Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Sentyabr 2021 15:55

Yaralara məlhəm olan tarix

Şərəf və ədalətlə yazılan tarix əsl nümunədir. Azərbaycanın qazandığı böyük qələbənin başlamasından bir il ötür. 27 sentyabr adi günlərdən biri  deyil. Bu, neçə-neçə həsrətin, göz yaşının, torpaq nisgilinin sonu deməkdir. Daha azərbaycanlıların düşmən işğalı altında  torpaqları yoxdur.
1992-1993-cü illərin qırğınları, talanları, torpaq həsrəti qəlbimizdə və yaddaşımızda silinməz acı xatirələrlə qalmışdı. Bütün bu hadisələr ədəbiyyatdan da yan keçmir. Yazarların əsas mövzusu Vətən həsrətinə, ayrılığa həsr olunur. Artıq şərdən, zülmdən bəhs edən ədəbiyyat mövzularını yeniliyə kökləmək zamanı çoxdan gəlib çatmışdı.  2016-cı ilin Aprel döyüşləri neçə-neçə insanın həsrətini sonlandırmağı bacardı. Həmin döyüşlər Vətən müharibəsi zəfərinin qaçılmaz olduğunun müjdəçisi idi. Cocuq Mərcanlı, Lələtəpədən sonra Qarabağ torpaqları böyük qayıdışın həsrətiylə alışıb-yanırdı. 28 il gözləri yolda qalıb hər açılan atəş səsinə, kinə, nifrətə doymuş, sinəsi qəm dağarcığı olmuşdu. Ancaq bütün bu dəhşətlərə 27 sentyabrda Ali Baş Komandanın döyüş əmri verməsilə son qoyuldu.
Səfərbərlik xidmətinin önü könüllü yazılmaq istəyən insanlarla aşıb-daşırdı. Qarabağ qaziləri yaralarının əldə edəcəkləri zəfər məlhəmiylə sağalacağına inanaraq yenidən orada iştirak etməyə tələsirdilər.  Qadınlar arxa cəbhədə hər döyüşçünün öz oğlu, qardaşı olduğunu düşünüb dəstək olmağa çalışırdılar. Məktəblilər evlərinin eyvanından bayraqlar asaraq orduya hörmətin, inamın sonsuzluğunu göstərirdilər. Hər yan əlvan rənglərlə psixoloji və mənəvi birliyin vəhdətini simvolizə etməyi bacarmışdı. Müəllimlərin əsas dərs mövzusu Vətən müharibəsinə köklənmişdi. Yalnız bir amal vardı: "Təqvimdən qaranı, tarixdən yaranı silmək".
“Dəmir yumruq” zəfəri yalnız Ordumuzun deyil, qardaşlığımızın qələbəsi oldu. Bayraqdarlı səmalar düşməni və ona arxa olanları qırıb təmizləməyə nail oldu. Türkiyə bu müddət ərzində mənəvi dəstəyiylə arxa duraraq zəfərimizə ortaq oldu. Bu qələbə həm də qardaşlığın zəfəridir.

Hüsniyyə İDRİSOVA