Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Mart 2022 17:00

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 31 Mart - Azərbaycanlıların soyqırımı günüdür.

Suallar:
1. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.
2. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı və bu fərmanın tarixi əhəmiyyəti
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqların zəbti başlandı. Qısa müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Həmin günlərdə ermənilərin törətdiyi cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımının, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. 1919-1920-ci il martın 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə köçürülməsinə dövlət səviyyəsində nail oldular.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən və Ermənistan SSR-nin digər bölgələrindən soydaşlarımız təqiblərə məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir. Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma prosesi baş verir.
1988-ci ildən ortaya atılan qondarma "Dağlıq Qarabağ" konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət verilmədi. 1990-cı ilin yanvarında getdikcə güclənən xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı öldürüldü və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib. Xalqımıza qarşı törədilmiş bütün soyqırımlara siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı imzaladı. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixə yazıldı.

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, evlərini talan etmiş, on minlərlə adamı öz yurd-yuvalarından didərgin salmışlar.
Yalnız Bakıda 18 minə yaxın soydaşımız xüsusi amansızlıqla qətlə yetirilmiş, Şamaxı qəzasının 58 kəndi dağıdılmış, 8 min nəfərədək adam öldürülmüş, Quba qəzasının 122 müsəlman kəndi yerlə-yeksan edilmişdi. Qarabağın dağlıq hissəsində 750-dən çox, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş və bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 min azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasında 211, Qars vilayətində 22 azərbaycanlı kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində və onun ətrafında 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 135 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdiyi vəhşiliklər və daşnak hakimiyyəti dövründə yürüdülən "türksüz Ermənistan" siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1920-ci ildə 70 min nəfərə enmişdir.
1988-ci ildə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətini zorla qəsb etməyə cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək müddət ərzində soydaşlarımız yaşayan 22 rayonda 170 sırf və 94 qarışıq (ermənilərlə) yaşayış məskənləri azərbaycanlılardan təmizlənmiş, nəticədə 200 mindən artıq azərbaycanlı 18 min müsəlman kürd, min nəfər rusdilli əhali Azərbaycana pənah gətirmişdir. Həmin vaxt 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından qidalanaraq "Dağlıq Qarabağ Muxtar Vilayətini", habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) 30 il ərzində işğalda saxlayaraq xarabazara çevirmişdir. Bu işğal nəticəsində 20 minə yaxın Azərbaycan vətəndaşı öldürülmüş, 4 minə yaxın əhali girov götürülmüşdür ki, onların da əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edirlər. Təkcə XX yüzillikdə bir milyona yaxın azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq soydaşımız indiki Ermənistan ərazisindən deportasiya edilmişdir. 1918-ci ildə imzalanan Batum müqaviləsinə əsasən, Azərbaycan torpaqları hesabına yaranmış və cəmi 9 min kv. km. ərazisi olan Ermənistan 1988-ci ildə onu 30 min kv. kilometrə çatdırmışdır.
Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyəti bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Məhz onun rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyası bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur. Azərbaycan rəhbərliyi bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Azərbaycanın haqq işi, o cümlədən ona qarşı edilən tarixi ədalətsizliyin bərpası istiqamətində atdığı addımlar tədricən beynəlxalq ictimaiyyət tərəfindən anlaşılır və qəbul edilir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımların tanınması da gec-tez tarixi ədalətsizliyə verilən hüquqi-siyasi qiymət kimi dünya dövlətləri tərəfindən qəbul ediləcəkdir. Ermənilərin "soyqırıma məruz qalan xalq" kimi deyil, məhz soyqırımı törədən xalq kimi tanınacağı tarix çox da uzaqda deyil.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində əldə etdiyi heyrətamiz qələbə nəticəsində XX əsrin sonlarında erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqları azad edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Azərbaycan dövlətinin və Azərbaycan xalqının apardığı çoxillik mübarizədə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
Azərbaycan xalqının ermənilərin terror, vandalizm, barbarlıq əməllərinə məruz qalmaması üçün hər bir hərbi qulluqçu öz vəzifə borcunu vicdanla yerinə yetirməli, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə, hərbi biliklərə dərindən yiyələnməli, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla güclü və məğlubedilməz Azərbaycan Ordusunun inkişafına nail olmalıdır.

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi