublar. Bələdçi tərəfindən ziyarətçilərə Botanika bağının tarixi haqqında qısa məlumat verilib. "1934-cü ildə təşkilat olaraq yaradılan indiki Botanika bağı, həmin ildən fəaliyyət göstərdiyi 2000-ci ilədək Botanika İnstitutunun şöbəsi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin 2000-ci il tarixli qərarı ilə Biologiya İnstitutunun strukturundan ayrılaraq hazırkı adını (Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı), statusunu daşımaqdadır. Şəhərin mərkəzində sakit, eyni zamanda, qədim dövrlə müasir dövrümüz arasında körpü rolu oynayan Botanika bağında təbiətin füsunkarlığı, floramızın zənginliyi və özünəməxsusluğu təkcə həmyerlilərimizin deyil, o cümlədən ölkəmizə gələn xarici qonaqların, dünyanın görkəmli tədqiqatçılarının da marağına dərin səbəb olur. Mərkəzi Nəbatat Bağının tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də elmi əhəmiyyətə də malik olması çox önəmlidir. Botanika bağında Azərbaycan Respublikasında bitən bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin mühafizəsi və çoxaldılması, həmçinin dünyanın müxtəlif yerlərində bitən (yetişən, yetişdirilən) dekorativ, dərman və müxtəlif təyinatlı bitkilərin introduksiyası, iqlimləşdirilməsi üzərində təcrübəli mütəxəssislərimiz tərəfindən elmi-tədqiqat işləri aparılır. Botanika bağının sahələrində Azərbaycan və ekzot floradan olan bitkillərin kolleksiyasının yaradılması ilə bağlı da fəaliyyətlər həyata keçirilir".
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin mülki işçisi Məzahir Tahirov  gələcəyimizin qurucuları olan gənclərimizin mənəvi cəhətdən kamilləşməsi, dünyagörüşünün artırması, milli-mədəni irsimizi yaxından tanıması, tarixini bilib yaddaşa həkk etməsi onun  əsl vətəndaş kimi böyüməsinə münbit şərait yaradır. Hər bir komandir çalışmalıdır ki, əsgərləri yüksək döyüş ruhu, vətənpərvərlik hissi ilə Vətənə övladlıq borcunu layiqincə yerinə yetirməyi bacarsın. Asudə vaxtını mənalı keçirmək əsgərin mənəvi-psixoloji durumuna yaxşı təsir göstərir. Bu gün ekskursiyada bir daha hər birimiz Vətənimizin zəngin təbiəti ilə daha ətraflı tanış olduq, hər birimiz mənəvi və estetik zövq aldıq.
Növbəti müsahibim kursant Misirxan Baxışov oldu. "Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağına ekskursiyaya gəlmişik. Gördüklərimiz onu deməyə əsas verir ki, Vətənimin hər qarışı cənnətdir. Burada hətta elə eksponatlar gördük ki, adı “Qırmızı kitab”a salınıb, xüsusi mühafizə olunur. Botanika bağının ərazisindəki sahələrdə Azərbaycan və ekzot floradan olan bitkilərin yaradılması ilə yanaşı, texniki dərman bitkiləri üzərində də elmi tədqiqat işləri ilə bağlı məlumatlarla tanış olduq. Öyrəndik ki, Cənubi Qafqaz regionunun payına düşən bitki növlərinin yarısından çoxu bizim ərazimizdə bitir. Bələdçilərimiz ölkəmizdə 100-dən çox bitki və heyvanın sayının həddən artıq azaldığı və nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalması və adlarının “Qırmızı kitab”a daxil edildiyini bizə bildirdilər. Burada bizə onu da bildirdilər ki, tarixi ərazilərimizin işğaldan azad olunmasından sonra flora və faunamız daha da zənginləşib. Abadlıq  və yenidənqurma işlərindən sonra təbiətimizi daha da dərindən öyrənmək imkanına malik olacağıq ki, hazırda bu prosesdə irəliləyişlər əldə edilib. Nadir növlərin qorunması məqsədilə respublikamızın ərazisində salınan dövlət qoruqları, dövlət təbiət yasaqlıqları və milli parklar yaradılır. Öz növbəmizdə bizlərə əmanət olan Vətənimizin hər qarışını əziz bilməliyik, onu göz bəbəyimiz kimi qoruyub, gələcək nəsillərə ötürməliyik".
Kursant Elsevər Rzayev də xalqımızın milli-mənəvi dəyərləri ilə yaxından tanış olmanın verdiyi sevinc və qürurdan danışdı. "Komandirlərimizin rəhbərliyi altında asudə vaxtımızı səmərəli keçiririk. Əlamətdar gün münasibətilə müxtəlif tarixi yerlərə gedir, geniş məlumatlar əldə edir, məlumat bazamızı möhkəmləndiririk. Bu gün də Botanika bağını ziyarət etdiyimiz müddətdə, ölkəmizin zəngin florası ilə tanış olduq. Onların arasında elə bitkilər var ki, yalnız ölkəmizin iqliminə xasdır, başqa yerlərdə yetişmir. Bütün bunlar mənə bir anlıq Xarı Bülbülümüzü xatırlatdı. Torpaqlarımızı işğaldan azad edən oğullarımız sayəsində, biz Xarı Bülbülə, Xarı Bülbül də bizə qovuşdu. Təbiətimizin rəngarəngliyi, yerləşdiyimiz coğrafi relyefin çoxşaxəliliyi mənə könül xoşluğu aşılayır. Keçirilən belə tədbirlər sayəsində Vətənimizi yaxından tanıyır, mənəvi cəhətdən kamilləşirik, mədəniyyətimizin və incəsənətimizin incəliklərini dərindən öyrənirik. Təhsil aldığımız Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində gündəlik fəaliyyətimizlə yanaşı, asudə vaxtımızı da səmərəli keçirməyimiz üçün arzuolunan şərait yaradılıb. Peşəkar, bacarıqlı və tələbkar komandirlərimiz bizə həm hərbi biliklər öyrədir, həm də daim xüsusi diqqət və qayğı göstərirlər. Bizim üzərimizə düşən vəzifə isə xidmətimizi düzgün təşkil edib, tariximiz barədə məlumatlı bir hərbi qulluqçu olaraq, Vətənimizi sevək, onu qoruyaq və ən əsası əsl vətəndaş olaraq, borcumuzu layiqincə ödəyə bilək".
Sonda digər kursantlar Fərdi Fərzəliyev, Xətai Musazadə, Vaqif Şükürzadə və Murad Qədirli hər bir Azərbaycan gəncinin öz tarixini, xalqının başına gətirilən müsibətləri, düşmənin vandallığını unutmamağa, mədəni-milli irsini dərindən öyrənməyə, həmçinin daşına, qayasına bələd olmağa borclu olduqlarını, tarixi qəhrəmanlıq ənənələrini layiqincə yaşatmaq üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verdilər.


* * *

Martın 10-da Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları Azərbaycan Milli İncəsənət Muzeyini də ziyarət ediblər.
Kursantlara muzeyin tarixi barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanın ən böyük incəsənət muzeyi olan və 17 mindən çox eksponatın saxlanıldığı Azərbaycan Milli İncəsənət Muzeyinin əsası 1936-cı ildə qoyulub (1920-ci ildən 1936-cı ilə qədər Azərbaycan Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərib). Bildirilib ki, burada milli-mədəni və tətbiqi sənətin örnəkləri ilə yanaşı, Qərbi Avropa, İslam, rus, Şərq ölkələri incəsənətinin çeşidli örnəkləri ilə tanış olmaq mümkündür. Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, heykəltaraşlıq, qrafika nümunələri bələdçi tərəfindən kursantlara nümayiş etdirilib. Sonda, həmçinin vurğulanıb ki, muzey, eyni zamanda, genişmiqyaslı araşdırma, tədqiqat və elmi fəaliyyətlər ilə də məşğuldur.
 
Fuad CƏFƏROV "Azərbaycan Ordusu"