Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Mart 2022 13:45

O gecənin sazağı Zəfər ilə isindi

 

 

Ovqat



30 ildi düşüncələrimizdə sovruq əsir, çuxurlara qar qalanır, qar qalağı yolları-izləri örtüb görünməzləşdirir...
Yaşı imkan verənlərin hamısı 30 ildi, yaşı az olanlar düşüncələr imkan verdiyi vaxtlardan Xocalı faciəsi kəlməsini ana fəryadı, bacı naləsi, uşaq hönkürtüsü kəlmələrinə tən bilir,...
1994-cü il martın 1-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı fərman əsasında  Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 26 fevral “Xocalı Soyqırımı Günü” elan olundu. İllərdi Xocalı soyqırımı günü xəyalımızda "Yolum qar altda qaldı, izim qar altda qaldı..." fəryadını eşidirik, "Dodağımı yandıran sözüm qar altda qaldı..." təəssüfünü, "Oğlum qar altda qaldı, qızım qar altda qaldı..." ağısını, "Odum qar altda qaldı, közüm qar altda qaldı..." naləsini, ... eşidirik. Belə fəryadlar, belə təəssüflər, belə ağılar, belə nalələr, ... döyüşə harayıydı; məmləkət Azərbaycan Ordusunun döyüş əzmini, qələbə ruhunu belə fəryadlara, belə təəssüflərə, belə ağılara, belə nalələrə, ... məlhəm bilirdi. Onu da bilirdi ki, vətənpərvərlik işğalçılığı məğlub edəcək.
İşğaldan azad edilmiş ərazilərdə əsgərlərlə söhbətləşəndə belə deyirdik, mətləbi bu mətləblə səsləşən kəlmələr eşidirdik. Əsgərlərimizin işıqlı düşüncələri düşüncələrimizlə incəliklə qoşalaşırdı.
Xatırlayıram ki, bu söhbətlərin yaratdığı ovqata günümüzün Dan ulduzu demişdik. Onda mayor Ruslan Novruzovun könüləyatımlı təbəssümü əsgərlərin boyu bərabərində dayanmışdı. "Bu oğullar Bağanıs-Ayrımın da qisasını alacaq, Meşəlinin də, Qaradağlının da, Xocalının da..." - demişdi...
Barmaqları avtomatının qundağını əzən əsgər nəsə demək istəmişdi - qəhərlənmişdi, qəhərini yumşaldıb demişdi:
- Xocalı faciəsində Vahidin 15 yaşı varmış. Atası döyüşlərdə şəhid olubmuş. 26 fevral gecəsi onları izləyən ermənilərin güllələrinin içindən 7 yaşlı bacısını sinəsiylə qoruya-qoruya çıxardıb. Qarqar çayına çata-çatda düşmən güllələri bacısına son nəfəs olub. Vahid böyüyüb. Bu gün səngərdə döyüş əmri gözləyən əsgər yoldaşlarımızdan biri onun oğludu...

 

* * *


Söhbətləşəndə Vahidin oğlu Sahib demişdi ki, "Bütün xocalılılar da babam kimi, nənəm kimi əzizimdi. Babam babadı, nənəm nənədi, bütün xocalılılar hamımıza doğmadı. Mən babamın-nənəmin yox, bütün xocalılıların qisasını alacam...". Əsgərlərin hamısının baxışı qəhərlənən əsgərə dikilmişdi. Bu baxışlar niyyət eyniliyinin baxışlarıydı. Onda da təsdiqlənmişdi ki, Xocalı faciəsi 1992-ci ildən üzü bu yana "Mən azərbaycanlıyam!" deyənlərin hamısının ortaq qəhəridi.
Bu söhbəti ötən ilin fevralında da xatırlamışdıq, mahiyyəti hər il xatırlanacaq...
Bu gün ölümün, əsirliyin sərhədində olan ömürlərdən danışırıq, bu sərhədi qarsılayan son nəfəslərdən danışırıq...
Polkovnik-leytenant Nail Allahverdiyev ən böyük azərbaycanlının Xocalı faciəsi haqqında dediklərini günümüzün gerçəkliklərinin ifadəsi kimi xatırladır:
- Xocalı faciəsinin timsalında ermənilərin xalqımıza düşmənçilik münasibətinin tarixini də, mahiyyətini də göstərən böyük tarixi şəxsiyyət Heydər Əliyev deyib: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".
- Bu tarixi cinayətin indiyə kimi cəzasız qalması həm beynəlxalq təşkilatların fəaliyyətsizliyinin, həm də dünyanın böyük dövlətlərinin dünyəviliyə, bəşəriliyə biganəliyinin nəticəsidir, - deyirik.
Baş leytenant Elvin Abbasov əsgərlərə baxır. Yəni, siz nə deyirsiniz.
Vətən müharibəsində qazanılan Zəfər bu qəhərlərə təsəlli oldu. O gecənin 30 il canımızdan da, ruhumuzdan da üzülməyən sazağını Zəfər isindirdi. Əsgərlər unudulmayan, heç zaman unudulmayacaq qəhərlərdən danışır.
Əsgər Zamin Sadıqov bir atalar sözünü xatırladaraq deyir:
- Qisas heç zaman qiyamətə qalmır.
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Rafiq Abbaslı xocalılı Vahidin oğlu Sahibin and kimi səslənən fikirlərinin Vətən müharibəsində əsgərlərin döyüş əzmini, qələbə ruhunu müəyyənləşdirən qətiyyətlərdən biri olduğunu deyir:
- Biz hərbi xidmətə Zəfərdən sonra çağırılmışdıq. Hərbi xidmətə başlayanda Vətən müharibəsində iştirak etmiş əsgərlərin xatirələrini, təəssüratlarını maraqla dinləyirdik. Bizə elə gəlirdi ki, gözəl vətənpərvərlik dərsindəyik. Onda əsgərlərdən biri Sahibin xatırladığımız fikirlərinə yaxın bir fikir demişdi: "Hamımız döyüşdə atası Xocalıdan olan Rahimi qorumaq üçün onun sağında-solunda döyüşmək istəyirdik. İstəyirdik ki, Rahim son döyüşəcən sırada olsun”. Bu kəlmələri dinləyəndə bizə elə gəlmişdi ki, Rahimi güllələrdən qoruyanların sırasında biz də olmuşuq...
Rafiqin dedikləri əsgər yoldaşlarının düşüncələrini tərpədir, döyüşçünün döyüşçüyə sevgisi kimi dinlənilən kəlmələri həm Vətən müharibəsinin, həm də Vətən müharibəsində döyüşçülərin yaşam fəlsəfəsi bilirik. Döyüşçülərimiz bu sevgilərlə döyüşüb, bir-birinə bu sevgilərlə sipər olub; Xocalı faciəsi Vətən müharibəsində də unudulmayıb. Bu, azərbaycançılığın qüdrətidi. Xocalı faciəsi indiyəcən ortaq qəhərdi, ortaq ağrı-acıdı, ortaq hiddətdi.
Polkovnik-leytenant Nail Allahverdiyev Xocalı faciəsindən danışır:
- 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin dislokasiya yeri Xankəndi olan 366-cı motoatıcı alayının fəal iştirakı ilə Xocalı şəhərində son yüz ilin ən dəhşətli faciələrindən birini törətdi. Bu, faciə biçimində soyqırımı idi. O gecə ermənilik bəşəri qanunları çığnadı. O gecə və səhərisi 613 nəfər qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq valideynlərindən birini itirdi. 76-sı uşaq olmaqla, 487 nəfər güllə yarası aldı, 1275 nəfər əsir düşdü. Əsirlərdən 150 nəfərinin, bu sıradan 68 qadının, 26 uşağın sonrakı taleyindən heç bir məlumat yoxdu...
Deyilənləri əsgərlər qədərsiz maraqla dinləyirlər...
Baş leytenant Elvin Abbasov əsgərlərə xitabən deyir ki, Xocalı faciəsi haqqında siz də nələrsə eşidibsiniz, nələrsə oxuyubsunuz. Yaddaşınızda nə qalıb? Xatırlayın. Bu xatırlama da Vətən üçündü. Bu xatırlama Vətənə gərəkli olan vətənpərvərlik dərsidi....
Əsgər Orxan Həmzəyev deyir ki, Xocalı faciəsi təkcə xocalılıların faciəsi deyildi, xalqın faciəsiydi, xalq bu faciəni 30 ildi tarix kimi yaşadır, həmişə də yaşadacaq. Yaralar qaysaqlayandan sonra da yaşadacaq. Orxanın xatırlatması da həmin tarixin xatırlanmasıdı:
- Atam deyirdi ki, həmin gecə atası döyüşlərdə olan yeniyetmə anasından ayrı düşüb. Bacısı ilə birlikdə döyükə-döyükə analarını soraqlayıblar. Kimsə nişan verib. Həmin səmtə getmək əsirliyə, ölümə getmək olardı - ermənilər ordaymış. Meşəyə tərəf qaçanlara qoşulublar, səsi səsə, nəfəsi nəfəsə həyan biliblər. Hamı kürəyində ölümün nəfəsini hiss etdiyinə görə təntiyibmiş. Onlarla xocalılının Ağdama tərəf getdiyini duyan erməni əsgərləri Şelli ilə Ağdamın arasındakı yolu kəsib, oradan keçməyə niyyətlilərin çoxunu güllələyiblər. O yeniyetmə də, bacısı da orada həlak olub...
Nə vaxtsa eşitdiyimiz bir hadisəni xatırladırıq:
- Ağdama üz tutan 5-6 ana körpələriylə birlikdə bir mağaraya sığınıb. Mağarada - aclıq, mağaranın çölündə - şaxta, sazaq. Mağarada - narahatlıq. Mağaranın çölündə - qorxu, vahimə, səksəkə. Körpələrdən biri ağlayıb. Ermənilər səsi eşidə bilərdilər, eşidib ora gələ bilərdilər. Ermənilər gələrdisə, 5-6 ana, 7-8 uşaq ölümdən can qurtara bilməzdi. Ana ağlayan südəmər körpəsinin ağzını əlləriylə qapayıb ki, səsi çıxmasın. Körpə keçinib. Mağaranın çölündə səs-səmir azalanda getməyi qərara alıblar. Ana hıçqırtı içində, "Balamı çölün düzündə qoymaram!" - deyib, ciyərparasını özüylə Ağdamacan aparıb. Dərdə yananların əhatəsində görüb ki, körpəsi sağdı, nəfəsi üstündədi. Xanimanı dağılan ananın harayı davamlı olsa, göyü yerə ələyərdi: Sağdı! Balam sağdı! İlahi, sən mənim bala qatili olmağıma qıymadın! Bu harayın  sevinci gözlərdən yaş dərib...
Bir qrup köməksizə deyiblər ki, qaçın, məktəbin zirzəmisində daldalanın. Nədən qaçıb nəyə getməliydilər? Sonra nə olacağını nəzərə almadan qaçıb  məktəbin zirzəmisinə gediblər. Evləri yandıran ermənilik məktəbin zirzəmisinə baxmayacaqdımı? Daha çox adam öldürməyə niyyətlilər zirzəmiyə baxıb onları görərdi, baxmasalar məktəbi də yandırardılar.  Yanğından çıxa bilərdilərmi? Nə yaxşı kimsə "Mən külfətimi də götürüb zirzəmidən çıxıram. Qarqara tərəf qaçacağıq. Burada oturub ölümümüzü gözləməkdənsə, naməlumluğa yön tutmaq yaxşıdı. Gələn gəlsin...", - deyib. Hamısı onun arxasında zirzəmindən çıxıb.
Zirzəmidən çıxıblar. Xocalıyla Ağdam arasında yerləşən Qarakənd kəndinin yaxınlığına çatıblar. Ermənilər qarşılarını kəsib. Qarlı şumluğu sürünə-sürünə keçiblər...
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Vüsal Musayev nə vaxtsa oxuduğu informasiyadan danışır. Həmin informasiyanın qəhər yükünü illərlə yaddaşında yaşatmaq da vətənpərvərlikdi. Belə vətənpərvərliyin mahiyyəti dərdi dərd kimi deyil, dərddən dikələn mübarizə kimi, döyüş kimi, qələbə ruhu kimi yaşamaqdı. Bu dərd dözümüylə, qətiyyətiylə, Vətənə sevgisiylə, düşmənə nifrətiylə tarixə tarix dərsidi.
- Bir məhəllənin adamlarıyla birlikdə qadınlar və uşaqlar da Qarqar çayını keçiblər. Ölümdən, əsirlikdən qurtarmaq üçün qarşıdakı dağa bənzər yüksəkliyi aşıb Ağdama sarı getməliydilər. Dürüst tanımırdılar, ayaqları altından yol sürüşə-sürüşə, yeriyə-yeriyə yüyürüblər, yüyürə-yüyürə yeriyiblər. Qəflətən quşbaşı qar yağıb. Min zillətlə yüksəkliyə çıxıblar. Son addımlarda sürüşüblər...
Qaçan yıxılana baxmağa macal tapa bilməyib. Dikələn yenidən dağa sarı qaçıb. Reyhan Muradova huşunu itirib. Bir müddət yıxıldığı yerdə döşəli qalıb. Bəzən hansı məqamda, hansı şəraitdə baş verməsinə məhəl qoymadan  "bəxti gətirib" ifadəsinə inanmağımız gəlir - arxalarınca gələn, onları izləyən olmayıb. Özünə gələndə yanında kimsəni görməyib. Birtəhər yüksəkliyə çıxa bilib. Ağdama aparası, nicat, qurtuluş olası səmti müəyyənləşdirib, sonra dərdinin gözləriylə Xocalıya baxıb. O anlarda Xocalı özü boyda ocaqmış. Şelli kəndinə çatıb... Yüzlərdən biri kimi Xocalıdan Şelliyəcən bir ömürlük yol gedib...
Neçə il əvvəl fevralın 26-da şər qarışan vaxtlarda Xocalı soyqırımı abidəsinin yanında xalq artisti ünlü xanəndə Alim Qasımovun yanıqlı oxuması ötüb-keçənləri yolundan eləyirdi. Orada əsasına dirsəklənmiş bir nənə gördük. Ağlamırdı, sızlamırdı, göz yaşları yanağını közə döndərsə də dinmirdi. Oxuma başa çatar-çatmaz nənənin bu ecazkar oxumaya qarışan hıçqırığı hamının qəlbini qana döndərirdi: "Son nəfəsimi Xocalıya təslim etməsəm, gorum od tutub yanar...". O hıçqırıq gecənin gecə vaxtı gözlərdən yaş dərmişdi. Neçə ildi o göz yaşları gündüzlər düşüncələrimizdədi, gecələr yuxularımızda...
Alim Qasımov Xocalı soyqırımı abidəsinin yanında oxusa tamam başqa şövqlə oxuyar - oğlu qazavatdan Zəfərlə dönmüş ata kimi oxuyar, bu oxuma Vətən müharibəsi iştirakçılarına Dədə Qorqud alqışı kimi dinləniləcək, - Zəfərdən sonra belə düşünmüşdüm...
- Gecə Xocalı pulemyotlardan, minaatanlardan, toplardan atəşə tutuldu. Hava çox soyuq idi, qar yağmışdı. Xaçın çayını keçdik, meşə yolu ilə Ağdama üz tutduq. Ermənilər güllə məsafəsinə çatanda atəş açmağa başladılar. Kinolarda belə məqamları görəndə qanım damarımda donurdu, həmin  vəziyyəti indi özümüz yaşayırdıq. Ermənilər ondan çox adamı dəhşətli şəkildə qətlə yetirdi. Oğlum, bacım, kürəkənim öldürüldü. Bu dəhşətli anları son nəfəsiməcən unutmayacağam, - deyən xocalılı kişinin dərdi hamımızın dərdi olub. "Dərd yiyəsi dərdini danışanda yüngüllük tapır, ona elə gəlir ki, təsəlli də məlhəmdi...", - belə deyilib, belə eşitmişik. O gecənin ölüm bərzəxindən keçib gələn adını, soyadını unutduğumuz kişi belə deyib. Harada eşitmişik, harada oxumuşuq, xatırlaya bilmirik. Onun kim olması hadisənin mahiyyəti müqabilində çox xırda görünür, elə harada eşitdiyimiz də, harada oxuduğumuz da.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər". Vətən müharibəsində qazanılan Zəfər Xocalı faciəsini törədən erməni cinayətkarlarının cəzalandırılmasının başlanğıcı oldu. Bu başlanğıc öz hüquqi davamını beynəlxalq məhkəmələrdə tapacaq...
- Şuşa döyüşlərində yaralanan xocalılı əsgər həkimin "Yaraların çoxmu incidir?" sualına cavab verəndə gözləri dolub. "Məni yaralarım incitmir, həkim, məni döyüşlərdən aralı qalmağım, döyüşənlərin sırasında olmamağım incidir. Xocalının qisasını sonacan ala bilməyəcəyəm..." - deyib. Hamımız tanımadığımız o əsgərə qardaş deyirik. O əsgər kimi biz də ruhən Şuşaya can atardıq, - əsgər Rəvan Əliyev belə deyir...
Polkovnik-leytenant Nail Allahverdiyev deyir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət!" kampaniyasını dünyanın əksər dövlətləri dəstəkləyir. "Xocalıya ədalət"in məqsədi ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı həqiqətlərini dünyaya  yaymaqdır.
- "Xocalıya ədalət üçün nə istərdiniz?" sualına cavabınız necə olacaq?, - soruşuruq. Cavabların hamısı könlümüzə yatır:
- Düşmən faciəni etiraf etsin (əsgər Tehran Xasməmmədov);
- Etirafla iş bitmir, faciənin təşkilatçıları dünyaya tanıdılsın, 366-cı alay kimin təşkilatçılığıyla faciə törətmənin cinayət ortağı oldu, bu da etiraf edilsin (əsgər Teymur Məmmədov);
- Xocalı faciəsi 366-cı alayın iştirakıyla baş verib. Sovet ordusunun komandanlığı da buna münasibət bildirsin (əsgər Cavid Heybətov);
- Bunlar bilindi, bəs sonra? Günahkarlar cinayət məsuliyyətinə alınsın (əsgər Vüsal Əliyev).
Bu mövzuda söhbətləşmək üçün işğaldan azad edilmiş hərbi hissəyə getmə ərəfəsində sosial şəbəkələrdən gərəkli saydığımız bəzi faktlara bir də baxmışdıq. Əsgərlərə həmin faktları da xatırladırıq:
Xocalı faciəsinin dəhşətlərini görən 366-cı alayın xüsusi şöbəsinin rəisi polkovnik Vladimir Savelyev Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Qərargahı yanında Baş Kəşfiyyat İdarəsinə, BMT və Avropa Şurasına ünvanladığı hesabatında Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini etiraf edir: "Məndən on addımlıqda güllə yarası almış səkkiz-doqquz yaşında qızcığaza yardım edə bilmədim. Allahın məni cəzalandıracağı o gündən qorxuram. Lənətlənmiş günlər bir-birini əvəz edirdi". Faciənin şahidi olan fransız jurnalisti Jan-İv Ginyet yazırdı: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm, lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qırmaqla ermənilər onları arxada qoydular". 1992-ci il martın 10-da Daxili İşlər naziri Yerin Rusiya Federasiyasının Prezidenti B.Yeltsinin ünvanına məktub göndərib, Xocalı hadisəsi ilə bağlı görüşmək istədiyini bildirib, məktuba Xocalı faciəsi ilə bağlı video-kaset də əlavə edib. General Yerin B.Yeltsinə yazırdı: "Xocalıda uşaqları, qadınları və qocaları güllələmişlər. Öldürülənlərin başlarının dərisi soyulmuşdur".
Xocalı faciəsinin iştirakçısı Davud Xeyriyanın yazdıqları da xatırlanır: "...martın 2-də "Qafqan" erməni qrupu 100-dən artıq türk meyitini yığıb Xocalıdan təxminən bir kilometr aralıdakı qəbiristanlıqda yandırdı. Axırıncı maşında mən alnından və əlindən yaralanmış on yaşlı qız uşağını gördüm. Sifəti göyərmiş bu qız uşağı aclığa, soyuğa və aldığı yaralara baxmayaraq, hələ də sağ idi. Sakitcə nəfəs alırdı. Ölümlə çarpışan balaca qızın baxışlarını unuda bilmirəm. Bir qədər sonra Tiqranyan deyilən əsgər hərəkətsiz qızı götürüb meyitlərin üstünə atdı. Sonra onları yandırdılar. Mənə elə gəlirdi ki, yanan meyitlərin arasından kimsə qışqırır, köməyə çağırırdı". Bunlar Azərbaycana düşmən kəsilənlərin etirafıdı. Beynəlxalq məhkəmədə bunların davamı da eşidiləcək.
Son nəfəsində üç oğlunu qucaqlayıb Xaçın çayının içində qalan ana, ruhun bizi bağışlayıbmı?..
Əsir düşməmək üçün əvvəl qızını, sonra özünü güllələyən ata, ruhun bizi bağışlayıbmı?..
İşğaldan azad edilmiş ərazidə tarix haqqında söhbətləşdik. Xocalıdan danışdıq, Xocalı faciəsindən danışdıq, 30 il əvvəlin 26 fevral sazağından danışdıq, Vətən müharibəsindən, Zəfərdən danışdıq…
Bizə elə gəlir ki, əsgərlərin baxışlarından oxunan mətləb, "Zəfər ilə isindi o gecənin sazağı" kəlmələriylə ifadə edilməlidi...

 

Esse



Camaat çəkilib getmişdi. Xeyli geri qalmışdılar. Yollarda kimsə yoxuydu. Yaxınlardan-uzaqlardan aramsız atəş səsləri eşidilirdi. Getdikcə yaxınlaşan, yaxınlaşdıqca çılğınlaşan atışların içindən necə keçəcəkdilər? Dan yeri sökülməkdəydi.
Tahir Səriyənin əlini əlindən buraxmırdı. Qaçırdılar. Ayaqları sürüşürdü, durub yenə qaçırdılar. Neçə illər əvvəl uşaqlara qoşulub çəmənliyə sarı qaçanda Səriyə yıxılmışdı, dizi qanamışdı. Tahir 11 yaşlı bacısının yarasını əl dəsmalıyla sarımışdı. Evə qayıdanda Gülbəs nə olduğunu bilincə balalarını bağrına basmışdı: "Dünyadan rahat köçərəm. Bilirəm ki, sən bacını gözün kimi qoruyacaqsan, ay oğul, gözün kimi..."...
Onda evdən gül-çiçək ətrinə qaçırdılar, indi ölümdən ömürə qaçırdılar...
Tahirə elə gəlirdi ki, bu ayamda, bu şəraitdə belə qaçışla  ölümdən can qurtara bilməyəcəklər. Təntimişdi. Təntidiyini biruzə vermədən nəhayətsizliyə baxdı...
Qar yağırdı...
Sovruq yağan qarı yollara-izlərə qalaqlayırdı...
Hava işıqlaşmışdı. Dərəni keçib yamacı aşsaydılar ömürün isti nəfəsinə sığına bilərdilər. Qəflətən yan-yörələrinə güllələr sancıldı. Erməniləriydi. Dayandılar. "Öldürmək fikirləri yoxdu. Əsir götürmək istəyirlər..." - düşündü. Canından bir üşütmə keçdi. Gözaltı geriyə baxdı. Ermənilər yaxınlaşırdı...
Səriyəyə baxdı. Xeyli baxdı... Gözlərindən öpdü... Qoşa qolları arasına aldı...
"Bağışla, bacım, bağışla. Özünü quduzların əlindən xilas edə bilmədim, namusunu xilas edəcəm...", - dedi.
Xəncərini çıxarıb əvvəl bacısının, sonra özünün ürəyinə sancdı...
Səriyə son gücünü toplayıb qardaşının əlindən yapışdı. Dili söz tutar-tutmaz, "Anamızın ruhu səni qı-nama-yacaq,...", - deyə bildi... Gəlib çatan ermənilərdən biri hirsindən-hikkəsindən Səriyənin Tahirin ürəyinin üstünə sərilmiş əlini güllələdi...
Qar kəsmişdi...

Məhəmməd NƏSİRLİ, Rəşid HÜSEYNOV"Azərbaycan Ordusu"