Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2021 15:15

Konstitusiyamız möhkəm hüquqi bazaya malikdir

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra qanunçuluq ideya və dəyərlər kimi Konstitusiya ilə təsbit edildi. Dövlətin qüdrəti, beynəlxalq nüfuzu həm də onun milli iradəni nə dərəcədə ifadə etməsilə ölçülür. Konstitusiya vətəndaşlıq sistemi olmaq etibarilə dövlət və xalq arasında ən mühüm ictimai münasibətləri tənzimləyir, konstitusion quruluşun, dövlət hakimiyyəti təşkilinin əsaslarını əks etdirir. Məhz buna görə ən ali qanundur. Konstitusiya ona görə "Əsas Qanun" adlandırılır ki, o, ictimai həyatın bütün sahələrini əhatə edən münasibətləri nizamlamağa şərait yaradır, habelə cəmiyyətdə siyasi sabitliyin, ümumi maraqların təminatçısıdır. Dövlətin statusunu, fəaliyyət konsepsiyasını, nəzərdə tutulan prioritetlərini əks etdirir. Şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin sivil, bəşəri qaydalarını müəyyən edir.
Hazırlanması və qəbul edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin dönməz iradəsi, gərgin əməyi, dərin hüquq düşüncəsi və siyasi uzaqgörənliyi nəticəsində mümkün olan Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunduğu gün - 12 Noyabr hər il ölkəmizdə rəsmi dövlət bayramı kimi qeyd olunur.
Konstitusiyamız azad düşüncə, bərabərlik, dini inanclara hörmətlə yanaşma, vətəndaşlığa ehtiram Konstitusiyasıdır.
Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra olduqca çətin şəraitdə, siyasi-hüquqi, sosial-iqtisadi vəziyyətin ağır olduğu bir dövrdə ölkənin ali hüquqi qüvvəyə malik sənədini - Konstitusiyasını hazırlamaq, özü də müxtəlif siyasi qüvvələrin təsirindən azad, demokratik dəyərlərə əsaslanan, xalqın iradəsini tam əks etdirən bir formada qəbul etmək olduqca çətin idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi həssaslıq və güclü siyasi iradə tələb edən bu məsələni də uğurla həll etdi.
1995-ci ildə Konstitusiyanı ümumxalq səsverməsinə hazırlamaq məqsədilə Komissiya yaradıldı. Komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirildi. İclasda ölkənin təcrübəli və yüksək təhsilli hüquqşünasları, dövlət hakimiyyətinin hər üç qolundan olan nümayəndələr, ziyalılar, alimlər iştirak etdilər. Əsas Qanunun baza müddəaları, daha sonra isə onun layihə mətni ictimai müzakirəyə çıxarıldı.
Konstitusiyanın əsas prioritet istiqamətləri Komissiyanın ilk iclasında ulu öndər Heydər Əliyev tərəfindən açıqlanıbdır: "Konstitusiya birinci növbədə, dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Dövlət xalqın işi olmalıdır. Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır və bu prinsiplər Konstitusiyamızın əsasını təşkil etməlidir".
1995-ci il noyabrın 12-də Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək ümumxalq səsverməsi - referendum yolu ilə ilk milli Konstitusiyasını qəbul etdi. Konstitusiyada demokratik təsisatlar, hüquqi dövlətin atributları, hakimiyyət bölgüsü, insan hüquq və azadlıqları, onların təminatı kimi mütərəqqi müddəalar öz əksini tapıbdır. Dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, vətəndaşların layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq qalaraq digər xalqlarla dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq kimi bəşəri niyyətlər də ifadə edilib ki, bu da onun demokratik dəyərlərini əks etdirir və hüquqilik dəyərinə, demokratiklik əlamətlərinə görə dünyanın bir çox inkişaf edən dövlətlərinin konstitusiyaları ilə müqayisədə daha təkmil, daha əhatəlidir.
Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyan ilk Konstitusiyamız 5 bölmədən, 12 fəsildən, 158 maddədən ibarətdir. Konstitusiyamız Azərbaycan xalqının maraqlarını qoruyur və dövlət başçısı tərəfindən edilən hər bir dəyişiklik qanunla tənzimlənir.
Demokratik dövlətlərdə hakimiyyət yalnız xalqın iradəsi əsasında formalaşa bilər. Xalqın iradəsi ilə qəbul edilən Konstitusiyamız xalqın Konstitusiyasıdır, Konstitusiyamızın birinci maddəsi Azərbaycan xalqını dövlət hakimiyyətinin yeganə mənbəyi hesab edir. Əsas Qanunda sərbəst və müstəqil öz müqəddəratını həll etmək, öz idarəetmə formasını müəyyən etmək xalqın suveren hüququ kimi təsbit olunur.
Konstitusiyamızın ikinci fəsli ilə Azərbaycan dövlətinin hüquqi statusu müəyyənləşdirilib, siyasi-hərbi, sosial-iqtisadi inkişafının əsas prinsipləri təsbit olunubdur. Dövlətin idarəetmə mexanizmi hakimiyyətin səlahiyyətlər bölgüsü əsasında həyata keçirilməsi prinsipinə əsasən təşkil olunubdur. Dövlət hakimiyyəti qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünərək yüksək hüquqi imperativlərə və hüququn aliliyinə tabe edilibdir.
Ötən 26 il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə - 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanun daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu qələbə qazanaraq tarixi torpaqlarımızı işğaldan azad etdi. Bu gün Konstitusiyamızın müddəalarından da irəli gələrək dövlətin ali məqsədi sayılan insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən çoxşaxəli islahatlar həyata keçirilir. İşğaldan azad olunan əzəli torpaqlarımızda abadlıq işləri aparılır. Yaxın gələcəkdə vətəndaşlarımız öz yurd-yuvalarına geri qayıdacaqlar.
Konstitusiyamızda Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarına həvalə edilən vəzifələrin  yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydaları da müəyyən olunub.
Azərbaycan Respublikasının Konstitusiyası möhkəm hüquqi bazaya malikdir və bu ali normativ sənəd hələ uzun müddət müstəqil dövlətimizin demokratik inkişaf hədəflərini müəyyənləşdirəcəkdir.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"