Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Yanvar 2022 15:45

Hər açılan səhərin rəngindədi Qələbə!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində xalqa müraciətində dediklərini də xatırlayacağıq, "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq" qürurunu yenidən, indi nəfəs-nəfəsə yaşayacağıq.
İşğaldan azad edilmiş ərazilərimizdə xidmət edən əsgərlərin əhatəsində bu düşüncələr gözəl könül xoşluğuna dönüb. Əsən külək yolların kənarında illərin intizarına dözüb yaşaya bilən, dağıdılmış evlərin həyətlərində quruyan ağacların yan-yörəsindən cücərən cavan ağacların budaqlarını titrədir. Kövrək görüntülərdi. Bu kövrəkliyi bir azdan əsgər düşüncələrindən boy göstərən fikirlər əvəzləyəcək. Vətən müharibəsindən əvvəl ön xətdə "Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq!" adlı disput keçirmişdik. Onda döyüş növbətçiliyinə gedən əsgərləri əsgər yoldaşlarının baxışları uğurlamışdı. Bu baxışlarda inam vardı, əminlik vardı.
Onda əsgər Fərman Hacıyev demişdi: "Səni yaşatmaq üçün qoruyuruq, Ana Torpaq!" kəlamını vətəndaşlığa epiqraf kimi yaşadacağıq. Hərbi xidmətdə də, hərbi xidmətdən sonra da. Bu yaşatma çağırışçıların hərbi xidmətə hazırlığında gərəkli olacaq. Bizdən sonra xidmət edəcək əsgərlər də bu kəlamı bu əqidəylə belə yaşadacaqlar". Əsgərlərə bunları xatırladıram və deyirəm ki, Fərman Vətən müharibəsi başlayana kimi tərxis edilmişdi. Əminəm ki, Vətən müharibəsi başlayanda o da döyüşlərə qatılmaq istəyib. Bilmirəm, xahişi yerinə yetirilibmi? Yerinə yetirilibsə, o da mərdliklə döyüşüb. Əsgər Gündüz Sultanlı sözümə qüvvət kimi deyir ki, belə düşünən oğullar mütləq döyüşlərə getməyə can atardılar. Əsgər Alxas Novruzov deyir ki, Fərmanın döyüşlərə getdiyinə, qəhrəmanlıqla döyüşdüyünə əminəm. Kaş onu tanıyaydıq. Əlini sıxardıq, döyüş təəssüratlarını dinləyərdik. Fərman da deyərdi ki, Zəfər tarixi zəfər olduğu üçün onun işığına zaval yoxdu. Yadıma düşür ki, Vətən müharibəsindən neçə aylar əvvəl ön xətdə, səngərdə əsgərlərə: "Hamımız bir Günəşin zərrəsiyik. O Günəş Vətəndi" demişdim. Əsgərlərin baxışları xeyli aralıda görünən vallara yönəlir. Baxışlarım o baxışlara sarılır. Elə bilirəm bir boy da dikəlmişəm. Əsgərlərdən birinin çatılan qaşlarının sözünü mətləbləşdirməyə çətinlik çəkirəm. Bu mətləb də Vətənə ad olan mətləbdi; Azərbaycan əsgəri Vətənli mətləblərin əsgəridi. Əsgərlərin bugünkü disputun mahiyyətində də işıq duyduğunu hiss edirəm və ürəyimdən keçən fikri bitirər-bitirməz əsgər İsmayıl Əhmədov deyir ki, orta məktəb illərində Nizami Gəncəvinin "Xeyir və Şər"ini də oxumuşduq. Müəllimimiz deyirdi ki, Xeyir işıq deməkdi, Şər qaranlıq. Mayor Mirsadiq Zeynalov onun fikrini düşündürücü, gərəkli bir fikirlə tamamlayır:
- Biz işıqlı niyyətlə formalaşmış bir xalqın ordusunun əsgəriyik. Bu ordu qalib ordudur. Qalib ordunun qazandığı Zəfər bəşəriyyətə düşən işıq kimidi. Ona görə hər biriniz böyük qürrə ilə deyirsiniz ki, hər səhərimiz Zəfər ovqatı ilə açılır.
- Yəni, hər biriniz deyirsiniz ki, hər açılan səhərimizdə Zəfər ovqatı var, Zəfər var. Yəni, 2020-ci il noyabrın 8-də qazanılan Zəfər Günəşə tən Zəfərdi, - deyirəm.
Kapitan Gülməmməd Rzazadə deyir ki, əsgər İsmayıl Əhmədovun dediklərinə bir əlavəm olacaq. Bəşəri niyyətlə yaşamaq Xeyiri təmsil etməkdi, bəşəri niyyətə düşmənçilik Şəri. Yəni, azərbaycançılıq Xeyirin, ermənilik Şərin timsalıdı.
Əsgərlərin baxışlarında bir qürur kükrəyir. Bu kükrəyiş mənə tanış kükrəyişdi. Vətən müharibəsindən əvvəl səngərdə əsgərlərlə söhbətləşəndə demişdim ki, "Səngər müvəqqəti dayanacaqdı Böyük Qələbənin yolları üstə". Onda əsgərlərin qaşları çatılmışdı, yumruqları düyünlənmişdi, hamısının əli avtomatın qundağını sıxmışdı. Bu ovqat döyüş əzminin, qələbə ruhunun ifadəsiydi. Bu ovqat səngərlərə sığışa bilməzdi. Əsgərlərin baxışlarında bir mətləb oxumuşdum: "Yaxın vaxtlarda səngərləri sərhədlərə köçürəcəyik". Bu niyyət işğalı sonlandırmaq niyyəti kimi yaşanılmışdı. Bu niyyət 2020-ci il noyabrın 8-də gerçəkləşdi. Bu gerçəkləşmə milli-xəlqi ruhun göyqurşağına döndü.
Əsgərlər fikrimi maraqla dinləyirlər.
Hamınız göyqurşağı görübsünüz. Hamınız göyqurşağının rənglərinin düzümünü, bir-birini gözəlliklə tamamlamasını həmişə maraqla, sevgilərlə izləyibsiniz. O rənglərin işığını gözlərinizə köçürübsünüz. Vətəndən, işğalda qalan torpaqlarımızdan söz düşəndə hərbi xidmətə tez getməyi arzulayıbsınız. Siz Vətən müharibəsində çağırışçı idiniz. Hərbi xidmətdə zabitlərinizin söhbətlərini, döyüş təəssüratlarını eşidirsiniz. Əmin olursunuz ki, Azərbaycan əsgəri işğal adında qaranlığı əritmək üçün döyüşüb. Döyüşüb və Zəfər qazanıb.
Əsgər Elşad Səlimov Vətən müharibəsi iştirakçısıdı. Döyüşlərdən, döyüşlərindən danışır. Deyir ki, Suqovuşan istiqamətində ağır döyüş gedirdi. Gecə düşmüşdü. Qaranlıqda qarşı tərəf görünməsə də, gülləyə gülləylə, mərmiyə mərmiylə cavab verirdik. Əmr beləydi ki, səhər açılar-açılmaz hücuma keçəcəkdik. O vaxta kimi düşməni bu döyüş taktikası ilə arxayınlaşdırmalıydıq. Dan yeri söküləndə hücum əmri verildi. İşıq işığa qarışdı. Açılan səhərin işığını atılan güllələrin işığı artırırdı.
- Yəni, işıq döyüş yolunuzun işığıydı, - deyirəm. Əsgər razılıqla gülümsünür. Mənim fikrimi kapitan Gülməmməd Rzazadə tamamlayır:
- O işıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il sentyabrın 27-də verdiyi əks-hücum əməliyyatının, Vətən müharibəsinin başlaması əmrinin müqəddəslik işığıydı.
Kapitanın fikri hamımıza könül xoşluğu verir. Əmrin işığı - nə qədər gözəl səslənişdi! Bu səslənişdə bir qürur da var, sevgi də. Bu qürur da, sevgi də dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqətin ifadəsidi.
- Tarix heç nəyi unutmur. Şuşanın işğaldan azad edilməsi ilə nəticələnmiş döyüşləri də unutmayacaq. Bu döyüşü dünya indi də heyrətlə xatırlayır. Oxuduqlarından xatırlayır. Rus jurnalistinin yazdıqlarını da xatırlayır: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Bu etiraf yadların etirafıdı və belə etiraflarla siz də qürurlanırsınız, - deyirəm. Fikrimi baş leytenant Ruhi Cavadov tamamlayır:
- Əsgərlərimiz Zəfərin necə qazanıldığını əsgər yoldaşlarından, bizlərdən eşidiblər. Onlar hər təəssüratı tarix dərsi kimi dinləyirdi. Belə anlarda diqqətimi çəkən bir məqamı xatırlayıram: əsgərlər döyüşmüş əsgər yoldaşlarına həsəd aparırdılar. Bəzi döyüş təəssüratları əsgərlərimizi əməlli-başlı duyğulandırırdı. Bu anlar mənə bir gerçəklik yaşadırdı: qazanılan Zəfər təkcə yaddaşlarda, tarixdə deyil, könüllərdə də yaşayacaq. Yaşanılanlarda işıq qüdrəti var. Yəni, qazanılan Zəfər işıqdı.
Bu fikrə bayaqdan bəri düşüncələrimizə düşən işıq, bu işığa Zəfərin zərrəsi demək keçir könlümdən, - deyirəm. Mayor Mirsadiq Zeynalov fikrimi təsdiqləyir. Vətən müharibəsindən əvvəl səngərli söhbətlərin birində milli ruhun yaşarılığından danışırdıq. Onda əsgərlərdən biri "Kaş son nəfəsimizəcən bu ruhun ətəyində yaşaya bilək" demişdi. Əlim ahəstəcə əsgərin çiyninə enmişdi. "Bu ruhun zərrəsi olmaq da səadətdi" demişdim. Əsgərlərdən biri dediklərimi şeir misrasına bənzətmişdi. O misra az sonra bir bəndlik şeirə dönmüşdü:

Sənə xidmət edirik...

Hər daşın səngərdi bizə,

İli ömür eləmək

Vətənə xidmətdi, Vətən!

Belə bir sevgi mənim

ruhumun can ortağıdı,

Bu ruhun zərrəsi olmaq da

səadətdi, Vətən!...

Bunu xatırladıram. Əsgərlərin düşüncələrinin nizamı mənə könül xoşluğu verir. Bayaqdan bəri nə deyiriksə, Zəfər - səhər səsləşməsinə istinad edib deyirik. Bu səsləşmə sökülən dan yerinin işığına, düşüncələrimizin nizamına dönür. Bu da Qələbənin qüdrətidi.  
"Dünya gördü ki, Azərbaycan Ordusu qüdrətli ordudur. Vətən müharibəsində əsgəri də, zabiti də Vətən naminə hər döyüşü son döyüş bilib döyüşürdü. Dünya ona da əmin oldu ki, Dövlət Bayrağının işığında vuruşanlar məğlub olmur, ya qələbə qazanır, ya şəhid olur. Azərbaycan əsgəri kimi...", - deyirəm. Əsgərlər razılıqla bir-birilərinə baxırlar. Yaddaşa düşəsi baxışlardı. Həm də Zəfərdən barınan baxışlardı - nurlu, düşündürücü, doğma...
2020-ci il noyabrın 8-dən üzü bu yana səhərlərimiz o qədər gözəl ovqatla açılır ki!
İşğalın, işğalçılığın son nəfəsi olmuş Zəfər tarixin axarını dəyişdi. 28 il açılan səhərlərimizin rəngində bir həsrət vardı, könül qubarı vardı, nisgil vardı, yerə-göyə sığmayan bir haray vardı. Qələbə bu həsrəti bitirdi - səhərlərin rəngi durulaşdı, Qələbə könül qubarını kürüdü - səhərlərin rəngi durulaşdı, Qələbə nisgilə son qoydu - səhərlərin rəngi durulaşdı. Zəfər yerə-göyə sığmayan harayın hoyuna yetdi, səhərin rəngi durulaşdı. Ona görə hər açılan səhərin rəngindədi Qələbə!

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"