Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2021 09:14

Şuşa ruhumuzun göyqurşağıdı!..

Payızın son ayıdı. İşğaldan azad edilən ərazilərimizdə əsgərlərin əhatəsində Vətən müharibəsindən danışırdıq. Söz sözü çəkirdi. Vətən müharibəsinə qədərki illəri də yada salırdıq...
Xarici havadarlarının siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsinə başladı.
Ağdaban, Bağanis Ayrım, Qaradağlı, Meşəli, Xocalı faciələri Ermənistanın həm işğalçılığının, həm də dövlət olaraq faşist xarakterliyinin təsdiqi idi. Zamanında BMT-nin Təhlükəsizlik Şurası da, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlər də Ermənistanın işğalçılığını, faşizmə meylini beynəlxalq müzakirəyə çıxartmadı. Nəticə etibarilə cəzasızlıq daha ağır nəticələrlə davam etdirildi - Azərbaycanın torpaqlarının 20 faizi işğal olundu.
1992-ci ilin mayında milli-mənəvi ruhumuza yad olanların biganəliyi Şuşanın işğalı ilə nəticələndi. Bu işğal 2020-ci il noyabrın 8-nə kimi hamımızın heysiyyətini sıxdı. Ordu da, xalq da Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Bu gözlənti qələbəyə inam idi. Bu inam Azərbaycan əsgərinin döyüş əzminin, qələbə inamının ifadəsiydi... Yadıma nə vaxtsa eşitdiyim bir bayatı düşür:

...Şuşa dərdi,

Nə dərdi, Şuşa dərdi.

Bizi sıxdı nar kimi

Otuz il Şuşa dərdi.

Bayatı ürəyində təpər, dizində taqət olanların hamısını döyüşə çağırırdı. Bu çağırışın  ilk hay verəni Ali Baş Komandanın döyüş əmri olacaqdı. Ordu da, ictimaiyyət də döyüş əmrini Azərbaycanın işğaldan qurtuluş döyüşü bilirdi. Bu əminlik bəşəri əminliyiydi! Bu əminlik Vətənə sevgi idi. Bu əminlik şəhidlərimizin ruhunu narahatlıqdan qurtaracaqdı.
1992-ci il mayın 8-dən sonra Şuşanın dağlarını boz duman bürümüşdü. Onda məktəbli idim. Müəllimlərimizdən Şuşanın nə vaxt azad ediləcəyini soruşardıq. Müəllimlərimiz əlini çiynimizə qoyardı, "Ali Baş Komandan hücum əmri verəndə", - deyərdi. Bir-birimizə baxardıq, tez böyüməyi arzulayardıq. Böyüdük və bu şanlı günün şahidi olduq, böyük Qələbənin sevincini yaşadıq. Ali Baş Komandan 2020-ci il sentyabrın 27-də hücum əmri verdi. Vətən müharibəsi Zəfərlə başa çatdı.
Tarixi və bədii əsərlərdən oxuduqlarımın zəmanəti ilə deyirəm: Şuşanın dağlarının yamaclarında, cığırların sağında-solunda ləçəkləri şeh dolu çiçəklərin titrəyişini kim görübsə, heyran olub. Dağ da, daş da gözəllik tərənnüm edən eksponata dönüb.
28 il Şuşa od ağlayırdı və Azərbaycanı sevənlərin gündüzündəydi-gecəsindəydi, şəhidlərin ruhunun narahatlığındaydı. Məktəbli olanda da, Heydər Əliyev adına Hərbi Liseyin kursantı olanda da, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı olanda da Şuşanı bürüyən dumanın çəkilməsini,  bu dumanı dağıdacaq döyüşçülərin sırasında olmağı arzulayardıq. Şuşa həmişə hər birimizin düşüncələrində olub...
Hamı Şuşanı Qarabağın tacı bilirdi, Şuşanı hamı sevirdi. Bu sevgi müqəddəs sevgi idi. Kursant yoldaşlarım kimi mən də bu müqəddəs sevginin Ali Baş Komandanın döyüş əmrinin əsgəri olacağı günü gözləyirdim. Bu əmr kursantların da döyüş əzmini, qələbə ruhunu kükrədəcəkdi. Biz də döyüşlərdə iştirak etməyə niyyətli idik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birmənalı şəkildə qətiyyətlə dedi: "Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək". Bu qətiyyət düşməni sülh danışıqlarına cəlb etməli idi. Ancaq işğalçılıq niyyəti buna imkan vermədi. Status-kvonu saxlamaq istəyən Ermənistan müxtəlif vaxtlarda, müxtəlif istiqamətlərdən Azərbaycanın ərazilərinə yenə hücumlar, həmlələr edir, yeni ərazilər işğal etməyə çalışırdı. Azərbaycan Ordusu düşmənin istəyini darmadağın etdi...
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri həm dövlət sərhədlərindən, həm də işğal olunan ərazilərdən hücum etdi. Azərbaycan Ordusunun bölmələri düşmənin hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu əməliyyat Vətən müharibəsi kimi davam etdirildi...
Tarix zamanında qala olaraq Əlincəyə görə heyrətlənib, "Gələrsən-görərsən"ə görə heyrətlənib, qala-şəhər olaraq Şuşaya görə heyrətlənib.  Bu möcüzələrin heyrətindən dünyanın qaşları çatılıb.
Vətən müharibəsi başladı. Azərbaycan Ordusu Ermənistanın işğal olunan ərazilərimizdə qurduğu, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini, bu sıradan "Ohanyan səddi"ni darmadağın etdi. Azərbaycan Respublikasının Prezidenti "CNN Türk" televiziya kanalına müsahibəsində dedi: "Onlar altı xətt istehkam qurmuşdular, müdafiə zolağı qurmuşdular və oranı keçmək böyük məharət, qəhrəmanlıq tələb edirdi. Bizim hərbçilərimiz ölümə gedirdilər. Eyni zamanda, o bölgənin coğrafiyası, relyefi də onlar üçün əlverişli idi. Çünki onlar dağlarda yerləşmişdilər, bütün yüksəklikləri götürmüşdülər, biz isə aşağıdan getməli idik. İndi siz Şuşaya da gedəcəksiniz, görəcəksiniz ki, Şuşanın alınması bir möcüzə sayılır".
Bu müharibə xalqın müharibəsiydi. Döyüşlərə cəlb edilməyənlər ruhən, mənən, xəyalən döyüşənlərin sırasındaydı. Azərbaycan əsgəri döyüşə-döyüşə ruhumuzun şəhərinə - Şuşaya yaxınlaşırdı.  Vətənimizin işğaldan azad edildiyini dövlət başçısı Azərbaycanı sevənlərə də, sevməyənlərə də belə təqdim etdi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Belə təqdimetmə ordumuzun qüdrətinə sevgidir, Azərbaycan əsgərinin Vətən sevgisinin qürurudur...
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Narek Gjaninyanın hələ Vətən müharibəsi başa çatmadan etirafı da Azərbaycan əsgərinin döyüş qabiliyyətinin, qələbə ruhunun, vətənsevərliyinin ifadəsidir, Şuşam mənim, könül sultanımız: "400 nəfər görürdük. Atəş açılırdı, onun ardınca daha bir qrup gəlirdi. Atəş açılırdı, ardınca ikiqat böyük qrup dalğa halında gəlirdi. Əlbəttə ki, belə bir qüvvəyə tab gətirmək mümkün deyildi".
Erməni hərbçiləri etiraf edirdi ki, Azərbaycan Ordusunun hücumunun qarşısını saxlamaqda çox acizdirlər. Bu acizlik təkcə düşmən ordusunun deyil, həm də düşmən dövlətin gücsüzlüyünün etirafı idi. Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyirdi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Vətən müharibəsi iştirakçısı mayor Aydın Osmanov xatırlayır: "Hər döyüşçü Şuşanın azad edilməsində iştirak etməyi, Şuşanı işğaldan azad edəcək döyüşlərin iştirakçısı olmağı arzulayırdı. Eynən bizim kimi. Daşaltıdan Şuşaya bir döyüşlük yol vardı. Bu döyüşün ağır döyüş olacağını bilirdik. Bu döyüşü də qələbə ilə başa çatdıracağımıza əmin idik..."...
"Mövqe qələbələri, Daşaltının ermənilərdən təmizlənməsi döyüşçülərimizin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Şuşa görünürdü. Bütün əzəmətiylə görünürdü....". Bu xatırlama zabitin özünü də həyəcanlandırdı, bizi də; xatırlatma bir döyüşün tarixiydi, bir döyüşün tarixi Vətən müharibəsinin tarixiydi. Şuşa uğrunda gedən döyüşlərdən adi emosiya ilə danışmaq mümkün deyil. Bu döyüş dünya müharibələr tarixində olan heç bir döyüşlə müqayisə oluna bilməz. Rusiya mətbuatında çoxumuz belə bir informasiya oxuduq: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar".
Şuşa işğaldan belə döyüşlərlə azad edildi!..
Müzəffər sərkərdəmiz xalqa müraciətində dedi: "Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir". Bu fikirlər ordunun şəxsi heyətinə ehtiramdır, sevgidir. Sərkərdənin ehtiramı ilə əhatələnən ordu, əlbəttə ki, qüdrətli ordudur!
Şuşa işğaldan azad edildi!
Dövlət başçısının Sərəncamı ilə 8  Noyabr - Zəfər Günü olaraq bayram elan edildi.
Zəfər bayramı vətənpərvərliyin işğalçılıq üzərində tarixi qələbəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi "...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq" fikri də bizi 2020-ci ilin 8 noyabrının qürurunda yaşadır...
Bu günlərdə işğaldan azad edilən ərazilərimizdə əsgərlərdən eşitdiyim bir fikir düşüncələrimdən heç zaman silinməyəcək: "Şuşa ruhumuzun göyqurşağıdı!"...
 
Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"