Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Fevral 2022 12:20

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilən cinayətdir

(Əvvəli ötən sayımızda)

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixində "Xocalı soyqırımı günü haqqında" qərar qəbul edilmişdir.
Ulu öndər Heydər Əliyev hər çıxışında xalqın dərdinə şərik olaraq deyirdi: "...Ermənistanın təcavüzü başlanandan indiyə qədər təxminən 16 min azərbaycanlı şəhid, tələf olmuş, 22 minə qədər adam yaralanmış, bir milyona yaxın adam isə qaçqın düşmüşdür. İndi qaçqınlarımızın, məcburi köçkünlərimizin sayı bir milyondan artıqdır. Kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz viran olmuşdur... Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur. Bütün bu qanlı faciələrin qarşısının alınmasında, o cümlədən, Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar... Faciə haqqında dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin həqiqi miqyasını xalqdan gizlətməyə cəhd etmiş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər...".
Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatından bir hissə: "1992-ci il fevralın 26-da Ermənistan Respublikasının silahlı birləşmələri, Dağlıq Qarabağdakı yerli erməni yaraqlıları və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca yalnız azərbaycanlı olduğuna görə qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyulmuşlar. Erməni hərbçiləri öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar". "Xocalı şəhərində törədilmiş müdhiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş müddəalara tam uyğun gəldiyini sübut edir. Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır. Erməni millətçiləri Xocalıda bu soyqırımı əməlini törədərkən doğma torpağını qəsbkarlara vermək istəməyən Azərbaycan xalqını qorxutmaq, onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. Azərbaycan Respublikasının o dövrdəki prezidenti Ayaz Mütəllibovun və digər rəhbərlərinin cinayətkar səhlənkarlığı erməni millətçilərinin bu ağır cinayət əməlini törətməsinə şərait yaratmışdır. Hakimiyyətlə müxalifətin qarşılıqlı ittihamları və siyasi mübarizəsi nəticəsində Xocalının müdafiəsi lazımi səviyyədə təşkil edilməmiş, şəhərin dinc əhalisinə heç bir köməklik göstərilməmişdir. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: "Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir".
Prezident İlham Əliyev isə Xocalı faciəsilə bağlı fikirlərini bir daha açıqladı: "Ümummilli liderimiz Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu qanlı cinayət siyasi-hüquqi qiymətini almış, onun dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınması üçün tədbirlər görülmüşdür".
Xocalı soyqırımının 15-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətindən: "Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist-millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir".
Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli fəaliyyət göstərməkdədir. "Xocalıya Ədalət!" kampaniyasının təşəbbüskarı olmaqla, Heydər Əliyev məktəbinin yetirməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın siyasi fəaliyyəti ilə müstəqil Azərbaycanın çırpınan ürəyi kimi dünyanın ən mötəbər tribunalarından beynəlxalq terrora "Yox!" deyərək, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri, terror dəstələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımına dair həqiqətlər haqqında dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuş və davamlı tədbirlər keçirmişdir, haqqın yer üzündə bərqərar olması üçün hamını birliyə səsləmişdir.
Prezident İlham Əliyev Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində vurğulamışdır ki, "Azərbaycan dövləti erməni faşitlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır”.
Leyla Əliyeva çıxışında qeyd edirdi: "Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi həmişəlik yazılmış faciədir, Xocalının dinc sakinlərinə qarşı bu qəddarlığın, bu vəhşiliyin səbəbi nə idi? Axı onlar, heç bir silahlı müqavimət göstərmədən geri çəkilirdilər. Deməli, bu, qəsdən törədilmiş aksiya, Azərbaycan xalqına qarşı əsl soyqırım, kütləvi vahimələndirmə aksiyası idi. Lakin zaman göstərdi ki, Azərbaycan xalqının əzmi qırılmamışdır və heç vaxt qırıla bilməz. Biz, sağ qalanlar, bu faciə haqqında həqiqəti bütün dünyaya çatdırmalı, baş vermiş hadisəyə beynəlxalq siyasi və hüquqi qiymət verilməsinə nail olmalıyıq. "Xocalıya Ədalət!" kampaniyası həqiqətə, ədalətə, bütün dünyaya, bütün lazım olan ümumbəşəri dəyərlərə istiqamətlənmişdir." "Xocalı faciəsinin beynəlxalq birlik tərəfindən insanlığa qarşı cinayət və soyqırımı aktı kimi tanınmasına nail olmaq hər bir azərbaycanlının vəzifəsi, o cümlədən mənim də vəzifəmdir. Bu cinayət bir daha təkrarlanmamalıdır".
2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi, Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir.
Prezident İlham Əliyev vurğulayırdı: "Bizim əzəli torpağımız olan Qarabağ bu gün siyasi və hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Ərazi bütövlüyü məsələlərində heç bir güzəştdən söhbət gedə bilməz. Heç vaxt Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək".
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Dövlət başçısı demişdir: "Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir "dəmir yumruq" yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim "dəmir yumruğ"umuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu "dəmir yumruq" düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın "dəmir yumruğ"u onların belini qıracaq. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq".
Prezident İlham Əliyev ölkə iqtisadiyyatını inkişaf etdirərək, 30 il ərzində xarabazara çevrilmiş Qarabağ torpaqlarını yenidən dirçəldərək, Azərbaycanı yeni zirvələrə doğru aparmaqdadır. 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında müzəffər Ali Baş Komandanın tapşırıqları, həmçinin müharibə dövründə və ondan sonrakı dövrdə diplomatik əlaqələrin düzgün və korrekt qurulması hesabına region və dünya miqyasında aparıcı dövlətlərlə aparılan danışıqlarda milli maraqlarımızın tam təmin olunmasına gətirib çıxarması, ən nəhayət Türkiyə ilə Azərbaycan arasında bütün sahələri ehtiva edən Şuşa Bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin uğurlu siyasi strategiyasının nəticəsidir. Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu strategiyasının nəticəsində Azərbaycanın azad edilmiş torpaqlarına bundan sonra həyat qayıdacaq.

Günel MƏLİKLİ Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professoru