Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2022 12:00

Xocalı faciəsi unudulmayacaq

Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən müharibəyə səbəb oldu. Bu müharibənin ilk şəhidləri Ağdamda - Əsgəranda Əli ilə Şəhriyar oldu. İki gəncin şəhidliyi xalqımızın torpaq uğrunda döyüşlərin başlanğıcı oldu. Min illərdi təsdiqlənib ki, torpağa dikilən gözləri yerə tökmək, torpağa uzanan əlləri kəsmək üçün xalq əsgərləşib. Birinci Qarabağ müharibəsi belə başladı...

Ermənilər müxtəlif vaxtlarda Azərbaycanın sərhədləri daxilində təxribatlar törədir, kəndləri artilleriya atəşinə tutur, evləri yandırır, camaatı vəhşicəsinə qətlə yetirir, əsir aparırdılar. Birinci Qarabağ müharibəsində Qazax rayonunun Bağanıs-Ayrım kəndində belə bir faciə törətdi (24 mart, 1990-cı il). Bu faciədə 10 nəfər öldürüldü. Meşəli kəndində 8-i qadın, 3-ü uşaq olmaqla, 28 nəfər (23 dekabr 1991-ci il), Qaradağlı faciəsində 102 nəfər vəhşicəsinə öldürüldü, 108 nəfər əsir düşdü (14 fevral 1992-ci il). Azərbaycanın üzləşdiyi bu faciələrə beynəlxalq təşkilatlar da, dünyanın iri dövlətləri də ciddi bəşəri münasibət bildirmədi. İşğalçı dövlət cəzasızlığı sonrakı hərbi fəaliyyətinə vasitə bildi. Havadarlarından həm siyasi, həm də hərbi dəstək alan işğalçı dövlət Azərbaycanın dövlət sərhədləri daxilində təxribatlar, qırğınlar törətməkdə davam edirdi. Dövlət müstəqilliyi yenicə bərpa edilmiş Azərbaycanda dövlət idarəçiliyində yol verilən ciddi nöqsanlar, əsassız qarşıdurmalar, hakimiyyət boşluğu düşmənin işğalçılıq niyyətinə şərait yaradırdı. O vaxtlarda Xocalıya şəhər statusu verilmişdi, bu gənc şəhərdə sürətlə tikinti işləri aparılırdı, şəhərin əhalisi artmaqdaydı. Bu amil düşmənin diqqətini çəkibmiş...

Erməni hərbi birləşmələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dislokasiya yeri Xankəndi olan 366-cı alayın bilavasitə iştirakıyla Xocalı şəhərinə hücum etdilər. Ağır texnikalarla, çoxsaylı hərbi qüvvə ilə olan bu irimiqyaslı hücumun qarşısını yerli müdafiə batalyonları və əhali ala bilmədi. Onlar son anadək döyüşdülər. Sonralar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Əlif Hacıyevin, Tofiq Hüseynovun və başqalarının aeroport istiqamətində rəşadətli döyüşü əhalinin nisbətən uzaqlaşmasına şərait yaratdı. Xüsusi tapşırıq almış qüvvələr - ermənilər də, 366-cı alayın hücumda iştirak edən hərbi qulluqçuları da şəhərdən qaçanları təqib edir, çatır, çatınca güllələyir, əsir götürürdülər. Qışın soyuğunda çöllərə düşən xocalılılar zülmlə Qarqar çayı istiqamətində, Ağdam istiqamətində yıxıla-yıxıla, əzilə-əzilə qaçırdılar. 

Şahidlərin dediyinə görə onlarla uşaq ata-anasından ayrı düşmüşdü. Ana balasını axtarırdı, bala anasını. Dünya müharibələr tarixi belə qəddarlıq, belə vəhşilik görməmişdi. 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu amansız kütləvi qırğın haqqında deyib: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".

Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra əsrin faciəsinin soyqırımı aktı olduğu beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırıldı. 

Bu faciə erməniliyin mahiyyətini göstərdi: Ermənistan Azərbaycandan ərazi  iddiası ilə kifayətlənmir, həm də  xalqımızın məhvinə çalışır. Ulu Öndər onu da deyib ki, Xocalı soyqırımı bəşər tarixində öz vəhşiliyinə və müqayisəyəgəlməz cəza üsullarına görə ən qanlı kütləvi terror hadisəsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan və dünyanın onlarla dövlətinin diqqətini çəkən "Xocalıya ədalət" kampaniyası təkcə faciənin tanıdılması missiyası ilə məhdudlaşmır, bu kampaniya faktların zənginləşməsində də, dəqiqləşməsində də tarixi missiyanı yerinə yetirir...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 yanvar 2022-ci il tarixli Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sərəncamı da faciə qurbanlarının xatirəsinin daim əziz tutulmasının təcəssümüdür. Sərəncam, həmçinin bu qanlı tarixin dünya ictimaiyyətinə çatdırılmasında, yaddaşlarda əbədiləşməsində  mühüm rol oynayır.

Xocalı faciəsindən 30 il keçir. Bu faciə də digər faciələrimiz kimi unudulmayacaq, tariximizin qanlı səhifəsi kimi həmişə anılacaq. Bu, vətənsevərlik duyğularının daha da möhtəşəmləşməsində olduqca gərəklidir.

Xocalı faciəsini unutmuruq...

Xocalı faciəsi unudulmayacaq...

 

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"