Silahlı Qüvvələrin Hərbi Akademiyasının Strateji Araşdırmalar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik kursu ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə tədbiri keçirildi.
Tədbirdə Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və digər dövlət qurumlarının əməkdaşları iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev gələn qonaqları salamladı. Bildirdi ki, işğaldan azad edilən ərazilərimizin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi əsas amillərdən biridir. Buna görə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşlarının üzərinə böyük məsuliyyət düşür.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad olunan ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən icra edilən mina və partlamamış hərbi sursatların tapılması, zərərsizləşdirilməsi və digər əməliyyatların gedişatı barədə mühazirə ilə çıxış etdi. Qeyd etdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin minatəmizləmə sahəsində təsdiqlədiyi illik tədbirlər planına əsasən aidiyyəti qurumlar tərəfindən 2021-ci il ərzində ümumilikdə 20771 ha ərazi təmizlənərək, 52 386 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirildi. Təmizləmə əməliyyatları əsasən nəqliyyat infrastrukturu, energetika sahəsi, kənd təsərrüfatı, sənaye parkları, eləcə də yaşayış infrastrukturunun yaradılması və s. istiqamətlərdə aparılır.
Bildirildi ki, aşkar olunmuş minalar arasında plastik minalara daha çox rast gəlinir. Əksəriyyətini düşmən tərəfinin istehsalı olan piyada əleyhinə minalar - PMN-G, həmçinin PMN-2, PMD-6, PMP minaları, tank əleyhinə minalardan isə əsasən TM-57, TM-62M, TM-62P, TM-62P2, TM-62P3 minaları üstünlük təşkil edir. Eyni zamanda, düşmənin əhali və orduya qarşı çox saylı tələ - minaları və Əldədüzəlmə Partlayıcı Qurğular (ƏPQ) da quraşdırması diqqətə çatdırılıb.
Beynəlxalq əməkdaşlıq sahəsinə gəldikdə isə ANAMA ilə Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı arasında Agentliyin yeni supervayzerləri üçün 6 ay nəzəri və 6 ay praktiki təlimlərin keçirilməsi, monitorinq və qiymətləndirmə prosesinə dəstək verilməsini nəzərdə tutan Anlaşma memorandumunun imzalanması nəzərə çatdırıldı. Həmçinin minatəmizləmə əməliyyatına cəlb edilən xüsusi təlim keçmiş itlərin sayının artırılmasına dəstək məqsədilə Marşal İrsi İnstitutu (MLİ) ilə ANAMA arasında 2023-cü ilin iyul ayının sonunadək Azərbaycana 30 baş itin göndəriləcəyinə dair Anlaşma Memorandumunun imzalanması qeyd edildi.
Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) Mina Təhlükəsi ilə Mübarizə proqramının əsas komponentlərindən biri olduğu vurğulandı. Belə ki, proqram çərçivəsində mina və müharibənin partlayıcı qalıqları təhlükəsi barədə əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatlılığın artırılması istiqamətində fəaliyyət icra edilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırıldı.
Orxan Hüseynli "Azərbaycan Ordusu"