Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2021 17:12

Vətən müharibəsi və mənəvi-psixoloji hazırlıq

Müsahibimiz İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovdur

- Cənab general, rəhbərlik etdiyiniz İdarənin Vətən müharibəsindən sonrakı fəaliyyəti hansı istiqamətlərdə davam etdirilir?
- İdarəmizin fəaliyyəti təsdiq edilmiş Əsasnamə əsasında ideoloji və psixoloji iş olmaqla iki istiqamətdə aparılır.
İdeoloji işin mahiyyəti şəxsi heyətə Vətənə, dövlətə, dövlətçiliyə, Hərbi anda sədaqətlə xidmət etmənin, döyüşə daim hazırolmanın vətəndaşlıq və hərbi borc olduğunu, azərbaycançılıq ideologiyasının vətənpərvərlik və dini tolerantlıq ruhunda formalaşmanın gərəkliyini, yüksək mənəvi dəyərlərə istinadən özünü Vətənin ayrılmaz bir hissəsi hesab bilməyi, xalqın adət-ənənələrinin layiqli davamçısı olmaqla Vətənə sədaqətlə xidmət etməyi hərbi xidmət müddətində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin ümumqoşun Nizamnamələrinin tələblərini gündəlik əsgəri fəaliyyətlərində həyat tərzi bilməyi aşılamaqdır. İdarəmizin əməkdaşları Azərbaycan Respublikasının daxili və xarici siyasətinin əsas istiqamətlərinin, dövlətin ordu quruculuğu istiqamətində görülən işlərin, milli və beynəlxalq təhlükəsizlik üzrə həyata keçirilən tədbirlərin şəxsi heyətə vaxtında və əhatəli çatdırılmasının icraçısıdırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində Vətən müharibəsində şəhid olanlar haqqında dedi: "Qələbəni biz şəhidlərimizin qanı hesabına qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq". Bu fikirlər hər birimizin fəaliyyətimizin başlıca istiqamətlərini müəyyənləşdirir. İdarəmiz şəhidliyə, şəhidlərə və onların ailə üzvlərinə olduqca həssas yanaşır...
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin müntəzəm qayğısı, nəzarəti və şəxsi iştirakı nəticəsində şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib. İdarəmiz də bu istiqamətdə belə bir mühüm sosial və mənəvi prosesdən kənarda qalmır. İdarənin fəaliyyət sferasına daxil olan müddəalar əsasında əməkdaşlarımız həm bu istiqamətdə, həm də şəhidlərin anım günlərinin təşkilində və keçirilməsində yaxından iştirak edir, şəhid hərbi qulluqçuların ailə üzvlərinə mənəvi-psixoloji dəstək də göstərirlər.
Vətən müharibəsində qazanılan Zəfərdən 1 il keçsə də, şəhid ailələri ilə müntəzəm əlaqə saxlayırıq, onlara gərəkli mənəvi-psixoloji dəstək veririk, psixoloji dəstək bizim yerinə yetirməli olduğumuz və yerinə yetirdiyimiz işin ən duyğusalı, bəlkə də mənəvi baxımdan ən gərəklisidir.
- Azərbaycan Ordusu Vətən müharibəsində böyük Zəfər qazandı.
- Bu Zəfər işğalı sonlandırdı, torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu sırasındadır. Vətən müharibəsində qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsi, ümumiləşdirilməsi və şəxsi heyət arasında təbliğ edilməsi də ideoloji işin tərkib hissələrindəndir. Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi və qələbələrin əldə edilməsi müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir, öyrənildikcə yeni faktlar aşkarlanır. Aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar.
- Orta məktəblərdə gənc nəslin ordu sıralarına hazırlanmasında və hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində hansı tədbirlər həyata keçirilir?
- Orta məktəblərdə "Qəhrəmanlar klubu" fəaliyyət göstərir, hərbi hazırlıq dərslərində Vətən müharibəsində qazanılan Zəfər haqqında geniş məlumatlar verilir, qəhrəmanlıq nümunələri təbliğ edilir, disputlar, viktorinalar, mövzu saatları keçirilir, gənclərin hərbi liseylərə, Ali Hərbi Məktəbə yönləndirilməsində fəal iştirak edir, müəyyən mənada bunun iştirakçısı olur.
Orta məktəblərin doqquzuncu siniflərində yeni fənn tədris edilir: "Zəfər tarixi". Bu fənnin tədrisi təkcə pedoqoji proses deyil, həm də mənəvi prosesdir. Dərs materiallarının, proqramının hazırlanması İdarəmizin fəaliyyəti ilə tənzimlənir. Bu baxımdan İdarəmiz bilavasitə tədris prosesinin də iştirakçısı olur. Bu, mahiyyət etibarilə şagirdlərin hərbi vətənpərvərlik tərbiyəsinin davamıdır.
- İndi Azərbaycan əsgərinin mənəvi-psixoloji hazırlığı Vətən müharibəsində qazanılan Zəfərdən sonra daha şəbəkəli vətənpərvərlik duyğuları əsasında aparılır...
- Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrəti kimi tarixləşdi. Xarici hərbi ekspertlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu bildirirdi. Görəsən, Zəfərdən sonra bu, hansı rəqəmlə ifadə edilir?
Vətən müharibəsindən əvvəl ideoloji işin başlıca mahiyyəti torpaqlarımızın işğaldan azad olunması ilə bağlı idi. Torpaqlar işğaldan azad edildi. Bu gün ideoloji işin başlıca mahiyyəti - vətənsevərlik, Azərbaycan dövlətinə, dövlətçiliyinə, Hərbi anda sədaqətidir. Hazırda fəaliyyətimiz böyük məsuliyyətlə davam etdirilir, əlavə olaraq işğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinə inam, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması kimi duyğular daha möhtəşəmliklə aşılanır. Bu, İdarəmizin hər bir əməkdaşının yerinə yetirdiyi vəzifə borcları sırasındadır.
Vətən müharibəsi milli-xəlqi ruhun qələbəsi kimi tarixləşdi. Bu qələbə azərbaycançılığın qüdrəti idi, Ali Baş Komandanın Müzəffər sərkərdəliyinin qələbəsi idi, xalqın ölkə başçısının ətrafında sıx birləşməsinin qələbəsi idi, tarixi ədalətin bərpa edilməsi idi. Bu amillər hal-hazırda hərbi hissələrdə şəxsi heyətə vətənpərvərlik duyğularının daha yüksək səviyyədə formalaşdırılmasında başlıca amillərdən hesab edilir.
Şuşanın işğaldan azad edilməsi dünyanı heyrətə saldı. Sizin qəzetdə oxuduğum bir informasiyanı xatırlayıram. Bir rus jurnalistinin yazdığı da bu heyrətin nümunəsidir: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar". Bu fikirləri xarici dövlətin jurnalisti deyib. Həm də kəlmələrdə bir qibtə də var. Yəni, bu fikirləri deyənin təmsil etdiyi millətin döyüşçülərinin də belə qətiyyətə malik olması istəyi də aydınlığıyla hiss edilir. Bu və bu kimi informasiyaların əsgərlərə çatdırılmasını da zəruri hesab edirəm. Xarici vətəndaşın, xarici ölkənin jurnalistinin bu səviyyədə həsədi, əlbəttə ki, ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığında əhəmiyyətli olar.
Müharibədə iştirak edən Ermənistan ordusunun hərbi qulluqçusu Andrey Nalbandyan da Azərbaycan əsgərinin qorxmazlığından qorxduqlarını etiraf edərək belə deyib: "Yaxın məsafədən atışa girən dostlarım düşmənin qeyri-insani inadkarlığını qeyd edirlər. Avtomatla çiynindən vururdun, amma döyüşməyə davam edirdilər - onlar terminator kimi irəliləməyə davam edirdilər. Sanki zombi ordusu idi". Düşmənin etirafı Azərbaycan əsgərinin qüdrətidir. Bu qüdrət Vətən müharibəsində işğalçı dövlətin qurduğu sədləri də, bu sıradan "Ohanyan səddi"ni, ordusunun döyüş ruhunu da darmadağın edən Azərbaycan əsgərinin gücünün etirafıdır. Yaxınlaşan gücdən, qüdrətdən qorxmağa başlayan düşmənin məğlubiyyətinin başlıca səbəbinin etirafıdır. Bu qorxunun müharibənin sonlarından xeyli əvvəl düşmənin hərbi qulluqçularının döyüşlərdən yayınmasına, hətta qaçmasına səbəb olduğunun etirafıdır.
- Azərbaycan elminin korifeylərindən olan akademik Xudu Məmmədovun bir kəlamını xatırlayıram: "Uşaqlara Vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara Vətəni tanıdın, özləri sevəcəklər". Əsgərlərə Vətəni sevməyi öyrətməyə ehtiyac varmı?
- Yox, ehtiyac yoxdu. Bu fikir valideynlərin də, müəllimlərin də, zabitlərin də istinad etməli olduğu çoxsaylı mənbələrdən biridir. Hərbi hissədə onlara Vətən sərhəd bütövlüyü ilə tanıdılır. Onlar sevdikləri Vətəni daha dəruni sevirlər. Yəni, gənc əsgərlərin mənəvi keyfiyyətlərini yüksəltməyin, dünyagörüşünü genişləndirməyin müxtəlif üsulları sırasında belə kəlamlardan bəhrələnməyi də, hərbi hissələrdə müxtəlif məzmunlu vətənpərvərlik tədbirləri ilə bir sırada şair və yazıçılarla görüşlərin, vətənpərvərlik mövzusunda yazılan kitabların müzakirəsinin də, disputların da keçirilməsini tövsiyə edərdim.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Ali Baş Komandanın bu kəlamları Vətən müharibəsində döyüşən ordunun döyüş ruhunun manifesti idi.
Yaralanan döyüşçünün müalicəyə getmək istəməməsi də, yüngül yaralananların hospitalda sonacan müalicə olunmaqdan imtina etməsi də, Şuşa uğrunda gedən döyüşlərdə yaralı döyüşçünün son nəfəsində qanı ilə qayaya "Qarabağ Azərbaycandır" yazması da, ... qəhrəman Azərbaycan əsgərinin, döyüşçülərin döyüşdə şəhid olanları da, yaralananları da sıldırım qayalarla özləri ilə birlikdə Şuşayacan aparmaları da qələbə ruhunun səviyyəsinin göstəricisidir, qələbə ruhunun ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa başqa bir müraciətində dedi: "...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq". Azərbaycan əsgəri belə kəlamları hərbi xidmətə ən müdrik inam bilir...
- Vətən müharibəsi zamanı rəisi olduğunuz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabitləri də, hətta əksər kursantları da döyüşlərə getmək istəyirdilər...
- Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 50 illik yubileyi ərəfəsindəyik. Bu lisey Azərbaycanda ordu quruculuğunda müstəsna rol oynayıb.
Liseyin məzunları hərbi hissələrdə nümunəvi xidmət ediblər. Birinci Qarabağ müharibəsində də, 2016-cı ilin Aprel döyüşlərində də, 2020-ci ilin İyul döyüşlərində də cəsarətlə, qətiyyətlə, qəhrəmanlıqla döyüşənlərin sırasında liseyin məzunları da olublar. Onlarla məzun orden və medallarla təltif edilib. Liseyin məzunlarından 11 nəfəri Birinci Qarabağ müharibəsində "Azərbaycanın Milli Qəhrəmanı" adına, 19 nəfəri Vətən müharibəsində "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Vətən müharibəsi başlayanda liseyimizin onlarla zabiti döyüşlərdə iştirak etmək niyyəti ilə müraciət etdi. Təbii ki, onların hamısının istəyini yerinə yetirmək mümkün deyildi. Kursantlarımızın yaşları az olsa da, döyüşlərə getmək istədiklərini bildirirdilər. Bu, sabahın zabitlərinin hansı ruhla böyüdüklərinin, təhsil aldıqlarının təsdiqi idi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantı olan Azərbaycanın Milli Qəhrəmanlarının, eləcə də bütün şəhid zabitlərin döyüş yolu kursantların mənəvi-psixoloji hazırlığının başlıca mənbələrindən olub. Andiçmə mərasimlərindən birində liseyi bitirən kursantın dediklərini heç zaman unutmayacam: "Hərbçi kimi liseyimizin məzunlarının yolunu biz davam etdirəcəyik. Onlar kimi qorxmaz, onlar kimi vətənsevər, onlar kimi cəsarətli olmaq bizim mənəvi borcumuzdur. Belə olmağı bacarmayanlar zabit mundiri geyinə biləcəklərmi?" Cavab tələb etməyən bu sual həmin kursantın, həmin kursantın timsalında liseyin kursantlarının hansı ruhda formalaşdığının göstəricisi idi. Belə dünyagörüşə, belə düşüncəyə malik olan kursantlar, təbii ki, Vətən müharibəsində iştirak etmək istəyəcəkdilər və istədilər də...
- Əsgərlərlə, gənc zabitlərlə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə aparılan söhbətlərdə hansı məqamlara daha çox diqqət yetirilməsini tövsiyə edərdiniz?
- Bu tarixi Zəfərin mahiyyəti ayrı-ayrı döyüşlərlə müəyyənləşsə də, Azərbaycan Ordusunun qüdrətidir. Azərbaycan Ordusunun döyüş və mənəvi-psixoloji hazırlığı ordu quruculuğunda həyata keçirilən müxtəlif tədbirlərlə, təlimlərlə yüksəlib. Hərbi qulluqçular bunu bilirlər. Hərbi qulluqçularla aparılan söhbətlərdə faktlarla Azərbaycan əsgərinin Vətən sevgisinin nəhayətsizliyindən, qətiyyətindən, dönməzliyindən danışılması bilavasitə, İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin yerinə yetirməli olduğu və yerinə yetirdiyi vəzifə borcudur. Vətən müharibəsində eyni gündə iki oğul itirən ananın təsəlli verənlərə "Vətən sağ olsun!" təsəllisi əsgərlərə olduqca gərəkli mənəvi dəyanət aşılayır. Ümumiyyətlə, belə söhbətlər Vətən müharibəsinin tarixini öyrənməyə istiqamətləndirilir ki, bu da özlüyündə mənəvi-psixoloji hazırlığın səviyyəsinin yüksəldilməsində olduqca etibarlı zəmanətdir.
- Vətən müharibəsində qazanılan Zəfər şəxsi heyətin mənəvi-psixoloji hazırlığında nə kimi rol oynayacaq?
- Bu gün xidmətdə olan hərbi qulluqçuların bir hissəsi Vətən müharibəsində çağırışçı idi, Vətən müharibəsini çağırışçı kimi yaşayıbdı. 2020-ci ilin 8 noyabr ovqatı onun da düşüncələrinə bəşəri bir gün kimi yazıldı. Həmin günün qüruru əsgər olaraq onun mənəvi-psixoloji hazırlığının başlanğıcı olub. Hərbi hissələrdə bu başlanğıc uğurla davam etdirilir...
Bu günün əsgərləri Zəfər Günündə çağırışçı idi. Onlar Zəfər Gününü böyük ovqatla yaşamışdılar. Cəmi 44 gün əvvəl döyüşlərə getməyə cəhd edənlər də bu ovqatı Azərbaycan Ordusunun qüdrətinin təsdiqi bilmişdilər. Onların Vətən müharibəsi haqqında bildikləri ictimaiyyətin bildikləri qədər olur. Hərbi hissədə bu bilgilər məzmun baxımından, fakt, hadisə baxımından genişləndirilir ki, bu da onların mənəvi-psixoloji hazırlığının dönməzliyini təmin edir. Yəni, Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi baxımdan daha səviyyəli formalaşmasında başlıca amildir. Həmişə də belə olacaq. Çünki bu Zəfər ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik qüdrətinin Zəfəridir. Bu zəfər tarixi ədalətin Zəfəridir. Bu Zəfər bəşəri Zəfərdir.
- Müsahibə üçün çox sağ olun.
 

Müsahibəni apardı: Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"