Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Yanvar 2022 11:12

Zəfərin qüdrəti

Vətən müharibəsindən əvvəl ön xətdə, səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizlə söhbətləşəndə Vətən kəlməsinin müqəddəsliyini böyük duyğusallıqla yaşayırdıq. Biz də, əsgərlərimiz də. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan postda əsgərlərdən biri demişdi ki, babam Birinci Qarabağ müharibəsində yerli özünümüdafiə batalyonunun tərkibində döyüşüb, atam atəşkəs dövründə hərbi xidmətdə olub. “Məni hərbi xidmətə yola salanda babam köksünü ötürüb dedi: Nə mən, nə də sənin atan qələbənin əsgəri ola bilmədik. Kaş Ali Baş Komandanımız sən xidmətdə olanda döyüş əmri verə, sən əsgər kimi, atanla mən əsgərləşən vətəndaş kimi döyüşlərdə iştirak edək. Bir ailədən üç əsgər. Həm də üç qalib əsgər. Mən də, əsgər yoldaşlarım da babamın istəyi olan həmin döyüş əmrinin intizarındayıq”.
Əsgərin düşüncələrinin işığı düşüncələrimə süzülmüşdü. Əminliklə göy üzünə baxmışdım: Azərbaycan əsgərinin döyüş ruhu könlümü telləndirmişdi. Onda həmin əsgərə xitabən demişdim:
 
Döyüşçünü uğurlayar
hər el, əsgər, oba, əsgər.
Qalibiyyət bayrağının işığında
Döyüşlərdən evə dönər
nəvə-əsgər, ata-əsgər,
baba-əsgər...
 
Mayor Ruslan Novruzov əminliklə demişdi ki, Azərbaycanımızda belə nəvələr-babalar çoxdur. Onda bu kəlmələrin qürurunu əsgərlərlə nəfəs-nəfəsə yaşamışdıq...
Vətən müharibəsi başladı. Azərbaycan əsgəri düşmən sədlərini darmadağın etdi. İlkin qələbələr qazanıldı. Bu qələbələr Azərbaycan əsgərinin  yüksək olan döyüş əzmini, qələbə ruhunu daha da yüksəltdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dedikləri işğalçı dövlətə gizlin-aşkar havadarlıq edən dövlətlərə bir gerçəkliyi yaşatdı: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Ərazi bütövlüyümüz bərpa olundu. 2020-ci ilin 8 noyabrı Zəfər Günü kimi tarixləşdi...
İşğaldan azad edilmiş rayonlarımızda quruculuq işləri başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu rayonlara səfərləri quruculuq işlərinin coğrafiyasını genişləndirirdi, dinamikasını artırırdı.
İşğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilmiş Zəfər yolu, Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, 20-dən artıq yaşayış məntəqəsini əhatə edir; bu avtomobil yolu böyük quruculuq işlərinin başlanğıcı oldu.
Zəngilan rayonunun Ağalı kəndi "Ağıllı kənd" layihəsi əsasında yenidən qurulur. Bu kənddə aparılan tikinti işlərini mən də görmüşəm. Hələ işğaldan əvvəl gördüyüm kənd deyildi bu kənd. Bu kəndin görkəmi də, evlərin düzümü də özü boyda könül xoşluğuydu. Yaradılacaq infrastrukturlar ona dünyəvi şöhrət gətirəcək. Yaxın vaxtlarda bu şöhrətin işığı düşüncələrimizin haləsinə dönəcək. Bu tikinti işğaldan azad edilən rayonlarımızda quruculuq işlərinin nəticələri haqqında ən gözəl zəmanətdir. Azərbaycan cəmiyyəti də, xarici dövlətlər də quruculuq işlərini Vətən müharibəsində qazanılan Zəfərin məntiqi davamı bilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində demişdi:  "...gün gələcək ... bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləcəkdir. Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal edilmiş və azad olunmuş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır". Bu kəlamlar indi məsuliyyətlə gerçəkləşdirilir. Azərbaycan əsgəri Vətən müharibəsində Zəfər qazananların döyüş yolunu Zəfərdən sonrakı davamçıları kimi ərazi bütövlüyümüzü böyük məsuliyyətlə qoruyur.
Qubadlıda əsgərlərin əhatəsindəydik. Vətən müharibəsindən danışmışdıq, Zəfərdən danışmışdıq. Əsgər Kənan Rzayev demişdi ki, Vətən müharibəsində mən də, əsgər yoldaşlarım da məktəbli idik. Döyüşlərdə iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinə müraciət etmişdik. Ehtiyac olmadığına görə xahişimizə əməl etmədilər. Dövlət başçısının bu kəlamlarından çağırışçı olanda da qürurlanmışdıq, hərbi xidmətdə də qürurlanırıq.
İşğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri uğurla davam edir. Yol boyunca gördüklərimizi xatırlatmışdım: yol çəkilir, yollarda yağışdan-qardan yarana biləcək sellərin yolu dağıtmaması üçün tunellər qurulur. Bu böyük layihələrin kiçik bir hissəsidi. Kiçik bir hissə bizi bu səviyyədə qürurlandırırsa, quruculuq işləri başa çatanda necə qürurlanacağıq, necə! O gün uzaqda deyil...
İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri müasir Azərbaycanın daxili siyasətini müəyyənləşdirən başlıca istiqamətlərdən biridir. Bu, eyni zamanda, xarici siyasətin də tərkib hissəsi kimi diqqəti çəkir. Qısa müddətdə tikilib istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı ölkəmizin iqtisadi inkişafında da səmərəli olacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın səfərində dedi: "Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var". Nə qədər qürurludur! Dövlət başçısının qürurla dedikləri işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin mahiyyəti qədər gözəldir! 2020-ci il noyabrın 8-də yaşadığımız qürur qədər gözəldir! Quruculuq işləri başa çatanda yaşayacağımız qürur Zəfər səviyyəsində qürur yaşadacaq!   
Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun qələbə ilə başa çatacaq son döyüşünü gözləyirdik. Quruculuq işləri başlayandan dövlət başçısına "Sizin layihələriniz əsasında işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri başa çatdı!" məruzəsinin intizarındayıq. Həmin məruzəni təkcə biz gözləmirik, Azərbaycana, azərbaycançılığa sayğısı, ehtiramı olan dövlətlər də, azərbaycançılığın işığının mahiyyətini dərk edən soydaşlarımız da gözləyir. Dünyanın hər yerində.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş rayonlara səfərləri həmin rayonda quruculuq işlərini sürətləndirməklə xalqın yaşamaq üçün kəndlərinə, yəni, evlərinə qayıdışının uzaq gələcəkdə olmadığının inamıdır. Dövlət başçısının bu ilin avqustun 16-sı Kəlbəcərdə quruculuq işləri ilə bağlı layihələrin yerinə yetirilməsinin tezləşdiriləcəyinə əminliyi bu inamın zəmanətidir - Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin də təməli qoyuldu. Kəlbəcərdə quruculuq işləri istiqamətində həyata keçirilən tədbirlərin şəbəkəsi genişdir. Dövlət başçısının Kəlbəcərə səfərində "Kəlbəcər" yarımstansiyasının açılışı da oldu, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyuldu. Aylar ötdükcə ümid işığı daha da gurlaşır. Bu işıq qəlbitəmizlərin gözlərinin nuruna qarışır, qəlbipaxırların gözlərini qamaşdırır...
İşğaldan azad edilmiş rayonlar yenidən qurulur. Cəbrayıl da, Qubadlı da, Ağdam da. Düşmən görür ki, ermənilik azərbaycançılığın qarşısında heç zaman boy göstərmək qüdrətində olmayacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdamda çıxışında dedi: "Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik". Bu əminlik Zəfərdən sonra başlayan quruculuq işlərinin mahiyyətinin ifadəsidir.
Yenidən qurulmuş rayonlara qayıdış günü göy üzü üzə güləcək, 28 ilin həsrətini Zəfər bitirdi, gedənlər dağıdılmış evlərini, kəsilmiş ağaclarını, suyu qurumuş bulaqlarını, ...görüblər, erməniliyin dağıtdığı, azərbaycançılığın dirçəldiyi ərazilərə qayıdış həsrəti birdəfəlik bitəcək. Buna  da Zəfərin qüdrəti deyəcəklər!..
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"