Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2021 15:40

Dövlət müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir

Müstəqillik mənəvi duyğudur. Fərdlər xalq kimi müstəqil olmağı düşünəndə onun uğrunda mübarizə aparırlar. Çünki verilən gələcək - gələcək deyil, qurulan gələcək - gələcəkdir.
Biz bir xalq, millət olaraq azadlığımız, müstəqilliyimiz uğrunda illərlə mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək, qurmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər məsuliyyətlidir, ağırdır. Müstəqil dövləti olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi də əldə saxlamaq mümkünsüzdür.
Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan daim torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizə aparıb. Çünki bir millətin qazana biləcəyi nailiyyətlər yalnız müstəqil dövlətə malik olduqda mümkündür.
Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. Ötən əsrdə iki dəfə dövlət müstəqilliyini elan edən ölkəmiz bu yolda minlərlə şəhid verib. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyətinə malik Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan edib. Müsəlman Şərqinin və Türk dünyasının ilk cümhuriyyəti bir çox xarici dövlətlər tərəfindən tanınıb, müstəqil dövlətin təsisatları yaradılıb. Mövcud olduğu müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin edib. Daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışıb.
Sovet işğalındakı 70 illik bir müddətdə Azərbaycan xalqı özünün azadlıq ideallarını, müstəqillik arzularını daim yaşadıb. XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə edib: 1991-ci ildə yenidən əldə etdiyimiz müstəqillik xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Həmin il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyannamə, oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu. Bununla da Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi mövcudluğunu yenidən dünyaya bəyan edib. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. 15 oktyabr 2021-ci il tarixdə isə Milli Məclisdə keçirilən iclasda mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi təklif olundu. Qanun layihəsi üçüncü oxunuşda təsdiqləndi.
1991-ci il 18 oktyabr tarixindən - o möhtəşəm gündən 30 il keçir. Bu müddət ərzində Azərbaycan bütün sahələrdə misli görünməyən inkişafa, tərəqqiyə nail olsa da, əldə edilən uğurlar asanlıqla başa gəlmədi. Müstəqillik qazandığımız ilk illərdə xalqımız bir sıra çətinliklərlə üzləşdi, ağır, məşəqqətli günlər yaşadı. 1988-ci ildən Ermənistanın Azərbaycana qarşı torpaq iddiası ilə başlayan münaqişə ölkəmizdə vəziyyəti son dərəcə ağırlaşdırdı və elan edilmədən başlayan müharibəyə səbəb oldu. Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən işğal olundu. Vətənimiz bir tərəfdən müstəqilliyimizin başı üstünü alan real təhlükəni sovuşdurmaq, digər tərəfdən torpaqlarımızı müdafiə etmək, ölkəmizin ərazi bütövlüyünü qorumaq, işğal olunan torpaqlarımızı azad etmək kimi tarixi bir sınaqla üzləşdi.
Xalqımızın şərəfli mübarizə, çoxsaylı qurbanlar bahasına qazandığı müstəqillik daha gərgin mübarizələrin başlanğıcı idi. Müstəqilliyimizin ilkin mərhələsində - 1991-1993-cü illərdə müstəqilliyin, ərazi bütövlüyünün qorunub saxlanılması, müstəqil iqtisadi, daxili və xarici siyasətin müəyyənləşdirilməsi kimi vacib məsələlərin həlli əvəzinə, ölkədə hərcmərclik, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş alıb gedirdi. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğalı, yüzlərlə insanın şəhid olması, qaçqın və məcburi köçkün problemləri, siyasi qarşıdurmalar separatçı meyillər daha da gücləndi. Azərbaycan dünya xəritəsindən silinmək təhlükəsi qarşısında qaldı. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi.
1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu. İnsanlarda Vətən, dövlətçilik, suverenlik, vətənpərvərlik hissiyyatları gücləndi. Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi.
Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü il mayın 12-də ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.
Azərbaycan daxilində yaranan nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlandı ki, bu da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi, insan hüquqlarının, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yarandı. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. Ölkə daxilində mövcud problemlərin tədricən aradan qaldırılması, iqtisadiyyatın inkişaf yoluna qədəm qoyması Azərbaycanın xarici siyasətdə də daha fəal, qətiyyətli addımlar atmasına şərait yaratdı.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: "Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir".
Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur. Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının nəinki ideya mənbəyidir, həmçinin möhtəşəm səfərbəredici amildir. Ümummilli Liderin təlatümlərdən, təhlükələrdən çıxararaq qurub-yaratdığı Azərbaycan indi Prezident İlham Əliyevin rəhbərliyi altında bütün dünyaya möhtəşəm yüksəliş dinamikası nümayiş etdirir. Ulu Öndərin yaratdığı quruculuq şəraiti indi Azərbaycanın real siyasi və iqtisadi həyatında təzahür edir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət yetirilir.
Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.
Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən qərinələr keçəcək, illər ötəcək, amma tarix bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq.

Günay TAĞIYEVA  "Azərbaycan Ordusu"