Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2021 09:14

Unudulmaz sərkərdə

Hərb tariximizə tanınmış generallar bəxş edən Kəngərlilər (Naxçıvanskilər) nəslinin görkəmli nümayəndəsi olan Cəmşid xan Naxçıvanski bacarıqlı sərkərdə kimi şərəfli döyüş yolu keçib. Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdə göstərdiyi şücaətlərlə milli hərb sənəti tariximizə dəyərli töhfələr verib. Onun yüksək ixtisaslı hərbçi  kadr hazırlığı sahəsindəki zəngin fəaliyyəti bu gün də araşdırılır və öyrənilir. Cümhuriyyət Ordusunun zabiti, diviziya komandiri Cəmşid Naxçıvanski zəngin fəaliyyətində babaları Kalbalı xan, İsmayıl xan, Ehsan xan və Hüseyn xanın sərkərdəlik bacarıqlarını yüksək məharətlə davam etdirmişdir.

Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 9 avqust 1895-ci ildə  Naxçıvan şəhərində anadan olub. Görkəmli sərkərdə nəsil şəcərəsində general-mayor II Kalbalı xanın oğlu Cəfərqulu xanın ailəsində dünyaya göz açıb. O dövrün adət-ənənələrinə görə hərbi peşəyə yalnız zadəgan övladları cəlb olunurdular. Belə əsaslandırılırdı ki, zadəgan övladlarında sadiqlik, etibarlılıq göstəriciləri yüksək idi. Cəmşid də xan nəslinin nümayəndəsi, zadəgan övladı kimi hərb elminin sirlərini öyrənir. O, 1914-cü ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbində təhsil alır. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olan Cəmşid Naxçıvanski "Brusilov cəbhəsi"nin yarılmasında iştirak edir və şücaətinə görə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunur. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılır, II, III, IV dərəcəli Anna, II dərəcəli Stanislav ordenləri ilə təltif olunur.

Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunda görkəmli hərb xadimi Cəmşid Naxçıvanskinin böyük xidmətləri olub. Rusiyada baş verən   inqilablar böyük çar ordusuna da təsirsiz ötüşmür. Cənub-Qərb cəbhəsinin dağılmasından sonra Cəmşid Naxçıvanski komandiri olduğu süvari alayı ilə birlikdə  Vətənə dönür və təcrübəli zabit kimi Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi uğrunda mübarizəyə qoşulur. O, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu, milli qoşun hissələri, Əlahiddə Korpusun tərkibində erməni-bolşevik hərbi birləşmələrinin Bakıdan çıxarılmasında və Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəsində inamla döyüşür. 

Alay komandiri kimi çar ordusunda və müharibə cəbhələrində böyük təcrübə qazanmış istedadlı sərkərdə Azərbaycanda milli ordu hissələrinin yaradılmasında bilik və təcrübəsini əsirgəmədi. Təsadüfi deyil ki, Cəmşid Naxçıvanskinin Xankəndidə yerləşən komandiri olduğu alay 1920-ci ilin martında Qarabağda erməni daşnak qüvvələrinə qarşı keçirilən döyüş əməliyyatlarında və daxili sabitliyin qorunmasında bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Qarabağda erməni quldurlarının məhv edilməsində və Əskəran qalasının azad olunmasında İkinci Qarabağ süvari alayının komandiri Cəmşid Naxçıvanski və əsgərləri əsl qəhrəmanlıq göstərdilər.  1920-ci ilin aprel işğalından sonra onun süvari alayı da qızıl ordu hissələrinin tərkibinə keçir. Təcrübəli zabit Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli dağ-atıcı diviziyasının komandiri təyin olunur, yüksək ixtisaslı hərbçi kadrların hazırlığında mühüm rol oynayır. Cəsur sərkərdə milli dağ-atıcı diviziyasını keçmiş İttifaqın hər yerində tanıdır. Məşhur rus sərkərdəsi M.V.Frunze 1923 və 1925-ci illərdə ordu hissələrinin döyüş hazırlığını yoxlamaq məqsədilə Bakıya gələrkən diviziyanın fəaliyyəti ilə yaxından tanış olur və Cəmşid Naxçıvanskinin xidmətini yüksək qiymətləndirir.

Artıq o, hərbi taktikanı və hərb elmini dərindən bilən sərkərdə kimi yetişmişdi. Qeyd edilməlidir ki, onun bacarıqlı hərbi rəis kimi yetişməsində tanınmış hərbi xadimlərdən Səməd bəy Mehmandarovun və Əlağa Şıxlinskinin böyük rolu olub. Bu məşhur sərkərdələrin köməyi ilə Azərbaycan diviziyası Zaqafqaziya ordusunun taktiki-təlim məşqlərində birinci yeri tutmuşdu. Cəmşid Naxçıvanski 1921-ci ildən 1 iyun 1931-ci ilədək Azərbaycan milli dağ-atıcı diviziyasının komandiri olub. Bu 10 il müddətində ölkənin hərbi quruculuğuna böyük töhfələr verib. "Taktiki-təlim hazırlığı qənaətləndiricidir, öz hazırlığını dərinləşdirir, hərbi işə sonsuz məhəbbət göstərir, işdə fəaldır, metodika sahəsində hazırlığı kafidir, komanda xadimliyinə təmayülü böyükdür, diviziyaya rəhbərlik etməyə tam layiqdir". Bu sətirlər 1927-1928-ci illərdə hərbi akademiyanın ali komanda heyətindən Cəmşid Naxçıvanskiyə verilmiş xasiyyətnamədən götürülüb.

O, xan əsilli olduğu üçün Kommunist Partiyasının sıralarına qəbul edilmirdi. Daim təqib olunan Cəmşid Naxçıvanski Moskvaya M.V.Frunze adına Hərbi Akademiyaya dinləyici kimi göndərilir. 1933-cü ildə kursu bitirdikdən sonra akademiyada müəllim saxlanılır və əsas fakültənin ikinci kursunun rəisi təyin edilir. 1934-cü ildə isə ümumi taktika kafedrasına rəis təyin edilən Cəmşid Naxçıvanskiyə 1935-ci ilin 5 dekabr tarixində kombriq, yəni, general hərbi rütbəsi verilir.

Ötən əsrin 30-cu illərinin sonlarında qırmızı terrorun geniş "vüsət" aldığı bir dönəmdə diviziya komandiri Cəmşid Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davud xan və Kalbalı xanla sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalır. O, məşhur Lefortovo həbsxanasının divarları arasında 97 gün ağır işgəncələrə məruz qalır. Hökm güllələnmə ilə nəticələnir. Yaşadığı dövrün totalitar rejim qayda-qanunları  istedadlı sərkərdə, general Cəmşid  Naxçıvanskinin ömrünü yarıda qoydu. 43 illik həyatının 26 ilini hərb sənətinə həsr edən unudulmaz sərkərdə ömrünün ən parlaq çağında qırmızı terrorun qurbanı oldu. 

Cəmşid Naxçıvanski Azərbaycan Sovet Sosialist Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitələrinin üzvü idi. Qırmızı bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilib. 

Xalqımız repressiya qurbanlarının xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin yaratdığı respublika hərbi təyinatlı orta internat-məktəbi Cəmşid Naxçıvanskinin adını daşıyır. Doğma ata-baba yurdu Naxçıvanda ev-muzeyi yaradılıb. Bakıda vaxtilə yaşadığı binaya barelyefi vurulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il aprelin 2-də görkəmli sərkərdə, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.   

 

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"