Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Sentyabr 2021 08:57

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Müstəqillik tariximiz. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət.

2. Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu.

3. Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət


Azərbaycan öz müstəqilliyini elan etmə ərəfəsində Rusiya imperiyasının tərkibində idi. Çar Rusiyasının 1914-cü ildə I Dünya müharibəsinə qoşulması nəticəsində ölkədə yaranan ağır iqtisadi vəziyyətdən, cəbhədəki uğursuzluqlardan məharətlə istifadə edən bolşeviklər xalq kütlələrini çar hakimiyyəti əleyhinə qaldırmağa müvəffəq oldular. 1917-ci il fevralın 27-də Rusiyada baş verən çevriliş nəticəsində çar II Nikolay taxt-tacdan əl çəkməyə məcbur oldu. Rusiyada hakimiyyət Müvəqqəti Hökumətin əlinə keçdi. 1917-ci il martın 9-da Müvəqqəti Hökumət tərəfindən Zaqafqaziyanın idarə edilməsi üçün Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Dövlət Dumasının yerli üzvləri daxil edilmişdilər.
Fevral inqilabının siyasi həyata gətirdiyi canlanma nəticəsində Azərbaycanın müxtəlif şəhərlərində müsəlman milli şuraları yaradıldı. Bu şuralar öz fəaliyyətlərini milli məqsədlər istiqamətində qurmağa çalışırdılar. Onların arasında ən güclüsü və nüfuzlusu Bakı Müsəlman İctimai Təşkilatları Şurası idi. Bu şuranın tərkibinə Azərbaycan milli-azadlıq hərəkatının liderləri olan Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Mehdi bəy Hacınski kimi ziyalılar daxil idilər. Özünün ümummilli xətti ilə xalqın rəğbətini qazanan şura Bakıda siyasi üstünlüyə malik idi.
Rusiyada 1917-ci il oktyabr silahlı üsyanından sonra Zaqafqaziya Xüsusi Komitəsi öz fəaliyyətini dayandırdı və noyabrın 11-də Zaqafqaziyada hakimiyyəti öz üzərinə götürəcək müvəqqəti orqan kimi Zaqafqaziya Komissarlığı yaradıldı. Komissarlığın tərkibinə Azərbaycandan Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov və Xəlil bəy Xasməmmədov təyin edilmişdilər.
1918-ci il fevralın 23-də Tiflisdə Zaqafqaziya Seymi yaradıldı. Yaranan ilk günlərdən azərbaycanlı, gürcü və erməni fraksiyaları arasında fikir ixtilafları mövcud idi. 1918-ci il aprelin 22-də Zaqafqaziya Federativ Respublikası elan edilsə də, ziddiyyətlər qalırdı.

 

Azərbaycanın öz müstəqilliyini elan etməsi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət quruculuğu


1918-ci il mayın 26-da Zaqafqaziya Seymi buraxıldı və həmin gün Gürcüstan öz müstəqilliyini elan etdi. Mayın 27-də Tiflisdə Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən və keçmiş Seymin Azərbaycan fraksiyasının 44 nümayəndəsindən 26 nəfərinin iştirak etdiyi iclasda Məmməd Əmin Rəsulzadənin sədrliyi ilə Azərbaycan Milli şurası yaradıldı və şura Azərbaycanın idarə olunmasını öz üzərinə götürdü. Milli Şuranın ilk iclasında Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi haqqında qərar qəbul edildi və "İstiqlal bəyannaməsi"nin mətni təsdiqləndi. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanda müstəqil, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, ilk parlament və hökumət, dövlət aparatı, idarəetmə institutları formalaşdırıldı, ölkənin sərhədləri müəyyənləşdirildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, ərazi bütövlüyü və milli təhlükəsizliyin təmin edilməsi üçün mühüm işlər görüldü, dövlət bayrağı, himni və gerbi qəbul edildi, ana dili dövlət dili elan olundu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi və xalqın, milli dövlətçiliyin sonrakı illərdə hərtərəfli inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən digər mühüm məsələlərin həlli istiqamətində məqsədyönlü addımlar atıldı.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Şərqdə ilk dəfə və bəzi Avropa ölkələrindən xeyli əvvəl Azərbaycanda qadınlara seçki hüququ verildi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri olduqca mürəkkəb tarixi şəraitdə - erməni hərbi birləşmələrinin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və özlərinə dövlət qurmaq üçün torpaq iddiaları irəli sürməsi şəraitində, Batumi danışıqları nəticəsində əldə edilmiş kompromis varianta əsasən İrəvanın paytaxt kimi Ermənistana verilməsi oldu. Bu tarixi səhv Azərbaycan xalqının həyatında növbəti faciələrə və ermənilərin davamlı ekspansiyasına yol açdı.

 

Azərbaycan Respublikası dövlətlərarası münasibətlər sistemində


SSRİ-nin süqutundan sonra beynəlxalq aləmə tam müstəqil bir faktor kimi inteqrasiya etməyə başlayan gənc dövlətlərdən biri də Azərbaycan Respublikası idi. Ölkəmizin olduqca əlverişli geosiyasi məkanda, həm də dünyanın super güclərinin barışmaz maraqlarının kəsişdiyi regionda yerləşməsi milli dövlətçilik prinsiplərinə, müstəqilliyin və suverenliyin qorunmasına xidmət edəcək dayanıqlı xarici siyasi strategiyanın hazırlanmasını və tətbiqini tələb edirdi.
Müasir Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sisteminin bərabərhüquqlu iştirakçısına çevrilməsi prosesində rastlaşdığı problemlər Cümhuriyyət dövründəki (1918-1920-ci illər), erməni şovinistlərinin "Böyük Ermənistan" yaratmaq xülyası da daxil olmaqla, analoji proseslərin davamı idi. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəaliyyətə başlamasının əsası İstanbul konfransında (1918-ci-il) qoyulub. Lakin 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini dünya ictimaiyyətinin qəbul etməsi prosesi həm də Şimal, Cənub, Qərbdən ölkənin milli təhlükəsizliyinə qarşı ciddi təhdidlərlə müşayiət edilirdi. Burada ən böyük problemlərdən biri də maddi resursların, demək olar ki, yoxluğu idi. Belə bir vəziyyətdə alternativ kimi Azərbaycanla Avropa dövlətləri arasında vasitəçiliyi Türkiyənin Avropa ölkələrindəki səfirlikləri yerinə yetirirdi.
Tariximizin son 103 ili sübut edir ki, tamam fərqli siyasi reallıqlardan söhbət getməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə 1991-ci ildə ikinci dəfə qazanılan müstəqillik dövrünün ilk illərindəki oxşar məqamlar çox olub. Belə ki, yenə də Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində regionda dünyanın böyük dövlətlərinin barışmaz maraqlarının toqquşması, milli təhlükəsizliyimiz üçün ciddi təhdid olan erməni təcavüzü, daxili siyasi vəziyyətin olduqca gərgin olması, 1991-1992-ci illərdə müstəqil Azərbaycanın gələcək inkişaf strategiyasının qeyri-müəyyənliyi müşahidə olunurdu. Deməli, belə nəticəyə gəlmək olar ki, keçən əsrin həmin illərində Azərbaycan dövlətinin mövcudluğu yenə də sual altında idi.
Müstəqilliyin ilk illərində Azərbaycanın sırf Rusiya meyilli xarici siyasəti nəzərə çarpırdısa, 1993-cü ildən başlayaraq, yəni ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli maraqların təmin olunmasına, beynəlxalq aləmlə sıx inteqrasiyaya istiqamətlənən xarici siyasi strategiya formalaşmağa başladı. Balanslaşdırılan siyasətə söykənən bu strategiya Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun təşəkkül tapmasına xidmət edirdi.
Lakin həmin dövrün siyasi reallıqları fonunda dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı-faydalı əlaqələr yaratmaq və inkişaf etdirmək, bu əlaqələrlə Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmlətməyə birdən-birə nail olmaq qeyri-mümkün idi. İlk olaraq beynəlxalq ictimaiyyəti Azərbaycan Respublikası ilə qarşılıqlı əməkdaşlığa sövq etməli və onları bu əlaqələrin faydalı olacağına inandırmaq lazım idi. Yalnız bundan sonra milli maraqlarımızı regionda maraqları toqquşan dövlətlərin mənafeləri ilə uzlaşdırmaq, təhlükəsizliyimizə beynəlxalq təminat almaq üçün addımlar ataraq müsbət nəticələr əldə etmək olardı. Həmin səbəbdən ümummilli lider Heydər Əliyev konkret dövlətlərin regionda hansı maraqlara malik olması və bu maraqların onlar üçün hansı səviyyədə əhəmiyyətli olmasını dərindən təhlil etdi. Məhz bu cür yanaşmadan çıxış edərək, ilk növbədə, Rusiya ilə sıx əlaqələr quruldu. Rusiya ilə səmərəli əməkdaşlığın yaradılması üçün MDB-yə üzv olmaq əhəmiyyətli idi. Bu yalnız Rusiya yox, həmçinin digər postsovet respublikaları ilə də pozulmuş münasibətlərin bərpası üçün yeni imkanlar yaratdı.
Məlumdur ki, Azərbaycan Respublikasının xarici siyasi kursunda Türkiyənin xüsusi yeri var. Artıq bu gün Azərbaycan-Türkiyə münasibətləri beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişaf etdirilərək tamam yeni mərhələyə qədəm qoyub. Ulu Öndər ilk öncə region dövlətləri, sonra isə dünyanın digər nüfuzlu dövlətləri ilə ikitərəfli və çoxtərəfli qarşılıqlı əlaqələr qurmaqla respublikamızın beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutması üçün etibarlı zəmin hazırladı. Bu gün ölkəmiz strateji tərəfdaşı olan ABŞ ilə siyasi-iqtisadi, qlobal problem və təhlükələrə qarşı mübarizədə sıx əməkdaşlıq edir.
Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində layiqli yerinin müəyyənləşməsində ATƏT, AŞ, Aİ, İKT, QİƏT, EKO, MDB və s. təşkilatlarla əməkdaşlığının da rolu böyükdür. Burada BMT və onun İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Qadınlar Fondu, Ümumdünya Səhiyyə Təşkilatı, YUNESKO və digər qurumları xüsusilə qeyd etmək lazımdır.
Azərbaycan Respublikasının beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində rolu və yerini dəyərləndirən dünya ictimaiyyəti artıq onu həm də etibarlı tərəfdaş kimi tanıyır. Respublikamızın karbohidrogen strategiyasının mühüm tərkib elementlərindən olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eyni zamanda, ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərən, dünyanın müxtəlif istiqamətlərini birləşdirən, Avrasiyanın nəqliyyat xəritəsini təzələyən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və layihəsi planlaşdırılan Zəngəzur dəhlizi Azərbaycana beynəlxalq aləmdə mühüm iqtisadi və strateji üstünlüklər qazandırmaqla yanaşı,  bu gün bölgədə əməkdaşlığın, sülhün, təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə milli maraqlarımızın qorunması istiqamətində gördüyü çoxşaxəli işlər, apardığı müstəqil xarici siyasəti Azərbaycan Respublikasının rolunun daha da artmasını mümkün edib. Məhz Prezident İlham Əliyevin gərgin əməyi sayəsində Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Nəzərə almaq lazımdır ki, yüz illik müstəqillik tarixinə malik olan bir çox ölkələr nə qədər cəhdlər etsələr də BMT Təhlükəsizlik Şurasının tərkibinə düşə bilməyiblər. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasını göstərən amillərdən biri də Birinci Avropa və İslam Həmrəyliyi Oyunlarının məhz Azərbaycanda keçirilməsidir. Bu onu nümayiş etdirir ki, Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş, güclü, qüdrətli ölkə kimi tanınır və qəbul edilir.   Ölkəmizə göstərilən hörmətə, inama və etimada görə 120 ölkənin birləşdiyi Qoşulmama hərəkatına 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilmişdir. Ölkəmizin Qoşulmama hərəkatı təşkilatının işində fəal iştirakı, bu təşkilata üzv ölkələrlə yaxından əməkdaşlıq münasibətlərinin qurulmasındakı uğurlu siyasəti və bu ölkələrin nümayiş etdirdikləri prinsipial mövqe sayəsində Vətən müharibəsi gedişində BMT Təhlükəsizlik Şurasında ölkəmizin mənafeyinə uyğun olmayan qətnamə layihəsinin qəbul edilməsinin qarşısı alınmışdır.  
Ölkəmizi dünya birliyinə təqdim edən ümummilli lider Heydər Əliyevin balanslaşdırılmış çoxşaxəli siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin düşünülmüş strategiya və gərgin diplomatik səyləri nəticəsində müasir Azərbaycan Respublikası beynəlxalq münasibətlərin tam hüquqlu subyektinə çevrilib. Sürətli iqtisadi inkişaf və dövlətlərarası münasibətlərdə beynəlxalq hüquq normalarına sadiqlik nümayiş etdirməsi isə ölkəmizi regionda lider dövlətə çevirib və beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanıdıb.

İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi