Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Dekabr 2021 09:13

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV: Bizim vətənpərvərlik ruhumuz, qəhrəmanlığımız, Vətənə olan bağlılığımız, fədakarlığımız bütün dünyada Azərbaycan Ordusu, Azərbaycan xalqı haqqında dəqiq təsəvvür yaratdı. Göstərdi ki, biz böyük xalqıq, göstərdi ki, biz özümüzə məxsus olan torpaqları nəyin bahasına olursa-olsun, azad edən

Zəfər tarixi yazdın, Azərbaycan Ordusu!

 

Vətən müharibəsindən əvvəl  ordu quruculuğunun tərkib hissələrindən biri kimi müxtəlif təlimlər şəxsi heyətin döyüş hazırlığının, ön xətdə hərbi hissələrin inşa edilməsi şəxsi heyətin həm döyüş, həm də mənəvi-psixoloji hazırlığının yüksəldilməsində əhəmiyyətli olurdu. Bu, dövlətçiliyə, dövlətə, Hərbi anda sədaqətlə xidmət edən Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun yüksəlişi idi. Azərbaycan əsgəri döyüş əmri gözləyirdi. O əmr  düşmən təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də verildi. Əks-hücum əməliyyatı Vətən müharibəsi kimi davam etdirildi.

Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa hər müraciəti ordumuzun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəldirdi. Hər bir vətəndaş özünü döyüşənlərin sırasında hiss edirdi. Bu, ədalətli müharibə Azərbaycan ictimaiyyətinin də əsgərləşdiyinin təsdiqi idi. Kürəyində xalqın nəfəsini hiss edən döyüşçü Ali Baş Komandanın döyüş əmrini qələbə ilə tamamlamaq üçün döyüşürdü. Qətiyyətlə döyüşürdü. Vətənin adından döyüşürdü. Şəhidlərin ruhunu da sıralarında bilib döyüşürdü. Hər döyüşü son döyüş bilib döyüşürdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!" kəlamının qüdrəti ilə döyüşürdü...

Hadrut səfəri bu qüdrətin davamıdır...

İllərlə ümidlər verən beynəlxalq təşkilatlar işğala işğal, işğalçıya işğalçı demirdi, qətiyyətli ola bilmirdi (bəlkə də olmaq istəmirdi). Azərbaycan Ordusu düşmənin müdafiə sədlərini darmadağın etdi. İşğalçı Ermənistan da, onu dəstəkləyən dövlətlər də gördülər ki, azərbaycançılıq ermənilikdən çox-çox güclüdür. Bu gerçəkliyin siyasi modelini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Ermənistan qoşunlarının bütün ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirdi və Azərbaycan müharibəyə son qoydu" kəlamlarıyla ifadə etdi...

Hadrut səfəri bu qürurun davamıdır...

Müharibə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycançılıq erməniliyin niyyətini darmadağın etdi...

Ermənilik neofaşizmdir. İşğaldan azad edilmiş ərazilərdə bircə salamat tikili də qalmayıb. Hadrut səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir daha xatırlatdı ki, "Bütün şəhərlər, bütün kəndlər ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bunu artıq dünya görür...".

Fransalı jurnalistlər Lüdoviq dö Fukon, Katrin Norestrentin və Hüseyn Əsəd Ağdamdan hazırladıqları reportajda Ağdamı Qafqazın Xirosiması adlandırdılar. Bu adlanma dünyanın üzqaralığıdır. İşğalçını zamanında niyyətindən daşındıra bilmədiyinə görə, işğalçıya beynəlxalq təzyiq modellərindən birinin tətbiq edilməsində israrlı olmadığına görə. Bu gün Qafqazın Xirosiması adlandırılan Ağdam yaxın vaxtlarda yenidən qurulacaq, dünyanın ən gözəl şəhərləri ilə müqayisə ediləcək...

Hadrut səfəri bu inamın davamıdır...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri quruculuq işlərinin məsuliyyətlə davam etdirilməsi, erməniliyin törətdiklərinin izlərinin tamamilə silinməsi prosesinin, daha bir tarixi gerçəkləşmənin başlanğıcıdır; işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri Zəfərdən az sonra başlayıb və uğurla davam etdirilir. Xalq əmindir ki, quruculuq işlərində də zəfər qazanılacaq, Böyük Qayıdış ərəfəsindəyik...

Hadrut səfərindəki çıxışında Hadrutun işğaldan azad edilməsini xatırladan dövlət  başçısı bu qələbənin sonrakı döyüşlərə həm hərbi, həm də psixoloji təsirindən danışdı. Hadrut döyüşləri Azərbaycan əsgərinin qətiyyətinin, vətənsevərliyinin, dövlətə, dövlətçiliyə sədaqətinin, Ermənistan əsgərinin qətiyyətsizliyinin, qorxaqlığının döyüşləri kimi tarixləşdi: "Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi. İlk növbədə ona görə ki, bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi. Təsadüfi deyil ki, işğaldan ilk azad edilmiş şəhər olan Cəbrayıldan sonra ikinci böyük yaşayış məntəqəsi Hadrut olmuşdur. Müzəffər Azərbaycan Ordusu ötən il oktyabrın 9-da bu qəsəbəni işğalçılardan azad etmişdir". Bu fikirlər tar ixə sədaqətin ifadəsidir, Azərbaycan əsgərinə ehtiramın ifadəsidir. Bu ehtiram həm də dövlətin, xalqın ehtiramıdır.

Hadrut səfəri bu ehtiramın davamıdır...

Hadrut səfəri həm də Vətən müharibəsində qazanılan Zəfərin məntiqi davamıdır. Bilavasitə ordu quruculuğu ilə tarixləşən Hadrut səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında dedi: "Bizim dinc şəhərlərimizi uzaqmənzilli raketlərlə atəşə tutdular. Bunun nəticəsində neçə-neçə günahsız insan, onların arasında uşaqlar, qadınlar həlak oldular. Azərbaycan Ordusu isə bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək müharibəni ləyaqətlə apardı. Biz dinc əhaliyə qarşı heç vaxt müharibə aparmadıq və bir daha xalqımızın böyüklüyünü göstərdik. Bizim hədəflə-rimiz ancaq düşmənin hərbi birləşmələri, silahları, texnikaları və silah anbarları idi". Göründüyü kimi, bu çıxış  erməniliyin timsalında işğalçılığın mahiyyəti haqqında gerçək təsəvvür yaratma missiyası kimi anlaşılacaq. Bəşəri dövlətlər bu çıxışın müddəaları ilə müharibələr tarixinin təhlilində, işğalçılığın neofaşizm meyillərinin təzahürü şərh ediləndə gərəkli ilkin, tarixi və dünyəvi mənbə kimi hesablaşacaqlar. Vətən müharibəsində döyüşlərin dayandırılması üçün dünyanın böyük dövlətlərinin nüfuzundan yararlanmaq istəyən Ermənistan ümidsiz xahişlərinin nəticələrini gözləmədən torpaqlarını işğal etdiyi dövlətin iri şəhərlərini ballistik raket atəşinə tutdu. Ermənilik xisləti budur!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadrutda çıxışında müharibənin iki qütbünün (müharibə aparan dövlətlərin) müqayisəli qarşılaşdırılması müstəvisində dünyanın diqqətini işğalçılığa da yönəltdi. Bu çıxış bir daha xatırlatdı ki, Vətən müharibəsi ədalətli müharibə idi. Bəşəri dövlətlər Azərbaycanın ədalətli müharibəsini dəstəklədi. Öz torpaqlarını işğaldan azad etdiyinə görə, Cənubi Qafqazda bir terror şəbəkəsi məhv edildiyinə görə. Vətən müharibəsi təsdiqlədi ki, terrora, terrorçuluğa, bu baxımdan erməniliyə qarşı qətiyyətli mübarizə dünyəvi niyyətdir, bəşəriyyətin bu və ya digər təhlükələrlə üzləşməsini qabaqlamaq cəhdidir; Azərbaycan həm də bu səbəbdən dünyanın dünyəvi dövlətlərinin ehtiramları ilə əhatələnib. Bu ehtiramın səviyyəsi Türkiyənin timsalında dünyəvi mahiyyətə malikdir. Zəfər paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu Zəfəri son illərin ən böyük hadisəsi, bəşəri hadisəsi, haqqın, ədalətin təntənəsi olmaqla, yaşadılmalı hadisə kimi dəyərləndirdi, çıxışını azərbaycançılıqla türkçülüyün qardaşlıq manifesti hesab edilməli kəlamlarla tamamladı: "Azərbaycan torpaqları illərdi həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı Bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır". Hadrut  səfərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi "Şuşa əməliyyatı artıq bir dastana çevrilib. Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər. Biz məhz Hadrut meşələrindən keçərək, yüksək dağları aşaraq Şuşaya yaxınlaşmışdıq və Şuşa uğrunda gedən döyüşlər artıq heç kimə sirr deyil" kəlamları Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın sevginin ehtiramı, ehtiramın sevgisi kimi dinlənilmiş fikirlərinə sevgisinin, bu qarşılıqlı sevginin dönməzliyinin, qardaş Türkiyənin bu Zəfəri öz Zəfəri kimi yaşadığına inamın ifadəsidir...

Hadrut səfəri bu qardaşlığın tarixiliyinə sədaqətin səfəridir...

Ölkə başçısının çıxışında qeyd etdiyi kimi, Azərbaycan Ordusunun tarixi qələbəsini dünyanın böyük dövlətlərinin hərbi ekspertləri öyrənmək, bəhrələnmək məqsədilə müzakirə edirlər. "Natsionalnaya Oborona" jurnalının baş redaktoru İqor Korotçenko Vətən müharibəsindən az sonra yazmışdı: "Azərbaycan Ordusu tərəfindən döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı dövlətlərin baş qərargahları tərəfindən öyrənilir". Hadrutda səslənən fikir dünyanın müxtəlif ölkələrində öyrənilməyə cəlb olunmuş hərbi mərhələyə görə yaşanılan qürurdur. Bu qüruru Zəfərin özü səviyyəsində yaşayırıq.

Hadrut səfəri bu yaşantılara düşən işığın səfəridir...

İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin istifadəyə verilməsi mahiyyəti etibarilə ordu quruculuğunun tərkib hissəsidir, eyni zamanda, ölkənin müdafiə sisteminin möhkəmləndirilməsidir. Hadrutda belə bir hərbi hissənin və onun məhz bu ərazidə yaradılması ölkənin müdafiə sistemini kifayət qədər etibarlı səviyyədə yüksəldir. Bu yüksəliş istər ictimaiyyətin, istərsə də ordunun şəxsi heyətinin inamının (ordumuzun döyüş qabiliyyəti, qüdrəti daha da artır), əminliyinin (Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı təmin edilir) zəmanəti kimi tarixləşir. Belə bir gərəkli tarixləşmə Azərbaycanda ordu quruculuğunun prioritet olduğunun təsdiqidir. Hadrut səfərində dövlət başçısı qürurla bildirdi ki, "Müharibədən sonra həm müasir tələblərə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Bax, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando Briqadasının yaradılması bizim üçün yenilikdir". Hadrut səfəri həm də bu informasiya ilə tarixləşdi. Bu informasiyanın siyasi və iqtisadi əsasları ictimaiyyət-ordu münasibətlərini daha yüksək səviyyədə tənzimlədi, möhkəmləndirdi.

Hadrut səfəri "...Biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq..." bəyanatının səfəridi. Bu bəyanat  zaman anlamında Azərbaycan Ordusunun sabahkı yüksələn səviyyəsinin göstəricisi kimi qəbul edilməli   bəyanatdı...

 

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"