Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2021 10:03

Əbədiyaşar Ulu Öndərin xatirəsi anıldı

Ümummilli lider Heydər Əliyevin anım günü tədbirlərində Müdafiə Nazirliyinin hərbi qulluqçuları, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və müəllim heyəti, Silahlı Qüvvələrin Hərbi Akademiyasının, veteran təşkilatlarının, müharibə veteranlarının, şəhər muzeylərinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Tədbir iştirakçılarına Heydər Əliyevə həsr edilən videoçarx təqdim edildi.
"N" hərbi hissəsində “Əbədiyaşar komandan" adlı tədbirdə çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant İlkin Qayıbov Ulu Öndərin ordu quruculuğunda apardığı siyasətindən, uzaqgörənliyindən, qətiyyətli siyasi liderliyindən söz açdı. "Azərbaycan Respublikasının sürətli inkişafı məhz Ulu Öndərin sayəsində başlandı. İkinci dəfə hakimiyyətə gələndən cəmi bir neçə il sonra, ölkəmiz "Əsrin müqaviləsi"nə imza atıb və bu Azərbaycanın adını bütün dünyaya eşitdirdi. SSRİ-nin süqutundan sonra MDB ölkələrində çətin vəziyyət yarandı. Lakin xalqımızın Heydər Əliyev kimi dahi şəxsiyyəti olduğu üçün qısa bir zamanda vəziyyət stabilləşdi. Milli ordumuzun yenidən təməli qoyuldu. Və bu ordu Zəfər qazandı", - zabit dedi.
Hərbi hissənin zabiti mayor Ceyhun Məmmədov deyilən sözlərə qoşularaq əlavə etdi ki, Ümummilli Liderin ordu quruculuğu siyasətində gördüyü ən önəmli işlərdən biri Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu.
"Ulu Öndərin gərgin əməyi sayəsində Azərbaycan Milli ordusu yenidən quruldu. Belə ki, peşəkar hərbi kadrlar hazırlamaq üçün ölkəmizdə xüsusi təyinatlı hərbi təhsil müəssisələri yaradıldı. Ümumiyyətlə, bu gün ordumuzun əsasını təşkil edən zabit heyəti hərbi təhsillərini bu lisey və məktəblərdə alıblar. Həmin zabitlərdi ki, 2020-ci il noyabrın 8-də Azərbaycanın adını dünya hərb tarixinə qızıl hərflərlə yazdılar", - deyə zabit Ceyhun Məmmədov bildirdi.
"Dədə Heydər" muzeyinin yaradıcısı Ramiz Xəlilov bildirdi ki, Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Heydər Əliyev kimi şəxsiyyəti var. "Doğma Vətənimizdə azad və firavan yaşadığımıza, bütün dünyada Azərbaycanın tanınmasına və nəhayət, doğma torpaqlarımızın işğaldan azad olunmasına görə ümummilli lider Heydər Əliyevə və onun siyasətinin davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarıq".
Qeyd olundu ki, Ulu Öndərin ən son arzusu işğal altında olan torpaqları azad görmək idi. Heydər Əliyevin varisi, siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı torpaqlarımızı düşmən işğalından azad etdi. Banisi ümummilli lider Heydər Əliyev olan müasir Azərbaycan Ordusu Zəfər qazanaraq, dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi.
Tədbirin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri xalqımızın ümummilli lideri Heydər Əliyevə həsr olunan və vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri ifa etdilər. mərasim iştirakçılar xatirə şəkilləri çəkdirdilər.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"


"Yaddaşlarda yaşayan Lider" adlı anım tədbirində Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Şanlı zəfərimizin təməli - ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti" adlı məruzə ilə çıxış etdi. Muzey rəisi bildirdi ki, ölkəmizdə müasir ordu quruculuğu prosesi məhz Ulu Öndərin adı ilə bağlıdır. "Tarixi şəxsiyyətlərin böyüklüyü, əslində, onların əməllərinin əhəmiyyəti ilə, öz xalqının tarixində oynadıqları rolla, cəmiyyətin inkişafına göstərdikləri təsirin miqyası ilə ölçülür. Belə dünya səviyyəli dövlət adamlarından söhbət düşəndə istər-istəməz ümummilli lider Heydər Əliyev və onun Azərbaycan naminə gördüyü quruculuq işləri yada düşür. Hələ sovet dövründə Ulu Öndər uzaqgörənliklə ölkəmizdə gənclərin hərbi təhsilə və xidmətə yönləndirilməsi üçün böyük işlər görmüşdür. Ümummilli liderimiz Heydər Əliyev öz fitri istedadı, dərin zəkası, bilik və bacarığını Azərbaycan xalqının firavan yaşamasına həsr edərək, dövlətini və xalqını zamanın çətin sınaqlarından uğurla çıxarmağı bacardı. Xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı ölkədə baş alıb gedən xaos və anarxiyanın, hakimiyyətsizliyin qarşısını aldı. Vətən müharibəsində qazandığımız qələbə də elə məhz ulu öndər Heydər Əliyevin ordu quruculuğu üçün gördüyü işlərin nəticəsidir".
Muzey rəisi Ə.Qənizadə məruzəsinə davam edərək vurğuladı ki, Azərbaycan Ordusu beynəlxalq reytinq təşkilatlarının rəyinə əsasən ən güclü ordular sırasındadır. “Ulu Öndərin yaratdığı və formalaşdırdığı cənab  Ali Baş Komandan İlham Əliyevin inkişaf etdirdiyi Azərbaycan Ordusu nəyə qadir olduğunu Vətən müharibəsində nümayiş etdirdi”.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi Vahid İsmayılov "Ulu öndər Heydər Əliyevin xarici siyasət strategiyasının əsas aspektləri" mövzusunda çıxış edərək bildirdi ki, ümummilli lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə diqqət yetirilmişdir. "1994-cü il mayın 4-də "Sülh Naminə Tərəfdaşlıq" proqramının çərçivə sənədinin hazırlanması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ-la dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərinin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Ulu Öndərin dövlət quruculuğu kursunu Prezident İlham Əliyev bu gün böyük uğurla inkişaf etdirir".
Mərasimin sonunda iştirakçılar ulu öndər Heydər Əliyevə həsr olunmuş zaldakı ekspozisiyalarla tanış oldular.

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR