Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2021 08:27

Zəfər hərbi təbabətimizin də Zəfəridir

2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşında böyük Qələbəyə - Zəfərə aparan yolun başlanğıc tarixi kimi qalacaq. Ermənistan ordusunun təxribatlarına cavab olaraq Vətən müharibəsinə həmin gün başladıq. 44 gün davam edən savaşda Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu möhtəşəm Qələbə qazandı. 8 noyabr tarixə Zəfər Günü kimi yazıldı. Münaqişəyə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini, gücünü bütün dünyaya bir daha nümayiş etdirdi.
Vətən müharibəsinin ilk günündə dövlətimizin başçısının xalqa müraciətində dediyi fikir - "Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - hər bir azərbaycanlını şanlı Zəfərə kökləyən mənəvi şüara çevrildi. Döyüşlərin ilk günlərində ordumuz düşmənin illərlə möhkəmləndirdiyi sədləri darmadağın etdi. Bu, qazanılacaq Zəfərin başlanğıcı idi...  
Vətən müharibəsi xalqın müharibəsi idi. Bu müharibədə hamı iştirak edirdi. Vətən müharibəsi hamını əsgərləşdirmişdi. Əli silah tutanların hamısı döyüşə getmək istəyirdi. Bu, yüksək döyüş əzminə, qələbə ruhuna malik olan ordunun mənəvi gücünü də yüksəldirdi; ordumuz mövqe qələbələri qazanırdı. Həm də müharibədə, döyüşdə. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm televiziya, həm də tvitter vasitəsilə bu qələbələri xalqa böyük qürurla çatdırırdı.
Vətən müharibəsi dünya ictimaiyyətinə həm Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu olduğunu, həm də hərbçilərimizin peşəkarlığını, qəhrəmanlığını, məharətini göstərdi.
Vətən müharibəsində döyüşənlərin sağlamlığını qorumaq da döyüş idi - hərb təbabətinin erməni mərmiləriylə, güllələriylə döyüşü. Hərbi həkimlərimiz bu döyüşün cəsarətli döyüşçüləriydi. Həkim sənətinin nə qədər ağır və şərəfli bir peşə olduğunu hamımız yaxşı bilirik. Bəs hərbi həkimlik? - Müharibədə yaralı hərbçilərimizin harayına ilk olaraq həkimlərimiz özünü yetirir. Döyüşçülərimizin yarasına ilk olaraq onlar məlhəm qoyurlar. Peşəkar həkimlərimizin səyi nəticəsində neçə-neçə döyüşçünün həyatı xilas edildi. Hərbçi həkimlərimiz xüsusi qəhrəmanlıq nümayiş etdirərək yaralılarımıza güllə atəşi altında yardım edərək təxliyəsini təşkil edirdilər.
Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdi ki, şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. "Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər".
Bu mövzuda söhbət edərkən Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Firudin Nəbiyev dedi ki, Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, Ali Baş Komandanın sərkərdəlik qüdrətini göstərdi. Bu müharibə Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu da, Azərbaycan həkiminin fədakarlığını da təsdiqlədi. Döyüş əməliyyatlarında şəxsi heyətin döyüş hazırlığı ilə yanaşı, onun təchizatı, maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması da mühüm rol oynadı. Qələbəni həm də  bunların vəhdəti təşkil etdi.
Vətən müharibəsində Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti general-mayoru (o zaman tibb xidməti polkovniki idi) Elxan İbrahimov idarənin fəaliyyətini tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiqi üsulları, bütövlükdə, Vətən müharibəsində hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən təşkil etmişdi. Döyüşlərin davam etdiyi dövrdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılırdı.
Vətən müharibəsində həkimlərin sutkalıq fəaliyyətini xatırladan tibb xidməti polkovniki Firudin Nəbiyev vurğuladı ki, müvafiq tibb personalı Ali Baş Komandanın əmrinə uyğun olaraq sentyabrın 27-də ön xətdə ezam olundular, xidmətlərini Vətən müharibəsində davam etdirdilər. Vətən müharibəsində həkimlərimiz dəhşətli döyüşlər zamanı ağır əməliyyatlar həyata keçirir, yaralıların qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əllərindən gələni əsirgəmirdilər. Bu, Vətən müharibəsi dövründə tibb işçilərinin döyüşü idi desək, yanılmarıq.
Tibb xidməti general-mayoru Elxan İbrahimovun da Zəfərdən sonra mətbuata açıqlamasında bildirdiyi kimi, Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 159 hərbi tibb işçisi yaralanıb. Ümumilikdə 86 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 10-u həkim, 7-si feldşer, 69-u sanitar-təlimatçıdır. Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altında idi. Müharibənin 4-cu günündə dövlət başçısı və birinci xanım yaralanan və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə olunan hərbçiləri ziyarət etdilər. Bu, ölkə başçısının döyüşçülərə olan ehtiramının təzahürüydü.
Bu müharibədə tibb xidmətinin qarşısında duran əsas vəzifənin yalnız yaralanan hərbi qulluqçulara tibbi yardım göstərməkdən, onları müalicə etməkdən ibarət deyil, həm də COVID-19 pandemiyası ilə də mübarizə aparmaq, şəxsi heyət arasında yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməkdən ibarət olduğunu unutmamalıyıq. Hərbi tibb müəssisələrinin, xəstəxanaların Səhiyyə Nazirliyi və TƏBİB ilə birgə fəaliyyəti nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti və Vətən müharibəsi zamanı yaralanan hərbi qulluqçular arasında koronavirus infeksiyasının yayılması qeydə alınmadı.
Tibb xidməti polkovniki Firudin Nəbiyev onu da vurğuladı ki, müharibədə, döyüşdə yaralanmalar qaçılmazdır. Hərbi cərrahiyyənin fəaliyyəti bu mənada daha həssasdır. Vətən müharibəsində də cərrahlarımız böyük fədakarlıqlar göstərdilər.   
Həkimlərimiz hər bir şəraitdə təmkini, dözümü ilə hər xəstəni doğması bildi, sağalmasına ümid verdi. Döyüşlərdə olan həkimlərimiz deyirdilər ki, son ümidini itirmək üzrə olan xəstənin gözlərindəki yaşam istəyinin həkimə yaşatdığı hissi heç nə ilə izah etmək mümkün deyil. Həkimin olum və ölüm arasında olan  insanı yenidən həyata qaytardığı əməliyyatda keçirdiyi hisslərin ifadə olunmasında sözlər yetərsiz, qələm acizdir.
Tibb xidməti polkovniki dedi ki, tibb xidməti hər an düşmənin bütün həmlələrinə, hücumlarına, təxribatlarına hazır idi. Döyüşlər başlayanda bu vəzifəni tam məsuliyyəti ilə icra edən tibb xidməti polkovniki (sonra tibb xidməti general-mayoru) Elxan İbrahimovun rəhbərliyi ilə tibb xidməti döyüş şəraitinə müvafiq quruldu. Döyüşlərdə sanitar-təlimatçılarımız, sanitar-atıcılarımız, hərbi feldşerlərimiz, hərbi həkimlərimiz vəzifə borclarını layiqincə yerinə yetirdilər.  
Tibb xidməti polkovniki Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Baş Klinik Hospitalda döyüşlərdə yaralanan hərbi qulluqçulara baş çəkdiyini, döyüşlərdən, Azərbaycan əsgərinin rəşadətindən, qəhrəmanlığından qürurla danışdığını da xatırladı. Həmin günlərdə bütün orta və yüngül yaralılar müalicənin dayandırılmasında - döyüşə qayıtmaqda israrlı idilər. Bu, Ali Baş Komandanın yaralılara qayğısının təsiriydi. Bu qayğı Azərbaycan əsgərinin qələbə əzmini kükrətmişdi...
Vətən müharibəsində yaralıların müalicəsi sırf tibb xidməti rəisinin nəzarəti altında həyata keçirilib. Rəis Vətən müharibəsində döyüşlər vaxtı mütəmadi olaraq mobil səhra hospitalında olub. Tibb xidməti polkovniki o günlərdə mobil səhra hospitalının fəaliyyətini dəyərləndirərək bildirmişdi ki, istifadəmizdə olan mobil səhra hospitalı dünyada ən mükəmməl və ən müasir mobil hospitallardan biridir. Orada həm ixtisaslaşdırılmış, həm də yüksək səviyyəli tibbi yardım göstərmək olur. Bizim stasionar hospitalda etdiyimiz qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələrini mobil hospitalda etmək mümkün idi və edirdik.
Həkim peşəsi ən nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı bilən həkimlərimizi Vətən müharibəsində yaralanan, müalicə olunan hərbi qulluqçularımız həmişə xoş ovqatla, ehtiramla xatırlayacaqlar.
Vətən müharibəsi Zəfərlə başa çatdı. Qürurvericidir ki, bu Zəfər hərbi təbabətimizin də yüksək səviyyədə qurulduğunun təsdiqi oldu...
Müharibədə döyüşənlərlə eyni səngərdə olmaq, ehtiyacı olan döyüşçünün imdadına çatmaq da döyüşməkdi. Hərbi təbabətimiz də döyüşdü, bu Zəfər həm hərbi təbabətimizin də Zəfəridir...

Günay TAĞIYEVA    "Azərbaycan Ordusu"