Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Fevral 2022 12:00

“Məskənimiz həmişə zirvələr olacaq”

İllərdən bəri erməni işğalçılarının əsarətində qalmış torpaqlarımızın Vətən müharibəsi nəticəsində azad olunmasına hamımız sevindik, qəlbimiz fərəh və qürurla doldu. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərərək düşməni məhv etdi. Xalqımıza böyük sevinc yaşatdı. Vətən müharibəsində xalqımıza sevinc yaşadanlardan biri də polkovnik-leytenant  Aqil İsmayılovdur. Təcrübəli zabitin döyüş yolu Cəbrayıldan, Xocavənddən, Füzulidən və mədəniyyət beşiyimiz olan Şuşadan keçib. Əks-hücum əməliyyatları zamanı üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Cəsarəti ilə tabeliyindəki zabit və əsgərlərə nümunə olub, onları qələbələrə ruhlandırıb. İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə polkovnik-leytenant İsmayılov Aqil Yaşar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Zabit Aqil İsmayılovla söhbətimiz zamanı onun ömür və döyüş yolu ilə yaxından tanış olduq. Öyrəndik ki, Aqil əslən Cəbrayıl rayonundandır. 80-ci  illərdə ailəsi Beyləqan rayonuna köçüb. Gələcəyin cəsur zabiti 29 sentyabr 1977-ci ildə Beyləqanda dünyaya göz açıb. 4 nömrəli orta məktəbdə oxuyub. 1993-cü ilin iyulunda Cəbrayılın - doğma ata-baba ocaqlarının ermənilər tərəfindən işğal olunması onu sarsıdıb. Həmin günlərdə hərbçi olacağına qərar verib. 1994-cü ildə orta təhsilini başa vurduqdan sonra Bakı Ali Birləşmiş Komandirlər Məktəbinə üz tutub. 1998-ci ildə hərbi təhsilini bitirdikdən sonra "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayıb. Uzun illər xidməti vəzifəsini cəbhə bölgələrində yerləşən hərbi hissələrdə yerinə yetirib. 2016-cı ildə ordumuz üçün uğurla başa çatan Aprel döyüşlərində iştirak edib. Cəsur zabit böyük strateji əhəmiyyətə malik olan Lələtəpə yüksəkliyinin azad olunmasında hünər göstərib. Əməliyyat zamanı yaxınlığında mərmi partlamasından yaralansa da, döyüşdən çıxmayıb, yüksəklik uğrunda sonadək vuruşub. Böyük sevinc içində Lələtəpənin zirvəsinə qalxıb, doğma Cəbrayıl torpaqlarını həsrətlə süzüb. Günlərin birində işğalda qalan o yerlərin də azad olunacağına inanıb.
Aprel döyüşlərinin iştirakçılarından biri olan polkovnik-leytenant Aqil İsmayılov 2019-cu ildə ehtiyata buraxılıb. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı nəticəsində İkinci Qarabağ müharibəsinin başladığını eşidəndə Vətən uğrunda vuruşmağın zamanı yetişdiyini hiss edib. Uzun illər yurdumuzu işğalda saxlayan düşmənə olan nifrəti onu yenidən hərbi forma geyinməyə səsləyib. Həmin gündən də polkovnik-leytenant Aqil İsmayılovun şərəf dolu döyüş yolu başlayıb.
- Yurdumuzun azadlığı uğrunda müharibənin başladığını eşidən kimi özümü Vətənin əsgəri hiss etdim, - deyə zabit Aqil İsmayılov söhbətə başladı. - Ehtiyatda olsam da, Qarabağ döyüşlərində iştirak etməyə bilməzdim. Bunu Vətən mənə bağışlamazdı. Yurdumuzu ermənilərdən azad etmək hərbçi kimi mənim müqəddəs borcum idi. Bu borcu yerinə yetirməyin zamanı çatmışdı. Vaxt itirmədən hərbi forma geyinib cəbhə bölgəsinə yola düşdüm. "N" hərbi hissəsində komandanlığa müraciət edərək döyüşmək istədiyimi bildirdim. Müraciətim müsbət həll olundu. Məni ehtiyatdan döyüşə könüllü gəlmiş zabit və əsgərlərin tabor komandiri təyin etdilər. Biz döyüşlərə Xocavənd rayonunun ərazisində cəlb olunduq. Həmin günlərdə Hadrut qəsəbəsi uğrunda göyüşlər gedirdi. Düşmən müqavimət göstərir, geri çəkilmirdi. Zabit və əsgərlərimiz mətinliklə vuruşurdular. Çox keçmədi ki, qəsbkarlar əks-hücumlarımız qarşısında  duruş gətirə bilməyib qaçmağa başladılar. Torpaqlarımız addım-addım işğaldan azad olunurdu. Döyüşlərin ilk günlərindən qələbə sevinci yaşayırdıq. Bir müddətdən sonra bizi Cəbrayıl və Füzuli istiqamətinə göndərdilər. Ata-baba yurdum Cəbrayıl uğrunda döyüşmək mənim üçün böyük şərəf  idi.
Zabit Aqil İsmayılov daha sonra Şuşa ətrafında gedən döyüşlərdən danışdı. Dedi ki, Xocavəndin kəndlərini azad edə-edə Qarabağın tacı olan Şuşaya yaxınlaşırdıq. Düşmənin bu istiqamətə xeyli qüvvə topladığını öyrənmişdik. Qəsbkarların bu qüvvələrini darmadağın etməyə hazır idik. Noyabrın ilk günləri idi. Döyüşlər Şuşa istiqamətində gedirdi. Çaraqçı kəndinin ətrafındaydıq. İşğalçılar bu kəndi əldən vermək istəmirdilər. Çünki buradan yol bizi Şuşaya aparacaqdı. Böyük strateji əhəmiyyəti olan bu kənd uğrunda da qanlı döyüş getdi. Bu, iştirakçısı olduğum ən gərgin savaşlardan biri oldu. Düşməni Çaraqçı kəndindən də qovduq. Şuşaya gedən yollar açıldı. Bir dəqiqə olsun belə dayanmadan irəliləyirdik. Artıq komandanlıq taborumuza Ağdamdan Şuşaya gələn yolu nəzarətə götürməyi tapşırmışdı. Düşmənin diqqətini yayındırmaq üçün aldadıcı manevrlər edə-edə Şuşaya doğru irəliləyirdik. Azərbaycan əsgərindən qorxan işğalçılar geri çəkilirdi. Vuruşa-vuruşa Topxana meşəsini də keçdik. Meşədə düşmənin ciddi müqaviməti ilə qarşılaşsaq da, onları məhv etdik. Şuşa uğrunda qanlı döyüşlər oldu. Ermənilər şəhəri əllərində saxlamaq üçün bütün qüvvələrini səfərbər etmişdilər. Lakin yağılar bizimlə bacara bilmədilər. Şəxsi heyət böyük cəsarətlə vuruşdu. Nəticədə Şuşa erməni qəsbkarlarından azad olundu. Tarixi bir gün yaşadıq.
Qalib gəlmək, zəfər çalmaq gözəl hissdir. Vətən müharibəsində torpaqlarımızı ermənilərdən azad etdiyimizə görə bu gün alnımız açıq, başımız ucadır. Bundan sonra məskənimiz həmişə zirvələr olacaq. Heç vaxt zirvələrdən enməyəcəyik.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"