Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2022 12:00

Vətənpərvərlik, sədaqət, cəsarət və qəhrəmanlıq məbədi

Heydər Əliyev adına hərbi liseyin yaranmasından 18 il ötür


30 ilə yaxın həsrətində olduğumuz doğma Qarabağımız artıq azaddır. Düşmən işğalından təmizlənən torpaqlarımızın yaraları sarınır, şəhid qanı ilə suvarılan torpaqlarda sevgi və qayğı ilə yaşıllıqlar salınır, bir sözlə, yenidən həyat çağlayır. Qış fəslinin son günlərini yaşayırıq. Təbiətə, insan ruhuna can verən yaza doğru gedirik. Yazda ağaclar çiçək açdığı kimi, arzularımız da qanadlanır, çiçək açır. Qarabağımız da çiçəklənir. Necə sevinməyəsən? Necə qürurlanmayasan? Yenidən qurulan Qarabağımızı, Şuşamızı görmək üçün 2022-ci ilin yanvarından istifadəyə verilən Bakı-Şuşa-Bakı avtobus reysinin xidmətlərindən yararlanmaq olar. Axı Qarabağın tacı olan Şuşanı görmək arzusunda olanlar çoxdur. Şuşalı da, şuşalı olmayan da, elə mən özüm də. O torpaqlarda cəngavər oğullarımızın izi qalıb. O torpaqlar qəhrəman Vətən övladlarının qanı ilə, ruhu ilə yenidən canlanıb. Burada şair gözəl deyib: 

 

Basdığın yerləri torpaq deyərək keçmə, tanı,

Düşün altındakı minlərcə kəfənsiz yatanı. 

 

Vətən müharibəsində şəhid olan baş leytenant Raqib Hüseynovun anası oğlunun dəfnində Şuşanı görmək istəyini dilə gətirmişdi. Ananın arzusu müqəddəsdir. Yüzlərlə şəhid anası kimi, o da min bir əziyyətlə boya-başa çatdırdığı igidinin aşiq olduğu, uğruna can verdiyi ana Vətəninin bir parçasını - doğma Qarabağı görmək istər. Baş leytenant Raqib Hüseynov Heydər Əliyev adına hərbi liseyin məzunu idi. Hərbi lisey haqqında dəfələrlə yazılıb, deyilib. Lakin bu dəfə liseyə başqa prizmadan yanaşmağı düşünürük.

Ulu öndər Heydər Əliyevin şah əsərlərindən biri məhz Naxçıvanda hərbi təhsil ocağının yaradılması idi. Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə ulu öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli "Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının açılması haqqında" sərəncamı imzalanıb. 1999-cu ildə filialda kursantlarla görüşən Ulu Öndər demişdir: "İllər ötəcək, biz yenidən burada görüşəcəyik və Naxçıvan filialı haqqında qəbul etdiyimiz qərarın da nə qədər vacib, əhəmiyyətli olduğunu bir daha təsdiq edəcəyik". Bəli, zaman bu qərarın nə qədər əhəmiyyətli olduğunu göstərdi. 

Dövlət başçısı İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə müstəqil lisey kimi fəaliyyətə başlayan və ulu öndər Heydər Əliyevin adını daşıyan təhsil ocağı bu gün yüzlərlə vətənpərvər gənci ordu sıralarında birləşdirir. Həmin vətənpərvər gənclər ki, Vətən müharibəsində  göstərilən etimadı doğrultdular. Liseyin məzunlarından olan  59 nəfər şəhidlik mərtəbəsinə yüksəldi. Qazilər, döyüşçülər orden və medallarla qayıtdılar. 

Mübaliğəsiz deyirəm - hərbi lisey müqəddəs ocaqdır. Gələcəyimizi əmanət edə biləcəyimiz, düşmənə çəpər olan oğulların ocağıdır bura. O oğullar ki, ulu öndər Heydər Əliyevin adını daşıyan liseyi öz qəhrəmanlıqları, Vətənə sədaqətləri ilə tanıdırlar. Şəhid valideynlərinin də təsəlli ocağıdır hərbi lisey. Övladlarının azad etdiyi torpaqlarda liseyin məzunları olacaq gənclər xidmət edəcəklər. 

Fəxarət dolu duyğu və düşüncələrimdən məni liseyin zabiti mayor Sərxan Səvxanov ayırır. İçəri dəvət etdi. Gəlişim böyük tənəffüs vaxtına təsadüf etdiyindən kursantlarla məktəbin həyətində görüşürük. Gələcəyin Vətən müdafiəçiləri - zabitləri ilə şəkil çəkdirirəm - qürurla, sevgiylə. Şəkil və yazını haradan, necə əldə edə biləcəklərini soruşurlar. Yadıma 2019-cu ildə kursant Bağır Bağırzadədən aldığım müsahibə düşdü. Həmin hissəni olduğu kimi təqdim edirəm: "Müqəddəs amal uğrunda artıq ilk addımlarınızı atmısınız, əziz kursantlar! Mətin addımlarla irəliləyin. Bilin ki, bu torpaq sənindir, mənimdir, bizimdir. Onu qorumaq şərəfi isə sizə nəsib olacaq. Bu şərəfli yolda, əziz gənclər, hər birinizə uğurlar arzulayırıq! Kursant Bağır Bağırzadə, səninlə müsahibəmi isə bitirmədim. Biz Şuşada  görüşəcəyik…"

Bəli, Şuşa artıq gerçəkdir. O fikri isə ordumuzun gücünə əminlik hissinin ifadəsi kimi yazmışdım. Bəzi təsadüflər müqəddəs arzulardan doğar. Gələcəyin zabitləri olacaq bu Vətən sevdalıları ilə Şuşada görüşüb həmsöhbət olacağım anı şəkillərdə əbədiləşdirəcəyim də bu qəbildən istisna deyil...

Kursant Nəbi Məmmədov Kəngərli rayon Qıvraq qəsəbəsindəndir. Xalası oğlu Elçin Əsgərovun seçimi onu da həvəsləndirib. Geyindiyi forma, oxuduğu hərbi lisey diqqətini çəkib. Nəbi liseyə qəbul olan ili leytenant Elçin Əsgərov Vətən müharibəsində şəhidlik məqamına qovuşur. Bu hadisə Nəbini hərb peşəsinə daha da sıx tellərlə bağlayır. İgid oğulların qanı bahasına azad edilən torpaqları həm də göz bəbəyi kimi qorumaq lazımdır axı.

Kursant Elvin Quliyev isə formanı ilk əmisində görüb. Özünü də hərbi formada təsəvvür edib. Və artıq arzusunun astanasındadır. Şuşaya qədər şərəfli döyüş yolu keçən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlılarının şücaəti Elvinə örnək olub. 

Elvin Quluzadə Sumqayıt şəhərindəndir. Atası Naxçıvanda xidmət etdiyi üçün 10 ildir ki, burada yaşayırlar. Atasının yolunu davam etdirmək istəyən Elvin arzusunu ilk olaraq Heydər Əliyev adına hərbi liseydə gerçəkləşdirib. Özünü peşəkar hərbçi kimi yetişdirməkdə iddialıdır: "Liseydə yüksək tədris şəraiti yaradılıb. Bu isə imkan verir ki, biz dərslərimizi əla oxuyaq. Müəllimlərin, zabitlərin qayğısını daim öz üzərimizdə hiss edirik. Fənn kabinələri, laboratoriyalar, elektron lövhəli siniflər, STEAM kabinəsi ixtiyarımızdadır. İdman zalı, liseyin geniş ərazisində mövcud olan futbol meydançası, idman qurğuları bizim  fiziki hazırlığımıza müsbət təsir göstərir". 

Şahmar Abbasquliyevin yaxın qohumları, o cümlədən qardaşı leytenant Abbasqulu Abbasquliyev Vətən sərhədlərinin keşiyindədir. Əlaçı kursant Şahmar Abbasquliyev seçdiyi peşənin ali rütbəsinədək yüksəlmək, uğurları ilə seçilmək niyyətindədir. 

Kursant Muxtar Həsənov isə Babək rayonunun Nehrəm qəsəbəsindəndir. "Nehrəmli üç igid Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlib. Nehrəm ən son 2021-ci il noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan leytenant Ümüd Niftəliyevi qarşılayıb. Ümüd Niftəliyev də hərbi liseyin məzunu olub. İgidlərimizin bizə əmanət etdikləri torpaqları qorumaq müqəddəs vəzifəmizdir", - kursant Muxtar Həsənov deyir.

Liseyin zabiti baş leytenant Ceyhun Hüseynov bildirir ki, 1998-ci ildə 56 nəfər kursantla fəaliyyətə başlayan hərbi liseyin bugünədək minlərlə məzunu olub. Hazırda onların bir çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir. Torpaqlarımızın azad olunmasında rəşadət göstərən peşəkar zabit heyətinin sırasında bu liseyin məzunlarının da olması qürurvericidir.

Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi İradə Zeynalova 20 ildir ki, liseydə fizika fənnini tədris edir: "Bu illər ərzində liseyimiz təqdirəlayiq böyük inkişaf yolu keçib. Liseyin maddi-texniki bazası möhkəmləndirilib, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Ali Məclis sədrinin qayğısı ilə liseydə STEAM kabinəsi yaradılıb və müxtəlif avadanlıqlarla təchiz olunub. Kursantlar bu avadanlıqlarla tanış olmaqla 3D modelləşdirmə, mikrobit və arduino ilə işləmə proqramlarına yiyələnirlər. Muxtar respublikanın təhsil müəssisələrində, o cümlədən liseyimizdə yeni texnologiyaların tətbiqi yüksək ixtisaslı kadrların hazırlanmasına şərait yaradır. Həmçinin kursantlar il ərzində şəhər və muxtar respublika miqyaslı fənn olimpiadalarında, idman yarışlarında, bədii özfəaliyyət baxış-müsabiqələrində   müntəzəm  iştirak edərək layiqli yerlər tuturlar. Yaradılan şəraitdən səmərəli istifadə edərək bilikli, vətənpərvər gənclərin - gələcəyin zabitlərinin hazırlanmasına töhfəmizi bundan sonra da əsirgəməyəcəyik".

Naxçıvan şəhərində ilk hərbi təhsil ocağı kimi fəaliyyətə başlayan Heydər Əliyev adına hərbi liseydə hər il buraxılış mərasimləri yüksək səviyyədə keçirilir. Məzunlara xeyir-dua verilərək seçdikləri bu şərəfli və Vətənin müdafiəsində dayanmaq kimi məsuliyyətli yolda uğurlar arzulanır, təntənə ilə yola salınırlar. Kursantlar göstərilən etimadı doğruldacaqlarına, liseyin adını hər zaman uca tutacaqlarına söz verib seçdikləri yolda addımlarını qətiyyətlə atırlar. Liseyi bitirən məzunlar istər Aprel döyüşlərində, istər uğurlu Günnüt əməliyyatında, istər Vətən müharibəsində, istərsə də gündəlik xidmətləri dövründə hər zaman öndə olublar. 

Budur, hərb peşəsi - ölümün gözünə dik baxmaq, içdiyin anda sadiq qalmaq, son damla qanına qədər Vətəni müdafiə etmək! Bu amala sahib olan gənclər nə bəxtiyardır! Nə qədər cəsarətli, qətiyyətli, uca bir qəhrəmandır! Düşmənə sipərdir, şəhiddir, qazidir, örnəkdir! Düşmən qarşısında əyilməyən cəngavərdir!

Liseyin məzunları olan cəngavərlər Vətən müharibəsində göstərdikləri şücaət ilə adlarını tarixin səhifələrinə əbədi həkk etdilər. Ordu sıralarında peşəkar zabit kimi formalaşmış bu gənclər əsgərlərini arxalarınca apararaq yol açdılar, qələbəyə inam hissi aşıladılar. Son damla  qanlarına qədər döyüşdülər. Gənc ömürlərini Vətənə fəda etdilər: Elşən Orucov, Vüsal Vəliyev, Allahyar Telmanlı, Məmməd Zamanlı, Həmid Qasımov, Elməddin Meydanov, Həsən Quliyev, Zülfü Rzayev, Əli Babayev, Vəli Quliyev, Yaqub Nəcəfov və sadalamadığım digər məzunlar, qəhrəmanlar... 

Ulu Öndərin şah əsərlərindən olan lisey bir məbəddir - vətənpərvərlik, sədaqət, cəsarət və qəhrəmanlıq məbədi. 

 

Ruhiyyə RƏSULOVA Naxçıvan Televiziyasının baş redaktoru