Ordunun gücü onun döyüş və mənəvi-psixoloji hazırlığının vəhdəti ilə müəyyənləşdirilir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid komandanlıq yaradıldı. 1994-cü il yanvarın 4-dən 5-nə keçən gecə həyata keçirilən, Füzuli rayonunun Araz boyunca yerləşən 22 kəndinin, Horadiz qəsəbəsinin, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi ilə nəticələnən Horadiz əməliyyatı ordunun özünə, xalqın orduya inamını artıırdı. Xalq əmin oldu ki, Azərbaycan ordusu Ümummilli Liderin komandanlığıyla təkmilləşir, nizami ordu kimi formalaşır. Bu əməliyyat ordunun şəxsi heyətinin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının səviyyəsinin göstəricisi kimi tarixləşdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu ordu quruculuğu istiqamətində də uğurla davam etdirdi. Ermənistan da, ona havadarlıq edən dövlətlər də 2016-cı ilin Aprel doyüşlərində, 2018-ci ilin mayında keçirilən Günnüt əməliyyatında, 2020-ci ilin iyul döyüşlərində Azərbaycan əsgərinin qazandığı qələbələri onun döyüş hazırlığını tamamlayan yüksək döyüş əzminin, qələbə ruhunun səviyyəsinin göstəricisi bildi.
Vətən müharibəsindən əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ön xətdə, səngərlərdə əsgər və zabitlərlə görüşməsi, xidmətdə fərqlənənləri mükafatlandırması da mənəvi-psixoloji hazırlıqda mühüm əhəmiyyət kəsb edir. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, ən müasir silahlarla, döyüş texnikalarıyla, uçuş aparatlarıyla təchiz edilməsi, müxtəlif miqyaslı təlimlər, bu sıradan beynəlxalq təlimlər şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yüksəltdiyi kimi, müxtəlif vətənpərvərlik tədbirləri, disputlar, şair və yazıçılarla görüşlər, vətənpərvərlik mövzusunda yazılmış bu və ya digər əsərin müzakirəsi şəxsi heyətin mənəvi hazırlığının təkmilləşməsində həmişə əhəmiyyətli olub.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsində müdafiə nazirinin təsdiq etdiyi plan əsasında həyata keçirilən tədbirlər ideoloji işin başlıca mahiyyətini müəyyənləşdirir. Bu mahiyyət Vətən müharibəsində qazanılan Zəfərdən sonra iki istiqaməti (təbliğat, təşviqat) əhatə etməklə ideoloji işin təşkilində elmi-pedaqoji yeniliklər yaratdı. Bu yeniliklər Vətən müharibəsindən əvvəl olduğu kimi, Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərini şəxsi heyətə dolğunluğu ilə çatdırılmasını əhatə edir.
İdeoloji işin əsasını Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin siyasi sisteminin və sosial-iqtisadi modelinin əsaslarının, milli ənənələr sisteminin, mənəvi və əxlaqi dəyərlərin geniş miqyasda aşılanması təşkil edir. Hərbi xidmətə müəyyən dünyagörüşlə başlayan gənc əsgərin dünya duyumu bu işin müntəzəmliyi, kəsilməzliyi, elmi əsaslarla aparılması ilə formalaşdırılır ki, bu da Hərbi Nizamnamələrlə tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ordunun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsini ordu quruculuğunun mühüm tərkib hissəsi olduğunu xatırladaraq deyib: "Bütün hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməlidir. Ölkəmizin tarixi - həm qədim tarixi, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmalıdır". Ən qədim və qədim tarixlər, eləcə də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonrakı ilk on illərin tarixi haqqında əsgər dərsliklərdən oxuyub, nələrisə öyrənib. Hərbi xidmətdə öyrəndikləri bir qədər də genişlənir, əhatəli xarakter alır. Müasir tariximiz əsgərin iştirakı ilə yaranır. Vətən müharibəsində çağırışçı olan əsgər bu müharibənin mahiyyətini bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi haqqında dediyi fikirləri düşüncələrinə hopdurur: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" bu fikir əsgərə bir gerçəkliyi bir daha yaşadır: Vətənpərvərlik həmişə qalib gəlib. Vətən müharibəsində Azərbaycan Ordusu qalib gəldi, tarixi zəfər qazandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətlə dediyi "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşı-sında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq" fikri Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığında mərhələdir və orduda aparılan ideoloji iş məhz bu mərhələnin tələbləri ilə uyğunlaşdırılmaqdadır, yəni, ideoloji iş Vətən müharibəsində qazanılan Zəfərin tarixiliyi ilə paralel aparılır və bunlar mahiyyət baxımından bir-birini tamamlayır.
Azərbaycan əsgəri Vətən müharibəsinin başlanması səbəblərini də bilir, gedişini də, nəticələrini də. Bilir ki, Ermənistan danışıqlardan yayınmaqla status-kvonu saxlamaq istəyirdi. Müxtəlif təxribatlarla danışıqlar prosesinin formatını dəyişməyə çalışırdı. Bununla bir sırada yeni ərazilər işğal etmək istəyirdi. Ordu hissələrimiz 2020-ci il sentyabrın 27-də bu niyyətli hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Azərbaycan əsgəri bunları da bilir. Bu bilgilər aparılan ideoloji işin əsasını təşkil edir. İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin fəaliyyəti başlıca olaraq bu istiqamətdə qurulur. Vətən müharibəsindən əvvəl Azərbaycan əsgərinin hərbi xidmət amalı ərazi bütövlüyümüzün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Vətən müharibəsindən sonra şəxsi heyətin hərbi xidmət amalı Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasıdır. Azərbaycan əsgəri bu vəzifələri böyük məsuliyyətlə, sədaqətlə yerinə yetirir. Sistemli şəkildə, elmi əsaslarla aparılan ideoloji iş yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Azərbaycan əsgərində ümumqoşun Nizamnamələrinin və xidməti vəzifələrin tələblərini məsuliyyətlə, vaxtında yerinə yetirmə keyfiyyətləri formalaşdırır. Bu, ordu quruculuğu prosesinin mühüm tərkib hissəsi kimi həmişə fəaliyyətin nizamnaməsi olur.
Şəxsi heyətə dövlətin daxili siyasətinin mahiyyəti dolğunluğu ilə aşılanır. Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinin mahiyyətini ictimaiyyət Zəfərin davamı kimi yaşayır. Bu səfərlər işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin coğrafiyasını da müəyyənləşdirir, Azərbaycanın xarici siyasətinin konturlarını da, gələcək iqtisadi inkişafının üfüqlərini də. Hərbi hissələrdə əsgər və zabitlərlə aparılan söhbətlərdə bunlar haqqında da geniş məlumatlar verilir. İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi bunları da müdafiə nazirinin təsdiq etdiyi plana müvafiq olaraq şəxsi heyətə elmi, elmi-metodoloji tezislərlə sistemli şəkildə aşılayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi görüşündə olduğu kimi, Brüssel görüşünə də qalib dövlətin başçısı kimi getmişdi. Brüssel görüşündə iştirak Azərbaycanın dövlət maraqlarının dünyəvi siyasətdə yerini müəyyənləşdirən rəsmi görüş kimi tarixləşdi. Ermənistan da, onun havadarları da Azərbaycan xarici siyasətinin nədən ibarət olduğunu yaxşı bilir. Onu da bilir ki, Azərbaycan görüşə qədərki tələblərində israrlıdır: bütün vasitələrdən istifadə etməklə iki ölkə arasında dövlət sərhədinin delimitasiya və demarkasiya olunmasına başlamaq, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınmasına nail olmaq, region dövlətləri arasında bütün kommunikasiya xətlərinin açılması ilə regional əməkdaşlığı bərpa etmək, bununla da bölgədə sülhü və təhlükəsizliyi möhkəmləndirmək. Bu ali məqsəd təkcə Azərbaycan üçün deyil, təkcə region üçün deyil, ümumən bəşəriyyət üçün gərəklidir. Yəni, Azərbaycan iştirak etdiyi bütün görüşlərdə bəşəriyyətin təmsilçisi kimi çıxış edir. Brüssel görüşündə də belə oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyəti Azərbaycanın xarici siyasətinin dəyişməzliyinin təsdiqidir. Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığında dövlət başçısının görüşləri, görüşlərdə səsləndirilən fikirlər də olduqca əhəmiyyətli olur; Azərbaycan əsgəri bu ruhda mətinləşir.
Azərbaycan Ordusunun döyüş hazırlığı da, mənəvi-psixoloji hazırlığı da yüksəldilməkdədir. Bu yüksəliş ordunun gücü deməkdir. İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri hərbi hissələrdə bu yüksəlişin bütün mümkün vasitə və üsullarla daha da tənzimlənməsini, təkmilləşməsini təmin edir. Bunlar Azərbaycan Ordusunda azərbaycançılıq ideologiyasının, yüksək vətənpərvərliyin və dini tolerantlığın, Azərbaycan tarixinin, xalqın adət-ənənələrinin, Vətənə sədaqət ruhunda formalaşmanın, xidmətin modelini təkmilləşdirir...
Tarixən döyüşlərdə qələbə təkcə silahlarla, ən müasir döyüş texnikalarıyla, uçuş aparatlarıyla qazanılmır. Qələbəni bu silahları düşmənə tuşlayan, döyüş texnikalarını, uçuş aparatlarını idarə edən əsgərin döyüş və mənəvi-psixoloji hazırlığından da asılıdır. Vətən müharibəsi bu tezisin geçəkliyini, həyatiliyini bütün çalarları ilə təsdiqlədi. 2020-ci il noyabrın 8-də dünya ictimaiyyəti Azərbaycan Ordusunun gücünü, bu gücün qazandığı Zəfərin modelini gördü. Bu modelin müəllifi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir...
Azərbaycan Respublikasının Prezidenti xalqa müraciətində dedi: "Azərbaycan Ermənistan qoşunlarının bütün ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu". Azərbaycan Ordusunun qüdrəti ilə, gücü ilə, mənəvi-psixoloji hazırlığı ilə, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrəti ilə, xalqın orduya böyük dəstəyi ilə...
Mənəvi-psixoloji hazırlıq Zəfər modelinin tərkib hissəsi kimi tarixləşdi...
Həbib MƏMMƏDOV İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi