Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2022 13:45

Tarixi qardaşlığın və əməkdaşlığın təntənəsi

Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Türkiyə Respublikası oldu. İki böyük tarixi şəxsiyyətin - Mustafa Kamal Paşa Atatürkün və Heydər Əliyevin bəşəri dəyər verdiyi Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf etdirildi. Bu inkişaf sosial həyatın bütün sahələrini əhatələyirdi.
Gənc Azərbaycan Respublikasının ordu quruculuğunu bütün parametrlər əsasında formalaşdırmaq üçün peşəkar zabit kadrlarına ciddi ehtiyac vardı. Onda müxtəlif hərbi ixtisaslara yiyələnməsi üçün yüzlərlə gənc Türkiyənin müxtəlif hərbi məktəblərinə göndərilirdi.
Son illərdə Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq daha böyük sevgilərlə, daha böyük ehtiramlarla davam etdirilməkdədir...
Ermənistan Azərbaycanda faciələr törədəndə də, böyük miqyaslı təxribatlar törətməyə cəhd göstərəndə də Türkiyə Azərbaycana böyük və tarixi dəstək verirdi.
Son illərdə Türkiyə ilə müxtəlif təyinatlı birgə təlimlər hər iki dövlətin ordusunun gücünün artırılmasında olduqca əhəmiyyətli oldu. Digər təlimlərlə bir sırada "TurAz Qartalı" təlimlərini də dünya dövlətləri maraqla izlədi...
Bu günlərdə Türkiyədə "13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın 10-cu "Azərbaycanın Vətən müharibəsində (2020) qazandığı möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir", "Xocalı soyqırımı" maddəsinin icrası ilə əlaqədar "Xocalı soyqırımı" və "Qarabağ zəfəri" mövzusunda məruzələr üzrə Ankarada Quru Qoşunları Məktəbində, İstanbulda Milli Müdafiə Universitetində, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərində tədbirlər keçirildi. Bu tədbirlərdə çıxış etmək, kursantlara bilgilər vermək üçün Müdafiə Nazirliyinin nümayəndələri kimi, mən və polkovnik-leytenant Tural Maniyev ezam edilmişdik. Belə bir möhtəşəm tədbirdə hər ikimiz Azərbaycanı, Azərbaycanın Müdafiə Nazirliyini təmsil etməyin nə qədər məsuliyyətli olduğunu dərk edirdik.
Görüşlərdə türkiyəli kursantlarla bir sırada Azərbaycandan, Somalidən, Gürcüstandan, Pakistandan və başqa dövlətlərdən olan kursantlar iştirak edirdilər. Mən Xocalı soyqırımı haqqında məlumat verəndə kursantların baxışlarının slaydlardan üzülmədiyini, hamısının necə duyğulandığını, hiddətləndiyini görürdüm. Məlumat verdim ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri SSRİ-nin dislokasiya yeri Xankəndi olan 366-cı motoatıcı alayının fəal iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Şəhərdəkilər amansızlıqla qətlə yetirildi. Ermənilər qaçanları yolda haqladılar, amansızlıqla öldürdülər. O gecə və səhərisi Xocalıda  613 nəfər qətlə yetirildi, 1275 nəfər girov götürüldü, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərindən birini itirmisdir. Bunlar Xocalıda törədilənlərdir. Bəs Xocalı faciəsinin mənəvi zərbəsi? Dünya dövlətləri hələ də bu faciəyə obyektiv münasibət bildirmir.
"Heydər Əliyev Fondu"nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan "Xocalıya ədalət!" kampaniyası Xocalı faciəsinin necə baş verdiyini göstərir. Əminəm ki, bunları siz kursantlar da bilirsiniz. Təhsilinizi başa vurduqdan sonra ölkənizə qayıdanda bu haqda istər ətrafınızdakılara, istərsə də tabeçiliyinizdə xidmət edənlərə danışacaqsınız, Azərbaycanın haqq səsinin eşidilməsi üçün əlinizdən gələni edəcəksiniz.
İslam Əməkdaşlıq Təşkilatı, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı bu cinayəti qətliam kimi tanıyıb, Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələr ucaldılıb. Amma hələ də ikili standartlara aludə olan, bu siyasi riyakarlıqdan əl çəkməyən dairələrin XX əsrin faciəsinə Xocalı soyqırımına və onu törədənlərə münasibəti birmənalı, yəni, obyektiv və ədalətli deyil. Halbuki ulu öndər Heydər Əliyevin dediyi kimi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
Çıxışımda qeyd etdim ki, Azərbaycanda Xocalı soyqırımı günü böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunur.  
Kursantlara və zabitlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı faciəsi haqqında dediyi fikirləri də xatırlatdım: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi".
Kursantlar suallar verirdi. Hər sualda Azərbaycana sayğı hiss edilirdi. Somalili kursantın sorğusunu heç zaman unuda bilməyəcəyəm: "Ata-anası o gecə qətlə yetirilən uşaqlardan hərbçi olanı varmı?". Suala cavab verməzdən əvvəl bir mətləbə aydınlıq gətirməyi özümə borc bildim: O yaşda uşaqların hamısı özünü xocalılı hesab edirdi. Bu gün Azərbaycan Ordusunda onlarla xocalılı zabit, gizir xidmət edir...
Kursantlar 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinə də böyük maraq göstərirdi.
Çıxışımda 2016-cı il Aprel döyüşlərindən, qazanılan qələbələrdən, bu qələbələrin ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığına təsirindən danışaraq qeyd etdim ki, 2016-cı il Aprel döyüşləri Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsinin başlanğıcı oldu.
Kursantlara və zabitlərə bildirdim ki, Ermənistan Azərbaycandan işğal etdiyi ərazilərdən yeni ərazilər işğal etmək niyyəti ilə hücumlar edirdi. O vaxtlarda Türkiyənin Müdafiə naziri Hulusi Akar demişdi: "İki bədəndə bir can olan bu qardaşlığımız bizim üçün vaz keçilməzdir. "Bir millət, iki dövlət" olan Azərbaycan və Türkiyə keçmişdə olduğu kimi, bu gün də hər cür təhdid və təhlükəyə qarşı, kədərdə və iftixarda bir və bərabər olub, bundan sonra da olacaqdır. Bundan heç kimin şübhəsi olmasın". Bu, Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığına təsir edən faktorlardan biridir.
Ermənistanın hərbi birləşmələri 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən Azərbaycanın ərazilərinə hücum etdi. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini - Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşmış kəndlər ilə yanaşı, sonralar cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağıdılmış Stalinqrad şəhərinə bənzəyirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi. Ordumuz düşmənin illərlə yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini qısa müddətdə qətiyyətlə darmadağın etdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad olundu, irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi.
Oktyabrın 3-də yüksək əhəmiyyətə malik olan Tərtərin Madagiz kəndi işğaldan azad edilərək orada Azərbaycan bayrağı qaldırıldı. Həmin gün kəndin tarixi adı da Prezident tərəfindən bərpa edildi - Suqovuşan. Cənub istiqamətdə irəliləyərək oktyabrın 4-də Cəbrayıl şəhərini, 9-da isə Hadrut qəsəbəsini düşməndən təmizləyən Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun ərazisində əlverişli mövqeləri ələ keçirdi. Maraqlı olacağını nəzərə alaraq onu da bildirdim ki, Hadrut toponiminin yozumlarından biri iki çay arası deməkdir. Bu əlavəm hamını maraqlandırdı...
Vətən müharibəsinin gedişi haqqında, döyüşlər haqqında, Azərbaycan əsgərinin qəhrəmanlıqları haqqında geniş məlumatlar verdim. Bu döyüşlərlə Türkiyənin İstiqlal savaşı arasında analogiyalar da gətirdim: o müharibə də, bu müharibə də ruhun, vətənsevərliyin işğala, işğalçıya qarşı qətiyyətli döyüşləri idi. Ona görə hər iki müharibədə qalib gəldik. Türkiyənin qələbəsi bizim qələbəmizdir, bizim qələbəmiz Türkiyənin qələbəsidir.
Fikrim tədbirdə iştirak edən zabitləri də, kursantları da duyğulandırdı...
Döyüşlərdən danışdım. Azərbaycan hərbçilərinin qəhrəmanlığından, Vətən sevgisindən danışdım. Onu da qeyd etdim ki, yaralılar hospitala təxliyə edilmək istəmirdilər. Döyüşlərdən aralı qalmamaq üçün. Neçə yaralı əsgər hospitalda həkimlərdən onu tez sağaldıb cəbhəyə göndərilməyini istəyirdi.
Zalda yaranan doğma təlatüm mənə könül xoşluğu verdi.
Sonra bildirdim ki, Azərbaycan Ordusu oktyabrın axırında Çanaqçı kəndini işğaldan azad etdi, sonra strateji Şuşa-Laçın yolunun bir hissəsinə nəzarəti ələ keçirdi. Şuşa şəhəri ətrafında lokal döyüşlər başladı. Həm ərazi, həm də seçilən marşrut nəqliyyat vasitələri üçün uyğun olmadığından Azərbaycan qüvvələri bir neçə gün Şuşa istiqamətində piyada hərəkət etməli idilər. Erməni komandanlığı Azərbaycan qoşunlarının Qırmızı Bazar istiqamətində hücuma keçəcəyini güman edirdi. Çünki Şuşaya qalxan ən rahat Şuşakənd yolu buradan keçirdi. Ermənistan ordusunun Azərbaycan qoşunlarının Şuşaya həmləsini gözlədiyi ikinci istiqamət isə Laçın idi. Lakin Azərbaycan Ordusunun komandanlığı öz miqyasına, planına və ardıcıllığına görə möhtəşəm qərar verərək Azərbaycan Ordusu Şuşaya sıx Qarabağ meşələrindən 3 gün ərzində onlarla kilometr uzunluğunda yeni yol açdı...
Slaydlar fikrimin təsdiqi kimi izlənilirdi...
Bildirdim ki, ordumuz noyabrın 8-də Şuşanı işğaldan azad etdi. Bu məlumat 2020-ci il noyabrın 8-də yaşanılmış coşqu səviyyəsində qarşılandı. Tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərini xatırlatdım: "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir". Qürurla deyilmiş kəlmələr qürurla dinlənildi.
Xatırladım və xatırlatdım ki, Qələbə paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın duyğusal çıxışı türklüyün bu müharibədə qazanılan qələbəyə münasibətinin ifadəsi kimi səsləndi: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Bu xatırlatma da bir millət, iki dövlət olan Azərbaycanla Türkiyənin mənəvi birliyinin sarsılmazlığının ifadəsi kimi dinlənildi...
Türkiyədə keçirilən bu mötəbər görüşlərdən sonra Türkiyədə təhsil alan azərbaycanlı kursantlarla görüşdük. Onların təhsili ilə maraqlandıq. Sevindik ki, yaxşı təhsil alırlar, heç bir problemləri yoxdur...
Türkiyədə hər dörd hərbi məktəbin rəhbərliyi ilə görüş, səmimi söhbətlər yaddaşımdan silinməyəcək. Bu tədbirdə bir daha əmin oldum ki, Türkiyə ilə Azərbaycanın qardaşlığı əbədidir, sarsılmazdır...

Elşad ƏBİLOV İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəis müavini