Sazaqdı.
Heç kim sazağın çılğınlığını hiss etmir. Səs səsin söykəyidi, nəfəs nəfəsin. Qar qalağını yara-yara bəstəboylu təpəyə can atan yerişlər də təsəllidi, bəstə təpənin qənşərində dayananların da, onlara sarı can atanların da baxışları həm şəhidliyə təsəlli baxışlarıdı, həm də təsəlli baxışlardan boy göstərən qürur baxışlarıdı. Bir azdan 30 il əvvəlin bir qış gecəsinin sazağı da, o sazağa sarı qətiyyətlə, cəsarətlə yeriş eləyənlər də xatırlanacaq...
Gerçək tarix deyir ki, dağ yaylasında salınan şəhər-qaladan enənlər, Qalanın alt tərəfində, ən qədim insan məskənlərindən birində daş üstə daş qoyub yurd olanlar obalarını dağın (qayanın, daşın) altı kimi nişan verilməsini istədilər. Ona görə Daşaltı deyildi ona; Şuşadan köçənlər burada yurd oldu. Məmləkət boyunca qara yellər əsəndə "yersiz gəlib yerlini yerindən oynatdı". Zamanında yaranan
Gəlin gedək Daşaltına gəzməyə,
Göllərində sonalar tək süzməyə -
qımqıması (şərqisi, türküsü) 30 il dodaqlara yatmadı, duyğuların sığalına dönmədi, 30 il nəfəs duymadı, səs eşitmədi, 30 il havalanmadı. 2020-ci ilə kimi bir qədər başqa cür səsləndi:
Gəlin gedək Daşaltını görməyə,
Daşlarından daş qalalar hörməyə...
30 il əvvəlin 25 yanvar gecəsi Daşaltıda ordu hissələrimiz hərbi əməliyyat keçirmişdi. Həmin əməliyyatdan 30 il keçir. O gün, o günün döyüşləri, o döyüşlərin şəhidləri xatırlanacaq; unudulmayanları xatırlamaq ifadəsi düşüncələrdə tərpəniş yaradırmı görəsən? Nə 25 yanvar gecəsi unudulacaq, nə o gecənin sazağı, nə sazağa sığınanların üstünə yeriş edənlər...
Daşaltı 1992-ci ildə də Şuşaya açar idi, 2020-ci ildə də (A.Qurbani). 1992-ci ildə ermənilər Daşaltını əldə saxlayırdılar ki, Şuşanı işğal edə bilsinlər. 2020-ci ildə ordu hissələrimiz Daşaltını ermənisizləşdirməliydi ki, Şuşanı işğaldan azad edə bilsinlər.
1992-ci ilin 25 yanvar sazağından asılan ermənilik erməniliyə yoluxmuşların əliylə kəndə gələn yollara kəmənd atmışdı; hücum gülləsi atılmamış xəyanət gülləsi atılmışdı. 25 yanvar gecəsi Azərbaycan əsgəri şaxta içində, sazaq içində, tuzaq içində qarı da, xəyanəti də dizləyə-dizləyə irəliləmişdi. Bu döyüş dövlətə, dövlətçiliyə sədaqət döyüşü olacaqdı, min illik tarixə məhəbbət döyüşü, qımıldanan qadaya dar ağacı misallı qətiyyət döyüşü olacaqdı...
Döyüşmüşdülər...
90-a yaxın döyüşçümüz şəhid olmuşdu, neçəsinin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun taleyi indiyəcən bəlli deyil.
Daşaltıda anım tədbiridi. Bu tədbir bəstəboylu təpəyə ad verilən tədbir kimi də tarixləşir: Xatirə qayası. Uca ruhlara - 1992-ci ilin 25 yanvar gecəsi şəhid olanlara, Vətən müharibəsində - 2020-ci ilin noyabr döyüşlərində şəhid olanlara ehtiram qayasıdı bu qaya. Bu qaya yaranışından qərənfil görməmişdi. İndi sinəsi qərənfil biçimli qürur dünyasıdı.
Qışdı. Gün çıxıb. Bəzi yerlərin qar qalağı əriməkdədi. Bu görüntü tarixin analogiyasıdı sanki. 30 il əvvəl də belə qar yağmışdı. 30 il əvvəl də yollara qar qalanmışdı. 30 il əvvəl Azərbaycan əsgəri qarı dizləyə-dizləyə döyüşə qoşulmuşdu. Nələr olacağından xəbərsiz döyüşmüşdülər. Daşaltı əməliyyatı məğlubiyyətlə nəticələnmişdi. 30 ildən sonra Azərbaycan əsgərinin qüdrəti təbiətə də hökm edə bildi - ermənilik bu yerlərdən küründü. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Daşaltıda bugünkü tədbiri Zəfərin işığında keçirilən tədbir adlandırır - bu gündən sabahlara düşən işığın mahiyyəti şəhidlərin ruhudu. 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə, 2020-ci il noyabr döyüşlərində şəhid olanların ruhuna salavat tədbiridi. Kəndə baxırsan, kəndə gətirən yollara baxırsan, kəndin söykəndiyi dağa baxırsan, suyu donmuş çaya baxırsan, 1992-ci ilin yanvar döyüşlərini xatırlayırsan, 2020-ci ilin noyabr döyüşlərini xatırlayırsan, şəhidlikdən keçən döyüşlərin hər ikisində döyüş əzmi görürsən, qələbə ruhu görürsən. Abdulla Qurbani bu dərkə azərbaycançılığa sədaqət deyir:
Dünənlərdən bu günlərə,
bu günlərdən sabahlara
məhəbbətdi anım günü.
Yerlər deyir: Mənimdi o,
Göylər deyir: Mənimdi o,
Yerdən göyə, Göydən Yerə
sədaqətdi anım günü...
Abdulla Qurbani 1992-ci il 25 yanvar gecəsindən, Daşaltı əməliyyatından danışır, milli-xəlqi ruhun adından danışır, Daşaltı əməliyyatında sağ qalanların özünün, şəhid olanların ruhunun adından danışır. Daşaltı əməliyyatının məğlubiyyət səbəblərindən danışır. 30 il göy üzündə dolaşan şəhid ruhlarının gileyini də xatırladır, 2020-ci ilin noyabrında Daşaltı döyüşlərindən danışır…
Düşüncələrimizin tərpənişini bu ruhların şükranlığı tamamlayır: "Millətin gözünün nuruna dönüb tarixin bağrından qopan ordumuz!"...
Hansı duyğuların təsiriyləsə, gözaltı kəndə sarı baxıram. Nəbilər kəndi istiqamətinə, Şuşakənd kəndi istiqamətinə, Sığnaq kəndi istiqamətinə, Qızılqaya yüksəkliyi istiqamətinə baxıram. Sonra Daşaltıyla Şuşanı ayıran daş-divara sarı baxıram. Yollar susur, cığırlar susur, ruhların pıçıltısını eşidirik...
28 il yanvarın 25-də Daşaltıda qürrə tədbiri keçirən düşmən unudurdu ki, zamanında döyüş əzmi, qələbə ruhu dünyanın "bel kəməri" olan xalqın "qətiyyət qılıncı qınından sıyrılacaq", onda qara gününü qabqarmalıdı. Vətən müharibəsi erməniliyin qara günləri oldu.
Ermənistanın silahlı qüvvələri Azərbaycandan yeni ərazilər işğal etmək niyyətiylə 2020-ci il sentyabrın 27-də müxtəlif istiqamətlərdən hücum etdilər. Azərbaycan Ordusunun hissələri bu hücumun qarşısını qətiyyətlə aldılar, Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, Vətən müharibəsi idi. Döyüş əzmi, qələbə ruhu döyüş-döyüş kükrəyən Azərbaycan əsgərinin hər qələbəsi sonrakı döyüşlərin qalibiyyət bayrağına dönürdü. Döyüşçülərimiz kürəyində xalqın nəfəsini hiss edirdi; Vətən müharibəsində xalq da əsgərləşmişdi. Döyüşçülərimizi bir döyüşün sonundan növbəti döyüşün başlanğıcına 28 il doğma nəfəsə, mehirli səsə tamarzı qalan qəlbi dağlar, şiş qayalar, gen dərələr uğurlayırdı.
Abdulla Qurbani deyir ki, 28 il Daşaltı əməliyyatı deyiləndə yumruqlar düyülüb, döyüş əzmi əsgərləşib, qələbə ruhu kükrəyib. Bu ruh Vətən müharibəsinin bayrağına dönüb. 2020-ci il noyabrın 5-də ordu hissələrimiz Daşaltı kəndi istiqamətində hücuma başladı.
Aylı-ulduzlu bir payız gecəsində 28 il belə bir gecə arzulayan yellər ağacların budaqlarından sürüşüb avtomatının qundağını sıxan əllərdə nəfəs dərirdi.
Azərbaycan əsgəri dağ massivlərindən, meşəliklərdən, dərələrdən keçərək Daşaltına yaxınlaşan Azərbaycan Ordusunun hissələri düşmən duyuq düşənə kimi xeyli irəlilədi. Döyüşçülərimizin ayağı altında nə torpaq sürüşürdü, nə də daş. Bir-birinin nəfəsini eşidə-eşidə irəliləyirdilər. Daşaltıdan Şuşaya aparacaq döyüş əzmi, qələbə ruhu gecənin səssizliyini pərdələyirdi. Kənddən atılan təkəmseyrək güllə səsləri bu əzmi, bu ruhu yolundan saxlaya bilməzdi. Döyüş ərəfəsində hər döyüşçünün döyüş əzmi də, qələbə ruhu da əsgərləşir, yəni, bu əzm, bu ruh hər əsgərin səngərdaşına dönür...
Bu tədbir tamam başqa formatlı tədbirdi - hadisənin timsalında hadisələrin anım tədbiridi; 1992-ci ilin 25 yanvar gecəsi anılır, bir də 2020-ci ilin 5 noyabr gecəsi. Xatirə qayası o gecələrin şəhidlərinə memuar-abidədi. Elə bu gün adlandırılan Xatirə qayasını (bu, tədbirin Dədə Qorqudluq çalarıdı - ərənlərə ad verən Dədə ərənliyi yaşadan qayaya da ad verir sanki...) gözlərimə, gözlərimdən könlümə köçürürəm. Təəssüfləmi, qürurlamı?..
Qınayanım olmasa, Xatirə qayasıyla dərdləşərdim, kəlmələşərdim. Daş qardaşımızdan soruşardım: Gələnlərin yerişini, baxışını, duruşunu görən qaya, nə deyirsən? Göy üzünün göylüyündən bir şükranlıq dərən qaya, nə deyirsən? Deyirsənmi qaya kimi yaransam da, heykəl oldum ölməzliyə! (Xatirə qayası dinləyir, əl-ayaq çəkiləndən sonra göy üzü ilə kəlmələşəcək yəqin)…
Kapitan Ramazan Hudulov döyüşlərdən, Daşaltı döyüşlərindən danışır. Elə bil 4115 gün əvvəl sağında-solunda atışmış döyüşçülərin baxışlarında çırpınan qələbə ruhunu görür, döyüşə-döyüşə özü də irəliləyir, onunla dabanlaşaraq döyüşçülər də.
- Daşaltı əməliyyatını qələbə ilə tamamlamışdıq, Xankəndidən Şuşaya gələn yoldaydıq. Ürəyimiz uçunurdu. Döyüşçülərimiz yaşımızdan böyük həsrətin gözlərini tökmüşdü. Döyüş azca ara verəndə diz çöküb torpağın doğmalığını ciyərlərimizə çəkdik.
Kapitan Ramazan Hudulov danışır. Vətən müharibəsində tarixləşən döyüşlərdən danışır. Daşaltı döyüşlərini xatırlayır, xatırladır. Qürur var səsində, döyüşlərdə şəhid olanlara görə sezilməsi çətin olmayan qəhər də var. Baxışları Daşaltının söykəndiyi dağ-divardan yığılmır - döyüşə-döyüşə Şuşaya bu səmtdən keçiblər.
Daşaltı istiqamətində döyüşdə tabor komandiri mayor Həmid Əliyev ağır yaralanıb. Ona ilkin yardım göstərildikdən sonra təxliyə olunmaq istəməsə də, təxliyə edilib. Tabora rəhbərliyi baş leytenant Ramazan Hudulov öz üzərinə götürüb:
- Daşaltıya tərəf yük maşınları gəlirdi. Nə vardı o maşınlarda? - hərbi sursat, ərzaq, canlı qüvvə. O maşınlar ünvanına çatmamış məhv edilməli idi. Döyüşçülərimiz əmri məsuliyyətlə yerinə yetirdilər. Kömək gözləyən düşmənin mövqeləri Azərbaycan əsgərinin güllələriylə didildi. Düşmən inadkarlıq edirdi, əks-hücuma keçmişdi. 5 döyüşçümüz şəhid oldu. Döyüşə-döyüşə şəhidləri də, ilkin yardım göstəriləndən sonra yaralıları da döyüşün içindən çıxarda bildik. Döyüşü davam etdirmək mümkün olmayacaqdı. Kömək gələnə kimi döyüşməliydik. Döyüşdük...
Dan yeri sökülməkdə idi. Mənim komandirliyimlə bölmələrdən biri soldan, digər 3 bölmə sağdan irəliləyirdi - dağlıq massivdən. Ayağın sürüşməsi təhlükəsi, dağın sinəsindən daş qopma ehtimalı da vardı. Döyüşü davam etdirdik. Döyüşə-döyüşə Laçın-Xankəndi yoluna çıxdıq, yolu bağladıq. Bu, düşmənin ağır mövqe məğlubiyyəti idi. Şuşa istiqamətində irəlilədik...
Əmr gözləyirdik. Anlar ötüşmürdü elə bil. Elə bil zaman donmuşdu. Döyüşçülərimizin əli atıcı silahlarının qundağını sıxırdı. Aylı-ulduzlu payız gecəsində xırdaca yel əsirdi. Neçə ay əvvəl yay axşamı asudə vaxtda əsgərlərin söhbəti düşürdü yadıma. Əsgərlərdən biri "Atam Şuşada xidmət edib, Şuşada döyüşüb, Şuşada yaralanıb. Deyirdi ki, Şuşanı görmədən ölsəm, illəri ömrümə haram bilərəm". Atam Şuşanı görə bilmədi. Şuşa uğrunda döyüşənlərin, Şuşanı işğaldan azad edənlərin sırasında olsam, Şuşanı görsəm, onu atamın ruhuna təsəlli bilərəm". Həmin əsgər Daşaltıda döyüşdü, Şuşanı işğaldan azad edənlərin sırasında oldu...
Daşaltı ermənisizləşdirilmişdi...
Qələbə! Ruhumuzun Zəfəri! Bu Zəfərin ovqatını Şuşada yaşamaq nə qədər xoş olardı! Bu xoş ovqat 28 il yollar yormuşdu, Şuşaya gətirəsi yollara qovuşmaq, o yollara qarışmaq üçün! 2020-ci ilin Daşaltı döyüşləri 1992-ci ilin 25 yanvar gecəsinin davamı kimi tarixləşdi. Xatirə qayasının sinəsində anım tədbirində Abdulla Qurbaninin döyüşlərin qazilərinə, şəhidlərin ruhuna xitabən dediyi misralar Şuşanın dağlarında əks-səda verir:
Borcluyuq bu gün üçün
ölən qəhrəmanlara,
qalan qəhrəmanlara!
Döyüşənlərin baxışlarından bir mətləb də oxunur: Daşaltının qisası daş altında qalmadı!
Əbdül Noçuyevin baxışları Xatirə qayasında avtomatını sinəsinə sıxan hərbçidən üzülmür. Oğlunun əsgəri olmuş əsgərlərin davamçısı kimi baxır ona. Ataya elə gəlir ki, oğlu Surxayın məsləhətlərini, tövsiyələrini bu əsgər də dinləyib. Ataya elə gəlir ki, həmin əsgər indi Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Surxay Noçuyevin ruhunun qarşısındadı, bu ruhun göstərişi ilə döyüş növbətçiliyindədi...
Əbdül Noçuyev Xatirə qayasında uca ruhlara görə farağat dayanmış əsgərə Azərbaycan Ordusunun yenilməzliyinin timsalı kimi baxır. Həsrət var o baxışlarda. Daşaltının üst tərəfindən Şuşaya sarı gedən yola qarışan baxışların doğmalığını biz də duyuruq, hərbçilər də duyurlar.
Oğlu da Şuşaya o yolla getmişdi - o yol kapitan Surxay Noçuyevin döyüş yolu olub; qəhrəmanların döyüş yolu qələbə yoludu...
"Gec olsa da gəldik. Sinənə düşən ayaq izlərinizi taleyimizə qazanc bilirik...", - Surxayın torpaqla könül söhbətində belə dediyini güman edirəm. Təkcə Surxay deyil, Şuşaya çatan döyüşçülərin hamısı belə deyib. Neçə on illər keçəcək, bu könül söhbəti unudulmayacaq...
İşığa dönən döyüş, döyüşçüləri Daşaltıdan Şuşaya aparırdı. Dünyanın heyrətinə dönəcəkdi bu döyüşlər...
Xatırlayıram ki, Zəfərdən az sonra mayor Aydın Osmanov demişdi: "Hər döyüşçü Şuşanın azad edilməsində iştirak etməyi, Şuşanı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmağı arzulayırdı. Döyüşçü istəyiydi, döyüşçü istəyinə sığınan vətəndaş istəyiydi. Daşaltıdan Şuşaya bir döyüşlük yol vardı. Bu döyüşün ağır döyüş olacağını bilirdik. Bu döyüşü də qələbə ilə başa çatdıracağımıza əmin idik...". Onda necə qürurlanmışdımsa, indi də eləcə qürurlanıram. Daşaltı döyüşləri haqqında Daşaltıda eşitdiyim üçün, Daşaltı döyüşlərinin şəhidlərinə ehtiram kimi Daşaltıda olduğumuz üçün, Daşaltı döyüşlərini Şuşada davam etdirənlərin, Daşaltı qələbəsini Şuşa qələbəsiylə tamamlayanların bir qrupu ilə nəfəs-nəfəsə olduğum üçün...
Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov deyir ki, Daşaltına çatanda döyüşçülərə son göstərişlərimi vermişdim: 28 il əvvəl Daşaltı əməliyyatında şəhid olanların da ruhunu sıranızda bilin. Qələbə qazanmalıyıq, qələbə qazanacağıq. Onda ilk təşəkkürü 1992-ci ilin 25 yanvarında burada şəhid olanların ruhundan eşidəcəksiniz.
Onu da demişdim ki, mühüm mövqe qələbəsi, Daşaltının ermənilərdən təmizlənməsi Şuşaya yol açacaq. Bu yolu açanların sırasında siz də olacaqsınız. Dediklərim döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Şəkillərdən gördüyümüz Şuşa bütün əzəmətiylə görünəndə, o ucalığa əl uzatdıq, çatmadı.
Kəlmələrdən duyğulanıram. Eşidənlərin hamısı duyğulanır. Kapitanın səsində həyəcanlanma çaları da var. Nəyin həyəcanıdı görəsən? Yüz günlərin o üzündən boy göstərən Qələbənin sevincimi, Qələbəni görməyənlərə görə qəhərmi?
Danışılanlar bir döyüşün tarixiydi, Vətən müharibəsinin tarixi kimi dinlənilirdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-na kimi davam edən döyüşlərdən həyəcansız danışmaq mümkün deyil.
Bu xatırlama zabitin özünü də həyəcanlandırmışdı, bizi də; xatırlatma bir döyüşün tarixiydi, bir döyüşün tarixi - Vətən müharibəsinin tarixi. "Bu döyüşlərdən adi emosiya ilə danışmaq mümkün deyil. Bu döyüş dünya müharibələr tarixində olmuş heç bir döyüşlə müqayisə oluna bilməz. Rusiya mətbuatında çoxumuz belə bir informasiya oxumuşuq: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar".
Şuşaya çatmışdılar ("çatmışdılar" ifadəsinə görə özümü qınayıram. Döyüşə-döyüşə, sıldırımları aşa-aşa, keçilməzlikləri keçə-keçə gedilən yola görə, bu niyyətə görə, illərlə arzulanan məkanda nəfəs dərənlərin Vətən sevgisinə görə, bu sevginin dönməzliyinə görə,...). Ciddi müqavimət göstərən düşmənin son ümidlərini də çilikləyəcək döyüşlər gedirdi. Döyüşlərə sentyabrın 27-də başlayan əks-hücumdan keçib gəlmişdilər. Bu döyüşlər işğalı sonlandıracaqdı - işğalın son döyüşlərindən biri kimi tarixləşəcəkdi...
Surxay Noçuyev 1988-ci ildə Zəngilanın Məmmədbəyli kəndində anadan olub. Qaçqınlıqda 5 yaşındaydı. Bakıda xarici dil təmayüllü gimnaziyada təhsil almışdı. 14 yaşında C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdu. Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdı. 2011-ci ildən hərbi xidmətdəydi. Vətən müharibəsi başlayanda onun xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu. Füzulidə, Qubadlıda döyüşdülər. Qələbələr ömür yazdı. Belə ömürlərə gərəkli ömür desəm, kimsə məni qınamaz. Zəfərin pyedestalıdı gərəkli ömürlər. O ömürlərə biz də borcluyuq, tarix də borcludur.
Kapitan Surxay Noçuyev güllə yarası aldı, şəhid oldu...
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə kapitan Surxay Noçuyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi...
Surxayın oğlu Uğur 6 yaşındadı. Qəhrəmanlığın nə olduğunu o da dərk edir. O da deyəcək ki, ən duru ömür "Ana, Vətən, Ana Vətən" deyənlərin ömrüdü. Qızı Fidan Vətən müharibəsiylə yaşıddı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində şəhid olanlara görə dedi: "...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıblar. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır". Bu kəlamları Daşaltı döyüşlərində şəhid olanların anım tədbirində daha duyğusallıqla xatırlayırıq. Daşaltıda iki Daşaltı döyüşündən danışılır. Sonuncu döyüş qəhər də yaşatdı, böyük qürur da. Qələbə yaşanılmış qəhəri qürurla künd eləyəndə, görəsən, tarix erməniliyin işləklərinə görə nələr düşünür?..
Tibb xidməti leytenantı Ceyhun İsmayılov hərbi tibb fakültəsinin məzunudu. Hərbi xidmətinin ikinci ayında Vətən müharibəsi başlayıb. Hərbi həkim kimi ilk yaralıya Füzuli uğrunda gedən döyüşlərdə yardım göstərib:
- Bir qədər qəhərlənmişdim, üstəlik də həyəcan. Özümü ələ ala bildim. Yaralını döyüşün içindən çıxartdım. Döyüşdən sonra komandir mənə də təşəkkür elan etdi. Bu təşəkkür mənə hərbi xidmət zəmanəti oldu, - tibb xidməti leytenantı Ceyhun İsmayılov döyüşlərin ilk günlərini belə xatırlayır. - Topxanada başından yaralanan döyüşçüyə yardım göstərəndə onun qırıq-qırıq dedikləri ürəyimi qana döndərdi: "Döyüşü davam etdirə biləcəmmi, həkim?". Ümid verdim. Bu ümid həm ona, həm də özümə təsəlli idi. Qürurlanırdım ki, Azərbaycan əsgəri təkcə bir döyüşün sonu üçün döyüşmür, Qələbə üçün döyüşür. Həmin yaralı əsgər Daşaltıda qazanılan qələbəni görə bilmədi. Təxliyə edilmişdi. Neçə belə yaralımız oldu. Hamısı 28 il əvvəlin məğlubiyyətinin qisasını alanların sırasında olmaq istəyirdi.
Kəlmələrdən qürurlanırıq. Qürurlanırıq ki, yaşından 10-12 yaş böyük olan bir döyüşün şəhidlərinin də əvəzinə döyüşənlərimiz Daşaltıdan Şuşayacan, Şuşadan Zəfərəcən qalibiyyət bayrağını ucalarda saxladılar.
Yadıma düşür: Zəfərdən sonra kəlmələşdiyim əsgərlər deyirdilər ki, 1992-ci ilin 25 yanvarında Daşaltıda döyüşənlərin neçəsinin oğulları 2020-ci ilin noyabrında Daşaltıda döyüşüb. Veteran ata Zəfərdən sonra döyüşçü oğlunu həm vətəndaş kimi, həm ata kimi, həm də döyüş yolunun davamçısı kimi bağrına basıb. Daşaltı bu gün anım gününə gələnləri bağrına basdığı kimi...
Mayor Nicat Hacıyev İkinci Daşaltı əməliyyatını Şuşa əməliyyatının başlanğıcı adlandırır. Adlandırma könlümüzcədi. "Daşaltı döyüşlərində qazanılan qələbə Zəfəri tezləşdirəcəkdi. Ona görə hər döyüşçü Daşaltı döyüşlərini erməniliklə son döyüşdən əvvəlki döyüş bilirdi. Döyüşdə nə bir yaralımız qalırdı, nə də şəhidimiz. Bu döyüş qətiyyətin döyüşüydü. Döyüş ərəfəsində komandirin dedikləri zabitlərin də, əsgərlərin də döyüş əzmini, qələbə ruhunu kükrətmişdi: Daşaltı Şuşaya pilləkəndi. O pilləkəni nə qədər tez alsaq, Şuşaya bir o qədər tez qovuşarıq. Daşaltı döyüşü Şuşanın işğaldan daha tez azad edilməsi döyüşüydü. Döyüşçülərdən birinin göy üzünə pıçıltısını da eşitmişdim: "Tanrım, mənə Şuşaya çatanacan ömür ver". Daşaltıda belə döyüşçülər döyüşürdülər..."...
Daşaltı döyüşlərinin iştirakçıları xatırlayır (və xatırladır) ki, həmin gün yellər əsməyib, dərədən, təpədən, daşlıq massivlərdən, dağlıq ərazidən, dağ ətəyindən nəfəs-nəfəs yaxınlaşanlarımız Daşaltının "başına daşlar ələdi". Düşmən bu hücumun qarşısını almaq üçün ciddi müqavimət göstərmək istəsə də, murazı gözündə qaldı. Daşaltı ermənilərdən təmizləndi...
Qar əriyir. Daşaltı əməliyyatında iştirak etmiş döyüşçülər Xatirə qayasına sarı baxırlar. Bu baxışların doğmalığında qədərsiz ehtiram görürük. Bu ehtiram tarixə görk ehtiramıdı. Min illərin o üzündən boy göstərən bu görk işğalı sonlandırdı. Azərbaycançılıq erməniliyi diz çökdürdü. 2020-ci ilin 4 noyabrda başlanan döyüşlərinə İkinci Daşaltı əməliyyatı desək, suç olmaz; İkinci Daşaltı əməliyyatında Azərbaycan Ordusunun qələbəsi Şuşanın işğaldan azad edilməsinə açar olmuşdu. Şuşa uğrunda döyüşlər başlayanda göylər döyüşçülərimizi "Qəzan mübarək!" kəlmələriylə uğurlamışdı. Bu uğurlamada ilahilik də vardı...
Xatirə qayasının beş-altı addımlığında dayanıb üzü Şuşaya sarı baxıram. Dağ qala divarıdı. 1992-ci ilin mayında düşmən necə aşdı bu divarları? 2020-ci ilin noyabrında Azərbaycan əsgərinin qolundan Vətən sevgisi yapışdı, döyüş hazırlığı yapışdı, qələbə ruhu yapışdı, azərbaycançılıq yapışdı. Şuşa işğaldan azad edildi. Bu gün burada təkcə Daşaltı əməliyyatında (1992-ci ilin 26 yanvarında, 2020-ci ilin noyabrında) şəhid olanlar deyil, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olanlar da anılır. Hərbi hissənin orkestri "Mehtər marşı"nı ifa edir. Bu, tarixin dünənlərinə sevginin, yaşatma istəyinin, yaşatmanın ifadəsidi.
1993-cü ildən 2020-ci ilə kimi ermənilər yanvarın 26-da Daşaltıda qələbə ovqatlı tədbir keçirirdilər. 2021-ci il yanvarın 26-da belə olmadı. 2020-ci ilin noyabr döyüşləri buna son qoydu.
Şuşadan ayrı ellər,
Sağ canı sayrı ellər
Görəsən bilirdimi
Şuşanın dağlarını
bürüyən boz dumanlar
boz yelənli çalmadı?..
İllər ötdü,
ötüşdü,
İndi dağ da deyir ki,
Indi daş da deyir ki,
İndi ərş də deyir ki,
Daşaltının qisası
daş altında qalmadı!..
Döyüşləri Zəfərəcən davam etdirən qəhrəmanlar, döyüşlərdə şəhid olan qəhrəmanlardan danışır. Abdulla Qurbani Əbdül Noçuyevə oğlu kapitan Surxay Noçuyevin bölüklə birlikdə keçdiyi dağ ətəyini göstərir. Ata baxdıqca baxır, gözləri dolub-boşalır, bircə dəfə "Ay oğul!" - deyir. Səsində qürur da var, qəhər də. "Vaxt çatsa, imkan olsa, bir ömür baxar…", - düşünürəm…
Ürəyinin gözü ilə baxanlar görürdü ki, qəhrəmanlıq ruhən Şuşanın dağlarıyla çiyin-çiyinə dayanıb…
Gözəl ayamdı. Günəş düzü-dünyanı tutmuş qar qalağını səxavətlə isidir. Mən "Azərbaycanlıyam!" deyənlər də, "Azərbaycan tək deyil!" deyənlər də qürurla "Daşaltının qisası daş altında qalmadı!.." deyir. Nə gözəl səslənişdi!..
Rəşid HÜSEYNOV əməkdar jurnalist