Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 08:56

Tarixləşən xatirələr tarix kimi yaşadılır

Tarix də deyir, xalqımızın folkloru da deyir ki, gün var min aya dəyər. Başlanğıcı sentyabrın 27-si olan Zəfər günü belə günlərdən biri kimi tarixləşdi. 27 sentyabr da tarixi gündü, 8 noyabr da. Biri Vətən müharibəsinin başladığı gündü, biri Zəfər günüdü...
Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başladı. Mahiyyət etibarilə bu əmr Vətən müharibəsinin başlaması əmri idi. Vətən müharibəsi xalqın müharibəsi oldu, ruhun müharibəsi oldu, azərbaycançılığın müharibəsi oldu...
Azərbaycan Ordusu möhtəşəm Zəfər qazandı. Dünya müharibələr tarixində belə döyüşlər az-az olub (bəlkə də olmayıb!). Bu müharibədə qazanılan Zəfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Hərbi Qənimətlər Parkı"nın açılışında belə dəyərləndirdi: "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq". Bu kəlamlar indi nəinki yeniyetmələrin, gənclərin, müharibə veteranlarının, 13-14 yaşlı uşaqların da düşüncələrindədi. Və tarixdədi!..
Şuşanın işğaldan azad edilməsi dünyanı düşmənin 30 il ərzində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sisteminin, "Ohanyan səddi"nin yarılması səviyyəsində heyrətləndirdi.
Vətən müharibəsində dünya da gördü ki, beynəlxalq təşkilatların həll edə bilmədiyini Azərbaycan Ordusu özünün qüdrətiylə həll edir. Əmin oldu ki, bu ordu həm torpaqlarını işğaldan azad edəcək, həm də ermənilərin qorxulu terror şəbəkəsinin altını üstünə çevirəcək...
Zəfər işğala son nəfəs oldu...
Müharibənin tarixi dövlətin, dövlətin tarixi xalqın tarixidi. Tarix həm də təəssüratlarla, xatirələrlə yaşadılır. Vətən müharibəsinin başlamasından 1 il keçir. Tarix üçün 1 rəqəmi böyük olmasa da, kiçik rəqəm də deyil. 1 il 365 gündü, 365 gün 31536000 saniyə deməkdi; düşünürük ki, xatirələr də, yazılanlar da anları əhatələdiyinə görə hadisələrin davamlığı bəzən saniyələrlə ölçülür, onda müharibənin tarixi saniyələrlə hesablanmalıdır. Vətən müharibəsində də. Vətən müharibəsi başa çatandan sonra da xidməti vəzifəmizlə əlaqədar söhbətləşdiyimiz hərbi qulluqçular Vətən müharibəsinin anlarından danışırdılar, heç biri "Döyüşürəm" demirdi, "Döyüşürük" deyirdi. Əminliyimiz bizə deyirdi ki, Azərbaycan əsgəri qəhrəman olmaq üçün döyüşmür, qəhrəmanlıqla döyüşür...
Hərbi qulluqçuların Vətən müharibəsindən danışdıqlarını həmişə müharibə tarixi kimi dinləmişik. Zəfər işığında hər təəssüratın, hər xatirənin yaşadılması, tarixləşdirilməsi Zəfər gününə sevgidi, döyüşənlərə ehtiramdı, dövlətçiliyə  sədaqətdi...
Səməd Vurğun yazmışdı ki, deyilən söz yadigardır. Deyilən söz Vətənlə, dövlətlə, dövlətçiliklə bağlıdırsa, həm də tarixdi; biz Vətən müharibəsinin tarixinin bəzi məqamlarını bu tarixi yazanlardan eşitdik.
Döyüşçülər tariximizdən danışıblar, tariximizdən yazırıq. Tarixləşən xatirələri tarix kimi yaşatmaq niyyətiylə yazırıq, həm də qürurla yazırıq...
Bütün cəbhə boyu döyüşlər gedirdi. Azərbaycan Ordusu döyüşə-döyüşə qələbələr qazanır, qələbələr qazana-qazana döyüşürdü. Bu döyüşlər işğaldan qurtuluş döyüşüydü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik". Bu kəlmələr noyabrın 8-də gerçəkləşdi. O tarixi gün üçün döyüşənlərin xatirələri bu gün dinlənilsə də, sabahlar (əslində, əbədiyyət) üçündü...
- Qızılqaya yüksəkliyini azad etmək əmri verildi. Bu döyüşdə qarşı tərəf mövqe üstünlüyünə malik idi. Qrup komandiri komandanlıqla məsləhətləşdikdən sonra yüksəkliyə düşmənin güman etmədiyi, edə bilməyəcəyi üsulla çatmaq qərarı aldı. Döyüş başladı. Düşmən ciddi müqavimət göstərirdi. Belə müqavimətlər həmişə müdafiə olunan mövqenin əhəmiyyətliyinə yozulur. Bu əhəmiyyətli mövqeni düşməndən almaq üçün daha intensiv atışırdıq. Beş nəfərimiz yaralandı, əmri altı nəfərlə davam etdirirdik. Axşama yaxın əl qumbarası məsafəsinə çatdıq. Açıq döyüş gedirdi. Komandirin göstərişi ilə döyüşü bütün vasitələrlə davam etdirirdik. Belə vasitələrdən ən səmərəlisi döyüşü əl qumbaraları ilə davam etdirmək idi. Ruslan Rəcəbov qarşı tərəfə əl qumbarası atdığı anda yaralandı. Onun yaxınlığında olan Samir Muradov qumbaranı döyüşçü yoldaşının əlindən almağa macal tapdı. Döyüşçülərimizin öz qumbaramızla yaralanmalarına imkan vermədi. Həmin qumbara dörd-beş düşməni parça-parça etdi. Mövqe qələbəsi qazandıq (baş gizir Samir Muradov).
- Kəşfiyyat müəyyənləşdirdi ki, Qızılqaya yüksəkliyində düşmən taborunun dayaq məntəqəsi var. Bu dayaq məntəqəsi döyüşlərin gedişində itki verməmək məqsədilə çevik hücumla məhv edilməli idi. Belə mühüm döyüş əmrini bir-biri ilə qarşılıqlı əlaqədə iki bölmənin yerinə yetirməsi planlaşdırıldı. Döyüşün bütün təfərrüatları, ehtimal edilən gözlənilməzliklər nəzərə alındı. Bilirdik ki, ciddi müqavimətlə üzləşəcəyik - düşmən yüksəklikdəydi, biz hücumla yüksəkliyə çatmalıydıq. Bir qədər getdikdən sonra bölmə komandirinin əmri ilə qarşı tərəfə əl qumbarası ata-ata irəliləyirdik. Qəsbkarlar qumbara qəlpələrindən qorunduğu müddətdə irəliləyir, atışa başlayanda yenidən qumbara atırdıq. Atılan qumbaraların hamısı eyni vaxtda partlamadığına görə bəzən bir qumbara atışından sonra heç 3-4 metr də irəliləyə bilmirdik. Düşmən bizim güllə məsafəsində olduğumuzu dərk edəndə çaşdı, atışa-atışa geri çəkilmək istədi. 30-40 dəqiqə çəkən döyüşdə 8 düşmən məhv edildi, qalanları, təxminən 50-60 nəfər qaça bildi. Komandir onları təqib etməyi lazım bilmədi (miçman Türkay Nərimanov).
- Batareyamız Daşaltıda idi. Düşmən dayaq məntəqələrindən birində döyüşçülərimizin qarşısında atış zolağı yaradıb. Bu zolaq aradan qaldırılmasa, döyüşçülərimiz ancaq itkilər verməklə irəliləyə bilərdi. Komandanlıq bu zolağın dağıdılmasını bizim batareyaya tapşırdı. Bu məqamlarda yaxın məsafədə düşmənin bir PDM-i göründü. İşğalçıların döyüş texnikası bir atəşlə məhv edildi. Bu atışın davamı komandanlıqdan verilən əmrin icrası oldu. İlk atış bir qədər hədəfin arxasına düşübmüş. Buna təcili düzəliş verdik və döyüşçülərimizin qarşısına atəş zolağı yaradanların başına "od ələdik". 10-dan çox mərmi düşmənin sığındığı ərazini darmadağın etdi. Bu məqamlarda sağ tərəfdə yağıların 2 PDM-i göründü. Sanılı saniyələrcə dayandı. Batareya komandirinin əmri ilə bu saniyələrdə atışa hazırlıq da getdi, atış da aparıldı. Düşmənin döyüş texnikaları alışdı (baş leytenant Röyal Rəcəbov).
- Batareya Şuşa yaxınlığında idi. Şuşanın dağları görünürdü. Yaydan bu yana dumanı çəkilən dağların döşündə, yamacında qara buluda bənzəyən dumanlıq sürünürdü. Güllələrin, mərmilərin yaratdığı qara dumanabənzərliyin içindən Şuşaya sarı baxırdılar. Şuşaya sarı gedən tankı gördülər. Baş leytenant Röyal Rəcəbovun əmri ilə tanka bir mərmi atıldı. Mərmi tankın üstünə düşdü. Tank alışdı. Bunun davamı kimi düşmənin o istiqamətdən keçməkdə olan sursat daşıyan maşını da bir mərmi ilə məhv edildi...
Ermənilərin diqqətini çəkmədən Cəbrayıldan dağ yoluyla Qubadlının Balasultanlı kəndinə tərəf irəliləyirdik. Kəndə çatanda bizə Həkəri çayının kənarı boyunca irəliləmək əmri verildi. Harada döyüşə başlanılacağı deyilməmişdi. Güləbirdə gedən yola çatanda kəşfiyyatçılar məlumat verdilər ki, qarşıda düşmənin qruplaşması var. Bu gözlənilməz qarşılaşma əmrin icra edilməsini ləngidə bilərdi. Təcili qərar qəbul edilməliydi. Bölmə komandirinin əmri ilə döyüşməyi qərara aldılar. Əmri bölmələrlə yerinə yetirdilər. Atəşin qəfilliyi, düşmənin müxtəlif istiqamətlərdən atışa məruz qalması döyüşün gedişinə ciddi təsir göstərdi. Körpünün partladılması əmrin icrasını bir qədər ləngidə bilərdi. Ona görə döyüşü səhərə kimi davam etdirdik. Müqaviməti qırılan düşmən qruplaşması tamamilə məhv edildi (miçman Məhəmməd Ağalarzadə).
- Cəbrayıl rayonunun Əmirvarlı kəndinin yaxınlığında yüksəklikdə düşmənin üçüncü eşelonu olduğu gümanı kəşfiyyat məlumatları ilə təsdiqləndi. Düşməni bu yüksəklikdən sıxışdırmaq, yüksəkliyi işğaldan azad etmək tapşırıldı. Hücum qəfil başladı. Bir qədərdən sonra atış seyrəldi. Düşmən elə güman etdi ki, geri çəkilirik, döyüşdən yayınırıq. Bizi təqib etmək niyyəti ilə açıq döyüşə başladı. Atəş məhz bu məqam üçün seyrəldilmişdi. Həm atışaraq, həm də əl qumbaralarından istifadə edərək düşmənin irəliləməsinin qarşısını aldıq, mövqe üstünlüyünü təmin etdik. Düşmən artilleriya dəstəyindən bəhrələnmək istəsə də məğlub oldu (miçman Emil Ahəngari).
- Cəbrayılın Soltanlı kəndi uğrunda döyüşdə kəndin yaxınlığındakı yüksəkliyi düşməndən aldıqdan sonra orada qalibiyyət bayrağı dalğalandırdıq. Bu qüruru böyük könül xoşluğuyla yaşayırdıq ki, düşmənin iki qırıcı təyyarəsi o qədər də yüksək olmayan hündürlükdən bizim səmti bombaladı. Alçaq hündürlükdən atılan bombalardan daldalana bildik. Qırıcılar ikinci dəfə görünəndə biri vuruldu. Bu, bizim sonrakı hücumun inkişafına şərait yaratdı. Göyərçin Veysəlli də daxil olmaqla, 7 kəndi işğaldan azad etdik. Düşmən digər silah-sursatları ilə birlikdə "Qrad" qurğularını da qoyub qaçdı (miçman Rahil Məmmədov).
Müharibə döyüşlərdən uzaqlarda da qələbə ovqatı ilə yaşanılırdı. Müharibədə yaralanan hərbi qulluqçuları həyata qaytarmaq üçün ölümlə çarpışanlara da döyüşçü deyərdim. Onlar döyüşçünün son nəfəsinə çökməkdə olan görünməyən ölümün "şah damarını skalpellə kəsirdi". Bu da Vətən müharibəsi tarixi idi:
"...Güllə əsgərin sağ əlini deşib ürəyinə dəymişdi. Bu əl düşməni döyüş-döyüş sıxışdıranlardan birinin əli idi, bu əl düşməni səngərindən, döyüşdüyü mövqedən döyüş üzünə çıxaranların, sonra geri çəkilməyə məcbur edənlərin sırasında döyüşən igid əsgərlərdən birinin əli idi. Bu əli deşən, deşib ürəyə çatan güllə çıxarılmalıydı. Əsgərin üzündə bizə tanış bir təəssüf donmuşdu. Bu təəssüf əlinin tətiyə çatmamasının təəssüfü idi. Gözaltı Eldar həkimə baxdım. Kifayət qədər təcrübəyə malik olan həkim qətiyyətlə, "Döyüşə başla!", - dedi. Kəlmələr ürək-dirək kimi səsləndi. Əsgəri ölümdən xilas etdik. Həmin gün xəfif bir meh əsirdi. Könül xoşluğuna dönən meh əsimini apardığımız əməliyyata görə təbiətin təbəssümü bildik..." (onda Anar Əmrahın baxışlarında gördüyümüz sevinc qələbə rəngindəydi; cərrahların ölüm üzərində  qələbəsi Zəfərin zərrələridi. Bu zərrələr döyüşçü ömrü deməkdi). "Ürəyindən əməliyyat olunduğundan xəbərsiz olan əsgər özünə gələndə ilk olaraq əlinə baxdı. "Barmaqlarım tətik sıxa biləcəkmi?", - soruşdu..." (ürək-damar cərrahı Anar Əmrah).
- Qubadlının Xanlıq kəndi yaxınlığında körpünün partladılması əməliyyat şəraitini gərginləşdirdi. Düşmən yüksəklikdə idi. Onları intensiv atışla susdura bilsək də, sol tərəfdən iriçaplı silahların atəşi altına düşəndə komandir şəxsi heyətə “İrəli” komandası verdi. Əmr sürətlə yerinə yetirildi. Üç düşmən məhv edildi, biri əsir götürüldü, sağ qalanlar qaçdı. Döyüşdə düşmənin bir TƏİR qurğusu qənimət qaldı (Miçman Vüsal Kamilzadə)...
Polkovnik-leytenant Anar Mirzəyev döyüş tapşırığını yerinə yetirərkən yaralanıb, ancaq döyüşün ona həvalə edilən mərhələsini sona qədər idarə edib. Sonrakı döyüşlərdə də mərdliklə döyüşüb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb - bunu da qazilər deyir.
"Şuşa işğaldan azad ediləndə əsgər qolundan da, ayağından da güllə yarası alıb. Üçüncü güllə cibindəki telefona dəyib" - bunu da qazilər deyir. Belə hadisələr haqqında biz də eşidirik. Bilmirik, onlar gerçəklikdimi, təxəyyüldümü, Vətən müharibəsində bu hadisə olub.
Gizir Əhməd İsmayılov dedi ki, baş leytenant Elvin Şükürlü şəraitə görə düşmənin mövqeyinə tək gedib. "Səngərin girəcəyində rastlaşdığı düşmənə atəş açmamaq üçün onun üstünə atılıb, və boğaraq öldürüb. Hənirti səsinə gələnlərdən daha üçünü öldürüb. Ermənilər məqam tapıb onu güllələyiblər. Zabitimiz şəhid olub. Onun qəhrəmanlığını döyüşçülər səhərisi gün əmr veriləndə daha coşqunluqla tamamladılar".
- Aşağı Maralyan kəndindən düşmənin sığındığı “val”ı keçdik, Yuxarı Maralyan istiqamətində döyüşü davam etdirdik. "Dörd yol" adlanan ərazi arxada qaldı. Düşmən bizi müşahidə edibmiş, atəş altına düşəndə manevr edərək sol cinaha doğru irəlilədik. Relyef baxımından dərə misallı ərazini, az sulu çayı keçib düşmənin sol cinahında döyüşə başladıq. Belə gözlənilməzlikdən müqaviməti sarsılan düşmən bir saata qədər çəkən döyüşdə ağır tələfat verərək geri çəkildi.
Bir gün sonra bizə düşmənin yüksəklikdə yerləşən dayaq məntəqəsini almaq əmri verildi. Döyüşə başladıq. Ağır döyüş gedirdi. Düşmən bu məntəqəni ciddiliklə müdafiə edirdi ki, sonrakı döyüşlərdə üstünlüyü təmin edə bilsin. Belə relyeflərdə döyüşlər təkcə güclə aparılmır, həm də çevik manevrlərlə aparılır. Komandir döyüşün gedişinə təsir edə biləsi manevretmə əmri verdi. Manevri döyüş apara-apara yerinə yetirdik. Az sonra düşmənin dayaq məntəqəsindəydik (kapitan-leytenant Orxan Qədirov).
- Cəbrayıl rayonunun Aşağı Maralyan kəndinə hücum edəndə düşmənin ciddi mühəndis-istehkam səddi ilə üzləşdik. Komandir taktiki dəyişiklik etməklə hücumu bir qədər başqa səmtdən başlamağı tapşırdı. Komandirin əmri ilə müdafiə səddini iki istiqamətdən qəfil həmlə ilə yarmalı idik. Düşmənə qəfil yaxınlaşmalıydıq. Saat 10 radələrində düşmənin 300 metrliyindəydik. Atəş əmri verildi. Uzun çəkməyən döyüşdən sonra əmri yerinə yetirdik. İki döyüşçümüz yaralandı (miçman Elçin Qasımlı)...
- Cəbrayıl rayonunda uçurulmamış məktəb binasında yerləşən düşmən qruplaşmasının məhv edilməsi əməliyyatında ciddi müqavimətlə üzləşdik. Məktəbə yaxınlaşmaq, düşmənlə yaxın məsafədən döyüşmək çətinləşdi. Komandir bir qədər geri çəkilməyi, bölünərək müxtəlif istiqamətlərdən hücum etməyi, imkan yaranarsa, düşmənin arxasına sızmağı tapşırdı. Bir neçə istiqamətdən düşmənə hücum etdik. Atışı bölünən düşmən məğlub oldu (kiçik miçman Rauf Mirzəyev).
Oktyabrın 10-da Göyərçin Veysəlli kəndi istiqamətində 7 kəndin işğaldan azad edilməsi üçün hücum əmri verildi. Düşmən ciddi müqavimət göstərəndə komandir bir qədər sola meyilli arxaya çəkilmək əmri verdi. Bir qədər arxaya çəkilib döyüşdük. Hiss edirdik ki, düşmən getdikcə əlavə güc toplayır. Onda atəş dəstəyinə ehtiyac duyulurdu. Rabitə ilə koordinatlar artilleriyaçılara bildirildi. Qəlpələr düşmənin atəşini zəiflədəndə hücumu davam etdirdik. Düşmənin müqaviməti qırıldı, onun səddi yarıldı. Düşmən təxminən 10-15 kilometr geriyə çəkildi (gizir Pünhan Xəlilov).
Əsgər Muxtar Əkbərovun bir xatırlaması hələ də düşüncələrimizdədi; döyüşçünün ağrılarla xatırladıqları da, döyüş gerçəklikləri də müharibə tarixidi: "Oktyabrın 6-dək Füzuli istiqamətində döyüşdük. Sonra bizi Xocavənd istiqamətinə göndərdilər. Axşam saat 6 radələrində qarşıda hərəkət müşahidə etdik. Döyüşçü yoldaşımla bərabər nə baş verdiyini müəyyənləşdirməyə getdik. Düşmən idi. Mühasirəyə düşdük. Yaxın məsafədən atışma başladı. Döyüşçü dostum şəhid oldu. Qolumdan, ayaqlarımdan, qarnımdan yaralandım. Yaralardan da betər əsir düşmək qorxusu yaşayırdım. Qan itirirdim, gözlərim qaralırdı, az qala huşumu da itirəcəkdim. Ermənilərdən birini vurdum, sonra birini. Bizimkilər gəldilər...". Bu xatırlama döyüşdə yaralanan qazinin xatirə biçimində təəssüfüdür, sona qədər döyüşə bilməməyin təəssüfü. Bu təəssüfü yaşayanların hamısı döyüşlərdən uzaqda qalsalar da, ruhən müharibə başa çatana kimi döyüşənlərin sırasında olublar...
Əsgər Rəhim Əhmədov demişdi:
- Xocavəndin yaxınlığındaydıq. Komandir döyüş əmri verdi. Döyüşdən sonra nəfəs dərdiyimiz daşlıq ərazidən çıxdıq. On-on beş addım irəliləməmişdik ki, düşmənin güllələri qənşərimizə sancıldı. Yerə çökdük. Qarşı tərəfi görə bilməsək də, atışmağa başladıq. Belə vəziyyətdə atışmaq vəziyyətimizi zərrə qədər də olsa yaxşılaşdıra bilməyəcəkdi. Buna görə də komandir eyni anda qarşı tərəfə atılmağı əmr etdi. Atışı ayaq üstə aparmağa başladıq. Az sonra qarşıdan atışların hiss olunacaq dərəcədə seyrəldiyini hiss etdik. Hərdən sürünə-sürünə, hərdən dizi üstə, hərdən dikəlib atışırdıq. Düşmənin mövqeyinə xeyli yaxınlaşdıq. Komandirin əmri ilə düşmənin səngərinə atıldıq. Döyüşdən əvvəl güman edirdik ki, orada 25-30 düşmən var. Bəlkə də vardı. İndi yoxuydular. Cəmi 5-6 düşmən vardı, onları da səngərə düşüncə məhv etdik. Bu döyüş mövqe qələbəsi qazanmağımızda əhəmiyyətli oldu...
Vətən müharibəsində neçə-neçə belə döyüş vəziyyəti yaranıb. Neçə döyüşçümüz son anda özünü də, əhatəsindəki düşmənləri də qumbara ilə partladıb. Belə şəhidlik düşmənin döyüşçülərinin gözlərini qorxudub və bu sonralar düşmənin döyüşlərdən qaçmasına, döyüş öncəsi fərariliyinə də səbəb olub...
2017-ci il iyulun 4-də Ermənistan silahlı birləşmələri Füzulinin Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutanda 14 aylıq körpə Zəhra həlak olmuşdu. Bu faciə hamının ruhunu sızlatdı. Dörd il sonra döyüşdə düşməndən məhz Zəhraya görə də qisas alındı:
- Füzulinin Babi kəndi yaxınlığında döyüş gedirdi. Batareyamıza o istiqamətdə düşmən mövqelərini atəşə tutmaq əmri verildi. Məsafənin uzaqlığı əmrin yerinə yetirlməsini bir qədər çətinləşdirsə də əmr yerinə yetirilməliydi. Koordinatlar təyin edildi. Atəş açıldı. Atəşin dəqiqliyini bildirdilər. Sonrakı atışlar düşmən mövqeyinin "altını üstünə çevirdi". 24 atış düşmənin başına ələnən 24 dağıntı topasına döndü...
Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə ilk atəşi Zəhranın qisasına görə atdıq (leytenant Nemət Ocaqverdiyev)...
Vətən müharibəsi xalqın müharibəsiydi, azərbaycançılığın müharibəsiydi...
Vətən müharibəsi Ali Baş Komandanın sərkərdəliyi ilə Zəfərlə başa çatdı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusu tarixi qələbə qazandı. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının da qanını aldıq. Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın.
Vətən müharibəsi həm işğalı sonlandırdı, həm də Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltdi. Vətən müharibəsi buna görə bunca dəyərləndirildi, Zəfər buna görə bunca böyük Zəfərdi! Bu böyüklüyün işığında tarixləşən xatirələr də tarix kimi yaşadılır...
 
Məhəmməd NƏSİRLİ, Rəşid HÜSEYNOV
"Azərbaycan Ordusu" fotolar Natiq İSAYEVİNDİR