Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2021 09:14

“Elnur daim xəyallarımda yaşayacaq”

Bir dəfə ikinci sinifdə oxuyan bir oğlan uşağının hazırcavablığı yaman xoşuma gəlmişdi. Onda 2016-cı ilin apreli idi, 4 günlük haqq savaşında ordumuz düşmənə gücünü, qətiyyətini layiqincə göstərmişdi. Döyüşlərdə şəhidlərimiz, qazilərimiz vardı. "Şəhidlik nə deməkdir" - sualıma həmin İbrahim adlı məktəbli tərəddüd etmədən "Şəhidlik Vətən uğrunda can fəda etməkdir", - demişdi.

Əslində, qısamüddətli Aprel savaşı düşmənlərimizə dərs olmalıydı. Onlar başa düşməliydi ki, Azərbaycanda köksü qələbə əzmi ilə döyünən mübariz gənclik yetişib və bu gəncliyin minlərlə nümayəndəsi məhz hərbi xidmətdədir, zabitdir, gizirdir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur. Hələ saysız-hesabsız könüllülərimizi demirəm. Erməni daşnakları anlamalı idi ki, onların ordusunda fərarilik baş alıb gedəndə, əsgərləri bir yana, hətta zabitləri də döyüş postlarını, silah-sursatını atıb qaçanda, Azərbaycanın minlərlə gənci ordumuza dəstək olmaq üçün cəbhə bölgəsinə axışırdı. 

Ucar rayonunda anadan olan mayor Elnur Yaqub oğlu Hacıyev hərbi xidmətdən tərxis olunanda 2020-ci ilin əvvəlləri idi. Tovuz, Ağdam, Gədəbəy bölgələrində xidmət edən  peşəkar zabit yaxşı bilirdi ki, ehtiyata çıxsa da, istənilən vaxt haqq savaşına qatılacaq. Məhz ötən il sentyabrın 27-də torpaqlarımızın işğaldan azad edilməsi üçün İkinci Qarabağ müharibəsi başlananda Elnur da cəbhə bölgəsinə yola düşür. Cəbhəyə yollananda boynuna sarılan bircə övladını, ürəkdən sevdiyi ömür-gün yoldaşını, anasını və iki bacısını da düşünürdü, amma Vətənin harayına yetişmək onun da borcu idi.

Bəzən "Vətən haradan başlayır?" sualına cavab axtaranda düşünmüşəm ki, Vətən hər birimizdən - məndən, səndən, ondan, evimizdən, elimizdən başlanır. Əbəs yerə ona ana Vətən demirik ki. Vətənin qoynunda yaşayan hər kəs dar gündə onun harayına yetişməlidir.

Elnur Hacıyevin ilk döyüş yolu Tərtərin Talış kəndindən başlanır. Peşəkar hərbçi bölmədə olan əsgərləri də qələbəyə ruhlandırırdı. Əzəli torpaqlarımızın, qədim Qarabağımızın tezliklə işğaldan azad ediləcəyinə olan inamını, qətiyyətini hər kəsə aşılayırdı. Hər döyüş səngiyəndə vaxt tapıb evə zəng edirdi. Hər dəfə qızının səsini eşidəndə kövrəlir, ancaq bunu hiss etdirmir, şanlı ordumuzun qəhrəman əsgərlərindən söz açırdı. "Qızım dərslərini yaxşı oxu, darıxma, Qələbə günümüzə lap az qalıb", - deyərdi. Amma Füzuli şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə igid zabitimiz şəhid oldu. 

- Həmin gün mənə zəng etmişdi, səsi tez-tez qırılırdı, bəlkə də son nəfəsindəymiş, - həyat yoldaşı dedi. Yanağında selə dönən göz yaşı Elnarə xanımı danışmağa qoymurdu. Bir az toxtayıb yenidən söhbətinə davam edirdi. - Elnur cəmi beş-altı ay olardı ki, ordudan tərxis olunmuşdu, Xırdalan şəhərində yenicə aldığımız yaraşıqlı mənzildə xoş günlərimizi yaşayırdıq. Əvvəlki illərdən fərqli olaraq hər axşam evdə olurdu, istirahət günlərində paytaxtımızı gəzib dolaşırdıq. Qızım atasının əllərini buraxmırdı, tez-tez soruşurdu ki, ata, bəs əvvəllər niyə gəlmirdin? Elnur heç nə demirdi, amma mən onunla əhd-peyman bağlayıb ailə həyatımızı başlayanda bilirdim ki, aylarımız, illərimiz başqa-başqa yerlərdə keçəcək, çətin günlərimiz çox olacaq. Çünki o, hərbçi idi, bir Vətən ömrü yaşayırdı. Bilirdim ki, hərbçi yeganə peşədir ki, bu peşənin mənası, məramı Vətəni qorumaq deməkdir.

Ucar rayonunda doğulub boya-başa çatdığı ata ocağında Elnurun xatirə bulağı yaradılıb, oxuduğu orta məktəbin "Şəhidlər" guşəsinə onun da şəkli həkk olunub. Guşəni igid zabitimizin həm hərbi xidmət dövründə qazandığı "Qüsursuz xidmətə görə" və Azərbaycan Ordusunun yubiley medalları, həm də Vətən müharibəsində ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə"  ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları bəzəyir.

Elnarə xanım söhbətimizdə dedi ki, yaşadığımız evdə də Elnurdan yadigar qalan hərbi geyimləri, əl çantaları, digər əşyaları var. Şəhid zabitimizin həyat yoldaşına görə, onun əsas yadigarı gözlərinin ağı-qarası olan bircə qız övladı - Hicrandır. "Elnur müharibəyə yola düşəndə mənə demişdi ki, qızımız sənə əmanətdir. Elə o gündən and içdim ki, övladımı igid, qəhrəman atasının adına layiq olan bir övlad kimi böyüdəcəm. Bir şəhidin ömür-gün yoldaşı olmaq mənim üçün olduqca qürurvericidir. Elnur daim xəyallarımda yaşayacaq".

Afərin, Elnarə xanım, sən bir zabitə layiq olan əsl Azərbaycan qadınısan. Gör kimlərin yadigarısan - Nigarların, Həcərlərin, neçə-neçə qəhrəman qadınımızın. Vaxt gələcək nəvələrinin əllərindən tutub onlarla birgə şəhid həyat yoldaşını ziyarət edəndə qəlbin qürurla döyünəcək...

 

Arif PƏNAHOV Bakı şəhəri