Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2021 09:56

Əbədi parlayan ömür işığı

Vətənini, xalqını tanıtmağa qadir olan insanlara tarixi şəxsiyyət deyirik.
Tarixi şəxsiyyətlər təkcə tarix yaratmır, eyni zamanda, tarixin səmtini, xalqın sabahlarını müəyyənləşdirməyi bacarır. Ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir.
"Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" deyən ulu öndər Heydər Əliyev çağdaş dövlətçilik, azərbaycançılıq ideologiyasının müəllifi kimi yalnız Azərbaycan vətəndaşlarını deyil, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirdi, xalqımızın Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsinə, milli həmrəyliyə nail olmasına müvəffəq oldu.
Ulu öndər Heydər Əliyevin hələ Sovetlər dönəmində Azərbaycana rəhbərliyi dövründə fəaliyyəti xalqımızda milli qürur, milli mənlik şüurunun formalaşmasına, azadlıq, müstəqillik duyğularının tərpənişinə, inkişafına gətirib çıxarmışdı.
Ulu Öndərin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun milli dövlətçilik təlimi, milli-mənəvi və ideya-siyasi dünyagörüşü təşkil edir. Onun zəngin siyasi və dövlətçilik irsi zaman məhdudiyyətini aşdı, həmişə sabahlara istiqamətləndi. Bunun nəticəsidir ki, çağdaş Azərbaycanımız Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursla dinamik inkişafdadır. Müasir Azərbaycanın möhkəm özülünü qoyan böyük tarixi şəxsiyyətin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq saçacaq.
1991-ci ildə müstəqilliyimizin bərpasından sonra qət edilən yol tarixi hadisələrlə zəngindir. O vaxtlar müstəqilliyi bərpa edilən dövlətin istər siyasi, istərsə də iqtisadi dayaqlarını möhkəmlətmək asan deyildi, bu, çox çətinliklər bahasına başa gəldi.  
1993-cü ilə qədər müstəqilliyimiz labüd dövlət çevrilişi ilə üzləşdi. İstər daxili, istərsə də xarici qüvvələr bu müstəqilliyin varlığına son qoymağa çalışırdı. Belə bir vaxtda xalq böyük tarixi şəxsiyyət, XX əsrin siyasət fenomeni kimi tanınan Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Həmin ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyi labüd təhlükədən xilas edildi. Ulu Öndər hüquqi dövlət quruculuğu üçün lazım olan siyasi şəraitin formalaşdırılmasına nail oldu.
Ümummilli lider Heydər Əliyevin ideya və fikirləri, həyata keçirdiyi siyasət Azərbaycan şəraitində sosialist ictimai-iqtisadi sistemindən yeni cəmiyyətə keçidin elmi-nəzəri və konseptual əsaslarını yaratdı. İmperiya və sosialist sistemindən azad olaraq müstəqillik yolu tutan, lakin region və dünya güclərinin üst-üstə düşməyən, kəsişən maraqları ilə üz-üzə qalan, qloballaşan dünyada öz yerini axtaran, milli mənafelərini qorumağa çalışan gənc Azərbaycan üçün Ulu Öndərin dövlətçilik təlimi əsl fəaliyyət strategiyası və proqram idi. Uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınan Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiqində dahi şəxsiyyətin əməli fəaliyyətinin və ideya-siyasi baxışlarının çox böyük rolu olub.
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ümummilli lider Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bundan sonra ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi, sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. 1994-cü il mayın 12-də cəbhədə atəşkəsin əldə edilməsindən sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də ölkə həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri addımlar atıldı. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi ölkədə əmin-amanlıq yarandı, sabitlik bərqərar oldu, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş şərait yaradıldı, genişmiqyaslı islahatlara başlandı. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də  Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi.
1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Zaman keçdikcə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəxsiyyət azadlığı və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlığına geniş meydan açıldı, mətbuat üzərindən senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə qəbul olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü möhtəşəm işlər Azərbaycana rəhbərliyinin birinci dövründəki xidmətlərinin davamı kimi qiymətləndirilir. Qətiyyətlə deyə bilərik ki, ötən əsrin 90-cı illərinin əvvəllərində qazandığımız müstəqilliyin iqtisadi əsası 70-80-ci illərdə qoyulan möhkəm təmələ, güclü intellektual və iqtisadi potensiala söykənir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi də dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycan Ordusunun formalaşması Heydər Əliyevin dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ Sovetlər dövründən götürüb. Azərbaycanın tarixi ənənələrinin davam etdirilməsi, gənclərin qəhrəmanlıq ənənələri əsasında formalaşması, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun yaşadılması Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sovet dövründə diqqət yetirdiyi məsələlərdən biri də SSRİ Silahlı Qüvvələri tərkibində azərbaycanlı zabitlərin məsul vəzifələrə irəli çəkilməsi məsələsi idi. O, azərbaycanlı zabitlərin Sovet qoşunlarında hansı vəzifələrdə olmasını və vəzifə təyinatlarında necə irəliləməsini daim izləyir, çalışırdı ki, yüksək vəzifəli Sovet zabitləri arasında azərbaycanlılar da olsun. Xidmətləri və təşkilatçılığı ilə fərqlənən bir sıra zabitlərin və generalların daha yüksək və məsuliyyətli vəzifələrə təyin olunmasına Heydər Əliyev yardımçı olub və bunu özü də məmnunluqla xatırlayırdı.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda iki ali hərbi məktəb var idi - Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi və Bakı Ali Hərbi Dənizçilik Məktəbi. Məktəblərin hər ikisi İttifaq miqyasında sayılıb-seçilən məktəblərdən idi və təhsil almaq üçün İttifaqın ən müxtəlif şəhərlərindən bu məktəblərə axışıb gəlirdilər.
Heydər Əliyev Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinin rəhbərliyinə yüksək rütbəli azərbaycanlı kadrların gətirilməsinə nail oldu. Bu məktəbə qəbul olunanlar arasında azərbaycanlıların sayının artırılması üçün geniş təşkilati işlər aparıldı. Sovet dövründə milli zəmində aparılan hərbi-təşkilati işin ən gərəklisi  Azərbaycanda general Cəmşid Naxçıvanski adına hərbi-internat məktəbinin açılmasıdır. Bu məktəbin açılması ulu öndər Heydər Əliyevin vaxt ötdükcə öz əhəmiyyətini daha da artıracaq tarixi nailiyyətinin, böyük dühanın xalqının gələcəyinə bağlılığının heç zaman unudulmayacaq nişanəsidir. Çox böyük maneələrə baxmayaraq, milli hərbi ənənələrin canlandırılması və gənclərin hərb işinə cəlb edilməsi üçün fövqəladə əhəmiyyətə malik olan belə bir təhsil ocağının açılması dahi şəxsiyyət Heydər Əliyevin mübarizliyinin, fədakarlığının təntənəsi idi. Bu məktəbin açılmasına nail olmaq üçün Heydər Əliyev həm də İttifaq rəhbərliyi ilə çarpışmadan qalib çıxdı və əslində, bu mübarizliyi ilə həmin məktəbdə təhsil alan azərbaycanlılar üçün də canlı bir örnək oldu.
Müstəqil Azərbaycan dövləti Ulu Öndərimizin şah əsəridir.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə deyib ki, bütün varlığı ilə Vətəninə və xalqına qırılmaz tellərlə bağlıdır: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək".
Hamımız üçün fərəhlidir ki, Azərbaycan xalqı üçüncü minilliyə öz müstəqil dövləti ilə qədəm qoydu. Minilliyin başlanğıcında Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı dövlətçilik, iqtisadi-siyasi, sosial-mədəni sahələrdə böyük uğurlar qazandı, dünya birliyində öz yerini möhkəmlətdi.
Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirdi. Dahi rəhbər 2003-cü ilin oktyabrında xalqa müraciətində deyib: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə həm Ümummilli Liderin, həm də xalqın ona bəslənən ümidlərini tamamilə doğrultdu. Həmin vaxtdan Azərbaycanda bütün sahələrdə aparılan islahatlar daha da dərinləşdi, ölkəmiz dinamik inkişaf yoluna çıxarıldı. İşğal altında olan torpaqlarımızın azad olunması istiqamətində ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətə 44 gündə son qoyaraq işğal olunan əzəli və əbədi torpaqlarımızı düşməndən azad etdi.
Ali Baş Komandanın o günlərdə hər bir çıxışı, müsahibəsi, xalqımıza etdiyi müraciətlər sanki insanları bir az da ruhlandırırdı, bizi vahid, dəmir yumruğa çevirirdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən ata vəsiyyətini həyata keçirdiyini bəyan etdi. "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!.." Bu gün fəxrlə deyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarix yazan qalib liderdir.
Ulu Öndərin ideyaları Azərbaycanın tarixi maraqlarının zəmanətidir...
Azərbaycan bəşərin cığırdaşıdır...
Heydər Əliyev ömrü əbədiyaşar ömürdür. Bəşəriyyət bu ömrün işığını əbədiyyən unutmayacaq...

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"