Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2021 15:46

Media-turlar Zəfərin mahiyyəti üçündür

Bütün müharibələr torpağa görə başlasa da, işğalçılıq vətənpərvərliyə heç zaman qalib gələ bilməyib. Bu, vətənpərvərliyin müqəddəsliyə sədaqətinin qanunauyğunluğudu.
Vətən müharibəsindən əvvəl Vətən müharibəsinə görə yaşanılanlar Vətən müharibəsindən sonra yaşanılanların ovqatını nişan verirdi. Həmin ovqatda bayrağımız dalğalanırdı. Hamı "Sancır Şuşada torpağa bayraq, daşa bayraq!" -  deyirdi. Bu məqam çox böyük könül xoşluğu ilə yaşanılırdı...
Tarix təsdiqləyir ki, bəşəriyyət ədalətsiz müharibələri, ədalətsiz müharibəyə aparan dövlətləri həmişə lənətləyib, ədalətli müharibə aparan dövlətlərə haqq qazandırıb. On illər, yüz illər  keçəndən sonra da dünyəvilik bu qınaqların, bəraətlərin zərrəcə azalmasına imkan verməyib...  
Ermənilik xisləti müharibə deməkdi - ya gizlin (təxribatlar formatında), ya da aşkar (müharibə, müharibəyə uyğun hərbi əməliyyatlar formatında), Azərbaycanın da, Türkiyənin də, Gürcüstanın da ərazisində belə boy göstərib. Bəzən türkə (türkçülüyə) qarşı yönələn bu xislət özünü digər dövlətlərdə də göstərib. Ermənistan 2020-ci ilin 10 noyabrında məğlub oldu, məğlubiyyət sənədini imzaladı, ancaq o ərəfədən indiyəcən erməniliyini davam etdirir. Cənubi Qafqazda məskunlaşmağa başladığı vaxtlardan belədi - ermənilik fürsət düşkünüdü, əlinə keçən fürsəti erməniliyə vasitə edir.
Milli ruh həmişə əsgərin döyüş növbətçiliyindədi:
Ötən əsrin əvvəllərində “erməni-müsəlman davasında” (müharibəsində) borçalılılar da iştirakçı olublar. Günlərin birində soraq çıxır ki, erməni silahlıları Gümrüdən, Calaloğludan bu tərəflərə gəlir, yəqin ki, buradan keçib Qazaxa, Tovuza, Gəncəyə döyüşməyə getməyə niyyətlidirlər. Borçalılılar Azərbaycanda müharibə aparan erməni silahlılarına köməyə göndərilənlərin qarşısını Faxralı kəndinin Saraclı kəndi səmtində kiçik bir təpəliyin ətəyində kəsirlər. Qızğın atışma olur. Döyüşdə erməni yaraqlılarının çoxu öldürülür, sağ qalanlar qaçır. Bu təpəlik həmin vaxtdan "Erməni qırılan" adlanır. Gürcüstan hökuməti bu hadisə ilə bağlı heç kimi suçlamayıb; "Arığın qoruqda nə işi vardı ki, vurub qıçını qırırdılar".
Gürcüstan hökumətinin məhz bu (və bu kimi) hadisəyə (hadisələrə) görə bəşəri mövqesi ədalətsiz müharibənin sonlandırılması istəyi olub. Mənim yaşımdan çox illər əvvəl də "Erməni qırılan" yeri görməyə onlarla jurnalist, tarixçi gəlib. Onların bəzilərini mən də görmüşəm. Söhbət elədiklərim də olub. Bu gəlişlərin istər siyasi, istərsə də tarixi nəticəsi bir mətləbin dərkində vəsilə olub: şər məğlubiyyətə məhkumdur. O gəlişlər eyni vaxtda, təşkilati şəkildə olsaydı, ona, müasir adlandırma kimi, media-tur deyilərdi. Yəni, media-tur baş verən hadisə haqqında hadisə yerindən ictimaiyyətə dürüst informasiya vermə missiyasıdır.
Atəşkəs olsa da, Azərbaycanda müharibə davam edirdi - düşmən hər gün atəşkəsi pozurdusa, həm dövlət sərhədlərindən, həm də işğal etdiyi ərazilərdən təxribat formalı əməliyyatlar keçirirdisə, şərait müharibə şəraiti, Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı əməliyyatları müharibə idi; dünya ictimaiyyəti (dünyanın aparıcı dövlətləri) görürdü ki, işğalçılıq termini ilə ermənilik termini eynidi. Bu eynilik Bağanis Ayrımda təzahür edibdi, Ağdabanda, Qaradağlıda, Meşəlidə, Xocalıda təzahür edibdi. Bu eynilik 2016-cı ilin aprelində də, 2020-ci ilin iyulunda da dikəlibdi, ağır itkilər versə də, xislətindən əl çəkməyibdi.  Ermənistan silahlı birləşmələri 2020-ci ilin 27 sentyabrında müxtəlif istiqamətlərdən hücuma keçibdi. Azərbaycan Ordusu bu hücumun qarşısını qətiyyətlə alıbdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı, nəticə etibarilə Vətən müharibəsi başlayıbdı. Dövlət başçısı xalqa müraciətində dünya dövlətlərinin, bu sıradan işğalçı Ermənistana havadarlıq edən dövlətlərin nəzərinə çatdırırdı ki, bizim davamız ədalətli davadır və əminəm ki, bu müharibədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Vətən müharibəsində döyüşlərdən reportajlar hazırlamaq niyyəti ilə yerli və xarici jurnalistlərin müraciətlərinin hamısını təhlükəsizlik tədbirlərinə görə yerinə yetirmək mümkün deyildi. Xarici jurnalistlərin Vətən müharibəsi haqqında yazdıqlarının əksəriyyətinin fakt mənbəyi belə media-turlar olurdu; media-turlar zamanında Vətən müharibəsinin tarixinin yazılmasında vəsilə oldu.
Ermənistan bəşəri dəyərlərə məhəl qoymadan Vətən müharibəsində Gəncəyə, Bərdəyə, Naftalana, Mingəçevirə raketlər atdı, onlarla dinc vətəndaş həlak oldu, binalar dağıdıldı. Onda xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələrinin, Azərbaycanda akkreditə olunan jurnalistlərin hadisə yerinə gedişi təşkil edildi. Buna, müəyyən mənada, media-tur da demək mümkün idi; dünya ictimaiyyəti hadisə haqqında hadisə yerindən müfəssəl informasiya ilə təmin edildi. Bu, mətbuatın yerinə yetirdiyi vəzifə borcu kimi tarixləşdi.
Vətən müharibəsi Zəfərlə başa çatdı. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin təşkil etdiyi media-turlar Vətən müharibəsində qazanılan Zəfərin mahiyyəti haqqında istər yerli, istərsə də xarici jurnalistlərə daha şəbəkəli informasiyavermə, Azərbaycan gerçəkliklərini faktlar əsasında ictimailəşdirmə niyyətinin təzahürüdür. Belə turlar, əslində, cəmiyyətə və beynəlxalq ictimaiyyətə işğaldan azad edilən ərazilərdə erməniliyin izləri haqqında gerçək informasiyavermə missiyasıdır. Qəzetimizin əməkdaşlarının da iştirak etdiyi belə turlar təkcə informasiya əldə etmə, əldə edilən informasiyaları ictimailəşdirmə niyyəti deyil, belə turlar həm də iştirakçıların hadisənin baş vediyi məkanda fikir mübadiləsi deməkdir. Fikir mübadiləsi isə özlüyündə baş verən hadisənin təkcə mahiyyətinin deyil, həm də onu yaradan səbəblərin fəlsəfəsi (dialektikası) haqqında müfəssəl mülahizələr müstəvisində reallığın dərki deməkdir.
Vətən müharibəsindən sonra məlum oldu ki, düşmən işğal olunan əraziləri talan edib, qəddarcasına dağıdıb. Belə qəddarlıqlar son yüz ildə heç bir müharibədə edilməyib. Ermənilərin törətdiyi dağıntılar sıradan dağıntı deyildi, bu dağıntılar erməniliyin müqayisəsi olmayan təzahürü idi. Necə dağıdılıb? Necə dağılıb? - bunlar məhz dünya ictimaiyyətinə media-turlar vasitəsilə bu və ya digər mətbu orqanlar, bu və ya digər televiziya kanalı ilə, bu və ya digər saytla çatdırılırdı, ictimailəşdirilirdi. Bu ictimailəşdirilmə mətbuatın Vətənə xidmətidi, yəni, media-tur Vətənə xidmət missiyasıdı.
Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə quruculuq işlərinin coğrafiyası da, səviyyəsi də ictimaiyyəti maraqlandırıb.
Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilən rayonlarımıza səfərləri, bu səfərlərdə çıxışları ictimaiyyətin Zəfər ovqatının məntiqi davamı olurdu.
"…şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yatarmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib" (23 dekabr 2020-ci il), "Əgər biz güclü müstəqil dövlət olmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi" (28 may 2021-ci il), "…indi Zəngilanın yeni dövrü başlayır və şəhərin baş planı artıq hazırlanır. Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci "Ağıllı kənd" layihəsi həyata keçirildi" (21 oktyabr, 2021-ci il) və s. kimi tarixləşən fikirlərin işığı və vəzifə borcu jurnalistikanı (medianı) işğaldan azad edilən ərazilərə çəkirdi. Bu rayonlara təşkil edilən media-turların iştirakçıları əmin olurdu və oxucularını, oxucularının timsalında ictimaiyyəti əmin edirdi ki, bu fikirlər təkcə bu günlər üçün deyil, həm də sabahlar üçün deyilib. Media-turlar bu qənaətin, bu qənaətlə bir sırada Azərbaycan gerçəkliklərinin ifadəsi olurdusa, əlbəttə ki, həqiqətsevərlər, dövlətçilik təsisatlarına bələd olanlar ona "gərəkli təşəbbüsdür" deyəcəklər. Doğru sözün, dürüst sözün işığında...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"