Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

İşğal olunan ərazilərimizdə Ermənistanın ekoloji terroru və ətraf təbii mühit

Azərbaycan Respublikası beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak edən dövlətlər sırasındadır. Ölkəmizdə istər daxili, istərsə də xarici terrorizmə qarşı güclü mübarizə siyasəti yürüdülür.
Hər hansı bir dövlətdə ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktları ekosidin tərkib hissəsi olub, ekoloji problemlərin yaradılması məqsədini güdür. Ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və canlıların tələfatına yol verməməkdir.
Hər hansı bir ölkə və yaxud şəxslər tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab edilir.
1988-ci ildən başlayaraq ermənilərin və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə, torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması ilə nəticələnən, şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin genosidinə və eyni zamanda, bitki və heyvanlar aləminin məhv edilməsinə səbəb olub. Hərbi münaqişə və müharibə yalnız Azərbaycan Respublikasının ərazisində aparıldığından atmosfer, su mənbələri və torpaqlarımız bioloji, kimyəvi və fiziki çirklənməyə məruz qalıb.  
Ermənistan bütövlükdə Qafqaz regionunda etnik təmizləmə siyasətini həyata keçirən işğalçı dövlət olmaqla yanaşı, həm də mülki əhaliyə qarşı terror aktlarının həyata keçirilməsində müstəsna rol oynayan və terroru dəstəkləyən bir dövlətdir. Ermənistan Respublikasının döyüşlər zamanı istifadəsi, tətbiqi qadağan edilən müxtəlif növ döyüş sursatlarından və ballistik raketlərdən də dinc əhaliyə qarşı istifadə etməsi öz təsdiqini tapıb. Belə ki,  istifadəsi və tətbiqi qadağan edilən OTR-21 "Toçka" və "Skad" bu kimi ballistik raketlərdən dinc əhaliyə qarşı (Gəncə, Mingəçevir, Bərdə, Tərtər) 2020-ci ilin oktyabr-noyabr aylarında istifadə edilib.
Ermənistan 30 ilə yaxın müddət ərzində işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurub. İşğal olunan ərazilərin təbii sərvətləri işğalçı dövlətin himayədarlığı nəticəsində müxtəlif şirkətlər tərəfindən qanunsuz istismara məruz qalıb və talan edilib. Həmin  ərazilərin ətraf təbii mühitinə vurulan ziyan, regionda ekoloji tarazlığın pozulmasına səbəb olub. İşğala məruz qalmış yaşayış məntəqələrimiz erməni silahlı birləşmələri tərəfindən qarət edilib, evlər dağıdılıb, su, elektrik, qaz və digər kommunikasiya xətləri isə tamamilə sıradan çıxarılıb. Respublika əhəmiyyətli dəmiryolu xətləri sökülüb və yararsız hala salınıb. Ümumiyyətlə, Ermənistan tərəfindən ekoloji terrora məruz qalan Azərbaycan əraziləri regional ekoloji fəlakət zonasına çevrilib.
Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdə ətraf təbii mühitin mühafizəsinə dair qəbul olunan beynəlxalq normativ hüquqi sənədlərə və qanunlara tərəfindən əməl edilməyib. Belə ki, işğaldan azad edilən ərazilərdə monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin,  meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha şahidi olduq.  Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb. Qeyd edilən ərazilərdə təmas xəttində meşə sərvətlərinin talan edilməsi işinə birbaşa işğalçı ordunun hərbi qulluqçuları tərəfindən rəhbərlik edilib.
Düşmən tərəfindən döyüş mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi, mühəndis-istehkam qurğularının inşası, şəxsi heyətin və texnikanın manevr etməsi məqsədilə əlaqələndirici yolların çəkilişi, torpaq qazıntı işlərinin aparılması zamanı ağac və kolların qırılması, otlaq sahələrinin yandırılması və s. nəticəsində flora və faunaya ciddi ziyan dəyib. Həmin ərazilərdə düşmən ordusu tərəfindən görülən işlər Azərbaycan təbiətinin məhvinə səbəb olan ekoloji terror aktı kimi qiymətləndirilməlidir.
2020-ci ilin sentyabrında başlayan 44 günlük  Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə, həm də ekoloji terror aktlarının həyata keçirilməsinə son qoydu.  
Müdafiə Nazirliyinin Tibb İdarəsinin ekoloq mütəxəssisləri döyüşlər zamanı azad edilən ərazilərə, eləcə də raket zərbələrinə məruz qalan Gəncə, Mingəçevir və Bərdə şəhərlərinə ezam olunaraq ekoloji monitorinqlər aparıb, torpaq və su mənbələrindən götürülən nümunələrin ekoloji laboratoriyada fiziki, kimyəvi və bioloji analizləri aparılıb.
Monitorinq zamanı işğaldan azad edilən rayon mərkəzlərinin, şəhər, qəsəbə və kəndlərin ermənilər tərəfindən tamamilə dağıdılması, yol kənarlarındakı ağac və kol bitkilərinin isə kəsilərək məhv edilməsi müəyyənləşdirilib. Qəsdən törədilən yanğınlar nəticəsində isə meşə və yaşıllıq massivləri yox edilib.
İşğal olunan ərazilərin azad edilməsi zamanı Şuşa istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən istifadəsi qadağan edilən müxtəlif növ döyüş sursatlarının tətbiqi nəticəsində ətraf təbii mühit fiziki və kimyəvi çirklənməyə məruz qalıb. Qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə anti-humanist üsullarla - digər zəhərli partlayıcı maddələrdən ərazilərimizi işğaldan azad edən ordumuza, həm də flora və faunaya külli miqdarda ziyan vurulub.
22-23 sentyabr 2021-ci il tarixdə Litva Respublikası Silahlı Qüvvələri tərəfindən "Şərq Tərəfdaşlığı çərçivəsində ətraf mühitin mühafizəsi"nə dair keçirilən onlayn seminarda Tibb İdarəsinin də hərbi ekoloq mütəxəssisləri iştirak edib, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan ekoloji terror aktları barədə seminar iştirakçılarına faktlar əsasında  geniş məlumat verilib və Ermənistanın yalnız Cənubi Qafqaz regionunda deyil, bütün bəşəriyyət üçün təhlükəli olan ekoloji terrorçu bir dövlət olması diqqətə çatdırılıb.

Adil MƏMMƏDOV Müdafiə Nazirliyinin Tibb İdarəsi, biologiya üzrə fəlsəfə doktoru