Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2021 08:55

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Həmrəyliyimiz - birliyimizin və varlığımızın qarantıdır. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Suallar:

1. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

2. Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olunması.

 

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür


Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.
Ölkəmizin Sovet Rusiyası tərəfindən işğalından sonra uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet rejiminin zəifləməyə başladığı 1989-cu illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı. 1989-cu ildə Azərbaycan Xalq Hərəkatının fəalları azərbaycanlıların yaşadığı tarixi ərazini ikiyə bölən keçmiş SSRİ və İran sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad və Şərur rayonları arasındakı hissəsini sökdülər. Son iki yüz ildə ilk dəfə olaraq indiki İran ərazisində və Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar Araz çayını keçərək görüşdülər. Bu vaxt İstanbulda Türkdilli Xalqların Konfransı keçirilirdi və qeyd olunan konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bu müqəddəs missiyanı həyata keçirən müstəqil Azərbaycan Respublikasının qurucusu Ulu Öndərin çoxmilyonlu azərbaycanlıları birləşdirmək istəyi, arzusu, amalı, bu tarixi hadisənin bünövrəsini qoymuşdur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Həmrəylik Günü birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət və Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsində və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz isə azərbaycançılıq amalı ətrafında milli birlik, həmrəylik nümayiş etdirir və bütün bacarıqlarını ümummilli məqsədlər naminə səfərbər edirlər.
Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünə mənəvi borc sayır.

 

Dünya azərbaycanlılarının vahid birliyinin bərqərar olunması


Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, ürəklərində Vətən eşqi, milli-mənəvi birlik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. İlk dəfə həmrəylik və birlik arzuları ilə dilə gətirilən və rəsmiləşdirilən bu bayram ürəklərdə uzun illərdən bəri qorunan azadlıq və birlik hisslərinin təzahürüdür.
Ulu Öndərin ölkəmizdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar mənbəyi, mənəvi dayaq və güc mənbəyi olmuşdur. Dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin birliyinin təmin edilməsi ilə bağlı ideyaları bu gün də aktualdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndərin uzaqgörənliyini, xalqı öz ətrafında birləşdirməyi qadir olduğunu nümayiş etdirdi. Ulu Öndər 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xarici ölkələrdə yaşayan azərbaycanlılara müraciətində deyirdi: "Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla azərbaycanlı yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I qurultayı  keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirmişdir: "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Ulu Öndərin  bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Ümummilli Liderin dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsi və güclü diasporumuzun yaradılması siyasətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev davam etdirir. Soydaşlarımız Vətəndə baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir və İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi heyrətamiz uğurlarla fəxr edirlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 8 fevral 2006-cı il tarixli Sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs vermişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını dövlətin başlıca vəzifəsi hesab edir. Dövlət başçısı diaspor quruculuğu baxımından ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini də xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, digər türkdilli dövlətlərlə də münasibətləri gücləndirmək xəttinə üstünlük verir.
2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci sammitinin keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü strategiyanın uğurlu davamıdır. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilən IX zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev dərin məzmunlu çıxış etmiş, türkdilli dövlətlərin birliyini zəruri edən amilləri bir daha diqqətə çatdırmışdır: "Biz bilirik ki, beynəlxalq müstəvidə öz mövqeyini müdafiə etmək bəzi hallarda o qədər də asan olmur. Biz birlikdə olsaq, müəyyən məsələlərdə vahid mövqedən çıxış etsək və bu birliyi mütəmadi işlərlə möhkəmləndirsək, bizim beynəlxalq mövqelərimiz daha da güclü olacaqdır. Çünki türkdilli dövlətlərdə bütün imkanlar vardır - təbii sərvətlər, neft-qaz yataqları, əlverişli coğrafi vəziyyət, güclü iqtisadiyyatlar, insanların istedadı, mövcud olan yeni infrastruktur. Bütün bu imkanları biz əgər bir yerə toplasaq və bir yerdə cəmləşdirsək, türkdilli dövlətlər dünya miqyasında böyük gücə çevriləcəkdir. Bu gücə çevrilmək üçün biz səmərəli işləməliyik. Bu, bizim əlimizdədir, bizim iradəmizdən asılıdır. Mən çox şadam ki, bizim aramızda olan birlik son illər daha da güclənir".
Həmrəylik Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd edilir, Azərbaycan Respublikasında isə dövlət bayramıdır. Hazırda dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Müxtəlif mənbələrin məlumatlarına görə, İranda 30-35 milyon azərbaycanlı var. O cümlədən, Rusiya, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Skandinaviya ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində böyük azərbaycanlı icmaları fəaliyyət göstərir.
Diaspor quruculuğu sahəsində hələ çox işlər görülməlidir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, məqsədyönlü və prinsipial siyasət aparması nəticəsində yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü məsələlərinin həllində daha yaxından iştirak edəcəkdir. Azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var və bu təşkilatlar arasında koordinasiya işi aparılır, birlik, həmrəylik var. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və unutmamalıyıq ki, gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirərək vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası və digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var.
Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi iradəsi xalqımızı bu qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 31 dekabr 2020-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  münasibətilə dünya azərbaycanlılarına təbrikində demişdir: "Sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Vətən müharibəsinə qalxmışdır. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratmış və ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə edilmişdir. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmən və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur".
Bəli, Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu savaşda xalqımız Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümünəsini yaratdı. Heç bir qüvvə bu sarsılmaz birliyi pozmaq iqtidarında deyil.
31 Dekabr - Azərbaycan xalqının tarixində ən yaddaqalan, birliyimizin təcəssümü olan - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!
 
İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi