Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:32

Vətən müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar

Xəzər dənizilə Qara dənizin, o cümlədən Türkiyə, Rusiya və İran dövlətləri arasında yerləşən Cənubi Qafqaz regionu beynəlxalq münasibətlər sisteminə əsaslı təsir göstərən, yeni geosiyasi reallıqlar yaradan əlverişli coğrafi mövqeyə malikdir. Geopolitik reallıq Cənubi Qafqazı Şərq-Qərb və Şimal-Cənub dəhlizinə çevirdiyindən bu region daim böyük güclərin diqqət mərkəzində olub.
ABŞ Dövlət Departamentinin 1994-cü ildə hazırladığı "Qafqaz Regionu" xəritəsi, 1997-ci ildə nəşr olunan Yeni əsr üçün Milli Təhlükəsizlik Strategiyası, Rusiya da daxil olmaqla dünyanın aparıcı dövlətlərinin sərgilədiyi mövqelər də sübut edir ki, region dünyanın siyasi xəritəsində xüsusi mövqeyə malikdir. Bir sözlə, Cənubi Qafqaz siyasi, strateji, tarixi və sosioloji aspektləri ilə son dərəcə mühüm regiondur. Təkcə coğrafi mənada deyil, həm də sosioloji baxımdan bu bölgədə cərəyan edən hadisələr bir çox səbəblərdən region və regionda siyasi marağı olan dövlətlərə təsir edir. Qafqaz dövlətləri arasında əlaqələr, böyük dövlətlərin regionla bağlı siyasətləri və beynəlxalq aləmdə baş verən proseslər; regional təhlükəsizliyə, sabitliyə və rifaha ciddi təsir göstərir. XIX əsrdə Rusiyanın işğalı altında olan bu bölgədə XX əsrin əvvəllərində üç müstəqil respublika - Gürcüstan, Azərbaycan və Ermənistan yarandı. Qeyd edək ki, regionda müstəqil Ermənistan respublikasının yaranması çar Rusiyasının siyasi maraqlarının nəticəsi idi. Ermənilərin XIX əsrdə məqsədli şəkildə regiona köçürülməsi regionu yeni geosiyasi reallıqla üz-üzə qoydu. Nəticədə bütün regionda sülh və təhlükəsizlik üçün olduqca ciddi təhlükə mənbəyi yaranmış oldu.
XX əsrin əvvəllərində region dövlətləri müstəqillik əldə etsələr də, dövlətlərin suverenliyi uzun sürmədi, region Sovetlər hakimiyyəti tərəfindən işğal edildi. İstər müstəqillik dövründə, istərsə də sonrakı mərhələlərdə qonşu dövlətlərin torpaqlarını işğal edərək ekspansiya siyasətinə üz tutan Ermənistan müxtəlif tarixi proseslərdə fürsət tapdıqca Azərbaycandan torpaq qoparıb öz sərhədlərinə daxil etdi. 70 il xüsusilə regionda şəriksiz güc mərkəzinə çevrilən Sovetlər İttifaqının ən güclü dövləti olan Rusiya XX əsrin sonlarında region dövlətləri yenidən müstəqilliklərinə qovuşduqdan sonra da regionun siyasi reallığının formalaşmasında birbaşa rol oynadı. Rusiya region siyasətinin konturlarını cızarkən bölgə dövlətlərinə münasibətdə konkret və xüsusi yanaşma strategiyasını həyata keçirməyə səy göstərdi. Belə yanaşma tərzi son nəticədə Azərbaycan, Gürcüstan və Ermənistanla Kreml tərəfdən müxtəlif müstəvilərdə və müxtəlif statuslarda davranılmasını şərtləndirdi.
Azərbaycanda sovet hökmranlığı qurulduqdan sonra ermənilərə Qarabağın dağlıq bölgəsində muxtariyyət verildi. Lakin Ermənistan bununla kifayətlənməyərək hər fürsətdə Azərbaycana qarşı ərazi iddialarını gündəmə gətirdi. SSRİ-nin dağılması zamanı yenidən hərəkətə keçən Ermənistan bu dəfə silahlı üsula əl ataraq, müharibə yolu ilə Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal etdi. Ermənistan Azərbaycanın digər bölgələrinə qarşı yeni hücumlar həyata keçirməklə yanaşı, problemin sülh yolu ilə həlli üçün hər cür təklifləri geri çevirirdi. Ermənistan ordusunun 2020-ci ildəki təxribatları və bu kontekstdə həyata keçirdiyi yeni hücumlar İkinci Qarabağ müharibəsinin qaçılmaz olduğunu ortaya qoydu.
Aprel döyüşlərindən, Tovuz hadisələrindən sonra Ermənistan silahlı birləşmələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında Azərbaycan torpaqlarında yeni ərazilər işğal etmək məqsədilə hücuma keçdi. Buna cavab olaraq əks-hücuma başlayan Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat nəticəsində mühüm mövqeləri azad edərək öz nəzarəti altında saxlamaqla irəliləməyə nail oldu. Azərbaycan Ordusunun Ermənistanın hücumlarına qarşı əks-hücumu 44 gün davam etdi. Bu müharibədə böyük məğlubiyyətə uğrayan Ermənistan ordusu, nəhayət, Rusiya-Azərbaycan-Ermənistan tərəfindən imzalanan üçtərəfli Bəyannaməyə uyğun olaraq təslimiyyəti qəbul etdi və Azərbaycan ərazilərindən geri çəkildi. Döyüşlərin bu istiqamətdə gedəcəyini düşünməyən düşmən aldığı zərbələrdən sarsıldı. İlk döyüşlərdə xeyli miqdarda hava hücumundan müdafiə sistemi məhv edildi. Ermənistan ordusu Azərbaycan Ordusunun pilotsuz uçuş aparatları və helikopterlərinin uğurlu zərbələri nəticəsində böyük itki verərək mühüm mövqeləri tərk etməli oldu.
Azərbaycan Ordusu tarixi torpaqlarını işğaldan azad etdikcə strateji mövqelərə və yollara da nəzarətə nail olurdu. Qeyd edək ki, müharibənin gedişində Azərbaycan Ordusu beynəlxalq hüquq normalarının tələblərinə əməl edərək mülki erməni əhalisinə qarşı çox ehtiyatlı davranır, erməni silahlı birləşmələri isə əksinə, Azərbaycana məxsus mülki yaşayış məntəqələrini hədəfə alırdı. Döyüş meydanında ciddi məğlubiyyətə uğrayan Ermənistan beynəlxalq təşkilatlara və böyük dövlətlərə yalvarırdı ki, məsələyə seyrçi mövqeyində qalmasınlar, gedişata müdaxilə etsinlər. Münaqişə tərəflərinə təqdim olunan atəşkəs təkliflərinə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vurğulayırdı ki, Ermənistan ordusu Azərbaycan torpaqlarını qeyd-şərtsiz tamamilə tərk etsə və Paşinyan administrasiyası vədlərinə əməl etsə, Azərbaycan hökuməti danışıqlara başlaya bilər.
2020-ci ilin ən mühüm hadisəsi, şübhəsiz ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi əməliyyatı oldu. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi.  Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi və artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələri xatırlatdı. Azərbaycan Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Qarabağda yeni ikinci erməni dövlətinin yaradılması planları pozuldu, erməni xülyasına son qoyuldu.
Nəticə odur ki, Qarabağa heç bir status verilmir. "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ermənistan özünün məğlub və darmadağın olmuş silahlı qüvvələrinin qalıqlarını çıxarmaq öhdəliyini götürdüyünə görə sülhməramlı qüvvələrin vəzifəsi oradakı hər hansı insidentin qarşısını almaq olacaq. Azərbaycandan Naxçıvana nəqliyyat dəhlizinin açılması nəinki region, o cümlədən dünya dövlətləri üçün böyük strateji əhəmiyyətə malikdir. Artıq Azərbaycan dövləti işğaldan azad olunan bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayıb, kommunikasiya və s. imkanları genişləndirib.
İkinci Qarabağ müharibəsinin nəticəsi Qafqazın yeni geosiyasi vəziyyətinin formalaşmasında mühüm mərhələ oldu. Nəticədə, Qafqazın keçmişi ilə gələcəyi arasında köklü dəyişiklik baş verdi. Regional güc dəyişikliyi və Qafqazda yeni geosiyasi reallıq, qlobal və regional güclər tərəfindən qəbul edilib. Rusiya və Türkiyə prezidentlərinin məsələyə münasibəti, beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar, regionda digər güclərin maraqlarına uyğun olaraq edilən siyasi gedişlər onu göstərdi ki, bölgədə digər qlobal və regional oyunçuların effektivliyi azalıb. 10 noyabr kapitulyasiya aktının imzalanmasından sonra siyasi proseslərə seyrçi mövqeyində qalmaq məcburiyyətində olan dövlətlər və güc mərkəzləri bu vəziyyətdən çox narahat olduqlarını açıq şəkildə bəyan edirlər. Bəzi təşkilatların fəaliyyətinin əhəmiyyətsiz olduğunu anlayan böyük güclər bu məsələyə bu və ya digər şəkildə reaksiya verməyə çalışır. Ancaq dünya dövlətləri də, region dövlətləri də yaxşı başa düşür ki, artıq regionun gələcək nicatı bölgədə yaranacaq daimi sabitlikdən asılıdır.

Məhəmməd ƏLİYEV Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində baş müəllim