Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2021 10:18

Yarım əsrlik hərbi təhsil ocağı peşəkar hərbi kadrların hazırlanması işini müvəffəqiyyətlə yerinə yetirir

Bu gün dövlətimizin diqqət mərkəzində saxladığı prioritet sahələrdən biri də təhsilin inkişafıdır. Bu istiqamətdə son illərdə aparılan məqsədyönlü islahatlar müasir düşüncə tərzinə malik, bilikli, dövlətçiliyimizə sadiq vətənpərvər gəncliyin yetişməsinə əsaslı zəmin yaradıb. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yetişməkdə olan nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsi əsas vəzifələrdən hesab edilir. Bu məqsədlə təhsil müəssisələrinin bütün pillələrində yetişməkdə olan gənclərə vətənpərvərlik ruhu aşılanır, onlarda Vətənə, dövlətə məhəbbət hissi tərbiyə olunur. Əgər bir ölkənin gəncliyi vətənpərvərlik ruhunda tərbiyə edilirsə, təbii ki, orada hərbi təhsilin inkişafı da mükəmməl olacaq. Gənclərin vətənpərvər ruhda  böyüməsində hərbi təhsilin xüsusi  rolu var. Sevindirici hal ondan ibarətdir ki, bu məqsədlə Azərbaycanda bir neçə hərbi təhsil müəssisələri fəaliyyət göstərir və həmin təhsil müəssisələrində gələcək üçün savadlı, bacarılqlı hərbi kadrlar hazırlanır. Müstəqil dövlətin bel sütunlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək ordusunun yaradılmasında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Respublikamızda milli peşəkar kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərən, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini orduya həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynayan təhsil ocaqlarından biri də yarım əsrlik tarixə malik olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydir.
Yubiley ərəfəsində liseyin fəaliyyəti və kursantların gündəlik məşğuliyyəti haqqında yazı hazırlamaq üçün redaksiyanın foto müxbiri ilə hərbi təhsil ocağına üz tutduq. Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini polkovnik Müslüm Nəsirovun yanına yollandıq. Nəzarət-buraxılış məntəqəsindən qərargaha gələnə qədər ətrafa göz gəzdirdim. Yenidənqurma və əsaslı təmir işlərindən sonra bir çox dəyişiklik olduğunu müşahidə etdim. Qeyd edim ki, liseyin ərazisində qərargah binaları, kursant yataqxanası və digər məişət binaları inşa edilib, eləcə də mövcud binalar əsaslı təmir olunub. Ərazidə geniş yaşıllaşdırma işləri aparılıb. Binanın qarşısında Cəmşid Naxçıvanskinin büstü və ətrafında xatirə kompleksi ucaldılıb.
Polkovnik Müslüm Nəsirova gəlişimizin məqsədini bildirərək elə ilk məlumatı da ondan aldım. O, liseyin tarixindən, fəaliyyətindən və ordu quruculuğuna verdiyi töhfələrdən geniş söhbət açdı. Hələ sovet dövründə gələcəkdə müstəqil Azərbaycanın milli zabit kadrlarının yetişdirilməsi zərurətini uzaqgörənliklə diqqətə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hərbi liseyin əsasının qoyulduğunu vurğuladı. "Hərbi lisey ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1971-ci ildə Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılıb və 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məktəbin adı dəyişdirilərək Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun peşəkar hərbi kadrlara olan tələbatını mükəmməl ödəmək, Naxçıvan Muxtar Respublikasında gənclərin hərbi təhsil alması üçün əlverişli şərait yaratmaq məqsədilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı açılıb. Prezident İlham Əliyevin 2004-cü il 27 fevral tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. 2003-cü il aprelin 19-da dahi rəhbər Heydər Əliyev yaratdığı liseyi  ziyarət edərək şəxsi heyətlə görüşüb, onlara şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Bu ziyarət Ümummilli Liderin təhsil ocağına son ziyarəti olub. Elə bu səbəbdən həmin tarix hər il məktəbdə "Cəmşid Naxçıvanski adına Hərbi Lisey günü" kimi qeyd edilir".
Polkovnik, həmçinin bildirdi ki, hər iki liseyin məzunları ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə qəhrəmanlıq nümunələri göstərərək "Vətən Müharibəsi Qəhrəmanı" və "Azərbaycanın Milli Qəhrəmanı" kimi yüksək adlara layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.
Həmsöhbətimin verdiyi məlumatları qeydə aldıqdan sonra liseyin tədris prosesinin təşkili haqqında məlumat almaq üçün tədris şöbə rəisi polkovnik Saday Balayevlə görüşdüm. Ondan təhsil ocağının tədris proqramı, qəbul qaydaları haqqında ətraflı məlumat aldım. Zabit ilk olaraq bildirdi ki, tədris prosesi "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun və Müdafiə nazirinin təsdiq etdiyi "Xüsusi təyinatlı tam orta təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat"ın tələblərinə uyğun olaraq təşkil olunur. "Liseyə cari ilin sentyabrın 15-dək 15 yaşı tamam olan, 17 yaşı tamam olmayan, qəbul ilində ümumtəhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sənəd qəbulunda iştirak edə bilərlər. Tələb olunan sənədləri toplayaraq liseyin rəhbərliyinə müraciət edən namizədlərin qəbulu iki mərhələdə aparılır. Birinci mərhələdə namizədlər hərbi həkim komissiyasından keçirlər. Komissiyadan müvəffəqiyyətlə keçənlər imtahana buraxılış vəsiqəsi alırlar. İkinci mərhələdə namizədlər Dövlət İmtahan Mərkəzində Azərbaycan dili, riyaziyyat, fizika və kimya fənlərindən test imtahanları verirlər. Hərbi liseydə təhsil əyani formada, iki il müddətində və Azərbaycan dilində  olur. Burada kursantlara ümumtəhsil fənləri ilə yanaşı, hərbi hazırlıq və idman dərsləri də tədris olunur. Qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və aylıq müavinət alırlar.
Hərbi liseyin əsaslı təmir edilən tədris korpusunun ən müasir avadanlıqlarla təchiz olunan fənn kabinetlərində, kimya və fizika laboratoriyalarında kursantların bilik və hazırlıqlarının artırılması üçün hər cür şərait yaradılıb. Tədris prosesindən danışarkən ixtisaslı, peşəkar və təcrübəli pedaqoji kollektivin də əməyini xüsusi vurğulamalıyıq. Kursantların təhsilində, bilik və bacarığa yiyələnməsi  işində müəllimlərin əməyi əvəzsizdir. Dərs keçən müəllim heyəti kursantların mövzuları yaxşı mənimsəməsi üçün bütün bilik və bacarıqlarını səfərbər edir."
Zabitlə söhbətimizi yekunlaşdırıb tədris binasına yollandıq. Kursantların dərs prosesini izlədik. Polkovnik Saday Balayevin dediklərinin əyani şahidi olduq. Yüksək tərtibatla hazırlanan dərs otaqları və müasir tədris avadanlıqları könül xoşluğu verir. Tədris fənlərinin yaxşı mənimsənilməsi üçün bütün nəzəri və praktiki vasitələrin olduğunun şahidi olduq. Kursantlar da dərslərdə fəal iştirak edir, öyrədilənləri həvəslə mənimsəməyə səy göstərirlər. Bir sözlə, tədrisin yüksək səviyyədə təşkili təhsil alan yeniyetmələrin parlaq gələcəyindən xəbər verir.
Dərs prosesi başa çatdıqdan sonra kursantlarla da görüşmək imkanı tapdıq. Hərbi liseyə ən yüksək balla qəbul olunan və birinci kursda təhsil alan kursant Həmzə Vəliyevlə və ikinci kursda ən yaxşı qiymətlərlə oxuyan əlaçı kursant Xəyyam Məmmədovla söhbətləşdik.
Həmzə 15 yanvar 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon Qıvraq qəsəbəsində anadan olub. Ümumi orta təhsilini  Sumqayıt şəhərində başa vurub. Uşaqlıqdan pilot olmaq arzusunda olan Həmzə 625 bal toplayaraq ən yüksək nəticə ilə liseyə qəbul olub. Xəyyam Məmmədov isə Gəncə şəhərində hərbçi ailəsində anadan olub. O, ata yolunun davamçısıdır. Bu şərəfli peşəyə maraq və sevgi atası, ehtiyatda olan polkovnik-leytenant Anar Məmmədovdan qaynaqlanır. Hər iki yeniyetmə burada olmaqdan sevincli və qürurlu olduqlarını bildirdilər. "Biz bütün kursantlar adından liseydə yaradılan yüksək şəraitə görə dövlət rəhbərliyinə təşəkkürümüzü bildiririk. Burada hərtərəfli inkişafımız üçün hər cür təminatımız var. Həm hərbçi kimi formalaşır, həm də təhsilimizi uğurla davam etdiririk. Geyimlə, yeməklə, yataq yeri ilə yüksək səviyyədə təmin olunuruq. İstirahətimiz və asudə vaxtlarımız da səmərəli təşkil olunur", - kursantlar dedilər.
Kursantlara dərslərində uğurlar arzulayıb, illər sonra   minlərlə gənc kimi onların da ordumuzdakı peşəkar zabitlərdən olacaqlarına inamımı bildirdim.  
Qeyd edim ki, 50 illik yubileyini qeyd edən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alan kursantların liseyin rejiminə uyğunlaşmaları, sosial-məişət şəraitləri, asudə vaxtları və digər qayğıları haqqında yazı qəzetin növbəti buraxılışında dərc olunacaq.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
fotolar Coşqun CƏFƏROVUNDUR