Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 09:34

Torpaqlarımız azadlığa qovuşdu

Keçən ilin sentyabr ayı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şanlı Zəfərə aparan yolun başlanğıcı da, sonu da uğurlu oldu. Təqvimimizə düşən qara hadisələrin yerini al-qırmızı zəfər tarixləri əvəzlədi. Dədə-baba torpaqlarımızın işğaldan azad edilməsi ən əlamətdar hadisələrdən biri oldu. O günlərdə sevincimizin nə həddi, nə də qədəri vardı. İşğal altında olan torpaqlarımız azad edildikcə sanki gücümüzə güc qatıb, ümidsizlik adlı hissi dəf edib inama köklənirdik. Kimliyindən asılı olmayaraq hər bir azərbaycanlının dilində yalnız bir şüar vardı: Vətən, Vətən, yenə Vətən!
Azərbaycanın əzəli və qədim torpaqları işğaldan azad olunacağı günü  gözləyirdi. Ermənistan dövləti Qarabağ bölgəsini öz adına çıxarmağa çalışsa da bu cəhdlər baş tutmadı. Çünki bu diyarın hər qarışı; çəməni, daşı, qayası, ovalıqları bizim izlərimizdən xəbər verirdi. Alim A.Bakıxanov tayfa və yer adlarını bu cür izah edirdi: "Nəinki əsrlər, hətta min illər belə ölkənin çox yerlərinin və tayfalarının adlarını məhv edə bilməmişdir. Əgər o yerin dağını, daşını, qəbrini tədqiq edirsənsə, o xalqın mənşəyini bilmiş olursan".
Bir çox tarixi mənbələr sübut edir ki, türklərin iziylə bu qədər zəngin olan bu yerləri, bu torpaqları erməniləşdirməyə çalışmaq uğursuz cəhddən və saxtakarlıqdan başqa bir şey deyildi. İşğalda olan torpaq da geri qayıtmağa çalışırdı. Vətən müharibəsi zamanı erməni əsgəri demişdi ki, torpaq da sanki onlara, Azərbaycan əsgərinə kömək edirdi.
Nə az, nə çox, cəmi 44 günə Azərbaycan Ordusu 30 illik həsrəti sonlandırdı. Bir vaxtlar ermənilərin içki məclisi qurduğu Cıdır düzünün könlünü indi yallı sədaları oxşayır. Səslənən Bayatı-Şiraz Qarabağ torpaqlarının yaralarına məlhəmdir.

Hüsniyyə İDRİSOVA