Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Yanvar 2022 17:55

Daşaltı əməliyyatının qisası alındı

Qələbələr də tarixdi, məğlubiyyət də; uğurlu əməliyyatın sevincini, uğursuz əməliyyatın acısını yaşayırlar. 1992-ci il yanvarın 25-də həyata keçirilən uğursuzluqla nəticələnən Daşaltı əməliyyatı da belə xatırlanır.
Daşaltı əməliyyatı bu il ötən illərdən fərqli xatırlanır. 1992-ci ildən bəri hər il ermənilər yanvarın 25-də Daşaltını qələbə ovqatıyla anır, tədbir keçirir, bu qələbəni Şuşanın işğalına "açar" bilirdilər. Həmin gün bizə qəhər, ağrı-acı yaşadırdı, ermənilərə qürur. Onda yerlər də, göylər də deyirdi ki, "qalmaz belə, qalmaz dünya..."...  
Şuşa şəhərindən 5 kilometr Cənubda, Cıdır düzündən aşağıda, Daşaltı çayının sahilində, nəhəng qayalığın altında yerləşən kənd Daşaltı adlanır. Yarandığı gündən öz doğma el-obasını qoynunda bəsləyən, sonra erməni işğalına məruz qalan, haqq sahiblərinin gələcəyi günə kimi bağrına daş basan Daşaltı...
Qarabağda 1992-ci ilin  yanvarında vəziyyət olduqca gərginləşmişdi. Erməni qoşunları havadarlarının hərbi yardımıyla nail olduğu üstünlükdən  istifadə edərək azərbaycanlıların  məskunlaşdığı - yaşadığı məntəqələri işğal edirdilər. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalında erməni silahlı dəstələri dinc əhaliyə qarşı xüsusi amansızlıqla davranmışdılar. Şuşa ətrafındakı kəndlər erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevrilmişdi. Şuşa şəhəri, yaxınlıqdakı Azərbaycan kəndləri, Şuşa-Laçın yolu daim bu məntəqələrdən atəşə tutulurdu. Bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Azərbaycan Ordusunun komandanlığı yaranmış vəziyyəti nəzərə alaraq Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhv edilməsi məqsədilə hücum əməliyyatı  keçirməyi qərara alınmışdı. Böyük əhəmiyyət verilən bu əməliyyata ovaxtkı Müdafiə naziri general-mayor Tacəddin Mehdiyev özü rəhbərlik edirdi.
19 yanvar 1992-ci ildə general-mayor Tacəddin Mehdiyev Şuşaya gedir. Bundan əvvəl o, baş qərargahın rəisi general-mayor Şahin Musayevə  göstərişlər verir: Goranboy rayonunda Müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikaların yarısının yerini Şuşa istiqamətində dəyişdirmək, kəşfiyyatçı polkovnik-leytenant Sabir Cəfərovu təcili Şuşaya göndərmək, bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələr hazırlamaq. Bu halda əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Bu məntəqələr alınandan sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünəcəkdi ki, bu da gələcəkdə rəqibi hissə-hissə məhv etməyə imkan verəcəkdi.
İki gün ərzində aparılan kəşfiyyatla müəyyən edilir ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi var, qalanları mülki əhalidir. Kəşfiyyat zamanı Şuşa şəhərini Topxanadan atəşə tutan erməni mövqeləri də dəqiqləşdirilir.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılır. General-mayor Tacəddin Mehdiyev, polkovnik Zaur Rzayev, polkovnik-leytenant Nurəddin Abdullayev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin rəsmiləri, zabitlərin iştirakı ilə əməliyyat planı hazırlanır, vəzifələr müəyyənləşdirilir.
Əməliyyat 1992-ci il yanvarın 25-dən 26-na keçən gecə başlayır. Hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, bu çətinliklərlə yanaşı, əsgərlər özləriylə çoxlu sayda silah və döyüş sursatı aparırdılar.
Hazırlanmış əməliyyat planına əsasən birinci taqım Nəbilər kəndindən keçərək Qızılqaya yüksəkliyinə qalxıb Daşaltı-Sığnaq yolunu, daha sonra ikinci taqıma kömək edərək Daşaltı-Şuşakənd yolunu kəsməliydi. Qarşıda, yoldan 400-500 metr məsafədə, sağda və solda yerləşən üçüncü və dördüncü taqımlar hücum əmri gözləməliydi, Xüsusi Təyinatlı Polis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci taqım da ehtiyatda qalmalı idi.
Nəzərdə tutulmuş yerə çatdıqdan sonra birinci dəstə Nəbilər kəndi istiqamətindən Daşaltını atəşə tutacaqdı. Cavab olaraq ermənilər mövqelərimizə atəş açmağa başlayanda üçüncü və dördüncü taqım kəndə yaxınlaşaraq düşmənin atəş nöqtələrini təyin edərək məhv etməliydi. Bu taqımların arasında mövqe tutan Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi bu zaman Daşaltıya girməli və kənddəki erməni bazalarını məhv etməli idi. Şuşakənddə yolda gözləyən ikinci taqım dinc əhalinin Daşaltıdan Şuşakəndə doğru çıxışına  köməklik etməliydi. Əsas qüvvələrə dəstək üçün kəndin ətrafındakı bəzi yüksəkliklərdə snayperlər yerləşdirilmişdi. Əməliyyatı həyata keçirəcək taqımların hərəkət taktikası belə planlaşdırılmışdı: 1 kilometr irəlidə iki bələdçidən və iki kəşfiyyatçıdan ibarət olan patrul qrupu onları arxalarıyca aparmalı idi. Bütün komandirlər bələdçilərin göstərdiyi yol ilə diqqətlə getmək tapşırığı almışdılar. Lakin hərbi əlaqənin pis təşkil olunması, taqımlar, komandanlıq bölmələri arasında lazımi informasiya mübadiləsinin olmaması  bölmələrin hərəkətlərində uyğunsuzluğa səbəb oldu. Komandanlıq döyüşün gedişinə təsir etmək üçün lazımi qərarlar verə bilmədi. Ən əsası, bələdçilərin satqınlığı nəticəsində əməliyyat gözlənilən nəticəni vermədi...
Daşaltı əməliyyatı taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində düşmənin pusqusuna düşərək tamamilə uğursuzluğa  düçar oldu. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkildi. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.
Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Nə hərbi texnika, nə də Sabir Cəfərov Şuşaya gəlmədi, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gəldi.
Daşaltı əməliyyatı müharibənin gedişini dəyişdirə bilərdi, bizim qoşunlarımıza strateji təşəbbüsə nail olmağa  imkan verərdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət  hücum əməliyyatları həyata keçirmədilər. Bununla da erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət, həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhuna da ciddi təsir etmişdi.
Vətən müharibəsində Azərbaycan əsgəri Daşaltı kəndini də ermənisizləşdirdi. Düşmən gördü ki, bu ordu əvvəlki ordu deyil, bu ordunun gücü qarşısında çox acizdir. Bu acizliyə sığınmağa qərarlı olanlar geri çəkildilər, qaçdılar, qalanlarını isə Azərbaycan əsgəri məhv etdi. Daşaltı əməliyyatında baş verənləri 2020-ci ilin noyabr döyüşləri başqa cür tamamladı - illərdir 25 yanvarı qürur günü kimi anan ermənilər bundan sonra 8 noyabrı erməniliyin acı günü kimi anacaqlar...
Şuşa Qarabağın tacı, Azərbaycan mədəniyyətinin ocağıdır. Azərbaycan tarixində  Şuşa çox böyük rəmzi məna daşıyır. Şuşanın işğalından sonra digər rayonlar da işğala məruz qalmışdı. Çünki Şuşanın strateji əhəmiyyəti itirilmişdi. Düşmən bundan istifadə edərək bir-bir rayonlarımızı işğal etmişdi.
Ulu öndər Heydər Əliyev Şuşanın daim ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirirdi: "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur". Şuşaya gedən yol isə Daşaltıdan keçirdi...
Vətən müharibəsində Şuşa zəfəri sıldırım qayalara yalın əllə dırmanaraq, əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazanıldı. "Daşaltı əməliyyatı" ilə ötən ilin noyabrında həyata keçirilən əməliyyatı müqayisə edərkən görürük ki, bu qələbənin qazanılmasının əsas səbəbi Azərbaycanın 30 il ərzində həm iqtisadi, diplomatik sahələrdə, həm də hərbi-sənaye və ordu quruculuğunda əldə etdiyi uğurlardır. Bunlarla yanaşı, xalq-ordu həmrəyliyi də böyük rol oynadı. Biz zəfərimizi bu sıldırım qayalara yalın əllə dırmanmaqla, görünməyən istiqamətlərdən düşmənin dərinliyinə sızmaqla, fərdi silahlarla əlbəyaxa döyüşdə düşməni darmadağın etməklə qazandıq. 1992-ci ildə biz o qayaların üstündə, yüksəklikdə idik. O zaman xəyanət nəticəsində məğlub olmuşduq. Bu gün isə o yüksəkliyi heç bir texnoloji vasitədən istifadə etmədən Azərbaycan əsgərinin cəsarəti, peşəkarlığı, hazırlığı sayəsində azad etdik. Demək ki, milli məsələdə bir olan xalq hər şeyə qadirdir.
 Şuşanı azad edən qəhrəman döyüşçülərimizdən biri ilə söhbətləşərkən demişdi ki, Şuşa əməliyyatı çətin əməliyyat idi. Düşmən yüksəklikdə, biz isə aşağıda idik. Lakin Vətən sevgisi və düşmənə nifrət hissi sayəsində biz əməliyyatı uğurla başa çatdırdıq. Muxtarkənd və Sığnaq istiqamətindən Daşaltı kəndinə giriş etdik. Çətin olsa da, dağlara, qayalara dırmaşa-dırmaşa, erməni silahlılarına qarşı döyüşə-döyüşə qalib gəldik. Düşmən evlərdən atıcı silahlardan və yuxarıdan minaatanlardan bizi atəşə tuturdu. Ancaq qələbə qazandıq, Daşaltını, sonra isə Şuşanı azad etdik...
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında zəfər çalan rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini, Daşaltını işğaldan azad etməklə, həm də Birinci Qarabağ müharibəsində şəhid olanların narahat ruhlarını sevindirdi. Bu illər ərzində milli ruhun, torpaq sevgisinin ölməməsi, əksinə, bu illər ərzində daha da güclənməsi qürurvericidir.
Vətən müharibəsində Azərbaycan hərb tarixinin qara ləkəsi olan Daşaltı əməliyyatının qisası alındı, kənd işğaldan azad edildi. Bu gün dünya dövlətlərinin hərbi qərargahları, müdafiə qurumları Azərbaycanın Ordusunun Şuşa əməliyyatında tətbiq etdiyi döyüş taktikasını öyrənir. Vətən müharibəsində Daşaltı əməliyyatı Şuşanın azad edilməsinə vəsilə oldu...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"