Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 09:33

“Hamımız Vətən üçün əsgərik”

Şəhid, şəhidlik kəlmələrini uşaqlığından eşidənlər, mahiyyətini hələ əhatəli dərk etmədikləri bu məfhumlar onların peşə seçiminə də təsir göstərir. "Şəhidlik nədir?" sualını heç kimdən soruşmadan öyrənir ki, şəhidlik ömrünü Vətən üçün yaşayanların Vətən sevgisinin müqəddəslik mərhələsidir, bu ucalıq ömür payını Vətənə verənlərə qoşa qollar açır. Emil Nurullayev bunları orta məktəbdə oxuyanda bilirdi...
Emil 1996-cı ildə Qax rayonunda anadan olub. Məktəbdə müəllimlərindən, ailədə atasından eşitdikləri onun düşüncələrini tərpədib. Abbas Səhhətin "Vətən" şeirini öyrənəndən sonra müəllimindən bəzi sözlərin izahını soruşub. O da əmin olub ki, "Vətəni sevməyən insan olmaz..."...
2014-cü ildə şəhid Namiq Abdullayev adına orta məktəbi bitirir. Yoldaşları ondan hansı peşəni seçdiyini, harada oxumaq arzusunda olduğunu soruşublar. Onda Emil bir anlığa göy üzünə baxıb və qətiyyətlə "Hərbçi olacam, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyacam..." deyib. Sinif rəhbərinin əli ahəstəcə qətiyyətli şagirdinin çiyninə enib. "Uğurlar arzulayıram, oğlum. Gələcəkdə mən də qürurlanacam ki, sənin kimi bacarıqlı bir zabitin müəllimi olmuşam...", - deyib. Emil bu kəlmələri məktəb adından səslənən uğurlama bilib...
Emil Nurullayev H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu. 2014-cü ilin 15 sentyabrı onun da yaddaşında bir amalın gerçəkləşəcəyinə inamın davamı oldu. Emil arzusunun gerçəkləşəcəyi günü yaxşı oxumaqla, müəllimlərinin, zabitlərin tələb və göstərişlərini məsuliyyətlə yerinə yetirməklə yaxınlaşdırmağa qərarlı idi; peşə seçimində qərarlılıq onun təhsilində qərarlılığın başlanğıcı olmuşdu...
Oxumaq və dərk etmək, qavramaq terminləri fərqli terminlərdir. Emil də oxuduqlarını dərk etməyə çalışırdı, bilmədiklərini, bilmək istədiklərini müəllimlərindən soruşurdu. Orta məktəbdə oxuyanda müəllimi deyibdi: "Bilməmək eyib deyil, bilməyib soruşmamaq eyibdir". Bu məsləhəti unutmayıb, heç zaman unutmayacaqdı.
Emil Nurullayev dedi ki, andiçmə mərasimini heç zaman unutmayacaq. “Həmin gün özüm-özümə minnətdarlıq elədim - hərbçi peşəsini seçməmdə qərarlı olduğuma görə.
Onda gənc leytenantlar bir-birini o qədər səmimi, o qədər duyğusallıqla təbrik edirdilər ki! 2018-ci il ömrümüzə belə yazıldı...
Zabit kimi hərbi xidmətə başladı.
Nümunəvi kursant oldu, nümunəvi zabit olmaq üçün bütün əmr və göstərişləri vaxtında və məsuliyyətlə yerinə yetirirdi. Bu xarakteri tabeliyində xidmət edən əsgərlərə də aşılayırdı. "Hərbi xidmət nizam-intizamdan başlayır. Nizam-intizam, Hərbi anda sədaqət, Hərbi Nizamnamələrə ciddi əməl etmək - bunlar hərbi xidmətin nümunəvilik düsturudur. Belə əsgər olacağınıza inanıram. Belə əsgər həm də yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olur...".
Asudə vaxtlarda əsgərləri ilə söhbətlər aparardı. Vətəndən, torpaqlarımızın işğaldan azad edilməsindən danışardı. Bu söhbətlər əsgərlərin Ali Baş Komandanın döyüş əmrinə hazırlığının bir hissəsi olurdu...
Vətən müharibəsi başladı. Baş leytenant Emil Nurullayevin xidmət etdiyi hərbi hissə də döyüşlərə cəlb olundu. Komandiri olduğu taqım Suqovuşan, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak etdi. "Əsgər Aqşin Zeynalov, Xaliq Abdullayev, Səxavət Musayev, Vüqar Kərimov və başqaları rəşadətlə döyüşdülər...", - komandir əsgərlərinin döyüşdə iştirakını qürurla xatırlayır...
"Hamımız Vətən üçün əsgərik", - baş leytenant Emil Nurullayev belə dedi...
Baş leytenant Emil Nurullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
 
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"