Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

Xocalı faciəsi: bir şahidin dilindən

Tarixin tükürpədici dəhşətləri zaman keçdikcə üzə çıxır, yaraları qaysaq bağlamır. Qan sızan o yaraları gizlətmək mümkünsüzdü. Xocalı faciəsi kimi.
XX əsrdə düşmənlərimizin Azərbaycan xalqına yaşatdığı Xocalı faciəsi inanılmaz dərəcədə dəhşətli faktlara, miqyasına və mahiyyətinə görə tarixdə  Holokost, Xatın, Oradur soyqırımı kimi insanlıq tarixinə yazılan qanlı olaylarla birgə xatırlanır. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Soydaşlarımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub. Xocalı faciəsi bunların içində xüsusi amansızlığına görə seçilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımının ildönümü münasibətilə xalqımıza müraciətində dediyi "Heç bir hərbi zərurət olmadan yüzlərlə dinc sakin tarixdə analoqu olmayan işgəncələrlə öldürüldü, meyitləri təhqir olundu. Uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi. XX əsrin sonunda təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri baş verdi. Xocalı faciəsi öz ağırlığına, vəhşiliyinə və amansızlığına görə bəşəriyyətə qarşı törədilmiş cinayətlər sırasında xüsusi yer tutur" kəlamında faciə bütün mahiyyətiylə ifadə olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. O müdhiş gecədən 30 il keçir.
Xocalı faciəsini ömrü boyu unutmayacaq canlı şahidlərdən biri də səkkiz gün erməni əsirliyində dəhşətli işgəncələrə məruz qalmış Dürdanə Ağayevadır.
Dürdanə xanım Xocalı qətliamında əsir götürülənlərdən biri idi. 20 yaşı vardı onda Dürdanənin. Həyatının cəhənnəmi hesab etdiyi əsrə bərabər 8   günü yaşamamaq üçün nələr etməzdi... O səkkiz günün hər anı Allahdan ölüm diləyib, amma… Onun qismətində istəməsə də, yaşamaq vardı: sağ qalıb, erməni vəhşiliyini dünyaya car çəkmək üçün…
İnsan keçmişini deyil, gələcəyini düşünüb yaşayır, ancaq keçmiş heç zaman unudulmur. O da  keçmiş günləri, əzab-əziyyətləri heç zaman unutmayacaq.
- 1972-ci ildə Xocalıda anadan olmuşam. 1989-cu ildən Xocalı Telefon Qovşağında telefonçu işləmişəm. Hər il fevralın 25-dən 26-na keçən gecə, demək olar ki, havalanıram. Həmin tarix gözümün önündə canlanır. İnanın ki, 1992-ci ildə nələri yaşamışıqsa, hər dəfə eyni hissləri keçirirəm. Çox dəhşətli duyğudur...
Dürdanə xanım deyir ki, Xocalı faciəsindən 10 gün qabaq işdə olarkən telefona bir zəng gəldi. Kobud səsli bir kişi mənə az qaldığını, kökümüzü kəsəcəklərini, bizi oda qalayacaqlarını dedi. Həmin zəngdən bərk qorxmuşdum. Naməlum zəng haqqında Milli Qəhrəmanımız, Xocalı aeroportunun rəisi Əlif Hacıyevə məlumat verdim. Əlif Hacıyev də məni sakitləşdirmək üçün bunun heç zaman olmayacağını bildirdi. Bir az keçmiş gəldi iş yerimizə və bizə dedi: "Görün kimdən, erməni dığalarından qorxursunuz. Biz ölməmişik ki. Qorxmayın, ürəkli olun". Ermənilər Əlifdən çox qorxurdular. Onun bizə ürək-dirək verməsinə baxmayaraq, onlar dediklərini elədilər. Erməniyə də güc verən 366-cı motoatıcı alay, keçmiş Sovet ordusu oldu…".
Faciə baş verənə qədər Xocalı sakinlərinin böyük əksəriyyəti şəhərdə olub. Çox az sayda qadın və uşaqlar çıxarılıbmış. İnsanların şəhərin blokadadan çıxarılacağına, kömək gələcəyinə ümidləri böyük idi. Düşünürdülər ki, düşmən tezliklə geri oturdulacaq. Şəhər hər gün atəşə tutulurdu. Fevralın 24-də növbədə olan müsahibim deyir ki, başda Bakı olmaqla bütün rayonlarımıza zəng edərək kömək istəyib. Fevralın 25-də tam bir sakitlik hökm sürürmüş. Tufandan öncəki sakitlik… Sən demə, düşmənin başı şəhəri zirehli texnika ilə mühasirəyə almağa qarışıbmış. İnsanlar isə bu gecə evlərində rahat yatacaqlarına sevinirmişlər.
"Gecə saat 11-ə 20 dəqiqə qalmış düşmən şəhəri atəşə tutmağa başladı.  Top, tank səslərindən qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha da kəskinləşdi. Vəziyyət ağırlaşanda camaat bir müddət evlərin zirzəmilərində gizləndi. Gələn səslərdən anlayırdıq ki, tanklarla, toplarla evlərimizi dağıdırlar. Güllələrin işığından hər yer işıqlanırdı. Az sonra xəbər gətirdilər ki, düşmən Xocalı aeroportuna girib. Aeroport da xocalılıların yeganə çıxış yolu idi. Bu xəbərdən sonra zirzəmidə qalmağın mənasız olduğunu anladıq. Şəhərdən uzaqlaşmağa məcbur olduq. Təxminən gecə saat 1-2 radələri olardı. Sakinlər şəhəri tərk edirdilər…".
O gecə xocalılıların ürəklərinə nəinki 30 il, hətta əsrlər keçsə belə sönməyən od vuruldu. Ana-baladan, bacı-qardaşdan ayrı düşdü. Düşmən yalquzaq tək qocaya, xəstəyə, qadına, körpəyə aman vermədi. Uşaqları valideynlərinin, valideynləri övladlarının gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirirdilər.
"Ölənə qədər yadımdan çıxmaz: Qucağında uşaq olan ananı vurdular, yerə yıxılan ananın qucağındakı uşaq "ana" deyə qışqırıb ağlamağa başladı. Azğınlar uşağı da güllələdilər.  Ana ilə övladının qanı bir-birinə qarışdı. Yanımda yeddi aylıq hamilə qadın vardı, güllə ilə başından vurdular...".  
Min bir əziyyətlə Qarqar çayının sahilinə gəlib çıxıblar. Qışda qar dizə çıxan bir vaxtda buz bağlamış çayın buzunu qıra-qıra qarşı tərəfə keçiblər.  Neçə nəfər donub elə oradaca qalıb. Çayı keçəndən sonra 366-cı alayın törətdiyi dəhşətli cinayəti görüblər.
Dürdanə xanım deyir ki, o buz kimi havada qarı yara-yara Ağdam istiqamətinə qaçırdıq. "Hər tərəf insan meyitləri idi. Qara Qayanın üstündə əsir düşdük. Erməni dığaları birdən qarşımızı kəsib, bizi atəşə tutdular. Xocalılıların yükü balaları idi. Elə bir ana yox idi ki, onun bağrında övladı olmasın. Mən ayağımdan güllə yarası aldım. Anam və qardaşlarımdan o qarışıqlıqda ayrı düşdüm. Sürünə-sürünə gəlib çıxdım xəndək kimi bir yerə. Qardaşım Elşad da burada idi. O da yaralanmışdı. Biz sürünə-sürünə gedirdik, ermənilər qarşımızı kəsib dedilər ki, qalxın ayağa, sizi öldürməyəcəyik. Onlar Azərbaycan dilində təmiz danışırdılar. Mən də qardaşım Elşaddan tutub gedirdim, yanımızda Valeh, bir də Qanboy adlı bir oğlan və onun 5 yaşlı uşağı var idi. Bizi 3 kilometr piyada apardılar. Palçığa bata-bata, yıxıla-yıxıla gəlib çatdıq Əskəran rayonuna. Hamımızı üzü üstə asfalta uzatdılar…".
Ermənilər onu çox incidiblər, əllərini qapı arasına qoyublar, başını yerə qoyub ayaqları ilə vurub, torpaq yedizdiriblər. O, daha çox döyülüb, işgəncə görüb - rabitəçi olduğuna görə…
"Biz əsir götürüləndə qadınları kişilərdən ayırdılar. Həmin gün mən əlimi Elşaddan üzdüm. Dəhşətli günlərim başladı...
Orada Vitaliy Balasanyan var idi. O, Allahverdi Bağırovla əsirlərin dəyişdirilməsində əlaqə yaratmışdı və buna rəhbərlik edirdi. Deməli, getməmişdən bir gün qabaq Vitaliy məni yanına çağırıb, məktub yazdırdı. Dedi ki, "buraxacam səni". Mən də dedim ki, "qardaşım Elşadı da buraxın, çünki ondan başqa heç kimim qalmayıb, bütün ailəm qırılıb. Elşadımı mənə verin". O da qayıtdı ki, "əgər öldürməyiblərsə, baxaram". Nəsə, Vitaliy Elşadı gətirdi. Elşad məndən bir yaş kiçikdir. Düşünə bilirsiniz, o cəhənnəmin içində belə  şükür edirdim ki, Elşadın gözü önündə məni alçaltmadılar. Bu günün özündə də o günləri xatırlayanda ona sevinirəm".
Dürdanə xanım danışdıqca sanki nəfəsi köksünə sığmırdı, boğulurdu. Başını dik tuturdu, gözyaşları ürəyinə axırdı. Onun danışdıqları gözlərim önündə canlandıqca sanki damarlarımda qanım donurdu… "20 yaşlı arıq, gənc qızın bütün paltarlarını əynindən çıxarıb təpikləyirlər. Saatlarla buz kimi su ilə dolu vannada saxlayandan sonra zəncirlə, dəmir parçası ilə döyürdülər. “Məni 3-4 erməni o qədər döymüşdü ki, elə biliblər ölmüşəm, götürüb atmışdılar qarın üstünə. Çöldə don vurmuşdu məni, kirpiklərim bir-birinə yapışmışdı. Gözümü neçə saatdan sonra açmışam. O gecə məni saçımdan tutub sürüyən erməni dedi ki, "hələ ölməmisən?". Hissiyyatım tamamilə yox idi, əlimi əlimə vururdum, heç nə hiss etmirdim. Kürəyimə, ayaqlarıma batan şüşə qırıqlarının ağrısı isə dözülməz idi.  Bircə dilim tərpənirdi… Orada Monte Melkonyan da Xocalıdan olan əsirlərə olmazın işgəncələr verirdi. Karo neçə-neçə oğullarımızı öldürdü, başını kəsdi, qız-gəlinlərimizə olmazın işgəncələr verdi. Məni Xankəndidən Əskərana aparanda soruşdu ki, "eviniz haradadır?". Evimiz yol qırağında idi deyə göstərdim. Evimiz iki mərtəbəli idi. Baxdım ki, ikinci mərtəbəsini dağıdıblar. Karo məni evimizin həyətinə apardı, orada öncə zəncirlə, sonra şlanqla o qədər döydü ki”.
Dürdanə xanım deyir ki, o anlarda sanki ruhum bədənimdən ayrılmışdı. Gah bir kənarda dayanıb ağrıdan qıvrılan Dürdanəyə baxır, gah keçmişi xatırlayır, gah da xəyallara dalırdı. Artıq ağrını da hiss etmirdim. Xəyalımda evimizin 12 pilləkənindən düşüb dərsə gedir, pilləkəndə oturub kitab oxuyurdum. Anasının arzuladığı kimi şüşəbənddə qardaşı onu lampanın başına fırlayır, o 12 pilləkəni ağ gəlinlikdə düşürdü... Mən bunu o gün sadəcə xəyalımda yaşadım... Allah bunu mənə nəsib etmədi...
O müdhiş gecədən 30 il keçib. Amma işgəncə verilənlərin əzablı qışqırtıları, güllələnən, başı kəsilən günahsız insanların son baxışları hafizəmizdən silinmir ki, silinmir.
Bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən də layiqincə davam etdirilir. Şübhəsiz ki, "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, bilavasitə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir yol xəritəsidir. Faciənin mənəvi və siyasi-hüquqi təminat almasına istiqamətlənmiş  həmin kampaniya bu gün dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir.  
İllərlə susub Dürdanə xanım. Susmağının səbəbi gəncliyi olub. Deyirlər, "elnən gələn dərdi toy-bayram kimi qəbul etməliyik". O da elnən gələn dərdi, qəbul edib, susub. Özünə qapanıb, hisslərini, o dərdi-qəmi ürəyində boğub...
Düşmənin iç üzünü dünyaya bəyan etməyi qarşısına məqsəd qoyan Dürdanə xanım əsir olduğu səkkiz günlə bağlı "Erməni zindanında səkkiz gün" adlı kitab yazıb. 2015-ci ildə Türkiyədə işıq üzü görən kitabda əsirlik həyatını olduğu kimi əks etdirib. 2017-ci ildə kitab Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada rus dilinə tərcümə edilib. Dürdanə xanım deyir ki, "Erməni zindanında səkkiz gün" kitabı bütün xocalılılarındır. "Mən Xocalı faciəsinə görə dünyaya səs salan bir qadınam. Erməni vəhşiliyini bütün dünyaya yayacağam".
Müsahibim iki dəfə Amerikada, Romada, Moskvada olub. Hər il Türkiyədə Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərə dəvət alır. Tədbirlərin birində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb, kitabını ona təqdim edib.
Xocalı faciəsini törətməkdə düşmənin niyyəti xalqımızın mübarizə əzmini qırmaq, qorxutmaq, tarixi torpaqlarımızın itirilməsi ilə barışmağa məcbur etmək idi. Xalqımızın başının üstünü qara buludlar aldığı o günlərdən illər keçsə də, düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırıma məruz qalanların qisası döyüş meydanında alındı.
Dürdanə xanım deyir ki,  44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. “Bununla da həmin şəhidlərin yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının yanan ürəyinə su çilədilər. Ordumuz tərəfindən məhv edilən Rüstəm Qasparyanı da Xocalıda görmüşdüm. O da bizlərə edilən işgəncələrin başında dururdu. Onun ordumuz tərəfindən öldürüldüyünü eşidəndə ən azından təsəlli tapdım. Vətənimizin mərd oğulları döyüş meydanında Xocalı cəlladlarını məhv etdilər, faşist xislətli ermənilərə heç zaman yadlarından çıxarmayacaqları dərs verdilər”.
Dürdanə xanım inanır ki, yaxın gələcəkdə Azərbaycan dövlətinin yaratdığı "Xocalı muzey-şəhər"inə qayıdacağıq. Xocalıya hər hansısa nəqliyyat vasitəsinə bilet alıb birbaşa getməyəcək Dürdanə xanım. O dəhşətli gecədə necə ki, qorxu, vahimə içərisində qaçaraq, sürünərək göz yaşları içərisində tərk edib arxada qoyduğu Xocalıya çıxdığı kimi qayıdacaq. İllərdir kabusuna çevrilən qaranlıq, soyuq, qarlı meşədən, əsir düşdüyü Qara qayada dərindən bir nəfəs alaraq... Bu 30 il əvvəl yaşanmış ağrı-acılara təsəlli olacaq.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"